İnsanlara hürriyət, millətlərə istiqlal!

Pensiyaya çıxmış sənət

1469 16.12.2022 11:28 Yazarlar A A

“Aktyor qocalanda roluna nazirlik qonar”

(Seneka)

Teatrların bəzilərindən yaşı 65-i keçmiş aktyorları pensiyaya yollayıblar, bu isə narazılıq yaradıb. Hətta o yaşlı aktyorlardan biri belə açıqlama vermişdir: “85 yaşlı Anarı yazıçılara sədr qoyurlar, 75 yaşlı Azərpaşa Nemətov teatr direktoru işləyə bilir, ancaq aktyoru 65 yaşda işdən çıxarmaq hansı məntiqə uyğundur?”

Haradasa haqlı mövqedir, ancaq teatr direktorları və ümumiyyətlə mədəniyyət sahəsinə başçılıq edənlərin də öz məntiqi vardır. Deyirlər cavan nəsil yetişir, hər il incəsənət fakültələrini onlarla aktyor, rejissor və sairə bitirir, bəs bunları harada işə qoymalıyıq? Məcburuq pensiya yaşı çatanları işdən ataq.

Sözgəlişi, bir bəstəkar dostum hələ iki il qabaq mənə maraqlı mövzu vermişdi, indi yadıma düşdü. Deyir hər il konservatoriyamızı 2-4 arası sayda bəstəkar bitirir, son 30 ildə haradasa 100 ixtisaslı bəstəkarımız olmalıydı, bəs bu adamlar haradadır.

Həqiqətən maraqlı temadır. Bəstəkarlıq məktəbimiz guya var, lakin 30 ildir elə Cavanşir Quliyevdən başqa kimsə tanınmır. Bəlkə də o nakam bəstəkarlar mağar toylarında, şadlıq saraylarında sintezator çalan işləyirlər.

Teatr və aktyorlarımızın problemi isə dərindir və təkcə pensiya məsələsindən ibarət deyil. Fikrimcə, bu problemlərin mahiyyətini Azərbaycanda ən çox başa düşən adam teatr tənqidçimiz İlham Rəhimlidir, sadəcə, nəyə görəsə danışmaq, yazmaq istəmir.

Problem sənətkar azadlığı məsələsidir. Dövlətin, hökumətin teatr üzərində ağalığı davam etdikcə tənəzzül qaçılmazdır.

Məsələn, elə bu “cavanları hara yerləşdirək” sualına baxaq. Əgər teatr dövlətin monopoliyasında saxlanırsa, əlbəttə, orada iş yeri problemi həmişə olacaq. Azərbaycanda neçə müstəqil teatr tanıyırsınız? Qəzetimizin keçmiş əməkdaşı Elmin Bədəlov birini yaratmışdı, heç imkan vermədilər. Günü məhkəmələrdə, administrativ qurumlarla süpürləşməkdə keçirdi. Axırda Tiflisə sığınmışdı, sonrasından xəbərsizəm. Çünki Gürcüstanda müstəqil teatrların sayı, yalan olmasın, bizdə aktyorların sayı qədərdir. Kim istəsə teatr, studiyalar açır, performanslar göstərir. İş adamları sənətə pul verir. Xarici fondlar da Tiflisdə saysızdır. O fondlar ki, Bakıdan vaxtilə hökumətimiz özü qovub. Deyiblər çıxın gedin, siz bizim milli mentalitetə zərər vurursunuz, bizim pulumuz çoxdur, lazım gəlsə aktyoru özümüz maliyyələşdirərik. Bəs hanı? Birdən baxırsan pul yoxa çıxdı. Nazirlikdən gələn yoxlama Otellonu boyamaq üçün rəngin çox sərf edildiyinə mız qoydu. Və sairə.

Monopoliya tək bazarın, cibin, mədənin evini yıxmır. Onun zərərini mədəniyyət də görür və hətta deyərdim daha çox görür. Çünki mədəniyyət daha zərifdir, daha tez sınmağa, sındırılmağa meyllidir. Ət satanı bezdirərsən, gedər yağ satar. Orada da bazarını bağlasan, misal üçün, taksi sürər. Şair və rəssamın, aktyor və musiqiçinin alternativi isə yox kimidir.

Əlbəttə, teatr sənəti bir qədər spesifik sahədir, burada hələ Molyerin dövründən başçının himayəsinə, dövlət qayğısına, lap elə o 90-ların şit teletamaşasında deyilən kimi, DÖT-ə (dövlət təminatına) ehtiyac olur. Ancaq dövlət gərək sənətə maliyyə ayırıb qıraqda dursun. Hər işə qarışmasın. Aktyorlara necə oynamaq, rejissorlara hansı quruluşu vermək məsləhəti görməsin. Yoxsa hazırda bizim incəsənət bu istiqamətdə tam bir fəlakətin içindədir. Təsəvvür edin, kino çəkmək istəyənlərdən ssenarini əvvəlcədən nazirliyə göstərmək, oxutdurmaq, təsdiqlətmək tələb olunur. Belə kino mühitindən Fellini və ya Spilberq yetişəcəyinə ümid edənlər varsa, başını həkimə göstərsin.

Həkim tapa bilsə, əlbəttə.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR