İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan yenə “nala-mıxa” vurdu -Bakının cavabı nə olacaq?

1996 18.02.2023 10:29 Siyasət A A

İrəvan sülh sənədini həm də gorbagor olmuş Minsk Qrupunun həmsədrlərinə göndərib, Xankəndidəki oyuncaq rejimi masaya oturtmaq istəyir; kapitulyant ölkə oyunlarını haradək davam etdirəcək - Şərhlər

“Ermənistan Azərbaycanla sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa vurub və təklifləri Bakıya göndərib”. “Yeni Müsavat” qeyd edir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

O, sənədin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə də təhvil verildiyini söyləyib. “Biz istənilən vaxt imzalamağa hazır olduğumuz sənədin alınması üçün çalışırıq. Aydındır ki, sənəd Azərbaycan üçün də məqbul olmalıdır. Lakin ümid edirik ki, danışıqların 3 raundu zamanı əldə edilmiş irəliləyişin inkişafına nail ola biləcəyik”, - deyə o qeyd edib.

Paşinyan hesab edir ki, imzalanma uzunmüddətli sülhə gətirib çıxarmalıdır və sülh müqaviləsi müharibə üçün səbəbə çevrilməməlidir. O, hökumətin və şəxsən özünün belə bir sazişi mümkün qədər tez imzalamağa hazır olduğunu təsdiqləyib. Laçın yolundakı etiraz aksiyasından da danışan baş nazir ənənəvi ritorikadan istifadə edib və növbəti dəfə Bakının əsas hədəfinin “Qarabağda etnik təmizləmə” aparmaq olduğunu iddia edib.

Göründüyü kimi, Paşinyan yenə də “nala-mıxa” vurmaqdadır. Əvvəla, İrəvan sülh sənədini niyə həm də Minsk Qrupu həmsədrlərinə göndərir? Ölü bir qurumun məsələyə nə dəxli var görəsən? Yoxsa Ermənistan Minsk Qrupu ilə də sülh müqaviləsi imzalamağa hazırlaşır? Bu ona dəlalət edir ki, rəsmi İrəvan hələ də MQ-yə ümidlər bəsləyir. Demək, Bakı ilə sülh anlaşması məsələsində səmimi deyil.

Sənədə edilən əlavələrə gəlincə, məlumdur ki, erməni tərəfi sülh müqaviləsini Bakı ilə Xankəndi arasında danışıqlar üçün “beynəlxalq mexanizm”in yaradılmasına aparıb bağlayır. Yəni faktiki separatçı rejimi danışıq tərəfi kimi masaya oturtmağa çalışır. Bunu bir neçə gün qabaq Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Bakıya qaytarılan sülh təklifləri haqda danışarkən söylədikləri bir daha sübut edir.

Beləcə, Ermənistan ərazi bütövlüyümüzü şübhə altına almağa davam edir. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə isə İrəvanın bu məkrli cəhdlərini qətiyyətlə rədd edib. Qarşı tərəfi haqlı olaraq ərazi bütövlüyümüzü tanımaqdan imtina eləməkdə, sülhdə maraqlı olmamaqda təqsirkar görüb. “Bir daha xatırlatmaq istərdik ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Ermənistanın Azərbaycanın daxili məsələsi olan erməni sakinlərin reinteqrasiya prosesinə müdaxilə etməsi qəbuledilməzdir”, - deyə XİN sözçüsü vurğulayıb.

Yada salaq ki, Prezident İlham Əliyev 2023-ü Paşinyan hökuməti üçün son şans ili adlandırıb. Ermənistan isə əfsus ki, ona verilən sonuncu möhlətdən “yeyir” və real iş əvəzinə, yenə boşboğazlıqla məşğul olur, vaxtı fövtə verir. Özünü məğlub tərəf kimi aparmır. Bəs kapitulyant ölkə sülh oyunlarını hara kimi davam etdirə biləcək?

Ermənistanın “sülh sazişi planı”ndan danışan Paşinyan habelə Qarabağ ətrafında beynəlxalq təminatlarla “hərbsizləşdirilmiş zona” yaradılmasını arzuladıqlarını dilə gətirib. Paşinyan “hərbsizləşdirilmiş zona” kimi sərsəm ideyanı ötən il Soçi görüşdə də səsləndirdiyini iddia edib. O, hətta bir qədər də irəli gedərək, Xankəndində qalan qanunsuz erməni silahlı dəstələrinin çıxardılmasını da bu “ideyanın” kerçəkləşməsinə bağlayıb.

Əlbəttə, Nikolun bu cür sərsəm ideyalarla çıxış etməsində məqsədi sülh sazişinin imzalanmasını mümkün qədər uzatmaqdır. Hələ də o, regionda nələrinsə dəyişə biləcəyinə, Ermənistan üçün daha əlverişli mühitin yarana biləcəyinə ümid edir. Ancaq rəsmi Bakı da artıq çox gözləmək niyyətində olmadığını nümayiş etdirir. Srağagün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefonla danışığında bunu bir daha rəsmi şəkildə bəyan edib.

Nazir Bayramov bildirib ki, Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində təkliflərinə baxmayaraq, Ermənistan tərəfindən sülh sazişi üzrə danışıqlara törədilən maneələr, silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmaması, hərbi təxribatları və qeyri-qanuni iqtisadi fəaliyyəti davam etdirməsi öhdəliklərin pozulmasına gətirib çıxarır. Nazir Ermənistanın sülh sazişi üzrə danışıqlar prosesi üzrə manipulyasiyalara yol vermək və təxribatçı bəyanatlar səsləndirmək əvəzinə, qısa müddətdə danışıqlar masası arxasında əyləşməsinin vacib olduğunu bildirib.

“Paşinyan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə dair sənədi Türkiyə vasitəsilə Bakıya təhvil verib”.

Bunu isə Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan deyib. Onun iddiasına görə, sənəd Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın əli ilə Ankaraya verilib və oradan da Bakıya çatdırılıb.

Elxan Şahinoğlu: “Erməni dili universitetlərimizdə peşəkar tədris  olunmalıdır”

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistan hökumətinin Bakıya göndərdiyi sülh sazişinin mətnində yenə Qarabağla bağlı bənd varsa, bu dəfə də heç nə alınmayacaq: “ Paşinyan mətni Bakıya göndərdikdən sonra Münhen Təhlükəsizlik Konfransına gedib və orada özünü ”sülhpərvər" kimi göstərməyə çalışır. Onun Münhendə arqumenti bu olacaq ki, “sülh təkliflərinə” Bakıdan cavab gözləyir. Təsadüfi deyil ki, İrəvan mətni keçmiş həmsədr dövlətlərə - ABŞ, Fransa və Rusiyaya da göndərib. Paşinyan beynəlxalq aləmin diqqətini cəlb etmək məqsədilə başqa bir hiyləyə də əl atıb. “Qarabağın təhlükəsizliyi beynəlxalq təminat altında olmalıdır” fikrini yaymağa başlayıblar. Paşinyana və beynəlxalq aləmə hər dəfə anlatmaq lazımdır ki, Qarabağda separatçılar tərksilah olunmayana və bölgədə Azərbaycan qanunlarının tətbiqi təmin edilməyənə qədər təhlükəsizlik məsələlərinə baxılmayacaq".

ALDP MƏTBUAT XİDMƏTİ: Fuad Əliyev: İnanmıram ki, hakimiyyətdə olan yeni  komanda onu qəbul etsin

Fuad Əliyev 

ALDP sədri Fuad Əliyev hesab edir ki, Paşinyan “Dəmir yumruq” üçün darıxıb. Partiya sədrinin fikrincə, Ermənistan sülh prosesini acı bağırsaq kimi uzatdıqca Azərbaycanı sülhə məcburetmə addımlarını atmağa sövq edir. O, sülhə ən çox Bakının yox, İrəvanın ehtiyacı olduğunu düşünür: “Biz sülh əlini uzadırıq, halbuki Ermənistan daha çox istəməlidir ki, regionda dayanıqlı sülh olsun. Amma erməni xisləti imkan vermir, hələ də İrana, Fransaya və digər güclərə arxayınlaşaraq fikirləşirlər ki, postmüharibə dövründə yenidən dirçəlmək olar, üçtərəfli sənədi pozmaq lazımdır, danışıqları müxtəlif bəhanələrlə uzada bilərik. Amma Azərbaycanın səbri tükənməz deyil. Bakı 5 bəndlik aydın təkliflər irəli sürüb, İrəvan razılaşmasa, təzyiqləri gücləndirməliyik.

Özlərini elə aparırlar ki, 44 gündə başları əzilərkən dünya liderlərinə zəng edib yalvaran sanki Paşinyan deyildi. Ona görə Azərbaycan Ermənistana sərt şəkildə başa salmalıdır ki, sülh ən çox erməni xalqına lazımdır. Onların inkişafı Azərbaycan və Türkiyə ilə əlaqələri inkişaf etdirməkdən və üçtərəfli sənədin bütün müddəalarını icra etməkdən keçir".

Politoloq Zaur Məmmədov də hesab edir ki, Ermənistan sülh müqaviləsini imzalamaqdan yayınır: “Əslində bu, Azərbaycan üçün yox, məhz elə hayların özü üçün dəhşətlə nəticələnəcək. Ermənistanın bölünməsi aktuallaşa bilər”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR