İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Putinin üzərinə öhdəlik yükləyir: Soçi görüşündə hansı sənədlər imzalanacaq

3285 29.10.2022 18:48 Analitika A A

Ermənistan baş naziri Nikol Paşinyan prezident Vladimir Putinin verdiyi vədlərin reallıqdan uzaq olduğunu arqumentləşdirməklə yanaşı, dolayısı ilə Rusiyanı da "Dağlıq Qarabağı" Azərbaycan ərazisi kimi tanımaqda ittiham edir... "Vaşinqton sənədi"nin Ermənistanın maraqlarına zidd olmadığını vurğulayan erməni baş nazir Rusiyanın sülh prosesini pozmağa çalışmasına eyham vurur...

ABŞ Rusiyanın Cənubi Qafqazda mövqelərini qorumaq üçün etdiyi manevrlərə cavab vermək məcburiyyətində qaldı. Çünki, prezident Vladimir Putin son açıqlamalarında Ermənistanın Paşinyan hakimiyyəti ilə yanaşı, ABŞ-ın Cənubi Qafqaz planlarını da hədəfə almışdı. Xüsusilə də, Kreml sahibi "Vaşinqton sənədi" üzrə sülh sazişinin imzalanacağı təqdirdə, Ermənistanın Qarabağ üzərində Azərbaycanın suverenliyini tanımış olacağını vurğulamışdı. Və rəsmi İrəvanın bunu qəbul edəcəyi halda, Rusiyanın etiraz etməyəcəyini qabartmışdı.

Təbii ki, bu, Kreml sahibi Vladimir Putin tərəfindən edilən hiyləgər manevrdir. Bir tərəfdən, Rusiyadan uzaqlaşma propoqandası aparılan Ermənistan cəmiyyətinə ABŞ və Qərbin ermənilərin maraqlarına zidd mövqe tutduğu barədə mesaj verilir. Digər tərəfdən isə "Vaşinqton sənədi"ni imzalamağa meylli olduğu iddia edilən Paşinyan hakimiyyətinin Ermənistanın maraqlarına xəyanət etdiyinə eyham vurulur. Və nəticədə bu eyhamların birbaşa Rusiya prezidenti Vladimir Putin tərəfindən açıq mətnlə dilə gətirilməsi ilə Ermənistan cəmiyyətində həm ABŞ-a qarşı şübhə toxumu səpildi, həm də Paşinyan hakimiyyətinə yönəlik kütləvi etiraz dalğası üçün səbəblər göstərilmiş oldu.

Maraqlıdır ki, ABŞ Kreml sahibinin son regional manevrlərinə dərhal reaksiya verib. Ağ Ev rəsmisi Rusiyanı ABŞ-ın Azərbaycan və Ermənistan ilə bağlı yürütdüyü siyasət barəsində dezinfornasiya yaymaqda qınadı. Və həm Azərbaycana, həm də Ermənistana müraciət edərək, sülh prosesini pozmağa cəhd göstərən Rusiyanın vasitəçiliyi ilə deyil, digər formatlara, xüsusilə də, ikitərəfli təmaslara üstünlük verməyin vacibliyi barədə tövsiyyəsini təkrarladı.

7be6236e-b74c-4f73-8160-c3126f1c2e78.jpg (84 KB) 

Təbii ki, prezident Vladimir Putinin son açıqlamalarından Paşinyan hakimiyyəti də məmnun deyil. Ermənistan baş naziri Nikol Paşinyan Kreml sahibinin açıqlamalarının onun hakimiyyətinin devrilməsinə yönəlik çağırış olduğunu anlamamış deyil. Ona görə də, baş nazir Nikol Paşinyan prezident Vladimir Putinə açıq etiraz etməsə də, dolayısı cavablar ilə müdafiə olunmağa çalışır.

Erməni baş nazirin son açıqlamalarını üstüörtülü şəkildə Kreml sahibinə yönəlik ittihamlar kimi qəbul etmək mümkündür. Baş nazir Nikol Paşinyan sülh sazişi üzrə Rusiya variantını imzalamağa hazır olduğunu vurğulayıb. Bu, o deməkdir ki, rəsmi İrəvan prezident Vladimir Putinin Qarabağla bağlı vədlərini sənəd şəklində tələb edir. Yəni, erməni baş nazir Kreml sahibinə "dediklərini yaz, gətir, mən də imzalayım" mesajını verir. Ardınca da Rusiyanı ən zəif yerindən vurmağa çalışır: "Mən Rusiya sülhməramlı qüvvələrinin mandatının 10, 15, hətta 20 il müddətinə uzadılmasını nəzərdə tutan istənilən sənədə imza atmağa hazıram. Və bunu Soçi görüşündə etmək mümkündür".

İlk baxımdan, belə təsəvvür yaranır ki, erməni baş nazir Kreml sahibinin dolayısı ittihamlarından qorxaraq, dərhal Rusiyanın orbitinə geri dönmək qərarına gəlib. Düzdür, baş nazir Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putindən qorxduğu qətiyyən şübhə doğurmur. Ancaq erməni baş nazir tam dəqiqliyi ilə əmindir ki, Rusiya prezidenti son açıqlamalarında verdiyi vədləri sənədləşdirib, sülh sazişinə çevirmək imkanından indi çox uzaqdır. Rusiya sülhməramlı qüvvələrinin mandatının uzadılması ilə bağlı sənədin imzalanması isə ümumiyyətlə, mümkün deyil.

Məsələ ondadır ki, rəsmi Bakı Kreml sahibinə Azərbaycan ərazilərini "siyasi bazarlıq" predmetinə çevirməyə qətiyyən imkan verməz. Əslində, "Azərbaycanın maraqlarını da nəzərə almaq lazımdır" deyən prezident Vladimir Putin də bu reallığı dolayısı ilə etiraf etmiş olur. Digər tərəfdən, Rusiya sülhməramlı qüvvələr ilə bağlı mövzu da birbaşa rəsmi Bakının siyasi iradəsinə bağlı məsələdir. Ermənistan baş naziri Nikol Paşinyan rəsmi İrəvanın bu məsələdə qərar vermək hüququnun olmadığını bilir.

1ff119a5-34dc-4534-9b0c-76c8dc562dd1.jpg (98 KB) 

Eyni zamanda, heç Kreml də rus sülhməramlıların gələcək taleyini müəyyən etmək hüququna sahib deyil. Çünki, bu məsələ hazırda rəsmi Bakının təkbaşına verəcəyi qərara bağlıdır. Azərbaycan Rusiyadan "rus sülhməramlıları ərazilərimdən çıxart" dediyi təqdirdə, Kreml bu tələbi yerinə yetirməli olacaq. Və bütün bunlar 10 noyabr üçtərəfli anlaşmasında öz əksini tapıb.

Xatırladaq ki, Kremlin bütün israrlı istəklərinə baxmayaraq, rəsmi Bakı rus sülhməramlıların mandatını hələ də təsdiqlənməyib və bunu etmək niyyətində olmadığını da qətiyyən gizlətmir. Yəni, Rusiya sülhməramlılarının taleyi Moskvada deyil, məhz Bakıda həll olunur. Və hazırda mandatsız, yəni qeyri-qanuni fəaliyyət göstərən rus sülhməramlıların Azərbaycan ərazisindən çıxarılacağıni erməni baş nazir də tam dəqiqliyi ilə bilir.

Ona görə də, baş nazir Nikol Paşinyan açıq şəkildə siyasi məsuliyyəti məhz prezident Vladimir Putinin üzərinə atmaqdan qətiyyən çəkinmir: "Bəziləri belə təsəvvür yaratmağa çalışırlar ki, sülh sazişinin Ermənistanın maraqlarına cavab verən "Rusiya variantı" var. Ancaq biz guya Ermənistanın maraqlarına cavab verməyən "Qərb variantı"nı imzalamaq niyyətindəyik. Biz Rusiyanın təklifləinə hələ sentyabr ayında razılıq vermişik. Ümid edirik ki, Rusiya öz təkliflərini dəstəkləyəcək. Və mən Soçidə həmin sənədi imzalamağa hazıram".

Erməni baş nazir hesab edir ki, Qərbin təklifləri də Ermənistan üçün qəbuledilməz deyil. Onun fikrincə, Qərbdə hesab edirlər ki, "Dağlıq Qarabağ məsələsi"nə ilişib, qalmamaq, mövcud situasiyaya yeni status-kvo kimi yanaşmaq və Azərbaycan-Ermənistan problemini mümkün qədər tez bir zamanda həll etmək lazımdır. Erməni baş nazir Rusiyanın təkliflərinə münasibətdə isə fakt qarşısında qoymağa çalışdığı Kremli açıq provokasiyaya çəkməyə də cəhd göstərir: "Burada belə bir sual ortaya çıxır ki, bu iki tərəfdən hansı "Dağlıq Qarabağı" Azərbaycanın tərkib hissəsi hesab edir və ya etmir? Beynəlxalq ictimaiyyət, istisnasız olaraq, bütün dövlətlər "Dağlıq Qarabağı" Azərbaycanın tərkib hissəsi kimi qəbul edirlər. Əgər, dünyada "Dağlıq Qarabağı" Azərbaycanın tərkib hissəsi hesab etməyən bir dövlət varsa, qoy, bunu rəsmən bəyan etsin. Heç kimdə də situasiyanın fərqli olması barədə təsəvvürlər yaranmasın".

11-c731077c163801917726859130911113517.jpg (329 KB) 

Göründüyü kimi, erməni baş nazir prezident Vladimir Putinin vədlərinə dolayısı ilə Rusiyanın da "Dağlıq Qarabağı" Azərbaycan ərazisi kimi tanımasına eyham vurmaqla, cavab verir. Bununla da, Ermənistan cəmiyyətinə prezident Vladimir Putinin vədlərinin reallıqdan uzaq olması barədə mesajlar ötürməyə çalışır. Bu isə o deməkdir ki, baş nazir Nikol Paşinyan əslində, Rusiyanı sülh prosesini pozmaq cəhdində ittiham edir. Və bununla da Ermənistanın dinc inkişaf perspektivlərindən uzaqlaşdırmaqda qınayır.

Paşinyan hakimiyyətinə yaxın hesab edilən erməni politoloqlar da Rusiyanın "suyu bulandırmağa" çalışması barədə şərhlər verməyə başlayıblar. Siyasi strateq Karen Köçəryan bildirib ki, Rusiya "Qarabağ münaqişəsi"nin nizamlanmasını istəmir: "Rusiyaya "Qarabağın nizama salınmış statusu" sərf etmir, çünki bu halda, onun regiona təsiri kəskin şəkildə azalacaq. "Qarabağ məsələsi"nin hansı statusda həll olunacağının heç bir əhəmiyyəti yoxdur. Beynəlxalq səviyyədə tanınmış həllin olmaması Rusiya üçün daha faydalı görünür. Bu məsələnin birdəfəlik həlli isə daha çox Qərb üçün sərfəlidir. Çünki bu halda, Qərb öz hədəfinə çatacaq, rusları regiondan çıxara biləcək. Əgər, məsələ həll olunarsa, onda Rusiyanın Qarabağdakı mövcudluğuna da ehtiyac qalmayacaq. Türkiyə ilə münasibətlər də yoluna qoyularsa, Ermənistandakı 102-ci Rusiya hərbi bazası da əhəmiyyətini itirəcək".

Belə anlaşılır ki, baş nazir Nikol Paşinyan həm özü, həm də hakimiyyətə yaxın politoloqlar vasitəsilə prezident V.Putinin son hücumunun effektini heçə endirməyə çalışır. Üstəlik, Kreml sahibinin vədlərini öhdəliyə çevirmək cəhdləri ilə prezident Vladimir Putinin cətin vəziyyətə salmağa can atır. Və bu baxımdan, hesab etmək olar ki, erməni baş nazirin açıqlamaları Kreml sahibinə zərbə xarakteri daşımaqla yanaşı, həm də Soçi görüşünün nəticəsiz bitəcəyini də sezdirir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR