İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Ermənistanı Qərbə götürmək üçün Qarabağı təslim edir - ŞOK İDDİA

2847 24.10.2022 13:19 Analitika A A

Rusiyanın ən populyar qəzeti sayılan və hakim rejimə yaxınlığı ilə bilinən “Komsomolskaya pravda” “Azərbaycan-Ermənistan münaqişəsi” ilə bağlı maraqlı yazı yayımlayıb.

Musavat.com həmin yazını təqdim edir.

“Vaşinqton və Brüsselin çətin məqamdan istifadə etməyə, keçmiş İttifaqın bütün perimetri boyu Moskva üçün problemlər yaratmağa çalışacağı faktı Ukraynada aparılan savaşın (məqalədə xüsusi hərbi əməliyyat kimi tədqim olunur - red.) lap əvvəlindən aydın idi.

Bu baxımdan bəlkə də ən əlverişli problemlərdən biri Qarabağ məsələsi sayıla bilər. 2020-ci ildə 44 günlük müharibədən (müharibə yalnız Putinin vasitəçilik səyləri sayəsində başa çatdı) və Rusiya sülhməramlı qüvvələrinin kontingentinin Qarabağda yerləşdirilməsindən sonra kövrək də olsa, sülhə nail olmaq mümkün oldu. Azərbaycan və Ermənistan sərhədində baş verən müxtəlif miqyaslı atışmalar və insidentlər açıq şəkildə danışıqlarda nəticə əldə etmək üçün siyasi təzyiq kimi istifadə olunur.

Bununla belə, bütün görünüşlərə görə, çoxdankı münaqişənin tarixində çox yaxın gələcəkdə yeni dönüş qeydə alınıb.

Oktyabrın 10-da Rusiyanın Teleqram kanallarından birində Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına dair “Vaşinqton sənədi” adlanan sənəd dərc olunub. Sənədin Qərbin vasitəçilik missiyası sayəsində əldə edildiyi və müxtəlif mənbələrə görə, bir sıra Brüssel və Praqa danışıqlarından sonra, habelə xarici işlər nazirləri və Təhlükəsizlik Şurası katiblərinin Vaşinqtonda keçirilən görüşündən sonra hər iki tərəf, o cümlədən Əliyev və Paşinyan tərəfindən məqbul sayıldığı bildirilir.

Sənədin məzmununa görə, imzalanacağı təqdirdə dövlətlərarası sərhədin son delimitasiyası üzrə işlər aparılacaq, Ermənistan ərazisindən keçməklə, Şərqi Azərbaycanın rayonlarını Naxçıvanla birləşdirməli olan “Zəngəzur dəhlizi” adlanan yüksək sürətli marşrut xəttinin tikintisinə başlanacaq. Bundan əlavə, Azərbaycan Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları ilə bağlı məsələləri həll olunması məqsədilə onlarla (Qarabağ ermənilərinin nümayəndəsi ilə) danışıq aparacaq “rəsmi nümayəndə” təyin etməli olacaq. Qarabağ ermənilərinə və tanınmamış (qonadarma - red.) “dqr”ə isə heç bir status verilmir.

Maraqlıdır ki, bu sənədin dərci hələ ki, nə Ermənistanda, nə də Qarabağda yeni etiraz dalğası yaradıb. Axı aydındır ki, reallıqda bu, Qarabağın tamamilə Azərbaycanın yurisdiksiyasına keçməsi deməkdir və azərbaycanlılar heç bir “rəsmi nümayəndələrin” formallığını gizlətmirlər: bu yaxınlarda İlham Əliyev bir daha Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları olduğunu və onlara ölkənin Konstitusiyasına tam uyğun davranılacağını bəyan edib. Aydındır ki, bundan sonra tezliklə Qarabağda bir nəfər də olsun erməni qalmayacaq.

Əgər hazırkı Ermənistan hökuməti bu sənədin qəbuluna razılaşarsa (Ermənistan hökumətindəki mənbələrimiz Paşinyanın bu sənədi mümkün qədər tez imzalamaq niyyətində olduğunu iddia edir), o zaman bu, Cənubi Qafqazda tektonik sürüşmənin katalizatoruna çevriləcək. Azərbaycan və Türkiyə ilə sülh imzalayan, Qarabağı itirən və bununla da ekzistensial təhlükələrdən qurtulan Ermənistanın nə Gümrüdəki Rusiya bazasına, nə də Qarabağdakı Rusiya sülhməramlılarına ehtiyacı olacaq. Aydındır ki, Qərb vasitəçilərinin də əsl məqsədi elə budur.

Paşinyan buna gedəcəkmi? Ermənistan və Rusiyanın ekspert icmasının əhəmiyyətli hissəsi onun bunu operativ şəkildə və peşmanlıq çəkmədən edəcəyinə inanır: o, hakimiyyətə gəlməzdən əvvəl özünü qərbyönlü və Ermənistanın Aİ-dən çıxmasının tərəfdarı kimi təqdim edirdi.

Lakin bu, Ermənistanda və Qarabağda iğtişaşlara səbəb olacaqmı? Yəqin ki, bəli. 2021-ci il seçkilərində Paşinyan ədalətli sülh şüarları altında “Qarabağı erməni saxlamaq” və “Rusiya Federasiyası ilə strateji müttəfiqliyi gücləndirmək” şüarları altında hakimiyyətini saxlaya bildi. Paşinyanın uğursuzluqlarına səbr və dözümlülüyü hədsiz görünən erməni seçici ona belə mandat verməyib və onlar son 4 ildə baş verən bütün bəlaları baş nazirə xatırlada bilər.

Bundan əlavə, çətin ki, ermənilər yaxın tarixin dərslərini unudublar və onlar Vaşinqtonun sözünə inanıb həll olunmamış təhlükəsizlik problemləri ilə üz-üzə qalanda nələrin baş verə biləcəyini mütləq xatırlamalıdırlar”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR