İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Araiki “siyasi tələ”yə salır: Erməni baş nazir onu “günah keçisi”nə çevirir

3565 21.10.2022 19:09 Analitika A A

Erməni separatçı-terrorçuların rəhbəri Araik Arutyunyan bütün ümidlərini Ermənistana deyil, məhz Rusiyaya bağladığını qətiyyən gizlətmir... Paşinyan hakimiyyəti isə ona Rusiyadan üz çevirib, Qərbə doğru hərəkət etməyi məsləhət görür...

Cənubi Qafqazda yaranmış yeni geopolitik situasiyanın və əvvəlki 30 ildə olduğundan ciddi şəkildə fərqlənən şərtlərin real təsirləri artıq regional proseslərdə hiss edilməyə başlayıb. Ermənistan isə hələ də 44 günlük savaşın nəticələrindən qaynaqlanan yeni geopolitik situasiyanın diqtə etdiyi şərtlərə müqavimət göstərməyə çalışır. Və zaman geçdikcə, rəsmi İrəvanın müqavimətinin heç bir əhəmiyyətinin olmadığı, Ermənistanın “alternativ situasiya” yaratmaq cəhdlərinin bir-birinin ardınca iflasa uğradığı müşahidə edilir.

Təbii ki, mövcud situasiya rəsmi İrəvanı bəzi reallıqlarla barışmaq məcburiyyətində qoyub. Paşinyan hakimiyyəti Ermənistanın küncə sıxışdırıldığını, Cənubi Qafqazın autsayderinə çevrildiyini anlamamış deyil. Bundan nə qədər xilas olmağa çalışsa da, göstərilən müqavimət Ermənistanı daha da çıtin vəziyyətə salır.

Ermənistan vaxtilə “erməni faktoru”na beynəlxalq dəstək sayəsində inhisara almağa çalışdığı bir çox regional mövzuların müzakirəsindən artıq tamamilə kənarlaşdırılıb. İndi rəsmi İrəvan üçün bir-birinə paralellik təşkil edən iki mövzuda – Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesləri üzrə müzakirələr aparıb, ən qısa zamanda anlaşma əldə etmək qalıb. Və bu iki prosesin yekunlaşdırılması nə qədər yubadılarsa, Ermənistan “geopolitik bataqlığın” dərinliyinə yuvarlanmaqda davam edəcək.

fdc52c86d90390737395d6884c1746a1.jpg (99 KB)

Maraqlıdır ki, Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan erməni separatçı-terrorçuların rəhbəri Araik Arutyunyan arasındakı son təmasların nəticələri də bunu təsdiqləyir. Erməni mətbuatı iddia edir ki, baş nazir N.Paşinyan erməni terrorçuların rəhbərinə Ermənistanın “artsax” mövzusuna müdaxilə etmək imkanlarının rəsmi Bakı tərəfindən tamamilə qapadıldığını bildirib. O, vurğulayıb ki, ikitərəfli sülh sazişində bu “məsələ” ilə bağlı hər hansı xüsusi qeydin yer alması artıq mümkün olmayacaq.

Onu da qeyd edək ki, Azərbaycanın Xankəndi və ətraf bölgəsindəki erməni terrorçuların rəhbəri A.Arutyunyan bu reallığı öz açıqlamasında etiraf edib. “Baş terrorçu” məyusluqla bildirib ki, əgər, 2020-ci ildəki savaşa qədər regionda əsas müzakirə mövzusu “Qarabağ problemi” idisə, indi bölgədə yalnız Azərbaycan və Ermənistan arasında baş verənlər ön plandadır. Və bu, “artsax əhalisi” üçün real təhlükə rolunu oynayır.

“Baş terrorçu” hesab edir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesinə vasitəçilik etmək istəyən beynəlxalq siyasi dairələr “Qarabağ problemi”nin əhəmiyyətini heçə endirirlər və olduqca əlverişsiz təkliflər irəli sürürlər. A.Arutyunyan Azərbaycanın rəsmi dairələri ilə də təmasların olduğunu etirag edib. Ancaq o, bu təmasların yalnız Rusiya sülhməramlılarının iştirakı ilə baş verdiyini və gələcəkdə də belə olacağını vurğulayıb.

Təbii ki, “baş terrorçu” erməni separatçıların gələcək taleyini Rusiyanın dəstəyi olmadan təsəvvür etmədiyini də xüsusi olaraq, qeyd edib. A.Arutyunyan Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanmasından, rəsmi Ankaranın Cənubi Qafqazda mövqeyinin genişlənməsindən məyusluğunu da gizlədə bilməyib. Onun fikrincə, bəzi Qərb siyasi dairələri regionda fəallaşsalar da, Rusiyanın təhlükəsizlik təminatı olmadan Qarabağdakı ermənilərin gələcək taleyini şübhəlidir.

3d40c9a6f3823070ba7d8e0045c74e9a.jpg (279 KB)

Belə anlaşılır ki, Ermənistan baş naziri N.Paşinyanla erməni separatçı-terrorçuların rəhbəri A.Arutyunyan arasında olan ziddiyyətləri daha da dərinləşib. Belə ki, erməni nəşri “Hraparak”ın əldə etdiyi məlumata görə, son görüşdə baş nazir N.Paşinyan A.Arutyunyana Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşmağı məsləhət görüb. Erməni baş nazir bildirib ki, Rusiyanın Ukrayna savaşı ilə bağlı Cənubi Qafqazda mövqeləri ciddi şəkildə zəifləyib, üstəlik, Kreml Azərbaycan və Türkiyə ilə qarşıdurmaya həvəsli deyil. N.Paşinyan A.Arutyunyanı inandırmağa çalışıb ki, Rusiya çox tezliklə Qarabağı tərk etməli olacaq.

Göründüyü kimi, N.Paşinyanla A.Arutyunyan arasında kifayət qədər ciddi mövqe ziddiyyətləri mövcuddur. Ermənistan baş naziri N.Paşinyan erməni separatçı-terrorçuların rəhbərini də öz arxasınca Qərbə doğru sürükləməyə çalışır. Onu Rusiyadan üz çevirməyın vacibliyinə inandırmağa cəhd göstərir. A.Arutyunyan isə N.Paşinyanla bu mövzuda müzakirə apardıqdan dərhal sonra Rusiyanı erməni separatçı-terrorçular üçün yeganə təhlükəsizlik qarantoru elan edir.

Bütün bunlar onu göstərir ki, rəsmi İrəvan “artsax” yükünü Ermənistanın üzərindən kənara atmaqda maraqlıdır. Birincisi, Ermənistan erməni separatçı-terrorçuları Azərbaycanın hərbi potensialı qarşısında artıq müdafiə edə bilmir, üstəlik, onların maliyyə ehtiyaclarını da ödəməkdə çətinlik çəkir. İkincisi, “artsax” mövzusunun Ermənistan üçün Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşma prosesində əsas əngəllərdən biri olduğunu da yaxşı anlayır. Çünki rəsmi İrəvan uydurma “artsax xəyalları”na ilişib qaldıqca, Ermənistan Rusiyanın asılılığından xilas ola bilmir.

553ca3cd-f6e8-4b12-8e68-cdd0639acd79.jpg (258 KB)

Təbii ki, baş nazir N.Paşinyan “artsax”dan imtina edərkən, bunun siyasi məsuliyyətini A.Arutyunyanın üzərinə atmağı da qətiyyən unutmur. Belə ki, N.Paşinyan A.Arutyunyana yerinə yetirə bilməyəcəyinə öüzünün də əvvəlcədən əmin olduğu məsləhətlə onu müəyyən mənada, “siyasi tələ”yə salmış kimi görünür. Çünki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti və Azərbaycan ordusunun tam mühasirəsi altında olan bir bölgədə Qərbə doğru istiqamət almağın mümkün olmadığı qətiyyən şübhə doğurmur.

Ancaq bu məsləhətlə N.Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsi imzalayarkən “artsax”dan imtina ilə bağlı üzləşə biləcəyi ittihamlara elə indidən əks arqumentlər hazırlayır. Yəqin ki, həmin vaxt N.Paşinyan A.Arutyunyanı ittiham edəcək ki, o, Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşmaq məsləhətinə əməl etməyib. Nəticədə Qərb siyasi dairələri Rusiyanın məsuliyyət zonasında olan bölgə ilə bağlı hər hansı real təkliflə çıxış edə bilməyiblər.

Belə anlaşılır ki, erməni siyasi dairələrində də gələcəyə yönəlik daxili oyun qaydalarının yenidən müəyyən edilməsinə cəhdlər göstərilir. Paşinyan hakimiyyəti bu cəhdlərlə yaxın vaxtlarda verəcəyi siyasi qərarların məsuliyyətini başqalarının üzərinə yükləməyi hədəfləyir. Və bu baxımdan, “siyasi tələ”yə salınmaqda olan A.Arutyunyan ilə yanaşı, Paşinyan hakimiyyətinin bəzi rəqiblərinin də hədəfə alına biləcəyi qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR