İnsanlara hürriyət, millətlərə istiqlal!

Pəhləvinin “qızıl fürsəti” – Güney Azərbaycanı NƏ gözləyir?

1714 07.01.2026 12:42 Siyasət A A

“İranda hakimiyyət dəyişikliyi xalqın öz əli ilə baş verəcək. Bunun üçün Venesuela tipli müdaxiləyə ehtiyac yoxdur”.

Bunu İranın keçmiş şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi “The Wall Street Journal”a müsahibəsində deyib (Teleqraf).

Pəhləvi İranda yaşanan ümumxalq etirazlarına da toxunub:

“Bu, indiyədək gördüyümüz ən genişmiqyaslı və ən güclü hərəkatdır, 100-dən çox şəhəri, 20-dən artıq vilayəti əhatə edir. Misilsiz vəziyyətdir. Bu, əldən verilməməli olan qızıl fürsətdir”.

ABŞ-nin İranda Venesuelada etdiyi kimi müdaxilə edib-etməməsi, ölkənin Ali Dini Rəhbəri Əli Xameneinin ələ keçirilməsi və mühakimə edilməsi barədə suala cavab olaraq keçmiş şahzadə bildirib: “Düşünmürəm ki, belə bir addım zəruri olsun. Xarici müdaxilə məsələsi gündəmdə deyil. Çünki rejimin özü artıq dağılma mərhələsindədir, ən zəif durumundadır. İranlılar küçələrdədir, təkcə iqtisadi səfalətə etiraz etmirlər, açıq şəkildə bu rejimin getməsini tələb edirlər. Düşünmürəm ki, son 46 ildə İran xalqı tərəfindən bu qədər açıq, aydın və genişmiqyaslı tələb səsləndirilib”.

İrana nə vaxt qayıdacağı sualına cavabında Rza Pəhləvi qeyd edib:

“Ümid edirəm ki, mümkün qədər tez. Orada olmalıyam ki, həmvətənlərimə kömək edim. Bəlli səbəblərə görə indi orada ola bilmirəm, çünki bu rejimin bir nömrəli hədəfiyəm və məni aradan götürməyə çalışırlar. Amma ali məqsəd uğrunda insan canını qurban verməyə hazır olmalıdır. Qardaş-bacılarımla çiyin-çiyinə olmaq və son döyüşləri onlarla birlikdə aparmaq istəyirəm. Fürsət yaranan kimi hərəkətə keçməyə hazıram... Demək olar ki, bütün şərtlər formalaşıb, müxtəlif səviyyələrdə bu rejimin devrilməsi üçün şərait var”.

“Şər deməsən, xeyir gəlməz”, güneyli soydaşlarımız Pəhləvinin planlarından narahat olmalıdırmı? Baş verənlər doğrudanmı onun üçün “qızıl fürsət” sayıla bilər?

Politoloq, professor Qabil Hüseynli Musavat.com-a bildirib ki, güneyli soydaşlarımız ehtiyatlı və ayıq olmalıdırlar:

“Ona görə ehtiyatlı olmalıdırlar və Rza Pəhləvinin hakimiyyətə gəlməsinə dəstək verməməlidirlər ki, Pəhləvi açıq şəkildə İranın ərazi bütövlüyünü müdafiə edir, federalizmə və ya milli muxtariyyətlərə isti baxmır, ‘vahid İran milləti’ ideyasını önə çəkir. Bu isə Güney azərbaycanlıların dil, mədəniyyət və siyasi özünüidarə tələbləri ilə tam uyğun gəlmir. Pəhləvilər dövründə — xüsusilə Rza şah və Məhəmməd Rza şah zamanında — İranda türk dilində danışmaq qadağan edilmişdi, assimilyasiya siyasəti aparılırdı. Azərbaycan türklərinə qarşı sərt siyasi xətt Pəhləvilər dövründə indiki teokratik rejim dövründəkindən heç də fərqlənmirdi”.

Ancaq politoloqa görə, Rza Pəhləvi hazırkı situasiyada düşmən də elan edilməməlidir:

“Rza Pəhləvi bəyan edir ki, keçmiş monarxiya üsulunu bərpa etməyin tərəfdarı deyil. Açıq şəkildə referendum, demokratiya, insan haqları deyir. Hakimiyyətə gələcəyi halda — baxmayaraq ki, onun hakimiyyətə gəlməsi ehtimalı çox azdır — bu vədlərinin üzərində dayanarsa, nəzəri cəhətdən hesab etmək olar ki, İranda güneyli azərbaycanlıların açıq siyasi fəaliyyətinə indiki molla rejimi ilə müqayisədə müəyyən meydan verilə bilər. Pəhləvi ideal deyil, amma teokratik rejimdən daha sərt ola biləcəyini də birmənalı şəkildə söyləmək olmaz”.

Professorun sözlərinə görə, İranda baş verənləri Rza Pəhləvi ona görə “qızılı fürsət” hesab edir ki, onun xeyrinə işləyən faktorlar yaranıb:

“İran cəmiyyətində rejimdən ümumi yorğunluq, qadın hərəkatı və gənclərin radikallaşması, ABŞ və Avropada İran rejiminə qarşı güclü media və lobbi dəstəyi, Qərb dairələrinin onu ‘tanınan, riskli olmayan sima’ kimi görməsi kimi amilləri hesablayan Pəhləvi vəziyyəti özü üçün “qızıl fürsət” kimi qiymətləndirir. Ancaq hazırkı vəziyyətin tamamilə Pəhləvinin xeyrinə olduğunu söyləmək də olmaz. Çünki onun İranda real təşkilatlanması yoxdur, etirazlar parçalanmış vəziyyətdədir, toparlayıcı lider yoxdur.

Həmçinin Rza Pəhləviyə azərbaycanlılar, kürdlər və bəluclar arasında tam etimad yoxdur. Bundan başqa, rejimin vuran əli olan SEPAH və təhlükəsizlik aparatı hələ də öz gücünü saxlayır. Bütün sadaladıqlarımız onu deməyə əsas verir ki, bu mərhələ Pəhləvi üçün ‘qızılı fürsət’ yox, daha çox ‘sınaq pəncərəsi’dir. Əgər indi milli məsələlərdə açıq və ədalətli mövqe ortaya qoymasa, sabah şansı azalacaq”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR