İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın “cəngavər ordeni”

3595 25.10.2023 10:11 Yazarlar A A

Erməni cəmiyyəti də, Vatikan da yaxşı bilir ki, baş nazirə indi daha çox ağıl vermək lazımdır-Papaya erməni papağı hədiyyə etmək zamanı yetişib

Roma Papasının Yaxın Şərqdə axan qana, Ukraynada davam edən müharibəyə, Ermənistanın Fransadan silah alaraq yeni savaş xəyallar qurduğuna, hələ də sülhə doğru cəsarətli addım atmadığı bir vaxtda erməni baş naziri Nikol Paşinyanı IX Piyin Böyük Xaç Cəngavər Ordeni (latınca “Ordo Pianus”, italyanca: “Ordine Piano”) ilə təltif etməsi bir az təəccüblü, lap doğrusu, çox yersiz göründü. Paşinyana ordeni Ermənistanda diplomatik fəaliyyətini başa vuran Vatikanın arxiyepiskopu təqdim edib.

1847-ci ildə Papa IX Piya tərəfindən kilsə və cəmiyyət qarşısında görkəmli xidmətlərini mükafatlandırmaq üçün təsis edilmiş ordeni indi Müqəddəs Taxt-Tacda akkreditə olunmuş diplomatlara, dövlət xadimlərinə , səfərə gələn dövlətlərin nümayəndələrinə və ya monarxların Papaya göstərdikləri xidmətlərə görə verilir. IX Piyin ordeni Roma papalığının cəngavər ordenləri arasında üçüncü yerdədir. Paşinyana gəlincə, bildirilir ki, baş nazir “kilsə və cəmiyyət qarşısında müstəsna xidmətlərinə” görə təltif edilib. 

СнимокPNG-1698151768.png (370 KB)

Roma Papası kimə istəsə orden-medal verə bilər, o cümlədən Paşinyana da. Paşinyanın “kilsə qarşısında xidmətlərinə görə” təltif edilməsi bir az mübahisəlidir. Çünki o hakimiyyətə gələndən kilsə ilə-Eçmiədzinin rəhbəri II Qaraginlə münasibətləri heç vaxt normal olmayıb. Onların münasibətlərində fikir ayrılığı Ermənistanın 44 günlük müharibədə məğlubiyyətindən sonra, katolikos hökuməti açıq şəkildə tənqid etməyə başlayandan pisləşib. Hətta Paşinyanın tapşırığı ilə hökumətin nəzarətində olan media və ictimai xadimlərə katolikosun fəaliyyətini heç bir şəkildə işıqlandırmamaq tapşırılmışdı. Halbuki bundan əvvəlki rəhbərlər Eçmiədzinin dediyi bir sözü iki eləməzdilər, tez-tez də katolikosu ziyarətə gedər, şəkil çəkdirərdilər. Paşinyan isə kilsədən həmişə məsafəli davranıb. Bəlkə də altdan-altanda Qaraginə pay-püş göndərib, amma Allahdan belə şeyləri gizli saxlamaq olmaz.

Erməni cəmiyyəti qarşısında xidmətlərə gəlincə, Paşinyan hakimiyyətə inqilabla gəlib, 2018-ci ildən bəri də erməni cəmiyyəti hələ də küçələrdən yığışmırlar. “Qarabağ Ermənistandır!” yalanına görə erməni cəmiyəti ağır bədəl ödəməli oldu, 44 günlük müharibədə Ermənistan ordusu məğlubiyyətə uğradı, Paşinyan kimi “cəngavər” isə kapitulyasiya sənədi imzalamağa məcbur oldu. Sonrakı sarsaq addımları da, ordusunu Qarabağdan çıxarmaması da onunla nəticələndi ki, ermənilər şələ-şüləsini yığıb Ermənistana getdilər. Budurmu erməni cəmiyyəti qarşısında xidmətləri? Paşinyan nə edib, öz xalqına edib, buna da erməni cəmiyyəti qiyməti verə bilər. Bəlkə onlar doğurdan da Paşinyanı cəngavər bilirlər. Olsun, belə cəngavərləri çox olsun... 

1661320758_1.jpg (88 KB)

Paşinyan əlbəttə ki, “dil pəhləvanı”dır. İndiyə qədər neçə dəfə sülh sazişini imzalamağa hazır olduğunu deyib, amma hələ də bu sözdən o yana keçmir.

Bəs, məşhur filmdə deyildiyi kimi, “Məşədi İbadın nəyi” Papanın xoşuna gəlib ki, o boyda ordeni Paşinyana vermək qərarına gəlib? Ərz etdik ki, Paşinyanın kilsə və cəmiyyət qarşısında xidmətləri olması sual doğurur. Bəlkə, fövqəladə dövlət adamı olması? O da məlum. Bəs nə?

Hə, bu yerdə Paşinyanın son qurcalanmalarına diqqət etmək lazım gəlir. Deməli, ilin-günün bu vaxtında Paşinyana Roma Papası ona görə orden verə bilərdi ki, “yuxarıdan” ( “yuxarılar” mənasında) belə məsləhət biliblər. Bəlkə də Avropa Birliyi rəhbərliyindən, bəlkə elə Makron xahiş edib ki, Paşinyana orden-filan versin. Ki, Paşinyan daha da cuşa gəlsin, özünü həqiqətən də cənagavər bilib, xüsusilə Rusiyanın qarşısında cəsarətlə dayansın. Bizə belə cəngavərlik keçməz. Prezident İlham Əliyev hələ Ağdama ilk səfərində Sərkisyan-Köçəryana demişdi ki, çıxarın o yaxanızdakı dəmir-dümürü... Ləzzət edir, “dəmir-dümür..” e... Paşinyanı indi ordenlə həvəsləndirənlər bunu elə-belə etmir. Roma Papası, Vatikanın ağsaqallı isə belə ordeni heç sandıqda qalmasın deyə, səbəbsiz verməz. Deməli, indi Paşinyana orden vermək məsləhət , hətta lazım olub, Papa da təşkil edib. Bir müddət əvvəl Papa Qarabağdan köçən ermənilər üçün “gözyaşı” tökmüş, guya onların dini abidələrinə zərər vurduğumuz haqda da nəsə demişdi. Bunu Papanın öz vicdanına buraxaq, indi onun da nə deməsinin o qədər önəmi yoxdur. Papa kilsəsində “oğlanbazlığı” yığışdırsın, sonra ermənilər üçün ağlasın. Çünki kilsə çoxdan kir içindədir, onu təmizləməyə yəqin ki, bir Papanın ömrü yetməz... 

-908075ea162165958639234725810219397.jpg (169 KB)

Nəhayət, erməni cəmiyyəti də, kilsə də yaxşı bilir ki, Paşinyana indi daha çox ağıl lazımdır. Papa kimi bir müdrik din xadimi Paşinyanı qarşısında otuzdurub ağıl versə, sülhə xidmət etmiş olar. Papa adətən, onu ziyarət edənlərlə belə görüşür. Bir masası var, qarşısında otururlar, o danışır, qonaq da qulaq asırsın, Sonra sən də danışırsan, mütləq də nəsə hədiyyə eləməlisən. Papanın qəbuluna əliboş getmək olmaz, bu da bir gələnəkdir. Paşinyan yəqin bunu bilir, nə vaxtsa getsə, nəsə aparar. Məsələn, erməni papağı Papaya yaxşı və anlamlı hədiyyə olardı...

 

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR