İnsanlara hürriyət, millətlərə istiqlal!

“Övladını dindar edib-etməmək valideynin hüququdur”

1125 30.12.2022 13:00 Media A A

Gündüz İsmayılov: “Orta məktəblərdə dini bilikləri verən fənnin tədrisinə ehtiyac var”

Neçə illərdir ki, Azərbaycanda orta məktəblərdə dini təhsilin olması ilə bağlı müzakirələr olsa da, nəticə etibarilə hər hansı bir dəyişiklik olmur. Amma son dövrlər xaricdən idarə olunan kənar qüvvələrin Azərbaycanda din adı altında vətəndaşlarımızı ələ alması bu məsələnin gündəmə gəlməsini zəruri edir. Ekspertlər bildirirlər ki, ölkəmizdə insanların dini savadının aşağı olması səbəbindən kənar müdaxilələrin təsirinə məruz qalırlar. 

Təhsil üzrə mütəxəssis Qoşqar Məhərrəmov isə hesab edir ki, insanların dinləri bilməsi onu daha mədəni, tolerant, multikultural edə bilər: “Beləcə, insanlar radikalizmin qurbanı olmazlar. Misal üçün, Türkiyədə bu çox geniş təcrübədir, dərsin adı "Din kültürü və ahlak bilgisi"dir. Qeyd olunan dərsin fəlsəfəsinə uyğun dərs keçən adam Türkiyədə çox az tapılır. Halbuki illərdir bunun fakültəsi var Türkiyədə. Çox müəllim Türkiyədə din kültürü yerinə din dərsi keçir. Dinlər haqqında məlumat yerinə dini ritualları öyrədir".

Ekspertin sözlərinə görə, Azərbaycanda belə bir dərsin fakültəsi də, kitabı da, məzmunu da yoxdur: “Ona görə də dini dərsin məktəblərdə tədris olunmasını doğru saymıram, çünki burada  insanların özünəməxsus yanaşması ola bilər ki, bu da ciddi fəsadlara yol aça bilər. Bir sözlə, din kültürü dərsini dəstəkləsəm də, din dərsi olma ehtimalını nəzərə alaraq, buna hazır deyilik deyirəm”.

Gündüz İsmayılov: "Məscidlərə qadın imamların təyinatından söhbət getmir"

Gündüz İsmayılov

Mövzu ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Yeni Müsavat”a deyib ki, müstəqilliyimizdən üzübəri bu məsələ aktual olaraq gündəmə gəlib: “Bu gün də gündəmdədir. Biz bu məsələ ilə bağlı beynəlxalq təcrübəni öyrənmişik. Beynəlxalq təcrübədə üç termindən istifadə olunur. Dini tərbiyə, dini təhsil və din tədrisi. Dünyəvi dövlətlərdə din təhsili var, dini tərbiyə, tədrisi var. Dünyəvi dövlətdə dini tərbiyə ilə valideyn məşğul olur. Yəni övladını dindar edəcək, namaz qılacaq, ya yox, bu, valideynin hüququdur. Dini təhsil dini təhsil müəssisələri verir. Misal üçün, İlahiyyat İnstitutu, İslam kollecləri, yaxud xristian ruhani akademiyaları. Bir də var, din tədrisi. Din tədrisi dedikdə şəriətin tədrisi nəzərdə tutulmur. Dinlərlə bağlı biliklərin verilməsi nəzərdə tutulur. Orta məktəblərdə riyaziyyat, coğrafiya, tarix keçirilir, burada məqsəd hamını coğrafiyaşünas, ya da tarixçi etmək deyil. Bu biliklər minimum biliklərdir, gənclərə ona görə verilir ki, onlar müstəqil həyata qədəm qoyduqda bu biliklər onlara lazım olacaq. Amma tarixçini artıq universitet yetişdirir.  Orta məktəblərdə isə dini tədrisi dini tədris etmək məqsədilə keçirilməməlidir. Uşaqlara namaz qılmaq, oruc tutmağın qaydaları öyrədilməyəcək. Dinlərlə bağlı bilik veriləcək. Rus pedaqoqu Uşinskinin məşhur bir sözü var, tərbiyə olunmuş insanları ikinci dəfə tərbiyə etmək qeyri-mümkündür. Bu o deməkdir ki, dinlə bağlı bilikləri biz verəcəyik, o insanların ehtiyacları ödəniləcək, müstəqil həyata qədəm qoyduqdan sonra o insanların dini düşüncəsində boşluq olmayacaq və onlardan da kimsə istifadə etməyəcək. Bütün bunlardan sonra mövqeyim ondan ibarətdir ki, orta məktəblərdə dinin yox, dini bilikləri verən fənnin tədrisinə ehtiyac var”.

Qeyd edək ki, bir müddət öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda həm orta məktəblərdə, həm də ali məktəblərdə dinlər haqqında məlumatlar verilir:  “Orta məktəblərdə "Həyat bilgisi" fənni tədris olunur. Bu fənnin içərisində dinlər haqqında, o cümlədən İslam dini haqqında məlumatlar yer alıb. Dini Komitə Təhsil Nazirliyi ilə birgə müəyyən proqramlar üzərində işləyib. Həmin proqramlar dərsliklərdə öz əksini tapır. Ali məktəblərdə isə “Multikulturalizmə giriş” fənni tədris olunur. Həmin fəndə bütün dinlər haqqında məlumatlar öz əksini tapıb. Təhsil ocaqlarında tələbələr dinlər haqqında məlumat əldə edə bilir".

Komitə sədri dinin ayrıca fənn kimi məktəblərdə tədrisi məsələsinə də münasibət bildirib. O deyib ki, ayrıca fənn dedikdə bunu bəzən başqa cür başa düşürlər: “Söhbət dünyagörüşü səviyyəsində bilginin əldə edilməsindən gedir. Bütün dünyada dinlər haqqında bilgi orta məktəb proqramı çərçivəsində öyrənilir və öyrədilir. Bizdə də dünyagörüşü səviyyəsində tələbələrə, şagirdlərə çatdırılır”.

 Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Dini və milli tolerantlıq, millətlətarası münasibətlərin inkişaf etdirtilməsi" mövzusunda hazırlanıb. 

Hazırladı: Afaq Mirayiq

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR