İnsanlara hürriyət, millətlərə istiqlal!

pAKT

816 30.01.2024 16:12 Yazarlar A A

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla qarşılıqlı olaraq "Hücum etməmək haqqında Pakt" təklifini səsləndirib. İlk baxışda həncəri də gözəl səslənir, elə deyilmi? – Təklif keçmiş işğalçıdan və bugünkü “əvəzçıxma” qara “sevda”lısından gəlir, deyir gəlin Sülh danışıqlarını qoyaq bir qırağa, pakt imzalayaq. Əlbəttə, Azərbaycan Xarici İşlər Nazirliyi Paşinyana anındaca və tutarlı cavab verib – bu öz yerində; deyirəm, biz də bir kaç kəlmə deyək.

"Hücum etməmək haqqında Pakt" dedikdə, Ermənistana hərbi-siyasi rəhbərlik etmiş şəxslərin “ideal”ı Qaregin Njdenin əməl ortağı olduğu Hitlerin (ümumən alman faşistlərinin) irəli sürdüyü Sovet-Alman Paktı (“Molotov-Ribbentrop Paktı”) yada düşür. Əlbəttə, biz (Tanrıya şükürlər olsun) keçmiş SSRİ-nin oxşarı olmasaq da, faşist Almaniyasının son illərdəki ən uyğun oxşarı (cırtdan dövlət olsa belə) Ermənistandır. O zaman faşist Almaniyası, bu zaman faşizmdən arınmamış Ermənistan pakt irəli sürür. “Molotov-Ribbentrop Paktı” işləmədi – işğalçı Almaniya üçün bir müddətlik fürsət yaratmış oldu, vəssalam (keçmiş SSRİ-nin, Kremlin dərdinisə o vaxt-bu vaxt biz çəkəsi deyilik, təbii). Məsələ bu ki, XX yüzildə iki dəfə dünyanı qana çalxalamış, nəhayət iki ağır məğlubiyyətdən sonra faşizmdən rəsmən imtina etmiş Almaniya 1939-cu ildə müvafiq pakt irəli sürərkən gizli məram-məqsədə malik idi. Əvəzçıxma şakərli, fürsət qovalayan Ermənistanın da çirkin məqsədləri var. “Molotov-Ribbentrop Paktı”ndan 85 il keçib, amma böyük alman fazişimindən cırtdan Ermənistanın materiyasına keçən fazişm və fürsətçilik ötüb-keçməyib... İrəvanda oturanlar gah Moskvadan, gah Berlindən, gah da Starsburq, Paris qarışıq Fransadan, okeanın o tayından – Vaşinqtondan (Vaşinqtonun deformasiyaya uğramış tərs üzü Tehrandan) və b. mədəd uma-uma, görə-görə girlənmək istəyir...

“Hücum etməmək haqqında Pakt” təklif edən Paktinyan, pardon, Paşinyan, paktdan öncə bir sürü daxili akt icra etməlidir. – Konstitusiyasını, dövlət ideologiyasını (habelə qonşularla münasibətlərə dair gizli məqsədlərini), dərsliklərdən anti-Azərbaycan (anti-Türk) materiallarını çıxartmalı; qondarma “erməni soyqırımı” haqqında məramları köklü surətdə dəyişməli, o cümlədən (terrorçulara qoyulmuş) bütün anti-humanist abidələri sökməlidir;

Ermənistan qeyd-şərtsiz olaraq, 4 minə yaxın azərbaycanlı əsir-girovun taleyinə aydınlıq gətirməlidir;

Ermənistan səhih “mina xəritələri”ni tam şəkildə Azərbaycana təhvil verməlidir;

Ermənistan Naxçıvanın blokadasına son qoymalı, bəlli Üçtərəfli Bəyanata uyğun olaraq “Zəngəzur Dəhlizi”nin açılmasını təmin etməli – ən azından buna uyğun iradə nümayiş etdirməldir;

Ermənistan öz hərbi bölüklərini Kərkidən və Qazaxın 7 kəndindən qeyd-şərtsiz geri çəkmək surətiylə, delimitasiya, demarkasiya müzakirələrinə səmimi hazırlıq nümayiş etdirməlidir;

Ermənistan Qərbi Azərbaycan İcması ilə Tarixi qayıdışa dair danışıqlara hazır olduğunu açıqlamalıdır.

İlla da paktdan söhbət gedəcəksə, o zaman Ermənistan 30 il boyunca Azərbaycana qarşı törətdiyi dövlət cinayətlərini, o cümlədən soyqırım aktlarını etiraf etməyə, Azərbaycana vurduğu ziyana görə təzminat ödəməyə, Azərbaycan dövlətindən, xalqından üzr istəməyə hazır olduğunu nümayiş etdirməlidir.

Özü də, bu vurğuladıqlarımız yalnız Paşinyan hökuməti tərəfindən deyil, bütün aparıcı partiyalar (ən azı parlament partiyaları yaxud Ermənistan Avropa Şurasına üzv olarkən, (hökumətlə yanaşı) müvafiq öhdəliklərə qol çəkmiş partiyalar), habelə böyük vətəndaş cəmiyyəti institutları tərəfindən də qəbul görməlidir.

Yuxarıda sadaladıqlarımız olduqdan sonra pakta nə hacət? – Artıq Böyük Barış Anlaşmasına (Sülh Müqaviləsinə) yollar açılmış olacaq... Belə bir Anlaşma isə ən çox Ermənistana lazımdır. İstəmirlərsə, bizə ya Anlaşma, yaxud Ermənistan adlı dövlətmi lazımdır?.. – Müzəffər Ali Baş Komandanın mübarək sözləri onlarçün yol xəritəsi olmalı: “Endir o bayrağı dirəkdən, bük, qoy cibinə”! Vəssalam!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR