İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahunun həbsinə order istənir

774 20.05.2024 19:21 Dünya A A

Beynəlxalq Cinayət Məhkəməsi (ICC-BCM) Qərbin terror təşkilatı saydığı-HƏMAS-ın lideri Yəhya Sinvar və İsrailin baş naziri Benyamin Netanyahunun hərbi, habelə insanlıq əleyhinə cinayətlər ittihamı ilə həbsinə order verilməsini istəyir.

Bu barədə məhkəmənin baş prokuroru Kərim Xan CNN telekanalında bildirib.

Qərarı BCM-nin hakimlər kollegiyası verməlidir.

İsrailin müdafiə naziri Yoav Qallant, həmçinin HƏMAS-ın iki yüksək rütbəli lideri – "Əl-Qasım" Briqadalarının rəhbəri Məhəmməd Diab İbrahim əl-Masri və qrupun siyasi lideri İsmayıl Haniyə barəsində də həbs orderləri istənilib.

Fələstin silahlılarının liderlərinə qarşı ittihamlar arasında "məhv etmə, qətl, girov götürmə, zorlama və həbs zamanı cinsi təcavüz" var.

İsrail siyasətçiləri isə müharibə metodu kimi məhv, aclıqdan istifadədə, humanitar yardımların çatdırılmasından imtina və mülki əhaliyə qəsdən hücumlarda günahlandırılırlar.

CNN qeyd edir ki, bu, ABŞ-ın yaxın müttəfiqinin liderlərinin BCM-də ilk dəfə hədəfə alınmasıdır. Eyni zamanda, həm İsrail, həm də qismən tanınan Fələstin dövləti BCM-nin təsis sənədi olan Roma Statutunu ratifikasiya etməyib. Bununla belə, məhkəmə Fələstin liderlərinin 2015-ci ildə onun başlıca prinsiplərinə əməl etməyə rəsmi razılıq verməsindən sonra Qəzza zolağı, Şərqi Qüds və İordan çayının qərb sahili üzərində yurisdiksiyaya malik olduğunu iddia edir.

"The New York Times" (NTY) qəzeti bir ay əvvəl BCM-nin Netanyahunun həbsinə order verə biləcəyi barədə yazıb. Qəzetin mənbələrinin bildirdiyinə görə, İsrailin baş naziri bu ehtimaldan çox narahat olub və ABŞ prezidenti Co Bayden ilə söhbət də daxil olmaqla, BCM-nin planlarını dəyişmək üçün çoxsaylı telefon danışıqları aparıb. NYT-nin həmsöhbətlərindən biri bildirib ki, vəziyyət son vaxtlar İsrailin qərar qəbul etməsinə artıq təsir göstərib.

Daha sonra Netanyahu açıq şəkildə xəbərdarlıq etdi ki, orderlərin verilməsi BCM-də "silinməz ləkə" qoyacaq. Habelə xatırladıb ki, təşkilat "Holokost nəticəsində" qurulub və İsrailin əsas özünümüdafiə hüququnu sarsıtmağa cəhd göstərməməlidir.

Xatırlatma

İsrail oktyabrın 7-də HƏMAS-ın ölkənin cənubuna hücumundan sonra Qəzza zolağında hərbi əməliyyatlar aparır. Hücum zamanı min 200-dən çox israillinin öldürüldüyü, 250-dən çoxunun girov götürülərək Qəzzaya aparıldığı bildirilir.

HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyi hərbi əməliyyatların başlanmasından bəri 35 min fələstinlinin həlak olduğunu açıqlayıb.

Bir çox ölkələr İsraili mülki şəxslərə qarşı hədsiz qəddarlıqda ittiham edir. İsrail ordusu yalnız qruplaşmanın infrastrukturuna zərbələr endirdiyini, HƏMAS-ın mülki insanlardan canlı qalxan kimi istifadə edərək obyektlərini əhalinin sıx məskunlaşdığı ərazilərdə yerləşdirdiyini vurğulayır.

Azadlıq Radiosu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR