İnsanlara hürriyət, millətlərə istiqlal!

“O döyüşlər ordumuzun qabiliyyətini üzə çıxardı, sentyabrın 19-da isə...” – SENSASİON FAKTLAR

2158 14.10.2023 18:09 Siyasət A A

“2003-cü ilin oktyabr ayında keçirilən prezident seçkilərindən sonra Prezident İlham Əliyev andiçmə mərasimində qeyd etmişdi ki, “mən hər bir azərbaycanlının prezidenti olacağam”. Bu, hər bir azərbaycanlının həm hüquq və azadlıqlarının təmin olunması, həm də onun layiqli həyat şəraitinin qurulması istiqamətində əlindən gələn bütün imkanları səfərbər edəcəyəm deməkdir”.

Bu fikirləri Musavat.com-a politoloq Samir Hümbətov deyib.

SAMİR SON.jpg (198 KB)

Politoloq xatırladıb ki, həmin dövrdə Azərbaycan əraziləri işğal altında idi:

“1 milyon azərbaycanlı yurd-yuvalarından zorla köçürülmüşdü. Prezident İlham Əliyev ordu quruculuğuna xüsusi diqqət yetirməklə bu sahədə inqilabi bir proses həyata keçirdi. Bəlkə də dünya tarixində görünməyən hal oldu ki, bir dövlət 30 il işğal altında olan ərazilərini özü azad etdi, beynəlxalq qətnamələri özü icra etməli oldu. Öz əsgərimizin, ordumuzun gücü hesabına bunu həyata keçirdik. Bir tərəfdən ordu quruculuğunun həyata keçirilməsi, iqtisadiyyatın yenidən formalaşdırılması, digər tərəfdən əhalinin layiqli həyat şəraitinin yaxşılaşdırılması qarşımızda duran əsas məsələlər idi.

Ən önəmli məsələ isə 1 milyon məcburi köçkünün həm də xərclərini ödəmək idi. Bunlar hamısı ölkə başçısının bir dövlətin rəhbəri olaraq qarşısında duran əsas məsuliyyət hissi idi.

ORDUMUZ SON.jpg (127 KB)

Prezident İlham Əliyev öncə ordu quruculuğunu həyata keçirdi. Türkiyə, İsrail, Pakistan, Böyük Britaniya, İtaliya, ABŞ, Rusiya və digər ölkələrlə ordu quruculuğu sahəsində əməkdaşlığı dərinləşdirdi. Müasir silah-sursat, hərbi texnika alındı. Eyni zamanda, Azərbaycanda qurulan müdafiə sənayesi müəssisələri ordu quruculuğunda xüsusi əhəmiyyətə malik məsələlər idi.

Azərbaycan bu gün xaricdən silah aldığı kimi, özü də istehsal edir və ixrac həyata keçirir.

Büdcə gəlirlərinin böyük əksəriyyəti ordu quruculuğu istiqamətinə yönəldi və peşəkar ordu formalaşdırıldı”.

Politoloq hesab edir ki, adı hərb tarixinə qızıl hərflərlə düşən Azərbaycan Silahlı Qüvvələri və İkinci Qarabağ müharibəsində apardıqları Şuşa əməliyyatı xüsusi təyinatlı hərbi hissələrimizin ortaya qoyduğu böyük şücaətin göstəricisi kimi dəyərləndirilə bilər:

“Biz İkinci Qarabağ müharibəsinə qədər Aprel döyüşlərini də gördük.

APREL SON.jpg (103 KB)

Azərbaycan Silahlı Qüvvələri İkinci Qarabağ savaşına gedən yolu məhz orada nümayiş etdirmiş oldu. Beləliklə, biz döyüş qabiliyyətimizi yoxlamış olduq. Müəyyən dövlətlərin dəstəyi ilə 2,5 il ərzində işğal edilmiş torpaqlarımızı isə 2020-ci ildə 44 günə geri aldıq. Bu, bizim ordumuzun, Ali Baş Komandan İlham Əliyevin liderliyi sayəsində həyata keçirildi. Bu, asan bir məsələ deyildi. O baxımdan hesab edirəm ki, cənab Prezidentin ordu quruculuğu istiqamətində həyata keçirdiyi ən önəmli işlərdən biri də ordunun mənəvi-psixoloji hazırlığının, ruh yüksəkliyinin üstün tutulması idi”.

Samir Hümbətov qeyd edib ki, ordunun tam təchizatı döyüş qabiliyyətimizi artıran əsas amillərdən idi:

“Nəticədə 44 günə ərazilərimizi işğaldan azad etdik. Beləliklə, Azərbaycan dövləti faktiki olaraq öz suverenliyini Qarabağ və digər ərazilərində bərpa etmiş oldu.

ANTİTERROR SON.jpg (60 KB)

Ordumuzun sentyabrın 19-da keçirdiyi antiterror tədbirləri ilə isə Azərbaycan ərazisində terrorizmlə bərabər, ekstremizmin, separatçılığın kökünü kəsdik. Bu isə ordu quruculuğumuzda peşəkarlığın hansı səviyyədə üstünlüyündən irəli gəlir. Çünki biz orada sivillərə zərər vermədən bu işləri həyata keçirdik”.

Politoloqun sözlərinə görə, Prezident İlham Əliyevin digər sahələrə olduğu kimi, ordu quruculuğuna göstərdiyi diqqət bu gün Azərbaycanı qalib dövlət olaraq dünyanın 165 ordusu sırasında 57-ci pilləyə yüksəldib:

“Yəni ordumuz 102-ci yerdən 57-ci sıraya qalxdı. Bu o deməkdir ki, dünyanın ən peşəkar 57 ordusu arasında Azərbaycan ordusu da var. Bütün bunlar Prezident İlham Əliyevin orduya göstərdiyi qayğının nəticəsi kimi dəyərləndirilə bilər”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR