İnsanlara hürriyət, millətlərə istiqlal!

Pensiyaçılarımızın liderliyi

2268 07.05.2022 11:40 Yazarlar A A

Bizim ölkədə camaatın işləri niyə yaxşıdır? Ona görə ki, hökumət xalqı qorumaq üçün azı 2 dənə müdafiə nazirliyi saxlayır. Bunlardan biri silahlı idarədir, sərhəddə dayanır, xarici düşmənlərin gözünü çıxarır, ikincisi də düşmən gözü çıxaran xəbərlər verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Mən bunu qısa variantda sosial müdafiə nazirliyi yazım, yoxsa qəzetdə bizə ayrılan yer dolar.

Bunun rəvayəti də var, deyir bir gün bir nəfər ömrünü hökumətimizə tapşırır, bunu aparırlar basdırmağa, molla qəbir başında dua oxuyur, tərslikdən hava soyuq, şaxtalı imiş, mərhuma son borcunu verməyə gələnlərdən biri dözmür, deyir: “Molla əmi, mümkünsə qısa variantda oxu, qırıldıq”.

Əlbəttə, bu fəlsəfi pritçanın sosial müdafiə səngərlərimizə, əmək cəbhəsində yaşanan xarüqələrə dəxli yoxdur, köşənin çərəzi kimi yazdım, kim istəsə o yerini heç oxumasın.

Təzəlikcə sosial müdafiə nazirliyinin başçısı hörmətli Sahil müəllim çıxış edib, deyir, Azərbaycan keçmiş MDB məkanında minimal pensiyanın ən yüksək məbləği baxımından liderliyini qorumaqdadır.

Açığı, mən buna diqqət eləməzdim, sadəcə, yadıma düşdü ki, biz neçə ildir minimal pensiya üzrə “MDB də liderik”. Ən azı 2020-ci ilin dekabrında Milli Məclisdə büdcə müzakirə ediləndə də nazir bu rekordumuz haqda danışmışdı. O vaxt bizim minimal pensiya dollarla 118-ə bərabər idi. Belarusda 149, Qazaxıstanda isə 137 dollar idi. İndi bizdə minimal pensiya 370 manatdır. 217 dollar edir. Qazaxıstanda minimal pensiya 232 dollardır, Belarusda nə qədərdir, bilmirəm. Ancaq hər halda bizim pensiya qazaxların pensiyasından azdırsa, biz MDB məkanında nə cür lider oluruq? Hələ onu da yazaq ki, bizdə kişilər 65 yaşda pensiya haqqı qazanırsa, Qazaxıstanda bu 63 yaşdır. Yəni, 2 il də bizdən tez pensiya almağa başlayırlar.

Rəqəmlər içində eşələnmək o qədər xoş məşğuliyyət deyil, birini də yazım, daha bəsdir: Qazaxıstanda sosial pensiya 120 dollardır, bizdə isə onu əvəz eləyən sosial müavinət 112 dollar.

Niyə Qazaxıstanla müqayisə elədim? Aşağı-yuxarı ora da bizim ana yurdumuz kimi neft-qaz ölkəsidir, SSRİ dağılanda təxminən oxşar start vəziyyətində olmuşuq. Doğrudur, qazaxların Qarabağ münaqişəsi olmayıb, lakin rusdilli əhali problemi məncə elə bizimki qədər dərindir.

Yazının bu məqamında gözümə bir pensiya xəbəri sataşdı: “7 gün” qəzetinin baş redaktoru və təsisçisi olmuş Emin Eminbəyli pensiya ala bilmir. Oxuyanların yadında olar, “7 gün” 90-cı illərdə bizim ən populyar qəzetlərimizdən biri idi. Əgər onu qurmuş adam da pensiya ala bilmirsə, yeddi gün səhərdən axşama əlləşən, heç populyarlığı olmayan fəhlə-kəndli zəhmətkeşlərimizin yazıq gününə... 

Təbii ki, əhalimiz pensiyanın miqdarından, ümumi dolanışıqdan çox razıdır. Alçanın kilosu 20 manat olanda pensiyaçılarımızı alça növbəsində tez-tez görürdüm. Hər gün nə qədər ahıl insan poçta gedir, pomidorun 3 manat 50 qəpikdən aşağı düşmək istəməsinə etiraz məktubları yazır, əlaqədar orqanlara yollayırlar. Hələ çörəyin, yağın, ətin bahalaşması pensiyaçılarımızı necə sevindirmişdir, bu heç sözlə ifadə ediləsi deyil. Çünki biz yaxşı bilirik: ucuz ətin şorbası olmaz. Çörəyi ver çörəkçiyə, birini də üstəlik. İtin axmağı qaysavadan pay umar. Ağzını ətə öyrətmə, ...ünü ata.

Bu baxımdan, dünən qaz idarəsinin müdirindən “bizə qaz istifadəsi limitlərinin dəyişməsi ilə bağlı heç bir müraciət yoxdur” açıqlamasını oxuyanda mənim qıdığım gəldi. Qorxuruq müraciət eləyək, limit lap aşağı salınsın. Başımıza gəlib axı.

Təklif edirəm qaz idarəsinin adına da “müdafiə” sözü əlavə eləyək. Əhalinin qazla müdafiə xidməti – gör nə yaxşı səslənir! “Əhalini” də olar...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR