İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəriman Nərimanovun heykəli, “sovet alimlərinin” revanşı...

1561 06.04.2023 11:02 Yazarlar A A

Məsələ aydındır. N.Nərimanovun heykəlinin dağıdılması məlumatı Azərbaycan cəmiyyətində bir ideoloji boşluğun olduğunu ortaya qoydu. Və bir həqiqət çıxdı ortalığa: yəni bizim müstəqil Azərbaycanımız hansı ideyalardan qaynaqlanır? Maraqlıdır ki, milli ideyalar, istiqlalçılıq, M.Ə.Rəsulzadənin əsasını qoyduğu və bu ideyaların son uğuru olan müsavatçılıq demək olar ki, bir kənarda qaldı.Bizim ideoloji sistemi yaradanlar və onun nəticəsi kimi milli istiqlalımızın qazancı olan Azərbaycan Xalq Cümhuriyyəti sanki onun əleyhinə olan bir zərərli ideologiyaya qurban verilmək həddinə çatdırıldı.

Və bu yerdə böyük mütəfəkkir Ziya Göyalpın “Türkçülüyün əsasları” kitabındakı fikirləri xatırladım:”Milli kültür mərhələsini yaşamayan xalqlar ümumbəşəri mədəniyyət sisteminə daxil ola bilməzlər”.

Təəsüf ki, bu müzakirələr həmin acı reallığın ictimai-siyasi həyatımızdakı mövcudluğunu təsdiqlədi.

Bundan isə baxın kimlər bəhrələnməyə və ziyanlı fikirlərini cəmiyyətə təqdim etməyə çalışdı: M.Ə.Rəsulzadənin lənətlədiyi bolşevizm tarixindən və kommunist internasionalizmindən, Leninin səhiyyədə rolundan, proletariatın 1 May Həmrəyliyindən namizədlik və doktorluq dissertasiyaları yazanlar, kommunizm quruculuğunun “təntənəsini” təbliğ edənlər,bir sözlə müstəqil Azərbaycanın “Sovet alimləri”. Bu “sovet alimləri” bilərəkdən və qəsdən az qala N.Nərimanovu M.Ə.Rəsulzadə ilə eyniləşdirir, “hər ikisi”nin xalqa lazımlılığı “tendensiyası”nı irəli sürməkdən çəkinmirdilər.

Bu ondan irəli gəlir ki, bu insanlar Azərbaycan İstiqlal tarixini yaxşı bilmir,istiqlal məfkurəsinin yaradıcıları olan şəxsiyyətlərimizi dəyərləndirməkdə bəsit düşüncəyə sahibdirlər. M.Ə.Rəsulzadənin, N.Yusifbəylinin, Ə.M.Topçubaşovun, F.Xoyskinin, H.Ağayev və digər Cümhuriyyət Qurucularımızın dövlətçilik təfəkkürünü dərk edə bilmirlər və özlərinin bu gün heç kimə lazım olmayan araşdırma, dissertsiya düşüncəsindən qopub ayrılmağı da bacarmırlar.Yəni bir əlini Rəsulzadə düşüncə sisteminə uzadır, o biri əlini də Nərimanov düşüncə sitemində saxlamaq cəhdindədirlər.Bunun isə faydasız olduğunu qəbul etmək istəmirlər.

Hələ onu qeyd edirəm ki, bu alimlərdən bəziləri 2013-cü ildə 22 apreldə Elmlər Akademiyasının Fəlsəfə institutunun təşkilatçılığı ilə erməni soyqırımı ilə bağlı konfransda “biz də erməni öldürmüşük” deyə az qala göz yaşı tökmüşdü. Tanınmış ziyalı Yadigar Türkel isə “Azadlıq” qəzetinin 2013-cü ilin 13 oktyabr sayında onları tənqid etmişdi(Bax:Y.Türkelin yazısı, “Azadlıq” qəzeti).Son illərdə isə həmin o “göz yaşı axıdan”lardan biri o zərərli konfransın təşkilatçılarından olan Ramiz Mehdiyevi tərifləyən məqalələr də yazmışdı.

Təəssüflər ki, bu yanaşmalarda istər M.Ə.Rəsulzadənin çoxlu sayda yazılarında, istərsə də M.B.Məmmədzadənin “Milli Azərbaycan hərəkatı” əsərindəki fikirlər qəsdən, bilərəkdən arxa plana çəkilir.Və yenə də sanki Azərbaycan xalqının milli istiqlalımız uğrundakı qanlı mücadilələri unudulur, Cümhuriyyət yaratmağımızın önəmliliyi dəyərləndirilmir.Sovet Azərbaycanı ilə Azərbaycan Xalq Cümhuriyyətini az qala eyniləşdirən bu insanlar əsassız fikir formulasını təqdim edirlər:”O da lazımdır, bu da”, necə deyərlər,”bir əli Cümhuriyyətdə,bir əli Sovet Azərbaycanında..”. Yaxud digər bir əsassız təqdimat:”filankəs olmasaydı Azərbaycan SSRİ-nin tərkibində müstəqil yox, Muxtar respublika olaraq təmsil ediləcəkdik..”. Maraqlıdır, məgər Ukrayna, Belorusiya,Gürcüstan və digərləri müstəqil respublikalar formal da olsa SSRİ-yə daxil edilmədimi? Və yaxud Azərbaycanı sovet dövründə,xüsusən “Nərimanovlu” dövrdə(əsasən 1920-1922-ci illərdə) həmin o muxtariyyətdən də pis günə salmadılarmı?(məsələn, sərvətini-əsasən neftini əlindən aldılar, bütün respublikanı ruslaşdırdılar, bir qədər sonra lsa da Dağlıq Qarabağ Muxtar Vilayəti(1923-cü ildə), Naxçıvan Muxtar Respublikası(1924-cü ildə) elan etmədilərmi? Mehri bölgəsini ermənilərə verib Zəngəzur dəhlizi problemini o dövrdə yaratmadılarmı? Naxçıvanla, qardaş Türkiyə ilə əlaqələrimizi (sərhəd olaraq)kəsmədilərmi? Və biz indi də onun əziyyətini çəkmirikmi? Zəngəzurun 7 min kvadrat kilometrə qədər ərazisinin yarıdan çoxunun ermənilərə verilməsini həmin o müstəqil Sovet Azərbaycanı yaradan N.Nərimanov imzaladımı?

Yenə məntiqə sığmayan və xalqımızın istiqlal mücadiləsini az qala ləkələyən fikirlər eşidirik:”onsuz da bolşeviklər Azərbaycanı işğal edəcəkdi..bizim onlara gücümüz çatmazdı vəs.”.Bu fikirdən belə anlaşılır ki, deməli biz o Cümhuriyyət və müstəqilliyimiz uğrunda mücadilə etməməli idik?

Yenə alim dostlarımızın az qala “çiçəklənən Nərimanov dövründə,sovet Azərbaycanı”dövründə ölkəni idarə edən,Komunist Partiyasının Mərkəzi Komitəsinə başçılıq edənlər qeyri-azərbaycanlılar deyildimi:Kirov, Polonski, Çikalo, Mirzoyan və s.. Faktları çox sadalamaq olar.Lakin biz bu yazıda günahkar axtarmırıq.Məqsədimiz insanlarımızın ideoloji yanlışığa yuvarlanıb düşməməsidir, hansı düşüncə sisteminin xalqımız üçün əhəmiyyətliliyi faktorunu unutmamasıdır.

Bəs ortalıqda hansı tarixi həqiqətlər var? M. Ə. Rəsulzadə bu xüsusda yazırdı: “Davamız, Azərbaycan davasıdır: bu, tarixi və milli bir davadır. Yuxarıda qeyd etdiyimiz kimi, bu davanın tarixi fikir sahibləri və onları qanlarıyla və canlarıyla tədqis etmiş qəhrəmanları vardır. Bu qəhrəmanlar, sadəcə Milli Şura, Parlamento və ya hökumətə mənsub olan şəxslərə inhisar etməz” (Bax: M.Ə.Rəsulzadə.Azərbaycan davası.”Azərbaycan” jurnalı,Ankara,N2-3,1954, s.5).

M. Ə. Rəsulzadə yazırdı: “İdeoloji mənşəyi etibarı ilə Milli Azərbaycan hərəkatı, Şərqdəki milli qurtuluş ideyaları ilə Qərbdəki kültür və demokratiya cərəyanlarını özündə birləşdirmiş bir hərəkatdır” (Bax: M.Ə.Rəsulzadə.Milli Azərbaycan Hərəkatının xarakteri.”Azərbaycan Yurd bilgisi”, N29,1934,s.163).

Azərbaycan Milli Qurtuluş hərəkatının böyük ideoloqu M. Ə. Rəsulzadə 1920-ci ildə“Azərbaycan təşəkkülündə Müsavat” əsərində yazırdı: “Mən Sizə sizin də yaşadığınız, bərabər içində olduğunuz və özümüz yaşadığımız Tarixdən söhbət edəcəyəm. Bu da Türk Tarixidir. Türk Tarixinin bir parçasıdır” (Bax:M.Ə.Rəsulzadə.”Azərbaycan təşəkkülündə Müsavat”, B.. 1920).

1911-ci ilin oktyabrında yaradılan Müsavat Partiyası milli maraqların və az sonra Azərbaycan istiqlalının ideoloji təbliğatçısına çevrildi.Partiyanın ilk proqramında(8 maddədən ibarət) islam dininə mənsub insanlara yardımın vacibliyi vurğulansa da, Balkan savaşında, Birinci Dünya savaşında Milli mövqedən çıxış edən Müsavatı qardaş Türkiyəyə dəstək olan təşkilat olaraq görürük.

Müsavat Azərbaycan tarixindən təcrid öyrənilə bilməz. Bu tarixin bütün mürəkkəblik və ziddiyyətləri Müsavatın fəaliyyətində öz əksini tapmışdır. M. B. Məmmədzadə yazırdı: “Müsavatın ilk proqramı və bəyannaməsi islami mahiyyətdədir. Burada “ümmət” ilə “millət”, “türklük” ilə “müsəlmanlıq” bir-birindən ayırd edilməmişdir. Qayəsi bütün müsəlman dövlətlərinin istiqlallarını qorumaq və bütün məhkum müsəlman millətlərinin istiqlala qovuşmalarına kömək etməkdir. Balkanlardan, Qafqazdan və Türkstandan Türkiyə, İran və Əfqanıstan üzərinə yürüyən rus imperializminə qarşı bir əks təsir kimi doğan bu təşəkkül taktika etibarı ilə inqilabçı olmuş, rus çarizmini devirmək istəmiş və bu məqsədlə inqilabçı, o zamankı təbirlə “bəşəri” siyasi fikirlərlə və islam millətlərinin istiqlalına xidmət edən başqa müsəlman firqələri ilə ortaq fəaliyyətdə olmuşdur”(Bax: M.B.Məmmədzadə,”Milli Azərbaycan Hərəkatının xarakteri”, B., 1992, s. 5-6).

“Milli Azərbaycan Hərəkatı” kitabında M. B. Məmmədzadə Müsavatın inkişafını cəmiyyətdə baş verən hadisələrlə sıx əlaqəli şəkildə göstərə bilmişdir. Müsavat partiyasının ilkin dövrdəki fəaliyyətini öyrənmək baxımından kitabda zəngin faktlar vardır. Balkan müharibəsində Müsavat Türkiyənin mövqeyini müdafiə edən bəyannamələr yayır, çar Rusiyasının məğlubiyyətinə çalışır.

M. B. Məmmədzadənin “Milli Azərbaycan Hərəkatı” kitabında diqqətli məqamlardan biri də Azərbaycan ictimai fikrində müxtəlif ideya cərəyanlarının mövcudluğunun təhlilidir.

Millətçilər arasından iki cərəyanın – liberallar və inqilabçıalrın mövcudluğunu yazan müəllif, inqilabçı gəncliyin hadisələrdən düzgün istiqamət almağını da qeyd edir. Əslində Müsavatın yaradıcıları olan bu inqilabçı gənclik milli inkişafa mane olan, milli şüurun oyanışını saxlayan çarizmi devirmək istəyində idi. Çarizm qaldıqca millət əsarətdən yaxa qurtarmayacaqdır. Digər fikir cərəyanlarında isə tərəddüdlü müyllərlə rastlaşırıq. M. B. Məmmədzadə yazırdı: “Bu yeni cərəyan rus inqilabçıları ilə əməkdaşlıq taktikasına üstünlük verir və rus kadetləri ilə həmfikir olan ittifaqçıları, xüsusilə bu təşəkkülün lideri və ideoloqu İsmayıl bəyi tənqid edirdi”(Bax: M.B.Məmmədzadə,”Milli Azərbaycan Hərəkatının xarakteri”, B., 1992, s. 27).

Mürtəce mühafizəkarlar, millətçi liberallar və inqilabçı millətçilərin fikir toqquşması sonrakı proseslərdə üçüncünün – inqilabçı millətçilərin haqlı olduğunu göstərdi. Müəllif istər liberalların, istərsə də inqilabçı gəncliyin mövqelərini izah edərkən tarixi həqiqətə sadiq qalır, tədqiqatçı mövqeyinin düzgün prinsiplərini əldə əsas tutaraq göstərir: “Ancaq hadisələr inkişaf etdikcə, aşağıda da görəcəyimiz başqa amillərin təsiri altında milli liberallar rus liberallarından ayrılacaq, milli inqilabçılar isə qəti və büllurlaşmış siyasi bir millətçilik şəklini alacaq və bu iki zümrə biləşərək “Müsavat” firqəsinin istinad etdiyi əsas qüvvələri təşkil etməyə başlayacaqdır” (Bax:M.B.Məmmədzadə,”Milli Azərbaycan Hərəkatının xarakteri”, B., 1992, s. 36).

Bu dövrdə Müsavatın ideoloqu M. Ə. Rəsulzadənin bir başlıca xidməti də xüsusi qeyd olunmalıdır: Türkçülüyün Müsavata gətirilməsi.

1913-cü ildə çarın çarın rəsmi bağışlamasından sonra vətənə qayıdan M. Ə. Rəsulzadə türkçülük istiqamətində böyük işlər aparır. “Dirilik”, “Şəlalə” jurnallarında çap etdirdiyi məqalələrdə milləti ulu kökünə-soyuna çağırışa səsləyir. 1915-ci ildən çap olunan “Açıq söz”ü Rəsulzadə böyük cəsarətlə “türk ədəbi qəzeti” kimi nəşr edirdi (Bax: M.B.Məmmədzadə,”Milli Azərbaycan Hərəkatının xarakteri”, B., 1992, s. 52).

M. Ə. Rəsulzadəyə görə “Dirilik hər şeydən əvvəl bəşəriyyətə fayda verməkdir, ictimai inkişafa təkan vermək, dünya mədəniyyətini zənginləşdirməkdir”.

Sonrakı məqalələrində M. Ə. Rəsulzadə millət anlayışına belə tərif verir: “Milli mədəniyyət və millət dil birliyi, adət və əxlaq birliyi, ənanaşi-tarixiyyə və nəhayət etiqadi-diniyyə birliklərinin məcmuundan mütəşəkkil bir məhsuldur”. Millətin dörd başlıca əlaməti sadalanır: dil birliyi, adət və əxlaq birliyi, tarixi birlik, din və mədəniyyət birliyi; sonralar M. Ə. Rəsulzadə bu konsepsiyasına iki anlayışı da gətirir: milli vicdan və milli iman (milli ideal). M. Ə. Rəsulzadə yazırdı: “Milli vicdan və yaxud milli iman milli dirilikdən əməl arzunun mövcudiyyətindən və onun surəti-hiss və bəyanından hasil olur”.

Milli ideala, milli vicdan və milli məfkurəyə bağlılığın əsil nümunəsini M. Ə. Rəsulzadə başda olmaqla, əksər müsavatçılar sonradan öz fəaliyyətləri ilə sübuta yetirdilər.

Önəmli məsələlərdən biri Müsavatın Azərbaycan istiqlalı uğrunda 1915-1918-ci illərdə apardığı mübarizədir. Bu dövrdə Müsavat kütləni yalnız siyasi cəhətdən maarifləndirməklə, türkçülük fikrini yaymaqla deyil, eyni zamanda “Azərbaycana muxtariyyat” şüarından uzaqlaşıb “müstəqil Azərbaycan” ideyasına inandırmaqla da təbliğat aparırı. Bu dövrdə Müsavatın əsas xidmətlərindən biri də Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi “Türk Ədəmi Mərkəziyyət” partiyası ilə birləşməyə imkan yaratmasıdır. Gəncədə fəaliyyət göstərən “Türk Ədəmi Mərkəziyyət”də 1917-ci ildə birləşən Müsavat daha qətiyyət və inamla istiqlal mübarizəsini davam etdirir. 1917-ci ilin iyun ayının 17-də M. Ə. Rəsulzadənin lideri olduğu Müsavatla, N. Yusifbəylinin başçılıq etdiyi Türk ədəmi-Mərkəziyyət Partiyasının Birləşmə qurultayı keçirilmişdi.
İstiqlalımızın 1918-ci ildə qazanılması baxımından bu çox mühüm hadisə idi. Müsavatın Bakı və Bakı ətrafında, Türk Ədəmi-Mərkəziyyətin isə Gəncə və Gəncə ətrafında təsiri güclü idi. Hər iki təşkilatın birləşməsi sayəsində istiqlal uğrunda yeni güclə mübarizəyə atılan ümumazərbaycan partiyası yaranırdı.

1918-ci ilin mayın 28-də Azərbaycan istiqlalının elanı haqqında qərardan sonra “İstiqlal bəyannaməsi” qəbul edildi.
Milli Şuranın ilk iclasında Azərbaycan İstiqlalının elanı ilə bağlı qərar qəbul edildi. İstiqlal bəyannaməsi (həm “Əqdnamə”, həm də “Misaqi-milli” adlandırılır) altı maddədən ibarət idi.

28 May İstiqlalı millətin varlığını, istiqlal istəyini dünyaya sübut etdi. Bu hadisə bütün Şərq aləmində və bütün türk dünyasında yeni, demokratik prinsiplərə söykənən bir dövlətin qurulduğunu xəbər verirdi. Rus məhkumu türk elləri içində Azadlıq bayrağını ilk dalğalandıran Azərbaycan oldu və 28 May “Azadlığa qovuşan bir insan kütləsinin hürriyyəti simvoluna çevrildi (Bax:K.Arran, “1918 –ci il 28 Mayıs. İstanbul, 1936, s. 4).

1918-1920-ci illərdə Müsavatın fəaliyyətinə aid çoxlu mənbələr, arxiv materialları mövcuddur. “Milli Azərbaycan Hərəkatı” kitabında bu dövrdə Müsavatın fəaliyyəti daha geniş açıqlanır. Azərbaycan istiqlalı naminə bütün vasitələrdən istifadəsi göstərilir. Müsavat birinci Azərbaycan İstiqlal firqəsidir. İctimai nəzəriyyəsinə görə xalqçılıq məsləkinə sadiq, radikal-demokrat bir proqrama malikdir” (Bax: M.B.Məmmədzadə,”Milli Azərbaycan Hərəkatının xarakteri”, B., 1992,, s. 53).
Azərbaycan Milli Qurtuluş hərəkatının böyük ideoloqu, Müsavat Partiyasının yaradıcısı M. Ə. Rəsulzadə 1920-ci ilin işğalından sonra yaşamağa məcbur olduğu xarici ölkələrdə yazdığı kitablarda, nəşr etdiyi dərgilərdə 28 May istiqlalını mühüm hadisə adlandırırdı. Bu münasibətlə yazılarının birində qeyd edirdi: “O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı bu tarixdən etibarən millət olaraq dövlət qurmuş və bu dövlətin istiqlalı uğrunda bütün mövcudiyyəti ilə meydana atılmışdır” .

Azərbaycan vətəndaşlarına 28 May İstiqlalı ilə bağlı N. Yusifbəylinin hökumət müraciətində deyilirdi: “Mayın 28-i böyük və ümumi bir bayram hesab edilməlidir. Bu gündə bilafərq millət hər kəs özünü müsavi hüquqla Azərbaycan vətəndaşı hiss etməlidir. Bu gün ümumcahan millətlərinin ədalət üzrə olan və ixtiyaratının təmin edilən günlərindən biridir”.
Gəncəyə Azərbaycan hökumətinin dəvətilə gələn Nuru Paşanın komandanlığı altındakı qoşun Bakıya hücuma hazırlaşırdı. 1918-ci ilin iyunun 4-də Azərbaycan hökuməti ilə Türkiyə arasında imzalanan anlaşmanın 4-cü maddəsinə görə (yəni Azərbaycanın Türkiyədən kömək istəmək haqqı) bu qoşunlar artıq Gəncədə yerləşirdi (Bax: N.Yaqublu.”Müsavat Partiyasının tarixi”,B.2012,s. 71).

Bakıdakı xəyanətkar qüvvələr mühüm mərkəzi əldən verməmək üçün ciddi müqavimət göstərirdilər. Şaumyanın Leninə göndərdiyi teleqramların məzmunundan aydın olur ki, Bakını əldən verməmək üçün hər xəyanətə əl atılırdı.

1918-ci ilin aprelindən Bakı Xalq Komissarları Sovetinə başçılıq edən, əslində bolşeviklərin yox, ermənilərin məkrli siyasətini həyata keçirən S. Şaumyan bir müddət Bakıda olmuş, 1911-ci ildə tutulub beş illiyə sürgünə göndərilsə də, 1913-cü ildən yenidən Bakıda fəaliyyətə başlamışdır. 1917-ci ilin dekabrın 16 (29)-da V. İ. Lenin S. Şaumyanı Qafqaz İşləri üzrə Müvəqqəti Fövqəladə Komissar təyin etmişdir (Bax:N.Yaqublu.”Müsavat Partiyasının tarixi”,B.2012,s. 72).

Leninə göndərdiyi teleqramlarda S. Şaumyan həyəcanla bildirirdi: “”Tiflisdən alınan bütün xəbərlər göstərir ki, türklər Bakı üzərinə hücuma hazırlaşırlar. Bizə təcili yardım lazımdır” (Bax: N.Yaqublu.”Müsavat Partiyasının tarixi”, B.2012,s. 72).
Nəhayət, 1918-ci ilin sentyabrın 15-də türk qoşunlarının kəskin hücumu ilə Bakı şəhəri alındı. Şəhərin alınması uğrundakı döyüşlərdə çoxlu qurbanlar verildi.

Azərbaycanda ciddi dövlət quruculuğu prosesi başladı.1920-ci ilin yanvarında isə Azərbaycanı 23-ə kimi dövlət de-fakto tanıyırdı.

M. Ə. Rəsulzadə yazırdı: “Cümhuriyyətlərin dövlətlər tərəfindən tanınması Qafqasiyalı xalq kütlələrində böyük bir sevinc doğurdu. Azərbaycan ilə Gürcüstanda xalq günlərlə şadlıq nümayişləri keçirdi” (Bax: N.Yaqublu.”Müsavat Partiyasının tarixi”,B.2012s. 87).

Azərbaycan uğrunda gedən bu savaşlarda isə biz Sosial-demokratların(oxu bplşeviklərin) fəaliyyətində i bu istiqamətlərlə rastlaşmırıq.Çünki onları Azərbaycan istiqlalı qətiyyən maraqlandırmırdı.

1919-cu ilin yayından başlayaraq Azərbaycanda bolşeviklər arasında iş daha da gücləndirilmiş (65), Bakı və Azərbaycan bolşevikləri RK(b)P MK-nın qərarı əsasında 1919-cu ilin dekabrında vahid internasional Azərbaycan Kommunist Partiyası yaradaraq 1920-ci ilin 11 fevralında qurultay keçirdilər (Bax: N.Yaqublu.”Müsavat Partiyasının tarixi”,B.2012, s.100).
Azərbaycanlı bolşeviklər 27 Aprel işğalı ərəfəsində yenə fəallıq göstərirlər. 1920-c i ilin fevralında Bakıda Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının birinci qurultayı keçirildi və qurultay “RK(b)P Bakı Komitəsi, bolşevik “Hümmət” və iranlı fəhlələrin Kommunist Təşkilatı “Ədalət”in vahid təşkilat şəklində birləşməsi haqqında qərar qəbul etdi. Qurultayın qərarında “Kommunizm uğrunda” mübarizənin birliyi xatirinə” birləşmənin zərurəti bildirilirdi (Bax: N.Yaqublu.”Müsavat Partiyasının tarixi”,B.2012 s. 100).

“Qurultay Bakıda dövlət çevrilişinə hazırlıq xətti götürdü. Bu xəttə uyğun olaraq fevralın 17-də yenicə yaranmış AK(b)P MK Çiçerinin təkrar sorğusunu müzakirə edərək, Azərbaycanın müstəqilliyinin tanınmasına heç bir ehtiyac olmadığı qərarını verdi” (Bax:N.Yaqublu.”Müsavat Partiyasının tarixi”,B.2012 s. 101).

1920-ci ilin yanvarında Nəriman Nərimanov Müsavat liderlərindən Nazirlər Şurasının sədri N. Yusifbəyliyə öz qətiyyətsizliyini və Rusiya bolşeviklərinin əmrə tabeçiliyini əks etdirən məktub göndərmişdi: “Möhtərəm Nəsib bəy Yusifbəyov cənabları!.. Bütöv bir xalqın həyatı ilə, qızıl əsgərləri xarüqələr yaradan bütöv bir dövlətin həyatı ilə oynamaq olmaz, amma siz cinayətkarcasına bu cür oynayırsınız...”(Bax:N.Yaqublu.”Müsavat Partiyasının tarixi”,B.2012,s.101).

Azərbaycan İnqilab Komitəsi adından Moskvaya radioqramma göndərildi. Radioqramma belə məzmunda idi: “Hamıya, hamıya. Moskvaya, Leninə. Müstəqil Azərbaycan Sovet Respublikasının müvəqqəti Hərbi – İnqilab Komitəsi Bakı şəhəri inqilabçı proletariatının və Respublika əməkçi kəndlilərinin iradəsi ilə köhnə Müsavat hökumətini xalqın satqını və ölkənin müstəqilliyinin düşməni elan edib. Antanta ilə və Sovet Rusiyasının digər düşmənləri ilə əlaqəni kəsdiyini bildirir” (Bax: N.Yaqublu.”Müsavat Partiyasının tarixi”,B.2012,s.107).

Bu “şad xəbər”in altından imza edənlər isə aşağıdakılardır: N. Nərimanov, M. D. Hüseynov, Q. Musabəyov, Ə. Qarayev.
Azərbaycanda Sovet hakimiyyətinin elan olunmasının ertəsi günü – Aprelin 29-da V. İ. Lenin şüşə-çini istehsalı fəhlələrinin Ümumrusiya qurultayında bildirirdi: “Dünən Bakıdan aldığımız bir xəbər göstərir ki, Sovet Rusiyasının vəziyyəti yaxşılaşmaqdadır. İndi bizim bütün sənayemizi canlandıra biləcək bir iqtisadi bazamız vardır”.

(Diqqət edirsinzsə Lenin müstəqil Sovet Azərbaycanından danışmır,”mütəqil iqtisadi bazanın” ələ keçirilməsindən danışır)
Müsavatçılar sonrakı fəaliyyəti dövrlərində 27 Apreli – Azərbaycanın qara və matəm bir günü kimi qeyd edəcəkdilər. Azərbaycanın istiqlalı və azadlığına son qoyulan bu gün haqqında müsavatçıların çoxlu sayda yazıları çap olunacaqdı. M. Ə. Rəsulzadə sonralar yazırdı: “Qanlı çar istibdadının yerini bu dəfə ondan daha qanlı bolşevik istibdadı tutdu. Beləliklə, azadlıq istiqlalımız qızıl istilaçıların ayaqları altında əyildi” (Bax: N.Yaqublu.”Müsavat Partiyasının tarixi”,B.2012s. 108).

Azərbaycan işğalına qarşı xalqımızın ciddi müqaviməti oldu.Azərbaycanda baş verən çoxlu sayda silahlı üsyanlar bunu təsdiq etdi.1920-ci illərdə 150-dən çox silahlı oldu və amnsız bolşevik rejimi bunu qəddarlığla yatırdı.

1920-1923-cü illərdəki Azərbaycan mühitinə bir qədər də geniş diqqət yetirək. Çünki, Azərbaycanın istiqlalçıları bolşeviklərə asanlıqla təslim olmamış, bu yolda minlərlə yurddaşımız Vətən azadlığı yolunda özünü şəhid etmişdir. Bu illər Azərbaycanda qanlı icraat rejiminin ən təhlükəli dövrüdür. Yalnız: “...1921-ci ilə qədər ancaq hərbçilərdən 12 general, 27 polkovnik və podpolkovnik, poruçik və podporuçik, 146 proporşik, 266 nəfər başqa işçilər güllələnmişlər. 1920-ci ilin aprelin 28-dən 1921-ci ilin avqustuna qədər Azərbaycanda 48 min adam qırmızı terrorun qurbanı oldu” (Bax: N.Yaqublu.”Müsavat Partiyasının tarixi”,B.2012 s. 121).

M. Ə. Rəsulzadə yazırdı: “Azərbaycanın həqiqi diktatoru, cəlladbaşı Pankratov idi. Pankratovun əmri fövqündə bir əmr yox idi” (Bax: N.Yaqublu.”Müsavat Partiyasının tarixi”,B.2012 s. 122). Pankratov On birinci ordunun Siyasi şöbəsinin rəisi idi. Ümumiyyətlə isə Azərbaycanda üç qanlı təşkilat fəaliyyət göstərirdi: 1. XI ordunun, Pankratovun başçılığında olan Xüsusi şöbəsi – “Osobı otdel”.2. “Azərbaycan ÇK-sı”.3. XI ordunun inqilabi tribunası.

Bu təşkilatların içərisində ən qorxulusu “Osobı otdel” idi. Çünki, “Osobı otdel” sorğusuz-sualsız istədiyi adamı güllələmək, öldürmək hüququna malik idi. Yalnız 1920-ci ilin avqustunda AK(b)P MK Siyasi Bürosunun iclasında XI ordunun Xüsusi şöbəsinin AK(b) MK Siyasi Bürosunun xəbəri olmadan heç bir ölüm hökmü çıxarmamaq təklifi verilmişdi.

Qızıl Ordu qərargahının həmin ildə əsgərlərə göndərdiyi şifrəli (N 6) teleqramdakı “təlimat”ına baxaq: “Döyüşdə inadkar və cəsarətli ol!.. Bil ki, sən Sovet hökumətini qurursan”.

Azərbaycanda Pankratovun başçılığı altında olan “Osobı otdel”də çoxlu ermənilər fəaliyyət göstərir və imkandan istifadə edib Azərbaycan türklərindən qisas alırdılar. A. Mikoyan Bakıdakı yüksək işlərdə onların mənəvi dayağına çevrilmişdi.

Azərbaycan işğalına qarşı xalqımızın ciddi müqaviməti oldu.Azərbaycanda baş verən çoxlu sayda silahlı üsyanlar bunu təsdiq etdi.1920-ci illərdə 150-dən çox silahlı oldu və amnsız bolşevik rejimi bunu qəddarlığla yatırdı.

Sovet rejiminə qarşı ən böyük üsyanlardan biri Gəncədə oldu.Bu üsyanda on minə qədər gəncəli həlak oldu.Lakin səkkiz minə qədər də rus əsgəri məhv edildi. üsyanlardan biri

Gəncədə günahsız xalqın qanı axıdılanda Nəriman Nərimanov Moskvaya aşağıdakı məzmunda məktub göndərmişdi: “Əziz Vladimir İliç! Gəncə üsyanı zamanı köhnə Azərbaycan ordusunun bütün zabitləri həbsə alınmışdı. Müsavatçıları görməyə gözləri yoxdur... Sovet Rusiyası olmadan Azərbaycan yaşaya bilməz... Onlar Rusiyanı sevirlər... Kommunist salamı ilə N. Nərimanov” (Bax: N.Yaqublu.”Müsavat Partiyasının tarixi”,B.2012,s.130).

Hələ 1919-cu ildə böyük öndər, müstəqil və demokratik Azərbaycan dövlətinin banisi Məhəmməd Əmin Rəsulzadə deyirdi: “Azərbaycanın özündə də Müsavatın rolu bitməmişdir. Azərbaycanın böyük bir vəzifeyi-tarixiyyəsi vardır. Bu vəzifə müasir bir Türk və İslam Cümhuriyyəti olacaq məmləkətimizə mədəniyyətən və idarətən digər türk ölkələrinə örnək olacaq bir nümunəni ortaya qoyur. Bunun üçün nə bolşevik ocağında yanmaq, nə ittihadi islam qazanında qaynamaq lazım, bu vəzifənin hüsnü ifasına bais olacaq qüvvət ancaq Azərbaycan türkçülüyünün ruhundan doğacaq. Bu ruhu da yalnız Türk məfkurəsi və demokratik bir ideal üzərinə müəssis olan xalqçı firqə bacara bilər. Belə bir firqə isə yalnız milli-demokratik məsləki üzərində daimi olar. Öylə bir firqə Azərbaycan mühitində yalnız Müsavatdır. Müsavatdan başqa belə bir firqə hələ doğulmamışdır” (Bax: N.Yaqublu.”Müsavat Partiyasının tarixi”,B.2012,s.309).

1936-cı ildə M.Ə.Rəsulzadənin başçılığı ilə Polşada, Varşavada keçirilən konfransda “Yeni Proqram Əsasları” qəbul edildi və Müsavatçılığın daxili məzmunu qısa və yığcam şəkildə belə izah olunub: “Müsavatçılıq böyük türk kültürünə bağlı, milli, mədəni və insani dəyərləri mənimsəyən, hürriyyət, cümhuriyyət və istiqlal idealına sadiq Azərbaycan vətənsevərliyidir.
Böyük türklüyə mənsub bir məmləkət olması səbəbi ilə Azərbaycan digər türk elləri ilə kültürəl surətdə bağlıdır. Bu bağlılığın bundan əvvəl olduğu kimi bundan sonra dəxi qorunmasını müsavatçılıq ciddiyyətlə müdafiə edir” (Milli Azərbaycan Müsavat Xalq Firqəsinin Yeni Proqram əsasları.Varşava, 1936, s. 4).

16470944166153637390_1200x630.jpg (240 KB)

Nəsiman YAQUBLU,
tarix elmləri doktoru

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR