İnsanlara hürriyət, millətlərə istiqlal!

Okeanın o tayından dollarla bağlı yeni qərar - Azərbaycana təsirləri...

2043 03.02.2023 08:38 İqtisadiyyat A A

ABŞ-da sərt pul-kredit siyasəti davam edəcək - Avropa da eyni yolla gedir

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) gözlənildiyi kimi, uçot dərəcəsini 25 baza bəndi artıraraq 4,5-4,75 diapazonuna çatdırıb.

Açıq Bazar Əməliyyatları üzrə Federal Komitənin (FOMC) yaydığı açıqlamaya görə, qərar qurum üzvləri tərəfindən yekdilliklə dəstəklənib. Bundan əvvəlki dərəcə artımı 50 baza bəndi təşkil etmişdi. Ona qədərsə FED hər birində 75 baza bəndi olmaqla 4 dəfə artım qərarı almışdı. Hazırkı dərəcə 2007-ci ildən bəri ən yüksək göstəricidir: “Son göstəricilər xərcləmələrin və istehsalın artımından xəbər verir. Son aylarda iş yerlərinin artımı dayanıqlı, işsizlik səviyyəsi isə aşağı olub. İnflyasiya bir qədər zəifləyib, lakin yüksək olaraq qalır”.

Sənəddə qeyd olunur ki, Ukraynadakı müharibə nəhəng humanitar və iqtisadi çətinliklər yaradır, qlobal qeyri-müəyyənliyin artmasına səbəb olur: “Komitə inflyasiya risklərinə münasibətdə çox həssasdır. FOMC uzunmüddətli perspektivdə maksimal məşğulluğa və 2 faiz təşkil edən hədəf inflyasiyasına nail olmağa çalışır. Bu məqsədə nail olunması üçün komitə federal fondlar üçün hədəf uçot diapazonunu 4,5-4,75 faizə qaldırmağı qərara alıb.  Komitə hesab edir ki, pul-kredit siyasətini inflyasiyanı 2 faizlik hədəf göstəricisinə endirməyə imkan verəcək həddə məhdudlaşdırıcı etmək üçün faiz dərəcələrinin artımı davam etdirilməlidir.

Növbəti mərhələlərdə uçot faiz dərəcələrinin artım tempi barədə qərar qəbul edərkən FED pul-kredit siyasətinin sərtləşdirilməsinin kumulyativ effektini, həmçinin faiz dərəcələrinin artırılmasının iqtisadi aktivliyə və inflyasiyaya ləng təsirini nəzərə alacaq".

FED həmçinin bəyan edib ki, balansındakı aktivlərin (dövlət istiqrazları və ipoteka kağızları) həcmini azaltmağa dair əvvəldən elan etdiyi planına sadiqdir: “FOMC pul-kredit siyasətinin məqsədəuyğunluğunu qiymətləndirməklə daxil olan informasiyaların iqtisadi proqnozlara təsirini izləməyə davam edəcək. İnflyasiyanı hədəf göstəricisinə endirmək məqsədinə çatmağa mane olacaq risklər aşkarlanarsa, komitə pul-kredit siyasətinə yanaşmasını korrektə etməyə hazırdır. Komitə çoxsaylı informasiyaları - səhiyyə sferası, əmək bazarı, inflyasiya təzyiqi və inflyasiya gözləntiləri, maliyyə bazarlarındakı proseslər, həmçinin beynəlxalq aləmdən gələn informasiyaları nəzərə alacaq”.

FED rəhbəri Ceremi Pauell bildirib ki, ABŞ-da inflyasiya hədəf göstəricisindən əhəmiyyətli şəkildə yüksək olaraq qalmaqdadır. Onun sözlərinə görə, inflyasiyanın zəiflədiyini göstərən daha ciddi sübutlar lazımdır: “Biz hələ çox işləməliyik”.

Powell takes reins at the Fed amid market selloff, jump in yields

FED rəhbəri bildirir ki, qiymət stabilliyi iqtisadiyyatın korbucaqlı daşıdır və növbəti faiz artımları zəruridir. Onun sözlərinə görə, sərt pul-kredit siyasətinin iqtisadi effektini görmək üçün müəyyən zaman tələb olunur. Hazırda müsbət xəbər əmək bazarında vəziyyətin pisləşməsi olmadığı şəraitdə inflyasiyanın azalmasıdır. FED uçot dərəcələrini bir neçə dəfə də artıracaq, daha sonra lazım bilsə, fasilə veriləcək. Lakin bu zaman uçot dərəcəsinin artırılmasını müəyyən müddətə dayandırıb, yenidən artıma getmək nəzərdə tutulmur. Yəni artım siyasəti o zaman dayandırılacaq ki, məqsədə çatılmasına tam əminlik yaranacaq.

C.Pauell ABŞ-da dövlət borcunun yuxarı həddinin artırılması ilə bağlı müzakirələrə də toxunaraq, limitin artırılmasının yeganə həll yolu olduğunu deyib: “Düşünməyin ki, defolt halında FED iqtisadiyyatı müdafiə edə biləcək”.

FED-in artım qərarından sonra ABŞ fond bazarlarında indekslər yüksəlməyə başlayıb. Qərar elan olunduqdan sonra FRS Dow Jones Industrial Average 0,02 faiz, Standard & Poor’s 500 1,05 faiz, Nasdaq Composite isə 2 faiz artıb.

C.Pauell həmçinin bəyan edib ki, iqtisadi göstəricilər proqnoza uyğun olmasa 2023-cü il ərzində faiz dərəcələrinin azaldılması nəzərdə tutulmur.

Qeyd edək ki, bugünlərdə ABŞ-da bir sıra mühüm iqtisadi göstəricilər açıqlanıb. Məlum olub ki, yanvar ayında ölkənin istehsal sektorunda iqtisadi aktivlik indeksi dekabrdakı 484 bənddən 47,4 bəndə azalıb. Beşinci aydır azalma nümayiş etdirən indeks 2020-ci ilin mayından bəri ən aşağı səviyyəyə düşüb. İndeksin 50 bənddən aşağı olması sektorda aktivliyin tənəzzülündən xəbər verir. “Trading Economic” ekspertləri yanvarda indeksin 48 bəndə düşəcəyini proqnozlaşdırmışdılar, lakin real azalma daha yüksək olub.

Sahələr üzrə hesabatları əks etdirən ADP-nin məlumatına əsasən ABŞ özəl sektorunda iş yerləri sayının artım tempi azalıb. Yanvarda bu sektorda 106 min yeni iş yeri yaranıb. Halbuki analitiklər 178 minlik artım proqnozlaşdırmışdılar. Dekabrda bu göstərici üzrə 253 minlik artım qeydə alınmışdı.

Qeyd edək ki, ABŞ-dan sonra Avropa Mərkəzi Bankının  da uçot dərəcəsini 50 baza bəndi artıracağı gözlənilir. Yevrostatın məlumatına əsasən, yanvar ayında Avrozonada istehlak qiymətləri indeksi illik ifadədə 8,5 faiz təşkil edib. Avropa İttifaqı Statistika Orqanının ilkin hesablamalarına əsasən bu isə Avrozonada inflyasiyanın dekabr ayı ilə müqayisədə 0,7 baza bəndi azalaraq 2022-ci ilin may ayından bəri ən aşağı həddə düşməsi deməkdir.

Avropa Mərkəzi Bankı 2023-cü ilin ikinci yarısına qədər faizləri qaldırıb,  sonradan endirəcək

Ekspertlər inflyasiyanın 0,2 baza bəndi azalmaqla 9 faiz təşkil edəcəyini proqnozlaşdırırdılar. Eurostat bildirir ki, Almaniyada baş verən texniki problemə görə yanvar ayına dair inflyasiya göstəricilərini vaxtında almaq mümkün olmayıb. Buna görə Almaniya üzrə inflyasiyanı qurum öz proqnozu əsasında qəbul edib.

Yanvar ayında Avrozonada enerjidaşıyıcılarının qiymət artımı dekabrdakı 25,5 faizdən 17,2 faizə, xidmətlərin qiymət artımı 4,4 faizdən 4,2 faizə qədər zəifləyib. Əvəzində ərzaq məhsulları, tütün məmulatları və alkoqollu içkilərin qiymət artımı dekabrdakı 13,8 faizdən yanvarda 14,1 faizə, sənaye məhsullarının qiymət artımı isə 6,4 faizdən 6,9 faizə yüksəlib. 

Ərzaq məhsulları və enerjidaşıyıcıları nəzərə alınmadan istehlak qiymətləri ötən ay illik ifadədə 5,2 faiz bahalaşıb. 

Avrozona ölkələrindən Fransa və İspaniyada inflyasiya illik ifadədə sürətlənib, İtaliyada isə azalıb.

Fariz Huseynov (@FarizHseynli1) / Twitter

 Fariz Hüseynli

ABŞ-da yaşayan iqtisadçı-alim, Şimali Dakot Universitetinin professoru Fariz Hüseynlinin sözlərinə görə, Amerika iqtisadiyyatının əsasını istehlak xərcləri və tikinti işləri təşkil edir: “İqtisadiyyatda gələcəyi göstərən göstəricilər neçə aydır zəifləmə göstərir. Bu göstəricilər adətən yarım il, bir il sonrakı vəziyyətdən xəbər verir. Göstəricilər əvvəl aşağı sürətlə artdı, sonra azalmaya keçdi. Əsasən sentiment sorğuları, istehsalda sifarişlər və inşaatda yeni tikinti icazələri azalıb. Bu günü göstərən göstəricilər hələ ki artır, amma sürət azalır.

İstehlaka baxsaq, son iki-üç ayda məhsul istehlakında azalma var, həm nominal, həm real. Amma xidmətlərdə hələ ki artım gedir. Tikintidə artım davam edir, görünür, sifariş olunmuş layihələr hələ başa çatmayıb. Başqa göstərici işəgötürmə ilə bağlıdır, hələ ki texnologiyadan başqa elə azalma yoxdur. Amerikada texnologiyalar sektorunda işdən çıxartmalar populyar mövzu olub. Ümumən texnologiyalar sektoru dəyişkən sektordur, həm özündən, həm iqtisadiyyatdan asılı olaraq. Başqa sahələrlə müqayisə etsək, lap çox dəyişkən deyil, inşaat, ticarət sahələrində daha çox işə alınma-çıxardılma olur.

Böhran vaxtlarında sektorların hamısında işdən çıxartma baş verir. 2001-də məsələn. 2008-də daha pis idi. İstehsal-sənaye, məsələn, 1998-2011 arası dayanmadan işçi itirib (Çin faktoru). 2018-in axırı, 2019-un əvvəlində belə bir vəziyyət oldu, qısa müddətlik, FED qorxutdu bazarları".

Ekspert bildirir ki, Coviddən sonra texnologiya sektoru sürətlə işçi alırdı: “Aybaay davam edən trend indi dayandı. Dekabr rəqəminə görə, işçi çıxarma yüksək olub, yanvar da elə olar. Amma bunun böyük krizisə çevrilməsi üçün gərək başqa sahələrdə də işçi çıxarıla. Elə görünmür, hələ ki əmək qüvvəsi artır. Bir ticarətdə zəiflik var. Əsas inşaatdır, o sektorda da hələ ki işçi sayı artır. İnşaatda azalma olsa, onda demək olar ki, böhranlı vəziyyətə gəlinir.

Amma Amerikada işçini işdən çıxartmaq üçün şərtlər əlverişlidir, yəni şirkətə sərf etmirsə, işçini çıxardır. Eləcə də işçi çıxa bilər və başqa yerə gedə bilər. Əvəzolunmaz işçi varsa da çox azdır. İşin daha sabit olduğu sahə akademik sahədir, bu sahəyə gələn adamları həm də bu cəlb edir, işini itirmə təhlükəsi qat-qat azdır. Maaş da riskə uyğundur. Risk yüksək olanda mükafat yüksək olmalıdır. Amma bu riski gözə alıb yüksək maaşlı işə girəndə də sektorun əmək bazarını biləsən gərək.

Tikintidə iş yerlərində azalma başlasa, problem yayılacaq. Hələ ki inşaat xərcləri azalsa da, iş elanları rekord səviyyədədir az qala.

Bir də maaş artım sürəti, boş qalmış işlərin sayına baxmaq olar, orada da artım sürətinin azalması var. Yəni FED istəyirdi ki, yavaşlama olsun, hələ ki arzusuna çatır".

Dünyanın ən böyük iqtisadiyyatlarında inflyasiyaya qarşı sərt addımlar iqtisadi aktivliyin azalması risklərini artırır. Bu isə həmin iqtisadiyyatlarda, ardınca isə qlobal iqtisadiyyatda resessiya risklərini çoxaldır. Qlobal resessiya ilk növbədə qlobal tələbin azalması ilə xammal bazarlarında qiymətlərin sürətli düşməsini şərtləndirir. Bu isə Azərbaycan kimi xammal ixracından asılı ölkələr üçün ciddi gəlir itkisi, böyük makroiqtisadi problemlər deməkdir...

Dünya SAKİT,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR