İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Araikin “qələm”ini qırır: İrəvan sülh sazişinə əngəlləri təmizləyir

5841 11.10.2022 19:08 Analitika A A

Ermənistan Azərbaycanın hərbi-siyasi qüdrəti qarşısında tab gətirmək imkanında olmadığından Qərbin “sülh sazişini imzala” tələbi ilə barışmaq məcburiyyətində qalıb... Paşinyan hakimiyyəti eyni zamanda, erməni toplumu daxilində kəskinləşən ziddiyyətlərdən qalib çıxmağın yollarını da axtarır...

Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesi artıq sona doğru yaxınlaşmaqdadır. Praqa görüşü bu prosesə əlavə təkan vermiş oldu. Hər iki ölkənin liderləri – Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan, Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin və Fransa prezidenti Emmanuel Makronun vasitəçiliyi ilə qarşılıqlı olaraq, bir-birinin ərazi bütüövlüyünü və suverenliyini tanıdıqlarını rəsmən bəyan etdilər. İndi geriyə yalnız Azərbaycan və Ermənistan arasında ikitərəfli yekun sülh sazişinin imzalanması qaldı.

Maraqlıdır ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu barədə önəmli açıqlama verib. O, bildirib ki, Azərbaycan və Ermənistan yekun sülh sazişi ilə bağlı prinsipial məsələlərdə artıq razılığa gəliblər. İndi növbəti mərhələdə Azərbaycanın irəli sürdüyü və beynəlxalq hüquq normalarına əsaslanan beş prinsip üzrə razılaşdırılmış həmin məsələlərin icra edilməsi vacibdir. Bu, regionda sülhün və sabitliyin bərqərar olması üçün olduqca önəmli irəliləyişdir.

a975d1b6-458e-4a14-80a5-5842f469a7a0.jpg (187 KB)

Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqaz regionunda sülh prosesinin uğur qazanması hazırda beynəlxalq siyasi iradə mərkəzlərinin də maraqlarına tamamilə cavab verir. Hətta Ermənistan mətbuatı belə, Qərb siyasi dairələrinin regionda sülhə kökləndiyini vurğulayır. İrəvanda nəşr olunan “Hraparak” qəzetinin iddiasına görə, Qərb ölkələri Ermənistandan bu ilin sonlarına qədər sülh sazişinin imzalanmasını birmənalı şəkildə tələb edirlər.

Erməni qəzeri onu da vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Praqa görüşündə sülh sazişinin 9 noyabrda imzalanmasını təklif edib: “İki il əvvəl məhz həmin gün Ermənistan kapitulyasiya aktına imza atıb. İndi Prezident İlham Əliyev öz hərbi-siyasi triumfunu təkrarlamaq istəyir. Ancaq baş nazir Nikol Paşinyan 9 noyabrın ermənilər üçün məğlubiyyəti ifadə etdiyini səbəb göstərərək, bundan imtina edib”.

“Hraparak” öz etibarlı mənbələrinə istinadən iddia edir ki, Praqa görüşündə müəyyən ziddiyyətli və mübahisə doğuran məqamlar da olub. Belə ki, Azərbaycan Prezidenti Ermənistan baş nazirindən israrla dəhlizin açılmasını tələb edib. Erməni baş nazir isə bu mövzunun müzakirəsindən yayınmağa çalışıb: “Belə görünür ki, bu ziddiyyətlər regionda yeni hərbi gərginlik ehtimalını hələ aktual olaraq, saxlayır”.

1528745391_4e61f958d4a76fb410b67ebb35ebd14c.jpg (420 KB)

Digər tərəfdən, Paşinyan hakimiyyətinin Ermənistan cəmiyyəti ilə də ciddi problemləri mövcuddur. Belə ki, Praqa görüşünün elan edilmiş nəticələri erməni toplumunda ciddi narazılıq və narahatlıq doğurub. Erməni müxalifəti Paşinyan hakimiyyətini yekun sülh sazişində “artsax”ın gələcək taleyinin necə ifadə olunacağını açıq şəkildə izah etməyə çağırır. Erməni baş nazirin yaxın ətrafına daxil olan siyasətçilərsə, yekun sülh sazişində “artsax” ilə bağlı hər hansı qeydin yer almasının mümkün olmadığına eyham vururlar. Onlar bu “məsələ”nin sülh sazişindən kənar “platforma”da müzakirə edilməli olduğunu vurğulayırlar.

Diqqəti çəkən digər önəmli məqamsa, ondan ibarətdir ki, Paşinyan hakimiyyəti ilə Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan erməni separatçı-terrorçular arasında münasibətlər yenidən gərginləşməyə başlayıb. Praqa görüşündən sonra erməni separatçı-terrorçular hətta Paşinyan hakimiyyətini Ermənistanın “artsax”ın təhlükəsizliyinin qarantı rolundan kənarlaşdırmaqda ittiham etdilər. Eyni zamanda, rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının “artsax” üçün əsl fəlakət olacağını vurğuladılar, Paşinyan hakimiyyətini bu “yolverilməz addım”dan çəkinməyə çağırdılar.

Digər tərəfdən, Paşinyan hakimiyyəti adətən, hər dəfə rəsmi Bakı ilə ikitərəfli və ya çoxtərəfli danışıqlardan sonra Azərbaycanın Xankəndi və ətraf bölgədəki separatçı-terrorçuların rəhbəri Araik Arutyunyanı məlumatlandırırdı. Hətta A.Arutyunyanı Ermənistan Təhlükəsizlik Şurasının toplantılarına da çağırırdı. Halbuki, bu dəfə bunların heç birisi baş vermədi. Əksinə, A.Arutyunyan “artsax” ilə bağlı hansı hadisələrin baş verdiyini öyrənmək üçün başının dəstəsi ilə İrəvana getmək niyyətindədir.

553ca3cd-f6e8-4b12-8e68-cdd0639acd79.jpg (258 KB)

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti “artsax” mövzusunun tamamilə qapadılmalı olduğunu artıq qəbul edib. Ona görə də, hazırda A.Arutyunyan və onun separatçı-dəstəsindən xilas olmağın yollarını axtarır. Bu, erməni baş nazirə imzalanacaq yekun sülh sazişinə Ermənistan cəmiyyətində və Qarabağ erməniləri arasında müqaviməti azaltmaq baxımından, vacibdir.

“Hraparak” nəşrinin iddiasına görə, Ermənistan baş naziri N.Paşinyan hazırda “artsax”da erməni separatçı-terrorçulara rəhbərlik edən A.Arutyunyanın “istefa”sına nail olmağa çalışır: “Əgər, N.Paşinyan buna nail olarsa, “artsax”da növbədənkənar “seçkilər”in keçirilməsi məlum səbəblərdən mümkün olmayacaq. Nəticədə “artsax” başsız qalacaq. “artsax”da A.Arutyunyana qarşı keçirilmiş son mitinqlərin əsas təşkilatçılarından birinin məhz Tiqran Petrosyanın olması da qətiyyən təsadüfi deyil. Çünki o, Paşinyan hakimiyyəti ilə olduqca yaxın münasibətlərə malikdir”.

Göründüyü kimi, Ermənistanın ətrafında dairə getdikcə, daralır. Qərb siyasi dairələri Paşinyan hakimiyyətindən yekun sülh sazişinin imzalanmasını tələb edirlər. Ermənistanın Azərbaycanın hərbi-siyasi qüdrəti qarşısında tab gətirmək imkanında olmaması rəsmi İrəvanı Qərbin tələbləri ilə barışmaq məcburiyyətində buraxır. Üstəlik, Qərbin tələbləri və Azərbaycanın hərbi-siyasi təzyiqləri qarşısında yekun sülh sazişinin imzalanması üçün Paşinyan hakimiyyəti həm də erməni toplumu daxilində olan kəskin ziddiyyətlərdən qalib çıxmaq barədə düşünməlidir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR