İnsanlara hürriyət, millətlərə istiqlal!

Payıza uyğun olmayan istilər kənd təsərrüfatına zərər vururmu - ekspert rəyi

897 14.11.2023 08:38 Yaşam A A

Qeyri-mövsümi istiləşmə heyvanlar arasında yeni epidemiya və epizootiyaların yayılması ehtimalını artırır

Hazırda noyabr ayına xarakterik olmayan hava şəraiti müşahidə edilir. Havanın bu cür isti olması oktyabr ayında da müşahidə edildi ki, bu heç də payıza xas əlamət deyil. Bu zaman bəzi suallar da ortaya çıxır ki, bu da son günlər insanlar arasında daha çox müzakirələrə səbəb olub. Bu, baş verən iqlim dəyişikliyinin təzahürüdürmü? Bu cür isti hava növbəti fəsillərə də təsir edə bilərmi? Yəni qışda kəskin istilərin, ya da yazda soyuq havaların olma ehtimalı varmı, əvvəlcədən belə bir proqnoz verilə bilərmi? Yeri gəlmişkən, bəzi ekspertlər hesab edir ki, ola bilər gələn qış fəsli həm çox soyuq olsun, həm də əksinə isti keçsin. O da qeyd edilməlidir ki, bu cür iqlim dəyişikliyi, hava durumu insanların səhhətinə də təsirsiz ötüşmür. Bununla belə, həkimlər də daim meteohəssas insanlara belə havalarda ehtiyatlı olmağı tövsiyə edirlər.

Bəs payızda havanın belə quraq, isti olmasının kənd təsərrüfatına necə, təsiri varmı? Bəziləri bu il məhsuldarlığın aşağı olacağını bildirir, bunun əsası varmı?

 

Meteoroloq Cavidan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, iqlimin belə keçməsi bundan əvvəl də bir neçə dəfə müşahidə olunub: “2007-ci ilin oktyabr ayı da belə keçmişdi. Sadəcə olaraq, bu qədər uzun dalğa müşahidə olunmamışdı. Səbəbi isə Atlantik siklonlarının şimal trayektoriyadan keçməsi ilə bağlıdır. Bu da bizə şimal-qərbdən gələn soyuq hava kütləsinin, arktik hava kütlələrinin gəlməsinin qarşısını alır. Bu, eyni zamanda qlobal istiləşmə ilə də bağlıdır. Belə payızlardan sonra adətən sərt qış gözlənilir. Siklonik fəaliyyət şimal-qərbdə çox güclü olur. Soyuğun yaranması üçün gərək şimalda antisiklon, yüksək təzyiq yaransın və hava axınını da Azərbaycana doğru qəbul etsin. Ümumiyyətlə, hazırda qlobal istiləşmə də müşahidə olunur. Bu həm də qlobal istiləşmə ilə bağlıdır. Amma bu hallar daha da çoxalmağa başlayıb. Bu o da demək deyil ki, bu hal heç vaxt müşahidə edilməyib. Maraqlı olan odur ki, belə payızlardan sonra adətən qış  çox sərt  keçir. 80 faiz hallarda belə olub. Yalnız bir dəfə quru, isti payızdan sonra isti qış müşahidə etmişəm.

Adətən qışa yaxın, buna Şimali Atlantik tərəddüdü deyilir ki, bu da bir qədər zəifləyir, hava axınları meridiana tərəf yönəlməyə başlayır. Yəni Şimaldan Cənuba doğru üzərimizə soyuq hava kütləsi daxil olur. Hazırda  Şimali Atlantik tərəddüdü çox aktivdir. Ona görə bizdə iqlim normasından yüksək temperatur müşahidə olunur. Ümumiyyətlə, bizdə fəsillər aydın olsa da, bir-birindən seçilmir. Əsasən iki fəsil - qış və yay yalnız aydın seçilir. Yəni oktyabr, noyabr aylarının belə isti keçməsi, bu qədər uzun dalğanın olması nadir hallarda müşahidə olunur. Bu dəfə də daha uzun çəkdi. Bu da qlobal istiləşmə ilə bağlıdır". C.Əliyev onu da əlavə edib ki, belə isti payız kənd təsərrüfatında zərərvericilərin sayının artmasına səbəb olur.

Kənd təsərrüfatı üzrə ekspertlərdən öyrənirik ki, havaların belə isti keçməsi heç də bütünlükdə kənd təsərrüfatına zərər vermir. Misal üçün, pambığın yığılması üçün olduqca əlverişli hava şəraiti sayılır. Çünki pambıq yığımı zamanı yağışlı hava bir çox problemlərə səbəb olur, məhsulun çürüməsi baş verir. Ancaq dənli bitkilər payızda əkilir, burada nəmliyin olması üçün yağış lazımdır. Suvarımlma aparılmayan ərazilərdə torpaq nəm olmalıdır ki, torpağa atılan tum cücərsin. Yəni ekspertlər hesab edir ki, hər mövsümə uyğun hava şəraiti olması vacib amildir.

Siyalə Rüstəmova

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Siyalə Rüstəmova “Əlverişsiz iqlim şəraitinin kənd təsərrüfatına təsirləri” mövzusunda müzakirələrdə qlobal istiləşmənin heyvandarlığa təsirinə toxunub. Bildirib ki, quraqlıq ilk növbədə heyvandarlıq üçün vacib olan yem ehtiyatının keyfiyyət göstəricilərinə mənfi təsir göstərir: “Mövsümə uyğun olmayan istiləşmə heyvanlar arasında yeni epidemiya və epizootiyaların  yayılması ehtimalını artırır. Belə ki, qansoran həşəratlar, böcəklər və meşə zərərvericiləri kütləvi şəkildə vaxtından tez oyanaraq xəstəliklərin yayılmasına səbəb olur. Baytarlıq və tibb sahələrində bütün bu xoşagəlməz faktlar tropik və subtropik xəstəliklərin öz təbii areallarından çıxaraq dünyada geniş yayılmasına gətirib çıxarır. Belə ki, "Göy dil" xəstəliyi, “Qərbi Nil” qızdırması, “Denqe” (Tropik) qızdırması, “Hanta” virusu, “Ebola” qızdırması kimi keçmiş vaxtlarda tamamilə ekzotik və arealı müəyyən coğrafi sahə ilə məhdudlaşan xəstəliklərin iqlimin istiləşməsi nəticəsində geniş yayılması xüsusi narahatlığa səbəb olur. Hava hərarətinin və nəmliyinin kəskin surətdə artması kol və qamışlıq bitkilərinin daha kəskin inkişaf etməsinə gətirib çıxarır, bu da dovşankimilərdə parazitlik edən leptospiroz kimi təhlükəli xəstəliklərin yayılma ehtimalını artırır. Belə proseslərin mənfi təsiri isti iqlim olan ölkələrdə kənd təsərrüfatı heyvanlarının yüksək hərarətdən baş verən temperatur şoku, susuzluq və immun sisteminin zəifləməsinə gətirib çıxarır. Həmçinin invazion və xüsusi təhlükəli zoonoz (yəni heyvanlardan insana keçən) xəstəliklərin yayılmasına və artmasına səbəb olur".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR