İnsanlara hürriyət, millətlərə istiqlal!

Pərgar iynəsi sancılan nöqtə – Azərbaycan türk dünyasının konsolidasiyasında maraqlıdır

2424 11.11.2022 15:18 Analitika A A

Pafossuz-zadsız, xəyalların gerçəkləşdiyi əsrdə yaşayırıq. 30-32 il öncə SSRİ-nin dağılması, kommunist rejiminin çökməsi ilə bizi çulğamış inqilabi eyforiyanın yaratdığı riqqətlə dilimizə gətirdiyimiz arzular gözümüzün önündə gerçəkləşir.

O vaxtlar Türkiyə prezidenti Turqut Özalın dilə gətirdiyi və sürətlə populyarlaşan bir söz vardı. Rəhmətlik Özal demişdi ki, 21-ci əsr türk əsri olacaq. O zaman bu söz bir az yanlış interpretasiyaya uğramışdı, elə çıxırdı ki, bu, təkcə Türkiyəyə aiddir, ancaq Turqut Özal bu sözü bütün türk dünyasına, yenicə azadlıq əldə etmiş türk respublikalarına aid etmişdi.

Sonradan həmin ifadə unudulsa da, son iki ildə türk dünyasına aid ulus və dövlətlərin dirçəlməsi, konsolidasiyası göstərir ki, 21-ci əsrə damğa vuracaq bir güc mərkəzi yetişir.

Bu, mərkəzin yaranması həmin dövlətlərdə sonradan hakimiyyətə gələn yeni qüvvələrin yeni dünya reallıqları ilə üz-üzə qalmasından, yeni yüzilliyin çağırışlarına qulaq vermələrindən sonra aktuallaşdı. Əvvəlki rəhbərlərin bir çoxu rus amilinin təsiri ilə türk dövlətlərinin hər hansı bir yaxınlaşmasını utopiya sayır, hətta buna qarşı çıxırdılar. O cür düşünənlərdən bir neçəsi hələ də qalır. Ancaq Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan bu baryeri aşıb, Turan düzəngahına çıxıb, öz yurtlarının yerini bəlirləyiblər.

images.jpg (11 KB)

Burası böyük bir arealdır – qədim türk yurdu Altay dağlarından başlayır ta Egey dənizinə qədər uzanır, şimal tərəfdən Ural dağlarına söykəlidir, bir tərəfi də cənubdan Əfqanıstan, İran, Çin sərhədlərinə dirənir.

200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən Türk dünyası geniş maddi resurslara, zəngin mədəniyyətə, ortaq dəyərlərə, möhkəm tarixi bağlara malikdir. Azərbaycan bu corafiyanın pərgar iynəsi sancılan mərkəzi olaraq, həmişə türk dünyasının sıx birləşməsinə çalışıb. O biri respublikaların heç birində bu xüsusda hər hansı bir təbliğati material olmayanda Azərbaycanda bütün türk dünyasını möhtəşəm bir ağaca bənzədir, türk dövlətlərini və muxtar qurumları isə bu ağacın budaqları kimi təsvir edirdilər.

Budur, artıq elə bir ay olmur ki, türk dövlətlərinin liderlərini və təmsilçilərini bir ağacın çətiri altına toplayan nəsə bir sammit və ya tədbir təşkil edilməsin. Buraya mədəniyyət və incəsənət xadimlərinin, idmançıların, jurnalistlərin qatıldığı tədbirləri də əlavə etsək, göz önündə böyük bir çulğaşma prosesinin getdiyini müşahidə edərik.

952ac526-b8c9-417e-9616-535d5df14faf.jpg (181 KB)

Azərbaycan türk dövlətlərinin konsolidasiyasında maraqlıdır. Bu dövlət və onun rəhbərliyi uzun illər təklənməyin nə olduğunu, hansı fəsadlara yol açdığın, mütəşəkkil himayədarlar dəstəsinə sığınan düşmənin öhdəsindən gəlməyin nələrə başa gəldiyini öz təcrübəsindən bilir. Bu gün hansısa ölkə öz üzərinə “neytral dövlət” statusu götürərək siyasi və hərbi bloklara qoşulmaya bilər, bəs sabah o dövlət aqressiv qonşusunun (belələri regionda mövcuddur) hücumuna məruz qalanda necə olacaq, kömək üçün kimə müraciət edəcək? Əlbəttə, o dövlət kömək üçün ilk növbədə soy-kok birliyi, din-dil eyniliyi olan qardaşlarının üstünə gələcək.

Deməli, o günlərə indidən hazır olmaq lazımdır.

Azərbaycan Prezidenti İlham Əliyev hələ 2009-cu ildə bu mövzuda danışaraq demişdi: “Biz çox istəyirik ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənsin. Bu, bizim tariximizdir, bizim mədəniyyətimizdir, bizim köklərimizdir. Eyni zamanda, bu, bugünkü vəziyyətin reallıqlarıdır. Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır. Çünki türkdilli ölkələrdə bütün imkanlar vardır - təbii sərvətlər, neft-qaz yataqları, əlverişli coğrafi vəziyyət, güclü iqtisadiyyatlar, insanların istedadı, mövcud olan yeni infrastruktur. Bütün bu imkanları biz əgər bir yerə toplasaq və bir yerdə cəmləşdirsək türkdilli ölkələr dünya miqyasında böyük gücə çevriləcəkdir. Bu gücə çevrilmək üçün biz səmərəli işləməliyik. Bu, bizim əlimizdədir, bizim iradəmizdən asılıdır”.

16681481414233120171_1000x669.jpg (301 KB)

Bu gün isə İlham Əliyev Səmərqənddə keçirilən sammitdə deyib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

Artıq bu istiqamətdə hədəflərin konturlaarı daha aydın görünür. Prezident açıq tmətnlə bildirib ki, Türk dövlətləri sərhədlərindən kənar yaşayan soydaşlarımızın problemləri təşkilatın gündəliyinə gətirilməlidir.
Məsələn, Azərbaycan dövlətinin sərhədlərindən kənarda 40 milyon civarında Azərbaycan türkü yaşayır və onların tam əksəriyyətinin elementar hüququları qorunmur, adi ana dilində təhsil almaq hüququndan məhrumdurlar, qanunlar çərçivəsində etiraz hüquqlarından istifadə etdikdə isə qat-qat ağır cəzalara məruz qalırlar. Bundan başqa, milyonlarla uyğur türkü Çində məhdudlaşdırılmış hüquqlarla yaşamağa məhkumdur. Dünyanın 50-dən çox qüdrətli, inkişaf etmiş dövləti bu problemlə bağlı Çinə öz etirazlarını bildirsələr də, türk dövlətləri hələlik uyğur problemini o qədər də qabartmırlar. Amma bu gedişlə türk dövlətləri də səslərini ucaltmağa məcbur olacaqlar. Çünki 21-ci əsrin bu vədəsində bir xalqım milli-etnik zəmində basqılara məruz qoymaq yolverilməzdir.

Ən pisi odur ki, hazırda, yuxarıda dediyimiz kimi, ABŞ başda olmaqla bir sıra qüdrətli ölkələr uyğurların hüquqlarını müdafiə etməyə qalxmış olsalar da, İranda əziyyət çəkən Azərbaycan türklərinin harayına hay verən yoxdur. Ancaq Azərbaycan dövlətinin irəli durması ilə bu istiqamətdə dəyişiklik olacağı, digər türk dövlətlərinin də bu məsələyə diqqət yönəldəcəyi gözləniləndir.

16681532471534431953_1000x669 (1).jpg (352 KB)

Bu baxımdan türk dövlətlərinin müdafiə, təhlükəsizlik və hərbi sənaye sahəsində əməkdaşlığı gücləndirilməlidir. Bunu etmək üçün türk dünyası böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Gediş-gəlişin, ticarətin artmasıyla bu potensial ikiyə qatlanacaq, siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri inkişaf edəcək, konsolidasiya öz pik nöqtəsinə çatacaq.

Uzun bu və digər böyük dövlətlərin müstəmləkəsi, vassalı olmağa vadar olmuş türk dövlətləri, nəhayət, gerçək müstəqilliklərinə qovuşmalı, öz bloklarını yaradaraq, heç bir başqa dövlətə hesabat vermədən öz siyasətlərini yeritməlidirlər.

İstiqamət budur. Bu tutulan yol türk ellərinin bozqırları kimi düppədüzdür, üfüqə qədər aydın görünür.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR