İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Qaraginin “tabutuna” son mismarı vurur: Ermənistanda hakimiyyət–kilsə savaşı açıq fazaya keçdi

1564 13.12.2025 00:14 Dünya A A

Ermənistanda hakimiyyətlə Erməni Apostol Kilsəsi arasında uzun müddətdir yığılıb qalan gərginlik artıq açıq və təhlükəli mərhələyə daxil olub.

Baş nazir Nikol Paşinyanın siyasi komandasının bu dəfəki hədəfi birbaşa kilsənin ali rəhbərliyidir. Faktiki olaraq, Ermənistan dövləti tarixində ilk dəfə olaraq katolikos II Qaragin Milli Təhlükəsizlik Xidmətinin (MTX) birbaşa təzyiq obyektinə çevrilib.

Musavat.com bildirir ki, “Hraparak” nəşrinin yaydığı məlumata görə, təhlükəsizlik orqanları artıq dolayı təsir üsullarından imtina edərək açıq hədələr və xəbərdarlıqlar vasitəsilə kilsənin idarəetmə mexanizmini iflic etməyə başlayıb. Məlumata əsasən, 10–12 dekabr tarixlərinə planlaşdırılan arxiyerey şurasının təxirə salınması məhz MTX-nin sərt müdaxiləsi nəticəsində baş verib.

MTX-dən açıq hədələr, kilsəyə birbaşa basqı

Mənbələr bildirir ki, xüsusi xidmət orqanları kilsə rəhbərliyinə açıq şəkildə çatdırıb: əgər arxiyerey şurası keçirilərsə və “itaətsiz” hesab edilən 10 yepiskopla bağlı qərarlar qəbul olunarsa, kütləvi saxlanmalar, inzibati məhdudiyyətlər və digər “arzuolunmaz proseslər” qaçılmaz olacaq. 

pas-kilse.jpg (56 KB)

İddialara görə, hətta şurada iştirak edəcək ruhanilərin öz yeparxiyalarına qayıtmasının qarşısının alınması məsələsi belə gündəmə gətirilib. Bu isə artıq dini institutun daxili həyatına birbaşa dövlət müdaxiləsi, kilsənin faktiki olaraq güc strukturları vasitəsilə nəzarət altına alınması deməkdir.

Yaranmış vəziyyətin daha da partlayıcı həddə çatmaması üçün katolikos II Qaragin arxiyerey şurasının keçirilməsini dayandırmaq qərarı verib. Lakin bu addım gərginliyi azaltmaqdan çox, Ermənistan daxilində yeni bir siyasi və institusional böhranın başlandığını göstərir.

Seçkiöncəsi Ermənistan: siyasi mübarizə “kim-kimi” savaşına çevrilir

Ekspertlərin fikrincə, proseslərin bu həddə çatması təsadüfi deyil. 2026-cı ildə keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca Paşinyan hakimiyyəti üçün daxili rəqiblərin sıradan çıxarılması həyati əhəmiyyət kəsb edir. Erməni Apostol Kilsəsi isə uzun illərdir ki, Paşinyanın siyasi kursuna açıq şəkildə müqavimət göstərən ən güclü institutlardan biri kimi qəbul olunur. 

c6545e.jpg (104 KB)

Bu səbəbdən də hazırkı qarşıdurma artıq ideoloji və ya institusional mübahisə yox, açıq “kim qalacaq, kim gedəcək” tipli amansız hakimiyyət savaşına çevrilib. Dövlət güc strukturlarının kilsəyə qarşı səfərbər edilməsi isə Paşinyanın risk həddini nə qədər yüksəltdiyini açıq göstərir.

MTX-nin kilsəyə yönəlik bu addımları Ermənistanda kilsənin toxunulmazlıq statusunun de-fakto ləğvi kimi qiymətləndirilir. Analitiklərin fikrincə, bu presedent sabah istənilən başqa instituta qarşı da eyni ssenarinin tətbiqinə yol aça bilər.

Əgər proses bu templə davam edərsə, Ermənistan təkcə siyasi qarşıdurma ilə deyil, dövlət institutlarının bir-birinə qarşı səfərbər edildiyi dərin institusional böhranla üz-üzə qala bilər. Bu isə seçkiöncəsi dövrdə ölkədə idarəolunmazlıq riskini daha da artırır.

Ermənistanda baş verənlər göstərir ki, Paşinyan hakimiyyəti üçün artıq “qırmızı xətlər” anlayışı qalmayıb. Hakimiyyət uğrunda savaş kilsə ilə dövlət arasında tarixi qarşıdurmanı yeni və daha sərt mərhələyə daşıyır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR