Gürcüstan xarici vətəndaşlara yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirir. Musavat.com xəbər verir ki, yeni dəyişikliklər xüsusilə nikah əsasında oturum almaq istəyən şəxslərə şamil olunacaq.
Gürcüstan Daxili İşlər Nazirliyi ölkə vətəndaşları ilə evlənən əcnəbilərə yaşayış icazəsinin verilməsi prosedurunun dəyişdirildiyini təsdiqləyib.
Yeni qaydalara əsasən, Gürcüstan vətəndaşı ilə nikaha daxil olan əcnəbilər xüsusi yaradılacaq komissiya tərəfindən müsahibədən keçiriləcəklər. Nikahın formal və ya saxta xarakter daşıdığına dair şübhələr yarandığı halda məsələ üzrə cinayət işi açıla bilər.
Bundan başqa, əcnəbilərə nikah bağlandıqdan dərhal sonra daimi yaşayış icazəsi verilməyəcək. İlk mərhələdə bir il müddətinə yaşayış icazəsi təqdim olunacaq, daha sonra bu müddət iki il artırıla biləcək.
Qanunvericiliyə edilən dəyişikliklərə görə, əcnəbi şəxs yalnız beş il davam edən nikahdan sonra daimi yaşayış statusu əldə edə biləcək.
Musavat.com






