İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədə boşanmalar azalıb - səbəblər

1702 17.11.2022 10:40 Media A A

Amerikada evlənənlərin 60, Avropada isə 50 faizi boşanır - bəs bizdə?

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-sentyabr aylarında 45 321 nikaha daxilolma və 11 819 boşanma halları qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, əhalinin hər 1000 nəfərinə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,5-dən 6,0-a qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,6-ya düşüb.

Məlumat üçün bildirək ki, müstəqillik əldə etdikdən sonra - 1992-ci ildə Azərbaycanda 68 min 740 nikah, 9 min 465 boşanma qeydə alınıb.

Onu da bildirək ki, ötən il boşanmaların 5 347-si paytaxt Bakıda qeydə alınıb. Bakıdan sonra ən çox boşanma Sumqayıt şəhərində baş verib - 746 boşanma. Ən az boşanma isə Xankəndi şəhərində olub. İşğal altında olan və əhalisi Azərbaycanın digər rayonlarında məskunlaşan Xankəndi sakinləri arasında 7 boşanma qeydə alınıb.

Ümumiyyətlə, bu ilin əvvəlindən etibarən boşanmaların sayında özünü göstərən azalma ciddi müzakirə mövzusudur. Bunu təbii ki, müsbət hal kimi qiymətləndirmək lazımdır. Amma ortada xeyli sayda suallar da var: səbəb nədir, nəticələr nədən ibarətdir? Bu, davamlı olacaqmı?

Boşananlar bu sualların cavabını bilməlidir

Boşanma zamanı ən çox verilən suallar və onların cavabları isə aşağıdakı kimidir.

- Boşanma zamanı əmlak bölgüsündən yayınmaq mümkündürmü?

- Xeyr, mümkün deyil. Bir qayda olaraq, əmlakla bağlı mübahisə varsa, birgə nikah dövründə əldə olunan əmlak ər və arvad arasında bölünür və bundan yayınmaq olmur.

- Boşanma zamanı nikah dövründə əldə olunan bütün əmlaklar bölünməlidir?

- Xeyr, yalnız ərlə arvadın birgə mülkiyyəti hesab olunan əmlak bölünür. Lakin onların hər birinə ayrılıqda məxsus olan əmlaklar bölünmür. Məsələn: vərəsəlik və ya bağışlama əsasında əldə etdikləri əmlak tərəflər arasında bölünmür.

- Nikah müqaviləsi etibarsız hesab edilə bilərmi?

- Bəli. Nikah müqaviləsi də digər müqavilələr kimi qanunvericiliyin tələbləri pozulmaqla bağlandığı sübuta yetirilərsə, etibarsız hesab edilə bilər.

- Nikah müqaviləsi ilə nə tənzimlənə bilər?

- Nikah müqaviləsi ər-arvadın əmlak hüquq və vəzifələrini müəyyən edir. Məsələn, qarşılıqlı olaraq bir-birinin saxlanması, gəlirlərin bölüşdürülməsi, ər-arvadın ailə xərclərində iştirakı məsələsi, hətta mediasiyaya dair şərtlər də əksini tapa bilər.

- Nikaha hansı hallarda xitam verilə bilməz?

- Qanunvericiliyə əsasən, arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.

- Uşağın atası rəsmi olaraq işləmirsə, ondan aliment ödəməsi tələb oluna bilərmi?

- İlk olaraq, qeyd edim ki, uşaq hansı valideynin öhdəliyinə verilərsə, digər valideyndən uşağı saxlanması üçün aliment tələb edə bilər. Yəni aliment həm atadan, həm anadan tələb edilə bilər. İşləməyən valideyndən də aliment ödənilməsi tələb edilə bilər və könüllü olaraq ödəmədiyi halda, məhkəmə qaydasında iddia qaldırıla bilər.

- Boşandıqdan sonra valideynlərdən biri uşağı digərinə göstərməsə, nə etmək lazımdır? Həmin valideyni hansısa bir cəza gözləyirmi?

- Uşağı ilə görüşə bilməyən valideyn məhkəmə qaydasında uşaqla ünsiyyətdə olan maneənin aradan qaldırılması ilə bağlı iddia qaldıra bilər. Əgər bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı varsa və valideyn icra etmirsə, bu halda həmin valideyn qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

- Hansı hallarda valideyn hüquqları məhdudlaşdırıla bilər?

- Qanunvericilikdə bir sıra hallar nəzərdə tutulub. Məsələn əgər valideynlə uşağın qalması uşağın həyatı üçün təhlükəlidirsə (valideyn ağır xəstədir, psixi pozuntusu var və s.) valideynlik hüquqları məhdudlaşdırıla bilər.

Hansı ölkə boşanmada liderdir?

Macarıstan

Statistikaya görə, ölkədə bağlanan izdivacların 67 faizi boşanma ilə bitir. Ölkədə hər on nəfər kişidən biri boşanmış hesab olunur. Maraqlısı odur ki, macarlar hər boş və mənasız şeyin üstündə boşanır.

İsveç

İsveçdə rekord boşanma göstəricisi 2013-cü ildə qeydə alınıb. Burada 25,100 insan nikahına son qoyub. Ölkədə bağlanan izdivacların 47 faizi boşanma ilə bitir. Tədqiqatçıların apardığı araşdırmaya görə, boşanmaya daha çox qadınlar səbəb olur. Yaxşı inkişaf etmiş ölkədə qadınlar ərinin köməyi olmadan özünü maddi cəhətdən təmin etdiyi üçün daha sərbəst olurlar.

Çexiya

Çexiyada 1960-cı ildə boşanma nisbəti 16 faiz olub. 2005-ci ildə bu nisbət qalxaraq 50 faizə çatıb. Hazırda isə boşanma nisbəti 66 faizə çatır. İş ondadır ki, İkinci Dünya müharibəsindən sonra çexiyalı qadınlar kütləvi surətdə evdar qadın olmaq statusundan imtina edərək işləməyə başlayıb. Qadınlar nə qədər ərindən az asılı olsa, bir o qədər də boşanma halları artır.

Portuqaliya

Portuqaliyada boşanma hallarının artması doğum sayının aşağı düşməsi ilə bağlıdır. İndiki gündə Portuqaliya üçün boşanma nisbəti 68 faizdir. Hər gün ölkədə 70 ailə dağılır.

Ukrayna

Ukraynada bağlanan izdivacların 42 faizi boşanma ilə bitir. Statistikaya görə, Avropa ölkələri ilə müqayisədə Ukraynada nikahlar çox bağlanır. Eyni zamanda boşanmaların da sayı çoxalıb. Ailə daha çox tərəflərdən birinin içki düşkünü olması ilə əlaqədar olaraq dağılır. Bundan əlavə, maddi çətinlik və həyat səviyyəsinin ağır olması da buraya daxildir.

Uşaqların sayı da ailəni qoruyub saxlaya bilmir. Ona görə də ölkədə tənha valideynlərin sayı 20 faizdir.

ABŞ

ABŞ-da boşanma nisbəti 53 faizdir və ildən-ilə bu rəqəm daha da artır. Lakin burada maraqlı bir nüans var: nə zamansa evli olan insanlar daha tez-tez boşanır. Burada isə belə bir nəticə çıxır: birinci nikahdan 41 faiz, ikinci nikahdan 60 faiz, üçüncü nikahdan isə 73 faiz insan boşanır. Görünür ki, insanlar öz səhvlərindən nümunə götürmür.

Boşanma səbəbləri isə bunlardır: maddi çətinlik, ailədə psixi və fiziki zorakılıq, tərəflərin bir-birinə olan marağın azalması.

Rusiya

Rusiyada boşanma nisbəti 51 faizdir. Boşanmaya daha çox yaşayış yerinin olmaması, maliyyə çətinlikləri və alkoqolizm səbəb olur. Yaşayış yerinin pis olması ən möhkəm ailəni belə dağıdır. Çünki evdə otaqların azlığı ailənin bir yerə toplaşmasına mane törədir.

Belçika

Belçikada boşanma nisbəti 71 faizdir. Ölkədə insanlar maliyyə cəhətdən azad olduğu üçün bir-birinə ehtiyac duymur. Belçikada artıq boşanma dramatik və pis hadisə hesab olunmur.

Belarus

Slavyan ölkəsində boşanma nisbəti 68 faizdir. Dünyada  abortların sayı da ən şox buradadır. Boşanma halını bir çoxları Allaha olan inamın azalmasında və dini ənənəvi dəyərlərin itməsində görür. Həqiqətən də ölkənin 40 faizi özünü ateist hesab edir.

Maldiv

Əhali sayına görə dünyada 175-ci yerdə qərarlaşan Maldivdə boşanmaların sayı Rusiya və Belarusu da ötüb. Maraqlıdır ki, ada ölkəsində əsas din İslamdır.

Boşanma səbəbləri evlilik illərinə görə dəyişir

Boşanma səbəbləri evlilik illərinə görə dəyişir. İlk illərdə şiddət, maddi problemlər, kənar müdaxilələr nəticəsində baş verirsə, bir neçə il davam edən evliliklərdə bu, tərəflərin bir-birinə yadlaşması nəticəsində olur.  Amerikada evlənənlərin 60, Avropada isə 50 faizi boşanır.

Boşanan kişilər arasında ölüm riski boşanmayanlara nisbətən üç, intihar riski isə yeddi dəfə çoxdur. Evliliklərində xoşbəxt olmayan qadınlar arasında isə depressiyaya düşmə riski 8-25 dəfə artır. Türkiyədə də hər onillikdə evlənənlərin sayının azaldığı, boşananların sayının artdığını görmək mümkündür. Bəs əgər hər iki evlilikdən biri boşanma ilə nəticələnirsə, evlənmə səviyyəsi niyə nəzərəçarpacaq dərəcədə azalmır? Bunun bir neçə səbəbi var. Əsas səbəb kimsənin boşanmaq üçün evlənməməsidir. Hər kəs evlənərkən evliliyini davam etdirən 50 faiz arasında olacağını düşünür. Digər səbəblər arasında nəzarət illüziyası yer alır. Burada tərəflərdən biri və ya hər ikisi yolunda getməyən məqamlar zamanı vəziyyəti asanlıqla ələ ala biləcəyini düşünür.

 Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Uşaq və gənclərin fiziki-mənəvi inkişafı" mövzusunda hazırlanıb.

Hazırladı: Sevinc TELMANQIZI

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR