İnsanlara hürriyət, millətlərə istiqlal!

Pensiya haqda sual

2473 01.04.2022 09:50 Yazarlar A A

Ruslar Ukraynanın Nikolayev şəhərində çoxqatlı inzibati binanı - yanılmıramsa, meriyanın ofisiydi - raketlə vurmuşdular. Dağıntılar altından indiyəcən 19 nəfərin cəsədi çıxarılıb. Hadisə yerindən kadrlara baxanlar yəqin binanın yuxarısında bir neçə pəncərəlik hissənin havadan asılı qaldığını müşahidə ediblər. O cümlədən raketin deşib dağıtdığı mərtəbələrin kənarlarında ağır, iri beton panellər asılı vəziyyətdə durmaqdadır. Bu, həmin binanı tikən mühəndislərin, inşaatçıların vaxtilə yetərincə insaflı davranmasının əlamətidir. Sementi, armaturu, betonu az çırpışdırıblar, ya da heç oğurlamayıblar. İraq olsun, o raketin bir balacası bizim Bakıda tikilən binalara dəysə, vəziyyətin necə olacağını təsəvvür edirsinizmi? Əslində təsəvvürə ehtiyac da yoxdur, 2007-ci ildə Yasamalda, Murtuza Muxtarov küçəsində 16 mərtəbəli bina elə tikintisi gedə-gedə yerə yayılanda və qalıqları altında 25 bədbəxt fəhləni dəfn edəndə bunu canlı görmüşük. Sözgəlişi, həmin binanı “Mütəfəkkir” adlı şirkət tikirdi, deyirdilər Ramiz Mehdiyevə yaxın şirkətdir. Uçqundan sonra şirkətin müdiri Əli müəllimi tutdular, o isə qəribə şəkildə türmədə öldü, söhbət bağlandı.

Bakının Binəqədi rayonunda 16 mərtəbədə üzlüklərin yanması, 16 nəfərin həlakı faciəsini də yada salıb qanınızı qaraltmaq istəmirəm. Dünən isə Naxçıvanda, Nehrəmdə məktəb uçub, 3 nəfər ölüb. Məktəbi təmir edirmişlər. Bəlkə də o yazıqların həyatı bahasına gələcəyin daha böyük faciəsindən qurtulmuşuq - bina uşaqlar dərs keçdiyi zaman uçsa nə olardı?

Mövzumuza dəxli yoxdur, ancaq bəzi nazirliklərin ana dilimizə münasibətini kəskin şəkildə qınayıram. Ayaz Mütəllibov öldü, onun eks-prezident pensiyasının taleyi necə olacaq - bu sualla jurnalist Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə üz tutub. Gəlin nazirlikdən alınıb dərc edilən cavabdan qısa hissəni oxumağa cəhd eləyək: “Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyası sığortaolunanların əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların (yəni sosial sığorta haqları ödəyənlərin) ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə verilən aylıq pul ödənişidir. Sığorta olunan pensiya yaşına çatdıqda və ya pensiya yaşına çatanadək əlilliyə məruz qaldıqda onun ödəmiş olduğu sosial sığorta haqları hesabına fərdi hesabında toplanan pensiya kapitalı əsasında ona təyin olunacaq aylıq pensiyanın məbləği müəyyən edilir".

Oxuculara yazığım gəldiyi üçün burada dayanıram. Mənim əzizlərim, siz o nazirlikdə nə yeyib-içirsiniz? Bu nə dilindədir? Bizi ələ salırsınız? Bəyəm nazirliyin qısa adı ƏƏSMN kimidirsə, jurnalistlərə cavabı da belə olmalıdır? Şəxsən mən bu cavabı oxuyandan sonra qərara gəldim ki, qələt eləyərəm haçansa sosial yardım və pensiya-zad üçün o idarəyə üz tutaram. Birdən buna oxşar cavab aldım? Nə edərəm? Başımı itirərəm.

Tək bu idarənin problemi deyil, bütün dövlət qurumlarımız aşağı-yuxarı eyni kökdədir. Ancaq kamera görəndə hamısı vətəni sevməkdən, millətdən-filandan leksiya oxuyurlar. Vətən ilk növbədə dil deyilsə, nədir? Hələ maraqlansan dil üzrə neçə dənə dövlət komissiyası, saysız qanunlar taparsan.

Dil ciddi amildir. Dünən xəbər oxudum, deyir su idarəsinin işçiləri Abşeronun 28 may qəsəbəsində həyət evində suyun israfına qarşı tədbir görmək istəyib, lakin evin yiyəsi bunları odlu silahla hədələyib. Bu, sırf filoloji hadisədir. Biri su olanda, o biri od olmalıdır. Güman edirəm yazı qəzetdə çıxandan sonra torpaq şöbəsi də münasibətini bildirər.

Hava idarəsi isə nəhayət, bizi sevindirsin, yazı gözləməkdən yazı da yaza bilmirik. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR