İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlament seçkiləri gələn ilə qalır? - yeni gəlişmə

1712 05.03.2024 12:47 Ölkə A A

Milli Məclisin yeni tərkibinin formalaşdırılması zamanı ilə bağlı fərqli fikirlər var; “Siyasi qərar olacaqsa...”

Bir müddətdir ölkədə yeni parlament seçkiləri ilə bağlı müzakirələr gedir. Belə iddia vardı ki, növbədənkənar seçkilər elan olunacaq və bu, yay aylarında baş tuta bilər. 

Son olaraq isə bildirilir ki, parlament seçkilərinin bu il yox, gələn il keçirilməsi gözlənilir...

Azərbaycanda sonuncu parlament seçkiləri növbədənkənar seçki formasında 9 fevral 2020-ci ildə baş tutub. Konstitusiyanın 84-cü maddəsinin ikinci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Ölkədə sonuncu parlament seçkiləri növbədənkənar qaydada 2020-ci ilin fevral ayında keçirildiyi üçün növbəti parlament seçkilərinin hansı ilin noyabr ayında keçirilməsi ictimai müzakirələrə səbəb olur. Bəzi müxalifət deputatları parlament seçkilərinin bu il keçirilməsinin zəruri və qanunun tələbi olduğunu bildirirlər. 

Deputat Aydın Hüseynov sosial şəbəkədə gülüş hədəfinə çevrildi - FOTO

Aydın Hüseynov 

Hakim Yeni Azərbaycan Partiyasının deputatı Aydın Hüseynov isə “Yeni Müsavat”a şərhində bildirib ki, Azərbaycanda sonuncu parlament seçkiləri 2020-ci ilin 9 fevralında keçirilib. Parlamentin fəaliyyət müddəti, qanuna görə, beş il nəzərdə tutulur. Lakin qanunvericilik ölkə Prezidentinə növbədənkənar parlament seçkisi təyin etmək səlahiyyəti verir: “Bu məsələ Prezidentin müstəsna səlahiyyətinə aiddir. Yeni Azərbaycan Partiyası yaradılıdığı vaxtdan indiyə qədər keçirilən bütün parlament seçkilərində böyük səs üstünlüyü ilə qalib olub. Əminəm ki, növbəti parlament seçkilərinin də nə zaman keçiriləcəyindən asılı olmayaraq qalibi Ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün müzəffər Ali Baş Komandan İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası olacaq”. 

Arzuxan Əlizadə: “Qarabağ ermənilərinin Ermənistanı tərk etməsi prosesi  dayanmayacaq” - Azərbaycan Milli İstiqlal Partiyası

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, konstitusiyada Milli Məclisin hər çağırışı üçün seçkilərin beş ildən bir noyabr ayının birinci bazar günü baş tutduğu qeyd edilib. Konstitusiyanın 98-1-ci maddəsinin ikinci bəndində qeyd edilir ki, növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər: “Bu halda Milli Məclisə növbəti seçkilər növbədənkənar seçilən Milli Məclisin səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının ilk bazar günü keçirilir. Ölkədə sonuncu parlament seçkiləri 2020-ci ilin 9 fevralında keçirildiyindən, hazırkı çağırış parlamentin fəaliyyətinin beşinci ili 10 fevral 2024-cü ildən etibarən başlayır və konstitusiyaya əsasən ölkədə növbəti parlament seçkiləri 2024-cü ilin noyabr ayının ilk bazar günü, yəni 3 noyabr 2024-cü il tarixinə təsadüf edir. Amma məsələ burasındadır ki, bu, imperativ qayda deyil. Yəni 5 il də ola bilər. Belə olacağı təqdirdə isə təbii ki, parlament seçkiləri hazırkı parlamentin fəaliyyətinin beş ili tamam olanda, yəni 2025-ci ilin fevralında keçirilə bilər. 

Bu ilin noyabrından tez seçkilər keçirilməsi isə yalnız o halda mümkündür ki, Milli Məclis özünü buraxsın və növbədənkənar parlament seçkiləri Prezident tərəfindən təyin edilsin. Qanunun tələbi budur. Əgər bu olmayacaqsa, çox böyük ehtimalla COP-29-a görə parlament seçkiləri noyabr ayında deyil, gələn ilin fevralında keçiriləcək. Çünki bu, daha real və məqsəduyğun görünür".  

Tural Abbaslı kimə səs verəcəyini açıqladı - VİDEO | KONKRET

Tural Abbaslı  

AĞ Partiya sədri Tural Abbaslı isə bildirdi ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi bir sıra səbəblərə görə lazımdır. Qanunvericiliyə görə, parlament seçkiləri noyabr ayının ilk bazar günü keçirilməlidir. Ancaq hazırkı parlamentin beş ili tamam olanda da keçirilməsi mümkündür: “Növbədənkənar parlament seçkiləri isə o halda reallaşa bilər ki, parlament buraxılsın və ölkə Prezidenti seçkinin keçirilməsi barədə sərəncam versin. Siyasi qərar olacaqsa, məncə, bu baş verə bilər. COP29-a xeyli vaxt var. Həmin müddətə qədər parlament seçkiləri, hətta referendum da keçirmək olar. Mən düşünürəm ki, parlament seçkilərindən öncə referenduma da ehtiyac var. Çünki konstitusiyada vacib dəyişikliklərə zərurət xeyli vaxtdır yaranıb. Ona görə də növbəti parlament seçkilərinə qədər Seçki Məcəlləsində də dəyişikliklər edilə bilər. Lakin hakimiyyətin bütün bu addımları atıb-atmayacağını dəqiq deyə bilmərəm. Bu məsələlər ölkə Prezidentinin qərarına bağlı məsələdir. Hətta bu gün Yeni Azərbaycan Partiyası da düşünürəm ki, bu sualların dəqiq cavabını verə bilməz”.

Qeyd edək ki, 2024-cü ilin dekabrında Azərbaycanda bələdiyyələrin səlahiyyət müddəti başa çatır. “Bələdiyyələr haqqında” Qanunda qeyd edilir ki, bələdiyyələrin səlahiyyət müddəti beş ildir. Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 23 dekabr 2019-cu ildə keçirilib. Parlament seçkilərindən fərqli olaraq bələdiyyə seçkilərinin keçirilmə tarixi ilə bağlı qanunda konkret ay və həftə göstərilmir. Müvafiq qanunda qeyd edilir ki, bələdiyyələrin səlahiyyət müddəti beş ildir və bələdiyyələrin səlahiyyətləri onların ilk iclas günü başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır.  Ölkədə son iki bələdiyyə seçkisi (2014 və 2019-cu illərdə) 23 dekabr tarixinə təsadüf edib. Bələdiyyə seçkilərinin dekabr ayında keçiriləcəyi daha realdır. Lakin bu halda seçki kampaniyası ölkədə COP29 kimi böyük, vacib beynəlxalq tədbirlə eyni dövrə təsadüf edəcək. Ona görə də hətta bələdiyyə seçkisinin də dəqiq nə zaman keçiriləcəyi haqda birmənalı fikir söyləmək çətindir.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR