İnsanlara hürriyət, millətlərə istiqlal!

Nərimanovda nəqliyyat düyünü: 4 zolaqlı yolun təmiri niyə bitmir? - AAYDA-dan AÇIQLAMA

2598 16.06.2026 16:05 Sosial A A

Nərimanov rayonunun akademik Həsən Əliyev küçəsində yolun təmirinin uzun müddətdir başa çatdırılmaması sürücülərin və sakinlərinin narazılığına səbəb olub.

Söhbət UNEC-in yaxınlığından keçən, gündə minlərlə avtomobilin istifadə etdiyi Həsən Əliyev küçəsinin 135 ünvanı istiqamətində yerləşən hissəsindən gedir. Sakinlərin sözlərinə görə, dörd zolaqlı yol bir ildən artıqdır ki, təmir adı ilə bağlanıb. Bu isə nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb.

Vətəndaşlar bildirirlər ki, yolun bağlanması nəticəsində ərazidə demək olar hər gün uzun avtomobil sıxlığı yaranır. Xüsusilə səhər və axşam saatlarında vəziyyət daha da çətinləşir. Sürücülər alternativ küçələrə yönəlmək məcburiyyətində qalır ki, bu da ətraf ərazilərdəki yolların da yüklənməsinə səbəb olur.

Sakinlərin sözlərinə görə, təmir işlərinin hansı mərhələdə olduğu, nə vaxt başa çatacağı barədə ictimaiyyətə aydın məlumat verilmir. Onlar hesab edirlər ki, paytaxtın əsas nəqliyyat arteriyalarından biri sayılan bu küçədə işlərin bu qədər uzanması qəbuledilməzdir.

“Bir ildən çoxdur eyni mənzərə ilə qarşılaşırıq. Yol qazılıb, hərəkət məhdudlaşdırılıb, amma işlərin nə vaxt yekunlaşacağı məlum deyil. Hər gün saatlarla tıxacda qalırıq”, – deyə sürücülər narazılıqlarını ifadə edirlər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Musavat.com-a bildirilib ki, Müzəffər Nərimanov – Həsən Əliyev layihəsi çərçivəsində nəzərdə tutulmuş işlər mərhələli şəkildə davam etdirilir. Hazırda işlər Ələsgər Qayıbov küçəsindən Fətəli xan Xoyski küçəsi istiqamətində aparılır:

“Sözügedən ərazidə yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, hərəkətin təhlükəsizliyinin və rahatlığının artırılması, eləcə də nəqliyyat axınının daha səmərəli təşkil olunması məqsədilə müvafiq tikinti-quraşdırma və yenidənqurma tədbirləri həyata keçirilir.

Layihə üzrə qeyd etdiyiniz də ərazi daxil olmaqla, digər ərazilərdə nəzərdə tutulmuş işlərin də əvvəlcədən tərtib edilmiş və təsdiq olunmuş qrafikə uyğun şəkildə davam etdirilməsi planlaşdırılır. İşlərin mərhələli icrası həm nəqliyyatın fasiləsizliyinin təmin edilməsinə, həm də mövcud yol şəbəkəsində yaranan mümkün narahatlıqların minimuma endirilməsinə xidmət edir”.

nərimanov.jpg (501 KB)

yol 2.jpg (490 KB)

yol 1.jpg (379 KB)


Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR