İnsanlara hürriyət, millətlərə istiqlal!

Notalarımızı cavabsız qoyan Tehran nota ilə mediamızı da hədələdi - Bakıdan sərt reaksiyalar

1136 04.04.2023 09:27 Gündəm A A

İran Azərbaycan Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Notanın Azərbaycan XİN-ə İranın Bakıdakı səfirliyi vasitəsilə çatdırıldığı bildirilir.

Etiraz notasında İran Azərbaycanın bəzi media qurumlarının “nalayiq və təhqiramiz hərəkətləri”nin davam etməsindən narahatlıq ifadə edilib: “İran bu prosesə son qoyulmasını və düzəlişlərin edilməsini tələb edir. Bundan əlavə, İran medianın bu əxlaqsızlığının davam etməsinin iki ölkə arasında gələcək münasibətlərə mənfi və zərərli nəticələri barədə xəbərdarlıq edir”.

İşə bax, mediası terrorçu Yasin Hüseynzadədən müsahibə alıb Azərbaycan dövlətini aşağılyan, Azərbaycan Respublikasını “Bakı respublikası”, Azərbaycandakı səfirliyi “Bakı səfirliyi” adlandıran, KİV-ləri az qala hər gün ölkəmizi hədələyən və təhqir edən bir ölkə mediamıza əxlaq dərsi keçməyə qalxır.

Qeyd edək ki, İranın Azərbaycan mediasına qarşı bu cür “əxlaqlı” iddiası və buna görə nota verməsi beynəlxalq diplomatiyaya əsla uyğun deyil. Birinci ona görə ki, Azərbaycana qarşı illərdir fəaliyyət göstərən, ölkəsində deyil, yalnız Azərbaycanda yayılan “Səhər” kimi bir kanalı maliyyələşdirən Tehran ən azı bu fakta görə Azərbaycan mediasında hər hansı məqaləyə görə etiraz edə bilməz.

İkincisi, SEPAH-a bağlı media və Teleqram kanalları az qala hər gün Azərbaycana qarşı hədələyici videolar paylaşır, bir çox halda isə Azərbaycanın dövlət atributlarını təhqir edir. Azərbaycana qarşı bu cür təbliğat aparan, onu addımbaşı hədələyən bir ölkə Azərbaycan mediasını ittiham etmək və buna görə nota vermək haqqını çoxdan itirib.

Üçüncüsü, hər gün bir SEPAH komandirini Azərbaycan sərhədinə göndərib, Azərbaycanı hədələtdirən, qırıcısını Azərbaycanla sərhəddə uçurdan, 44 günlük savaşdakı zəfərimizdən sonra sərhədimizdə hər il hərbi təlim keçirmək eşqinə düşən və bu təlimlərdə Araz çayından keçməyi məşq edən, düşmən ölkəni silahlandırıb, onun 44 günlük savaşın nəticəsi olaraq üzərinə götürdüyü öhdəliklərini icra etməsinə imkan verməyən, özünə heç bir aidiyyəti olmasa da, başqa bir ölkənin ərazisindən dəhlizin açılmasına qarşı çıxan, ancaq nədənsə, Laçın dəhlizinin fəaliyyətini “qanuni” sayan və s. saymaqla bitməyən düşmənçiliklə məşğul olan İran Azərbaycan mediası və ictimaiyyətindən hansı təqdir, tərif gözləyir?

Foto Rauf Arifoglu.jpg

Rauf Arifoğlu: “İran mətbuatı hətta Ermənistan mətbuatında olmayan təhqir, böhtan, yalan ritorikasını tətbiq etməkdədir”

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu qeyd etdi ki, İran uzun müddətdir Azərbaycana münasibətdə düşmən siyasəti aparır. R.Arifoğlu bu siyasətin istər hərbi, istər informasiya, istərsə də diplomatiya sahəsində özünü büruzə verdiyinə diqqət çəkdi: “İran düşmənsayağı addımlar atır. Azərbaycan mətbuatı, sadəcə, bu münasibətə reaksiya verir. İran mətbuatı isə əksinə, Azərbaycan dövlətinə, ölkə rəhbərliyinə, onların ailə üzvlərinə münasibətdə hətta Ermənistan mətbuatında olmayan təhqir, böhtan, yalan ritorikasını tətbiq etməkdədir. Azərbaycan mətbuatı dünya mediası standartları ilə fəaliyyət göstərdiyi üçün bu cür ritorikadan istifadə etmir. Biz yalnız tənqid və ifşa ilə məşğuluq. İranın notası sözün əsl mənasında qələtdir, İranın yürütdüyü düşmənçilik siyasətinin, siyasi qələtin, terror addımlarının davamıdır. Tehrandakı mollabaşların yürütdüyü anti-Azərbaycan siyasəti nəticəsində İran və Azərbaycan arasında demək olar ki, müharibə vəziyyəti yaranıb. Bu baxımdan, İran bəhanə axtarır. Hesab edirəm ki,  cavab olaraq Azərbaycan dövləti İran mediası ilə bağlı daha güclü nota verməlidir. İranın notası həm də mediamıza təhdiddir. Lakin bu, bizi qorxutmur. Tam əksinə, biz İranın indiki hakimiyyətinin insanlığa, azadlığa, Azərbaycana yönəlmiş düşmən siyasətini tənqid və ifşa etməkdə davam edəcəyik”.

Müşfiq Ələsgərli: "Onlayn medianın inkişafı üçün bəzi qanunlarda yeniləmə  etmək zəruridir"

Müşfiq Ələsgərli: “Azərbaycan dövlətinə qarşı neqativ təbliğat aparmaq üçün 300-ə yaxın hesab açılıb”

Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan KİV-ə “İranın siyasətini və siyasətçilərini tənqid etmə” demək üçün mənəvi əsas da yoxdur. Ekspert xatırlatdı ki, Tehran rejimi uzun müddətdir ki, öz mediasında Azərbaycana qarşı düşmənçilik və təhqir siyasəti yeridir: “İranda Azərbaycana qarşı sistemli təbliğat aparmaq üçün ”ixtisaslaşmış" KİV, sosial şəbəkə hesabları yaradılıb. “Səhər TV”-nin, “Nur-az” xəbər portalının və digərlərinin fəaliyyəti buna əyani misaldır. İlkin hesablamalara görə, Azərbaycan dövlətinə qarşı neqativ təbliğat aparmaq üçün təkcə “Facebook” və “Telegram” şəbəkələri üzərindən 300-ə yaxın hesab açılıb. Durmadan, fasiləsiz şəkildə yalan, böhtan, təxribatçı məlumat paylaşırlar. Bütün bunların arxasında İran hakimiyyətinin və İranın xüsusi xidmət orqanlarının  dayanması faktı öz təsdiqini tapıb. İndi hansı mənəvi haqla Azərbaycan KİV-nin İran hakimiyyətini tənqid etməsindən narazı qalırlar? Bunun üçün onların mənəvi haqqı yoxdur. İranın Xarici İşlər Nazirliyinin Azərbaycana diplomatik “nota” göndərməsi barədə bu ölkə mediasının birtərəfli qaydada yaydığı məlumatlar manipulyasiya xarakterlidir. Sözügedən “nota” Azərbaycanın  Xarici İşlər Nazirliyinə çatmayıb. Çatması üçün hüquqi mexanizm də yoxdur, çünki Azərbaycan Respublikasının Tehrandakı səfirliyi işləmir, faktiki yoxdur. İran notanı  necə, hansı vasitə ilə və kimə göndərib? Əgər yalanlarının üzə çıxdığını görüb  sonradan informasiyanı dəyişəcəklərsə,  yəni notanı başqa vasitələrlə göndərdiklərini iddia edəcəklərsə, bu da yalan olacaq və yumor doğuracaq. Rəsmi prosedurlara görə, diplomatik notalar həftənin iş günləri göndərilir. İran mediasının məlumatından belə nəticə çıxır ki, onlar “notanı” şənbə günü, yəni qeyri-iş günündə təqdim ediblər. Bu və digər detalları təhlil edəndə bəlli olur ki, İran mediası və onlara “nota” barədə  məlumat “sızdıran” İran   hakimiyyət orqanları ciddiyyət hissini itiriblər. Rəsmi protokollar üzərində qeyri-ciddi manipulyasiyalara yol verirlər.

Məsələnin digər tərəfi “nota”nın məzmunu ilə bağlıdır. İran kütləvi informasiya vasitələrinin  paylaşdıqları məlumatlarından belə nəticə çıxır ki, onlar Azərbaycan mediasında İranın rəsmi şəxslərinin tənqid edilməsindən, karikaturalarının yayılmasından narazı qalıblar. Nota verərək, Azərbaycan mediasında İran  siyasətinin və siyasətçilərinin  tənqid olunmalarına etiraz ediblər.

Fikrim budur ki, İranın bu kontekstdə də etiraz etməyə nə hüquqi, nə də mənəvi haqqı yoxdur. Hüquqi kontekst odur ki, Azərbaycan dünyəvi, demokratik dövlətdir. İnsanların söz və ifadə azadlığına konstitusiya ilə təminat verilib. Təkcə KİV-in deyil, ümumilikdə ölkə vətəndaşlarının sərbəst fikir paylaşımı hüququ təmin edilib. İrandan fərqli olaraq, Azərbaycanda  media plüralizmi mövcuddur. KİV-lər informasiya toplamaqda və yaymaqda sərbəstdir. Senzura aradan qaldırılıb. KİV-in işinə müdaxilə etmək qanunla yasaqlanıb. Hansısa KİV-ə “İranın siyasətini tənqid etmə” demək üçün hüquqi mexanizm yoxdur. Problem ondadır ki, İran sekulyar və demokratik dövlət deyil, söz və ifadə azadlığını, insan haqları anlayışını dərk etmir.  2022-ci ilin sentyabr ayından başlayaraq bu günə qədər İran vətəndaşlarının keçirdikləri etiraz aksiyaları və hökumətin bu aksiyalara verdiyi  repressiv reaksiya da göstərir ki, bu dövlətdə insan haqları, söz, ifadə azadlığı anlayışı mövcud deyil. İran vətəndaşları məhz şəxsiyyət azadlığı istədikləri üçün İranın mövcud hakimiyyəti son 7 ay ərzində 10  minlərlə insanı  cəzalandırıb. Yüzlərlə insana ölüm hökmü kəsib və icra edib. Minlərlə insanı həbsə məhkum edib. İranın molla rejimi elə başa düşür ki, İranda olduğu kimi, digər ölkələrdə də insanların danışmaq haqqını əlindən almaq olar. KİV-ə təzyiq etmək, insanların sərbəst fikir paylaşmaq hüququnu pozmaq olar. Anlamalıdırlar ki, hüquqi-demokratik-sekulyar dövlətlərdə bu cür davranışlar yolverilməzdir".

M.Ələsgərli İranın mövcud molla hakimiyyətinin Azərbaycanın müstəqillik qazanmasından bu günə qədər ölkəmizə qarşı riyakar davrandığına diqqət çəkdi: “30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər yandan  təcavüzkar  Ermənistana dəstək verib. Qarabağ münaqişəsinin bitməsindən sonra isə iki ölkə arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir. Azərbaycan əsgəri Gorus-Qafan yolunda qanunsuz keçid edən, Xankəndinə qaçaq mal daşıyan İran avtomobillərini saxlayır, separatizmə dəstək verməyi dayandırmalarını istəyir. İran isə bu qanuni, səmimi tələblərə sərt və əcaib formada reaksiya verir. Ölkənin ali dini rəhbəri Seyid Əli Xameneyinin nümayəndəsi Həsən Amuli Azərbaycana hədə-qorxu gəlir. Azərbaycanın Tehrandakı səfirliyinin  terrora məruz qoyulması isə İran hakimiyyətinin  bütün mahiyyətini açdı”.

Oxu.az - Qulu Məhərrəmli kafedra müdiri oldu - FOTO

Qulu Məhərrəmli: “İranın Azərbaycan mətbuatını münasibətlərin korlanmasında ittiham etməsi həqiqətəuyğun deyil”

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a mövzunu şərh edərkən bildirdi ki, İran həqiqətən nota veribsə, bu, diplomatik etiketə uyğun deyil. Q.Məhərrəmli qeyd etdi ki, xarici siyasətlə məşğul olan şəxslər bilməlidirlər ki, heç bir halda iki ölkə arasında münasibətləri, o cümlədən siyasi münasibətləri media müəyyənləşdirmir: “Elə məsələlər var ki, nota şəklində ifadə olunmur. İllərdir İran mətbuatı Azərbaycanı tənqid etməklə məşğuldur: Azərbaycanın daxili işlərinə müdaxilə edir, ayrı-ayrı diplomatlara qarayaxma edir. İranda bu məsələ o dərəcədə həssasdır ki, mənim "Danışır Təbriz" kitabım çap olunanda “Keyhan” qəzeti dərhal reaksiya vermişdi ki, guya mən tarixi həqiqətə uyğun olmayan məlumatlar yazmışam. Belə kiçik hadisələrə həssas yanaşan İranın Azərbaycan mətbuatını münasibətlərin korlanmasında ittiham etməsi həqiqətəuyğun deyil. İranın “Səhər ” kanalı böhtan və çirkab kampaniyası aparmaqla məşğuldur".

Professor hesab edir ki, İran tərəfi Azərbaycanla münasibətləri yenidən nəzərdən keçirməlidir: “Azərbaycan İranla qonşuluq və dostluq münasibətlərinin lehinədir. Bizi birləşdirən İslami, tarixi dəyərlər var. İranın narahat olması üçün heç bir əsas yoxdur. Azərbaycan dəfələrlə bəyan edib ki, ərazimizdən İrana qarşı heç bir fəaliyyətə yol verməyəcək. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra İran tərəfi anti-Azərbaycan addımlar atır. Bu, nə diplomatiyaya, nə İslama sığmır. İran Azərbaycanın müstəqil dövlət olması ilə barışmalıdır”.  İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Xarici İşlər Nazirliyinə ünvanlanmış qeyd edilən notası 3 aprel tarixində daxil olub.

APA xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yerli medianın “İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə istinadən, Azərbaycan mediasında İran əleyhinə yayımların və məqalələrin qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülməsi üçün İran tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə nota təqdim edildiyi bildirilir. Bu xəbəri necə şərh edərdiz?” sualına cavab olaraq bildirib.

XİN rəsmisi deyib ki, qeyd edilən məsələ ilə əlaqədar eyni gündə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb.

İran tərəfinin notasında Azərbaycan mediası ilə bağlı qeyd olunanların obyektivliyi əks etdirmədiyi vurğulanaraq, İran tərəfinə cavab notası, eləcə də İran mediasında Azərbaycan əleyhinə yayılmış bir sıra məqalələrin siyahısı təqdim olunub.

İranın ölkəmizdəki səfirinə bildirilib ki, İran mediasında mütəmadi olaraq Azərbaycan Respublikası, onun dövlət və hökumət rəsmiləri haqqında yayılan təhqir dolu, yalan, böhtan və qərəzli məlumatlar, eləcə də İranın tanınmış ictimai-siyasi xadimlərinin həqiqətdən uzaq bəyanat və çıxışları ölkələrimiz arasındakı münasibətlərə xələl gətirir və anlaşılmazlıqları daha da dərinləşdirir.

Bununla yanaşı, ölkələrimiz arasında münasibətlər dövründə yaranan anlaşılmazlıqların daim İran tərəfinin birtərəfli davranış və addımlarından qaynaqlandığı, Azərbaycan tərəfinin ardıcıl və xoş niyyətli addımlarına İran tərəfindən lazımi qarşılıq verilmədiyi qeyd olunub.

Görüş zamanı İran mediasında Azərbaycan əleyhinə yalan və qərəzli məlumatların yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görülməsinin zəruriliyi vurğulanıb.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR