İnsanlara hürriyət, millətlərə istiqlal!

Nürnberq prosesində nasistlərin güvəndiyi sovet prokuroru – onun müəmmalı ölümündə Stalinin də adı hallanıb

1147 25.07.2024 13:34 Yaxın tarix A A

Onun uşaqlıq illəri olduqca ağır və çətin keçib. Erkən yaşlarında anasını itirən, atasının isə üzünü heç vaxt görməyən Nikolay Zorya 8 yaşında olarkən uşaq evinə üz tutub, özünə sığınacaq axtarıb. Ancaq kimsəsizlər evində də qapılar onun üzünə bağlanıb. Belə ki, uşaq evində ondan valideynlərinin sənədlərini tələb ediblər. Nikolay Zorya isə tələb olunan sənədləri təqdim edə bilməyib. Nəhayət, küçələrdə yaşayan Zoryaya sahib çıxan tapılıb. Gimnaziyada müəllim işləyən köhnə qonşuları Sergey Pavliçenko müvafiq qurumlara müraciət edib, Zoryanın uşaq evinə götürülməsinə nail olub. 

Bütün bu çətinliklərə baxmayaraq Zorya gələcək həyatını qurmaq üçün bütün gücünü təhsilə, oxumağa yönəldib, uşaq əyləncələrindən özünü məhrum edib. İllərin zəhməti hədər getməyib. Zorya 16 yaşında Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub.

45954.jpg (75 KB)

Zorya Moskva Dövlət Universitetində təhsil alanda universitetin rektoru Andrey Vışinskinin diqqətindən yayınmayıb. Məhz həmin ərəfədə rektorla tələbə arasında mehriban münasibət yaranıb və bu, gələcəkdə Zoryanın karyerasında böyük rol oynayıb.

Universiteti bitirdikdən sonra Zorya hüquqşünas kimi ilk fəaliyyətinə Pyatiqorsk şəhərində müstəntiq kimi başlayıb. Daha sonra Tambov və Voronejdə işləyib. Moskvaya çağrılıb nəqliyyat prokuroru təyin olunduqdan sonra Zorya elmi işlə məşğul olmaq istəyib. Amma rəhbərlik onun bu sahədə fəaliyyətinə şərait yaratmayıb. Zoryanı baş prokurorun müavini təyin etməklə iş yükünü daha da artırıblar.

1930-cu illərin repressiyasında Zorya mövcud rejimin təhlükələrindən çəkinməyərək xalq düşməni kimi ittiham olunan insanlar haqqında açılan cinayət işlərinin saxta və uydurma olduğunu dilə gətirib və bunun qarşısının alınmasını tələb edib. Bu bəyanatından sonra o, Kremlə çağrılıb. Zoryaya bildirilib ki, bu düşüncədə olan şəxs prokurorluq orqanlarında işləyə bilməz.

Prokurorluq sistemindən ayrılan Zorya 1939-cu ildə qismən səfərbəlik zamanı sıravi kimi hərbi xidmətə yollanıb, sovet-fin müharibəsində iştirak edib. Sovet-alman müharibəsi zamanı isə o, Moskva Hərbi Dairəsində hərbi prokurorun köməkçisi vəzifəsinə təyinat alıb.

6rwv0bbzauzfo92u_1024.jpg (163 KB)

Zoryanın savadlı və bacarıqlı hüquqşünas olması, bir neçə dil bilməsi nəzərə alınaraq 1943-cü ildə ona yeni vəzifə verilib. O, 44-cü ordunun hərbi prokuroru təyin olunub.

1945-ci ilin oktyabr ayında Zorya Kremlə dəvət olunub. Nürnberq məhkəməsi ilə bağlı Stalinin də iştirak etdiyi müşavirədə Zoryaya bildirilib ki, o, prosesdə SSRİ tərəfindən dövlət ittihamçısının köməkçisi olacaq.

1945-ci ilin dekabrın 25-də Zorya Nürnberq məhkəməsində iştirak etmək üçün Almaniyaya uçub.

Zorya prosesdə aktivliyi, hüquqşünas kimi bacarığı ilə fərqlənib. Prinsipiallığı ilə seçilən sovet prokuroru prosesin ən xırda detallarını belə diqqətindən yayındırmayıb. Bu həssaslıq müttəhimlər kürsüsündə əyləşən nasist rəhbərlərinin də diqqətindən yayınmayıb. Hətta onlar düşünüblər ki, Xatın faciəsinə ayrıca bir cinayət işi kimi baxılsa Zorya SSRİ-nin nümayəndəsi olmasına baxmayaraq əsl həqiqətləri söyləməkdən çəkinməyəcək, polşalı zabitlərin “NKVD” əməkdaşları tərəfindən öldürülməsinə aid sənədləri araşdıracaq. Nasist rəhbərləri sovet prokuroruna güvəniblər.

Ancaq Zoryaya prosesdə sona qədər iştirak etmək qismət olmayıb. 23 may 1946-cı ildə 39 yaşlı ədliyyə general-mayoru Zoryanın meyiti Nürnberq mehmanxanasında tapılıb.

Zoryanın müəmmalı ölümünü çox da səs-küyə salmayıblar. Daha dəqiq ifadə etsək, SSRİ buna maraq göstərməyib. Rəsmi olaraq ölümün səbəbi bədbəxt hadisə göstərilib. Zoryanın gicgah nahiyəsində güllə yeri olub. Bunu prokurorun tabel silahını təmizlədikdə ehtiyatsızlıqdan atəş açmaq kimi əsaslandırıblar.

5-17.jpg (112 KB)

Prokurorun ölümü haqqında fərqli versiyalar da səsləndirilib. Birinci versiyaya görə Zorya yatan zaman kimsə ona sui-qəsd edib. İkinci versiya prokurorun intihar etməsi ilə bağlı olub.

Əsas versiya isə Zoryanı Stalinin sifarişi ilə öldürülməsidir. Bu versiya belə əsaslandırılıb ki, Stalin Zoryanın Xatın faciəsi ilə bağlı həqiqətləri söyləyəcəyindən ehtiyat edib.

Ailə üzvlərinin təkidlərinə baxmayaraq Zoryanın nəşinin SSRİ-yə gətirilməsinə də icazə verilməyib. O, Leypsiq şəhərində dəfn edilib.

Bu günə qədər də Zoryanın ölümü müəmma olaraq qalır. Amma tək bir fakt aydındır ki, Zorya nə intihar edib, nə də silahdan ehtiyatsız davranışının qurbanı olub. 1990-cı illərdən sonra Zoryanın ölümü yenidən araşdırılanda məlum olub ki, prokurorun başına dəyən güllə onun tabel silahının gülləsi olmayıb.

İlham Cəmiloğlu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR