İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan “hamam pulunu verməmək üçün dava salan ”İntiligent Rza" rolunda

1006 27.05.2023 17:35 Yazarlar A A

Azərbaycanın dövlət başçısı erməni baş nazirin cavabını necə lazımdırsa verdi. Bunu hətta Rusiya mediası da dərhal təsdiqlədi. Nikol Paşinyanın növbəti dəfə özünü nə qədər gülünc vəziyyətə saldığını hər kəs gördü. Lətifəsi bizim kino qəhrəmanlarından uzaq, Paşinyanın davranışları “O olmasın, bu olsun” filmindəki hamam səhnəsini xatırlatdı: “Mən hamam pulunu verməmək üçün şuluq salacam” deyən “İntiligent Rza bəy” personajını...

Adamda qanacaq yaxşı, həm də vacib şeydir. Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasın keçirilirdi. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidentinin də minnətdarlıqla ifadə etdiyi kimi, iclasda xüsusi qonaq statusu ilə iştirak edirdi. Həm də iclasdan sonra keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşlə əlaqədar Moskvaya təşrif buyurmuşdu. Paşinyanın dövlətçilik ərkanı, sadə dildə desək, qanacağı olsaydı, üçtərəfli müzakirə olunası məsələləri açıb Ali Avrasiya İqtisadi Şurasının predmetinə çevirməzdi. Amma buna getdi, özü də Azərbaycan Prezidenti kifayət qədər soyuqqanlı, həm də sülhməramlı, əməkdaşlığa söykənən mövqe sərgilədikdən sonra Paşinyan az qaldı əlini üzünə, başına tutub qışqırsın ki, “yoldaş Putin, xahiş edirəm qoymayın, İlham Əliyev məni vurdu, imkan verməyin, biz, yazıq erməni xalqını genosid elədi” - sayağı haray salsın. Hətta bu, dövlət başçımızın da diqqətindən yayınmadı, “Mənim sözlərimdə ərazi iddialarını görmək üçün güclü fantaziya sahibi olmalısan” - deyərək qarşı tərəfi mənən öldürdü.
Düşünmürəm ki, Paşinyan Moskvaya gedərkən xəyallar qurub, yəni Əliyev bunu deyəcək, mən filan cavabı verəcəyəm şəklində. “Şparqalka”dan istifadə edib. Daha inandırıcı ehtimal budur ki, Rusiya paytaxtına onları aparan təyyarənin trapından xoşbəxtcəsinə enən Nikol və Anna bir gün əvvəldən heç də təsadüfən Moskvaya uçmamışdılar. Onlar öncədən təlimat almağa yollanmışdılar. Necə ki, 9 may paradında iştirak edib İrəvana dönəndən sonra Dığ təxribatı baş verdi, hər iki tərəf itki verdi, çünki qarşıda Brüssel görüşü vardı. Bu dəfə də Ermənistanın baş naziri “hamamda dava salmaq” üçün tezislər almağa tələsdi və rolunu kifayət qədər bayağı formada, rus dilinin “qol-qabırğasını” sındırmaqla icra elədi.

Rusiya prezidenti Putin özünü neytral göstərməyə çalışdı. Məsələn, Azərbaycana xoş gəlmək və tərəfsiz olduğunu “sübut” etməkdən ötrü dəhliz və digər terminlərdən öncə ərazi bütövlüyü məsələsinin gəldiyini xatırlatdı. Dolayısı ilə Paşinyana “Azərbaycanın ərazi bütövlüyünü tanımısan, daha nə ”dalay-dalay" eləyirsən" eyhamını vurdu. Axı bu iclasdan bir gün qabaq Rusiya XİN rəsmisi Mariya Zaxarova ölkəsinin Paşinyanın mövqeyinə reaksiyasını açıq şəkildə ifadə etmişdi. Sitat: “Paşinyan son bəyanatları ilə Ermənistanda və Dağlıq Qarabağda qarışıq reaksiyaya səbəb olub”.
Putinin izni olmadan Zaxarova yox, heç Lavrov da belə bir anti-Azərbaycan mövqe sərgiləyə bilməzdi. Rusiya prezidenti də hələ 44 günlük müharibə bitəndən sonra “Beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir” deyib. Amma bundan ö tərəfə addım atmayıb, hətta Laçın sərhəd-nəzarət məntəqəsi qurmağımıza əngəlləri müşahidə etmişik.

Elə iclasa sədrlik edən Nikolun yersiz çıxışına yeri olmadığı halda, şans yaratmaqla öz məqsədini də nümayiş etdirdi. Əks təqdirdə, iftiralar yağdıran şəxsə “bura o müzakirələrin yeri deyil, ikilikdə, üçlükdə görüşümüz olacaq, danışarıq” deyib də, polemikaya son qoya bilərdi. Amma etmədi. Çünki ziddiyyətlərin dərinləşməsində, Qafqazda hələ uzun illər mövcudluğunu qoruyub-saxlamaqda maraqlıdır. Həm də Paşinyanın rəzil olmasına ermənilərin də baxmasını istəyirdi, görsünlər ki, beləsindən onlara lider olmaz və Rusiyanın adamının kürsüyə yolu açılsın. Ruben Vardanyan Qarabağda marıta yatıb...

Üstəlik, Paşinyanla ikitərəfli görüşündə də Putinin “Rusiya Laçın dəhlizi ilə bağlı mövqeyini heç vaxt dəyişməyib və bu, Moskva, İrəvan və Bakı arasında üçtərəfli sazişlərdə öz əksini tapıb” söyləməsi təkcə Ermənistanın könlünü almağa xidmət edən mövqe kimi yozula bilməz. Rusiya lideri Paşinyana ikilikdə “molades, yaxşı oynadın” deyib heç şübhəsiz.

Əslində Ermənistanın baş naziri 86,6 min kv.km-lik Azərbaycan ərazisini tanıdığını deməklə dinc tənzimlənməyə doğru cəsarətli addım atmışdısa, Qarabağ daxil, ərazi bütövlüyünü tanıdığı ölkənin içərisində, Laçın yolunda eşələnməyə cəhd göstərməsi onu növbəti dəfə rəzil elədi. Azərbaycan Prezidentinin bir sıra hallarda özünü gülməkdən saxlaya bilməməsi hər şeyi deyirdi. Nəmər yazdırmamaq üçün toyda dava salan qonağa da bənzədi Nikol. Belə qeyri-ciddi birisi ilə necə ciddi danışıqlar aparmaq, ciddi sənəd imzalamaq olar, bu da başqa bir dərddir...

Elşad Paşasoy: - Şuşadan NÖQTƏli və NİDAlı zərbələr-Baş Komandan barmağını  yeni hədəflərə tuşladı

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR