İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan kilsəni bitirmək anonsu verdi - keşiş Baqratın sonuncu “patronu” isə...

851 24.05.2024 11:44 Siyasət A A

Baş nazir ittiham edib ki, Erməni Apostol Kilsəsi “təsir agenti”dir və iki-üç aya bu məsələni həll edəcək; kilsədən vergi tutulması da gündəmdədir

“Erməni Apostol Kilsəsi tarix ərzində "təsir agenti" olub". “Yeni Müsavat” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib. 

“Orta əsrlərdə din xadimləri xeyir-dua almaq üçün Bizansa gedirdilər, daha sonra isə təsir agentinə çevrilirdilər. Görünən budur ki, bu günə kimi onlar üçün heç nə dəyişməyib. İki-üç aya bu məsələni həll edəcəyik”, - Paşinyan qeyd edib. Bu bəyanatı kilsəyə qarşı müharibə anonsu kimi qiymətləndirmək olar. Paşinyan sonuncu müqavimət mərkəzi olan kilsəni də zərərsizləşdirməklə hakimiyyətdə möhkəmlənməyə hazırlaşır. Amma iki-üç ay ərzində nələr olacağını proqnozlaşdırmaq çətindir, yalnız agentura şəbəkəsinin ifşası və həbslərin başlanacağını təxmin etmək olar. Yeri gəlmişkən, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi etirazlara görə Ermənistandakı kilsədən vergi tutula bilər. Bu təklifi Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan səsləndirib. Siyasətçi kilsənin siyasətə qarışmasını pisləyib. Deyib ki, dini mərasimlərin mitinqə çevrilməsi yolverilməzdir. 

Ermənistanda radikal-revanşist zümrənin hakimiyyətə qarşı sərhədlərin delimitasiyasına etirazdan başlayan hərəkatı xeyli zəifləsə də, hələ ki tam sönmüş də sayılmaz. Çünki bu dəfə erməni kilsəsi aranı cidd-cəhdlə qarışdırmağa davam edir. “Biz buna 6 il dözdük - bir neçə gün də bu əzaba, fəlakətə, dağıntıya dözün... İndi aydın və sakit hərəkət edirik”. Bu sözləri Ermənistanın “Vətən naminə” hərəkatının lideri, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, təxribatçı və revanşist keşiş Baqrat Qalstanyan jurnalistlərlə söhbətində deyib. O, Paşinyanı devirəcəyinə əminliyini ifadə edib. “Heç nə dəyişməyib, onlar (hakimiyyət - red.) sadəcə, narahatdır. Onlar kiminsə "qulağını" axtarırlar. Çünki özləri hakimiyyətə belə gəliblər. Nəsə deyənlərin tərcümeyi-halına baxın", - keşiş əlavə edib. Onun sözlərinə görə, hər gün bütün ermənilərin katolikosu II Qareginlə görüşür və onunla təfərrüatları müzakirə edir.

Baqratın Paşinyanı devirəcəyinə əminliyi haradandır? Terroru nəzərdə tutur? Baş nazirin təhlükəsizliyi nə dərəcədə etibarlı qorunur? “Hraparak” qəzeti hökumət mənbələrinə istinadən yazıb ki, Paşinyan 24 saat boyunca Baqrat Qalstanyanın addımlarını canlı yayım vasitəsilə izləyir. Nəşrin iddiasına görə, Nikol Paşinyan B.Qalstanyanın çıxışları və mətbuata açıqlamalarını da diqqətlə müşahidə etdikdən sonra hökumət üzvlərinə və ya hakim partiyanın rəhbərliyinə bu bəyanatlara reaksiya verilib-verilməməsi ilə bağlı tapşırıqlar göndərir. 

Almaniya, Fransa və Brüssel arasında geniş mübarizə gedir" - Aqşin Kərimov  News 365

Aqşin Kərimov

Siyasi icmalçı Aqşin Kərimovun sözlərinə görə, Ermənistanda baş nazir Nikol Paşinyana qarşı kilsə mərkəzli revanş götürmək cəhdi İrəvanı Azərbaycanla sülh proqramından geri döndərmək məramına xidmət edir: “Paşinyana qarşı "Vətən uğrunda Tavuş" hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın “lider” olaraq önə çəkilməsi isə İrəvanın siyasətindəki kilsə ideologiyasını canlandırmaqdır. Bununla kənar oyunçular regionda öz güclərinin mərkəzləşdirilməsini yaratmağı hədəfləyirlər. Kilsə üçün verilən təlimat belədir ki, o, Ermənistanda ideoloji əsaslı sarı simlərə toxunaraq birinci növbədə Paşinyana qarşı olan siyasi qüvvələri və ictimai xadimləri eyni çətir altına toplasın. İkinci etapda vahid cəbhədə toplanan kütlənin hakimiyyətə qarşı itaətsizliyini təşkil etmək hazırlıqları dayanır. Artıq bununla əlaqədar çağırışlar artmaqdadır. Üçüncü mərhələ isə daha təhlükəlidir, mümkündür ki, ordu daxilində Paşinyan əleyhinə olan qüvvələr Azərbaycanla sərhəd bölgələrdə silahlı təxribatların əmrvericisinə çevrilsinlər. Deməli, Ermənistan daxilində narazı qruplar elə bir tezislərə inandırılır ki, ölkədəki zorakılıq gündəlik sabit hala çevrilsin".

A.Kərimov hesab edir ki, mümkün ssenarilərin bütün mərhələlər üzrə uğurla yekunlaşması çətin görünür: “Çünki etirazlar hələlik Paşinyana qarşı böyük resurs imkanlarından məhrumdur. Etirazların Paşinyanı devirə biləcək silahlı müqavimət gücü yoxdur. Paşinyanın tərəfdarları və elektoratı önündə ideal qırılma xətti yarada bilmək potensialı zəifdir. Bununla belə, erməni kilsəsinin Azərbaycana nifrətindən istifadə edərək onun yönləndirilməsinə, idarə edilməsinə cəhdlər çoxala bilər. Bu, Paşinyanın hakimiyyət kreslosu üçün də təhdid komponentlərinin tərkib hissəsidir. Buna görə də Paşinyan kilsə əsaslı etirazların baza formalaşdıra bilmək qabiliyyətini araşdırmaq üçün təhlükəsizlik qüvvələrinə "reyd" keçirməyi tapşıracaq".

Asif Nərimanlı: "Bu, vəziyyəti yenidən gərginləşdirə bilər"

Asif Nərimanlı

Siyasi təhlilçi Asif Nərimanlıya görə, Baqrat Qalstyanın rəhbərlik etdiyi Paşinyanın 2018-ci il ssenarisinin təkrarı olan hərəkatda əsas detal kilsənin indiyə qədər arxa planda yön verdiyi Ermənistan siyasətində aktiv oyunçuya çevrilməsidir: “Kilsə və Paşinyan arasında qarşıdurma yeni deyil, lakin erməni keşişləri siyasətə açıq müdaxiləyə məcbur edən səbəblər var. Paşinyanın "erməni miflərini" dağıtmaq siyasəti kilsənin ideoloji mövcudluğunu da sual altına alır və görünür, keşişlər təsir imkanlarını qorumaq naminə hərəkətə keçməyə qərar veriblər. Kilsə erməni müxalifətinə ictimai inamsızlıq fonunda siyasi vitrinə çıxmağa məcbur olub, əks təqdirdə, hansısa siyasi fiqurun arxasına sığına, hakimiyyətə qarşı mübarizəni bu formada apara bilərdilər. Paşinyanın opponenti olaraq hələ də Köçəryan və Sərkisyanı görən Ermənistan ictimaiyyəti 44 günlük müharibədən sonra bütün “etiraz planları”na laqeyd münasibət sərgiləyib. Hazırda baş verənlər mövcud müxalifətin simasında hakimiyyətə qarşı müqaviməti genişləndirməyin mümkün olmadığını anlayan kilsənin prosesləri ələ almaq gedişidir. Və prosesin məhz Tavuşdan başlanması, “Vətən üçün Tavuş hərəkatı” adlandırılması da təsadüfi deyil". 

Siyasi şərhçinin fikrincə, hərəkatın arxasında konkret bir xarici qüvvənin dayandığını demək çətindir: “Bu, "erməni miflərinin" dağılmasından qorxuya düşən kilsə və diasporun birgə planı olaraq görünür. Lakin prosesi dəstəkləyən, yaxud hadisələrin inkişafında dəstəkləyə biləcək ölkələr var. Birincisi, Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır. Ermənistan hakimiyyətinin Rusiyanı ittiham etməsi “Moskvanın Paşinyanı devirmək” tezisini inkişaf etdirmək, müdaxilə edildikdə Qərbdən dəstək əldə etmək, ümumilikdə hərəkatı “etibarsızlaşdırmaq” məqsədi daşıyır. Keşiş Baqratın “Vətən üçün Tavuş hərəkatı” siyasi korporasiyaya bənzəyir: kilsə, həm Qərbdə, həm Rusiyadakı diaspor, “Qarabağ klanı”, Ermənistanda Moskvaya yaxın qüvvələr, bir sözlə, Paşinyana qarşı olan hər kəs burada birləşir, lakin hələ də Nikolun taxtını laxladacaq gücdə deyil".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR