İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycanın orta gücə çevrilməsinin arxasında iki faktor var”

342 14.07.2026 11:46 Siyasət A A

“Dünən işinə başlayan IV Şuşa Qlobal Media Forumu elə bir reallıq üzə çıxardı ki, bu gün o haqda danışmamaq mümkün deyil. Öncə onu deyim ki, bu, əslində Şuşada keçirilən sayca 5-ci forumdur, sadəcə birincisi fərqli adlanırdı. Və İkinci Qarabağ savaşında zəfərimizin, çağdaş sərhədlərimiz çərçivəsində bütün torpaqlarımız üzərində suverenliyimizin tam təmininə yönəlmiş digər əməliyyatların legitimliyinin beynəlxalq auditoriyaya çatdırılması, eləcə də narazılara həzm etdirilməsindən tutmuş, qlobal medianın çox vaxt məzlum və incidilmiş kimi təqdim etdiklərinin törətdikləri vəhşiliklərin və Azərbaycanın təkbaşına apardığı misli görünməmiş quruculuq işlərinin göz önünə sərilməsindək bu forumların çox böyük rolu oldu”.

Deputat Sahib Alıyev bu fikirləri Musavat.com-a açıqlamasında bildirib.

O qeyd edib ki, əslində elə bu forumların özü də, orada heç kimin diktəsinə boyun əyilməyəcəyi, Qarabağdakı separatizmə son qoyulacağı, hərbi əməliyyatların bitdiyi, sülh prosesinin qarşısını kimsənin kəsə bilməyəcəyi haqda verilən bəyanatların bir-bir yerinə yetirilməsi də göstərdi ki, Azərbaycan doğrudan da artıq orta gücdür və orta güclülüyü bizdən əvvəl tanınanların çoxundan çəkisi daha ağır orta gücdür:

“Çəkinin ağırlığı isə qarşıya qoyulan məqsədə necə çatılmasında, bu zaman qlobal güc sayılanların maneələrinin nə cür əzm və ləyaqətlə dəf edilməsində özünü göstərir. Onu da deyim ki, Azərbaycan orta güc olmaqla yanaşı, həm də ədalətli, prinsipial və obyektiv gücdür. Dövlətimizin başçısının dünənki açıqlamalarında da bunu aydın gördük. O, öz çıxışı ilə açıq-aydın göstərdi ki, təkcə özündən müştəbeh Fransaya, yaxud da Rusiyaya yanaşmada deyil, bütün böyük dövlətlərlə münasibətlərində bərabərhüquqluluq prinsipindən çıxış edir. Rusiyalı ekspertin “3+3” formatı haqda sualına verilən cavab məhz o demək idi. Ukraynalı və argentinalı jurnalistlərin işğal faktı ilə bağlı suallarını cavablandıranda da cənab İlham Əliyev göstərdi ki, o, işğala məruz qalaların bizə zamanında necə yanaşmasını, işğalçının kimliyini yox, beynəlxalq prinsipləri əsas götürür. İndiyədək bu cür açıq və konkret mövqe sərgiləyən neçə dövlət başçısı var görəsən və ümumiyyətlə varmı?”

S.Alıyev yekunda bunları söyləyib:

“Bu gün Azərbaycanın orta güc, özü də sözünün çəkisi ağır olan orta gücə çevrilməsinin arxasında iki əsas faktor var: Liderin kimliyi məsələsi və xalq-iqtidar birliyi. Mən əminəm ki, düz 57 il öncə məhz bu gün Azərbaycana rəhbərlik etməyə başlamış, qısa müddətdə onu SSRİ-nin geridə qalmış ucqarlarından qabaqcıl respublikaya çevirmiş Ulu Öndərin ruhu şaddır. Heydər Əliyevin SSRİ miqyasında etdiyini davamçısı hazırda qlobal müstəvidə reallaşdırır. Və bu, reallaşdıran üçün də, xalqı üçün də böyük başucalığıdır”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR