İnsanlara hürriyət, millətlərə istiqlal!

Olimpiya Kompleksində qətl törədən tanınmış məşqçinin oğludur - YENİLƏNİB

8216 26.11.2022 19:46 Kriminal A A

Gənclər və İdman Nazirliyi Şağan idman arenasında qətlə yetirilən idmançının ailəsinə başsağlığı ünvanlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Nazirliyin sosial şəbəkədəki hesabında bildirilir.

“Təəssüf ki, bu gün “Arifoğlu” cüdo klubunun Şağan Olimpiya İdman Kompleksində təşkil etdiyi cüdo turnirində hər birimizin kədərinə səbəb olan hadisə baş verib. Belə ki, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münaqişə zəminində Tural Rüstəmovu bıçaqlayaraq qətlə yetirib. Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Gənclər və İdman Nazirliyi gənc idmançı Tural Rüstəmovun ölümündən kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!”, - paylaşımda deyilir.

***

Xəbər verdiyimiz kimi, bu gün Bakının Şağan qəsəbəsində qətl hadisəsi törədilib. 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Tural Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

Musavat.com-un “Qafqazinfo”ya istinadla məlumatına görə, hadisə Şağan Olimpiya Kompleksində cüdo yarışı zamanı baş verib.

Tərəflərin mübahisəsinə isə Tural Rüstəmovun ayağını oturacağın üzərinə qoyması səbəb olub. Ruslan isə bunu Turala irad bildirib. Nəticədə tərəflərin mübahisəsi qanla yekunlaşıb.

Qeyd edək ki, cüdoçu Ruslan Səfixanov cüdo üzrə əməkdar məşqçi Elçin Səfixanovun oğludur.

***

Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Musavat.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı T. Rüstəmova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ruslan Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

***

Şağanda idman arenasında gənclər arasında dava olub, ölən var.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 26-da saat 17 radələrində Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 2006-ci il təvəllüdlü Turan Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub.

Aparılan araşdırmalarla 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək T.Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə R.Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR