İnsanlara hürriyət, millətlərə istiqlal!

Niyə hərbi kolonu və hərbçiləri çəkib yaymaq olmaz - məsuliyyət və cəza

1348 08.09.2023 14:11 Gündəm A A

“Xüsusi proqram var ki, foto və yaxud videonun harada çəkildiyi aşkar oluna bilir”

Müharibə və dinc dövrdə dövlətin hərbi və qorunan sirləri var və hər bir vətəndaşın buna əməl etməsi lazımdır. 44 günlük müharibə dövründə buna dair xeyli izahat işləri aparıldı və cəmiyyətdə bu yöndə nizamlılıq xeyli artmışdı.

Son vaxtlar şahidi oluruq ki, bu məsələdə yenə bir xaos var. Bir çox insanlar elə bilir ki, müharibə dövrü deyilsə, hərbi kolonu, hərbçilərin hərəkəti və dislokasiya yerini əks etdirən görüntüləri yaymaq olar. Ancaq belə deyil: bu bütün vaxtlarda qadağandır.

Sosial şəbəkələrdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri ilə bağlı videomateriallar yaymaq ciddi hüquqi məsuliyyət yaradır. Bunu Dövlət Təhlükəsizliyi Xidməti bəyan edib. Sitat: “Son günlər "Telegram" kanallarının Ermənistan xüsusi xidmət orqanları ilə əlaqəli olan seqmentində Azərbaycan Ordusunun hərbi birləşmələri, onların dislokasiyası, yerdəyişmələri, döyüş və səfərbərlik hazırlığı, silahları, hərbi texnikası ilə bağlı videokadrların çəkilib sosial şəbəkələr vasitəsilə yayılmasına təhrik edən çağırışlar yer almaqdadır. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu kimi hallar nəzarətə götürülmüşdür və analoji hərəkətləri etməyə təşəbbüs göstərən şəxslər barəsində zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.

Bildiririk ki, ölkəmizin milli təhlükəsizliyinə və müdafiə qabiliyyətinə ciddi ziyan vuran, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə aid və dövlət sirri təşkil edən məlumatları özündə ehtiva edən videoçəkilişləri apararaq yaymaq qətiyyən yolverilməzdir və vətəndaşları belə əməlləri etməkdən çəkinməyə çağırırıq.

Eyni zamanda vurğulayırıq ki, qeyd olunan hüquqazidd hərəkətlərə qəsdən yol verilməsi dövlət sirrini yayma, bəzi hallarda isə dövlətə xəyanət cinayət əməllərinin törədilməsi şübhəsi üzrə araşdırma predmeti kimi çıxış edir və müvafiq hüquqi məsuliyyət tədbirlərinə səbəb olur".

Bəs konkret olaraq hansı materialları çəkmək, yaymaq olmaz? Bunun hansı ağır nəticələri ola bilir?

Elçin Mirzəbəyli — Vikipediya

Elçin Mirzəbəyli 

Mövzu ilə bağlı Əməkdar jurnalisti, siyasi ekspert Elçin Mirzəbəyli “Yeni Müsavat”a danışıb: “Azərbaycan Ordusunun, Silahlı Qüvvələrinin hər hansı bir kontingentinin hərəkətinin çəkib video və ya fotosunu çəkib, paylaşmaq olmaz. Sağlam düşüncəli hər kəs bunu dərk edir və bunun üçün xüsusi maarifləndirməyə ehtiyac yoxdur. Üstəlik, bu haqda kifayət qədər maarifləndirilmə aparılıb.

Məlum olduğu kimi, bu kimi materiallar daha çox sosial şəbəkələrdə, xüsusən “TikTok” platformasında yayılır. Hesab  etmirəm ki, bu platformada olan insanlar, bu cür videoların, fotoların çəkilib, yayılmasının üzgün olmadığını, qanunazidd olduğunu, Azərbaycan Ordusunun ayrı-ayrı qüvvələrinin zərbə qarşısında qoyduğunu başa düşmürlər, əksinə, çox gözəl başa düşürlər. Bəziləri bunu məqsədyönlü şəkildə, digərləri isə məsuliyyətsizlikdən və yaxud  daha çox izləyici toplamaq üçün edir. Hamısının cəzası kifayət qədər ağır olmalı, onlara qarşı konkret cəza mexanizmləri işə salınmalıdır ki, məsuliyyəti dərk etsinlər".

Tovuz hadisələri zamanı da belə olmuşdu - Ramil Məmmədli - "İki sahil"

 Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli də mövzu ilə bağlı danışıb. Ekspert qeyd edib ki, bu məsələyə bir neçə aspketdən yanaşılmalıdır: “Düşünürəm ki, bu kimi məsələlərdə ilk növbədə birinci hərbi strukturların özləri bu məsələlərə diqqətlə yanaşmalı, tabeliklərində olan şəxsi heyətə android telefonla bu kimi çəkilişlər etməyi qadağan etməlidir.

Bununla bağlı 2015-ci ildən başlayaraq, həm maarifləndirici, həm də inzibati tədbirlər həyata keçirilir. Hətta bununla bağlı bir neçə hərbi qulluqçular xidmətdən kənarlaşdırılıblar. Məsələn, belə bir fakt 2020-ci ilin avqust ayında erməni kəşfiyyatçılarının saxlanılması zamanı baş vermişdi.

Yəni ilk növbədə vətəndaşlara müraciət edən qurumlar xüsusən də Müdafiə Nazirliyi bu məsələdə problemi birinci özündə həll etməlidir. Həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifə  borcudur ki, vətəndaşları bu məsələ ilə bağlı məlumatlandırsın.

Amma məlum məsələdir ki, indi 21-ci əsrdir, yəni indi kiminsə əlindən telefon almaq mümkün deyil. Məsələn, tutaq ki, kimsə Kürdəmirdən hansısa hərbi kortec keçən zaman onu fotosunu, ya da videosunu çəkir.  Bu çəkilişin  qarşısını almaq üçün  müxtəlif üsullar var. Belə ki, ya video çəkib paylaşan insanları məsuliyyətə cəlb edib, 1 ildən 3 ilədək həbs cəzası vermək, hansı ki, bu üsul sovet dövründə mövcud idi və yaxud da həmin kortecdə gedən ağır texnikaları elə maskalamalıdırlar ki, kənardan onun nə olduğu bilinməsin. Yəni məsələlər əslində bu qədər sadədir, sadəcə olaraq, bunu qəlizləşdirən amillər var".

“Bu cür çəkilişlər, paylaşımlar hansı ağır nəticələrə gətirib çıxara bilir?” sualımıza isə ekspert bu cür cavab verdi: “Məsələn, müharibə dövründə belə bir məlumat yayılmışdı ki, Azərbaycan Ordusunun tanınmış hərbiçilərindən biri, Milli Qəhrəman Şükür Həmidovla bağlı bir foto yayıldıqdan sonra az sonra düşmən həmin yeri müəyyənləşdirib, artilleriya zərbəsi endirmişdi və Milli Qəhrəmanımız şəhid olmuşdu. Məlum olduğu kimi, xüsusi proqram var ki, foto və yaxud videonun harada çəkildiyi aşkar oluna bilir. Düşmən kəşfiyyatı da ordumuzda olan hər bir hərbiçimizin kimliyi, nə işlə məşğul olması, yeri-yurdu ilə bağlı informasiya toplayır. Ona görə də həm Azərbaycan Ordusunun hərbiçilərinə, həm də mülki vətəndaşlara müraciətim budur ki, düşmən kəşfiyyatı üçün çətin və əziyyətli olan bu proseduru asanlaşdırmasınlar”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR