İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölülər və “dirilər”

2042 05.04.2022 09:50 Yazarlar A A

Rusiya ordusunun Ukraynanın Buça şəhərində törətdiyi qətliam bütün dünyanı şoka salıb, dünən bir çox qəzetlər “Soyqırım” manşeti ilə çıxmışdı. Ukrayna sənədləri toplayır, hadisəni video-foto yaddaşa köçürür, günahkarlar müəyyənləşdirilir, gələcəkdə onların cəzalanması üçün addımlar atılacağı bildirilir. Belə görünür ukraynalılar beynəlxalq ədalət məhkəməsinə o qədər güvənmir, qatilləri özləri haçansa tapıb cəzalandırmağa ümid edirlər. Yaxın keçmişimizdə Donbas və Luqanskda terror törədən bəzi qatillərin acı taleyi bunu düşünməyə əsas və ümid yaradır.

Eyni zamanda düşünürük ki, niyə bəşəriyyət belə maniakal qətliamlardan dərs çıxarmır, adətən əli bəşəriyyətin qanına batanlar asudə dolaşır, gələcəkdəki manyaklara ruh verirlər? Mənim şəxsən bu suala cavabım yoxdur.

1990-cı ildə Bakıda qanlı qırğın törədən Qorbaçova dünya həmin il Nobel sülh mükafatını vermişdi.

Xocalı qətliamını törətdiyini ingilis jurnalist-yazar Tomas de Vaal-a şəxsən, “subutalnı-dokumentalnı” danışan Sərkisyan uzun müddət Ermənistanın başçısı oldu, indi də haradasa şapkasını yan qoyub gəzir. Üstəlik, ara yerdə bizim adımız bədnam olub, məsələn, bütün dünyada Sumqayıt hadisələri haqda quruldaşanların əməllicə qurbağa gölü vardır. Halbuki lap elə xristian dini kitablarına əsaslanıb sinikcəsinə riyazi hesablama aparsaq (Sumqayıtda etnik təmizləmə olmasını boynumuza alaraq), rəqəmlər “gözünü çıxaranın sən də gözünü çıxar” balansına heç cür uyğun gəlmirdi: Sumqayıtda 26 erməni öldürülmüşdü, Xocalıda 600-dən çox türk. Bizdən ölənləri heç kim vecinə almır. Hələ onu yazmıram ki, Sumqayıta görə ölüm cəzası alan azərbaycanlı türk var, Xocalıya görə bir erməninin və ya rusun burnu da qanamayıb.

İnsanların yaddaşı çox qısa, mənasızdır. Putin Ukraynada şəhərlərini xarabazara döndərən günlərdə şimal qonşumuzun propoqandasında əsas şüar “8 ildir Ukrayna Donbasda rusları qıranda dünya hara baxırdı”-zad şəklindədir. Deyən yoxdur ki, Strelkov-Girkin, “Motorola” kimi banditlər (bunların heç biri ukraynalı deyil) Rusiya xüsusi xidmətlərinin, ordusunun dəstəyi ilə Ukraynanın qərbinə soxulub aranı qatışdırana qədər orada axı sülh şəraiti idi.

O cümlədən Rusiya imperiyası Qafqazı işğal edənə qədər - 200 il əvvəl ermənilərlə türklərin arasından su da keçmirdi. Nağıldan tutmuş yemək-içməyə, mahnıdan təsərrüfatacan hər şeyimiz oxşar və doğma idi. Hətta Qafqaz türkləri və ermənilərin yadelli işğalçılara qarşı birgə vuruşması, ittifaqı faktları vardı. Rusiya bölgəyə gələndən aramızda ancaq qan axır. Bunu ona görə xatırladıram ki, bambılı “8 il” temasını biz də yaşamışıq, yaxşı başa düşürük.

NATO-nun, Qərbin Ukraynanı dəstəkləməsinə mız qoymaq istəyənlər arada Belqradın bombalanmasını xatırladırlar. Deyirlər NATO “elə yaxşı oğlan idisə”, niyə 1999-cu ildə Serbiyanın paytaxtı Belqradın altını üstünə çevirmiş, hərbi uçaqlarla bombardman etmişdi. “İndi biz də Kiyevi, Xarkovu, Mariupolu yaxşı eləyib vururuq” - rusların məntiqi budur. Ancaq burada bir balaca, lap xırda, mikroskopik (ta keçib, məcburuq belə təsvir edək) element yaddan çıxır ki, NATO Belqradı niyə bombalamağa məcbur olmuşdu, Srebrenitsada serb millətçiləri 7 mindən çox müsəlman boşnakı, uşaq, qadın, qoca demədən kütləvi şəkildə öldürəndə rəsmi Moskva hara baxırmış. Srebrenitsa soyqırımının miqyası o dərəcədə qorxunc, dəhşətlidir ki, indiyəcən yüzlərlə insanın meyiti araşdırılır. Serbiya prezidentləri, serb deputatlar Srebrenitsanı soyqırım kimi tanıyıblar, buna görə qurbanlar qarşısında diz çöküb üzr istəyiblər. Lakin şimal qonşumuzda “serbdən çox serb olan”lar var axı. Onlar üçün əsas odur NATO-nu söysünlər. Halbuki Qərb 1999-cu ildə bezib Belqradı darmadağın eləməsəydi, o bölgədə qan bəlkə də indiyəcən axırdı.

Qərbi tutsilər və huttuların arasına vaxtında girmədiyi üçün də söyürlər, serblərlə boşnakların arasına gec girdiyi üçün də.

Ən absurdu isə odur ki, indi Putin rejimini dəstəkləyənlər arasında çoxlu müsəlman dövlətlər var. Yəqin Srebrenitsada, Çeçenistanda öldürülən müsəlmanlar, qəzetçi Rza demiş, “əsl müsülmanin” sayılmır.

Edillidə, Fərruxda cəsədlərini axtardığımız müharibə qurbanları həmin “unudulan tarix” qrafasındandır. Onları bizim əvəzimizə heç kim yada salmadı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR