Ermənistan baş naziri Nikol Paşinyan Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər fonunda məhsullarını xaricə ixrac edərkən "ədalətsiz maneələr"lə qarşılaşan fermerlərə təzminat veriləcəyini vəd edib.
Musavat.com xəbər verir ki, o, bu barədə Geqarkunik vilayətində seçicilərlə keçirdiyi görüşdə məlumat verib.
"Hər şərdə bir xeyir var. Biz yeni bazarlardan danışırıq. Beynəlxalq tərəfdaşlarımıza tez reaksiyalarına görə minnətdarıq və yaxın gələcəkdə gül, meyvə və tərəvəz almaq üçün artıq konkret təkliflərimiz var", - deyə Paşinyan Rusiyaya ixracın qadağan edilməsindən zərər çəkən istehsalçılara dəstək vəd edərkən bildirib.
Baş nazir qeyd edib ki, əgər fermerin bibəri xarab olarsa, bunun pulunu hökumət ödəyəcək:
"Bibər xarab olacaqsa - mən o bibərin pulunu ödəyəcəyəm, hökumət ödəyəcək. Lakin bütün bunların nəticəsində Ermənistanda həm bibər istehsalı, həm də onun ixracı artacaq. İxrac üçün ədalətsiz maneələrin yarandığı bütün hallarda dəstək və subsidiyalaşdırma proqramları həyata keçiriləcək".
Hökumət başçısı vurğulayıb ki, ayrılacaq subsidiyalar dəymiş ziyanın kompensasiya edilməsinə yönəldiləcək. Bununla yanaşı, Paşinyan bəzi hallarda Ermənistan mallarının keyfiyyət standartlarına cavab vermədiyini də etiraf edib və bildirib ki, keyfiyyətin yüksəldilməsi üçün həmin şirkətlərə də köməklik göstəriləcək.
Onun sözlərinə görə, Ermənistandan olan bir neçə biznes nümayəndə heyəti artıq danışıqlar aparır və ölkədən qızılgül, eləcə də meyvə-tərəvəz məhsullarının alınması ilə bağlı ilkin təkliflər mövcuddur.
"Ermənistanın kənd təsərrüfatı məhsullarının həcmi o qədər də böyük deyil və bu vəziyyətdə bu, bir üstünlükdür - Avropanın normal bir supermarketlər şəbəkəsi bu məhsulların hamısını realizə etmək iqtidarındadır", - deyə Paşinyan əminliyini ifadə edib.
Musavat.com






