İnsanlara hürriyət, millətlərə istiqlal!

Neftin qiyməti 120 dolları keçdi - Azərbaycanın gəlirləri artır, büdcəyə yenidən baxılır

1329 07.06.2022 08:40 İqtisadiyyat A A

Ekspert: “Ölkədə əmək haqqı və pensiyaların yenidən artırılması zəruridir”

Dünya neft bazarında qiymətlər 120 dollardan yuxarı qalxıb. Buna səbəb bazarın ən böyük oyunçularından olan Səudiyyə Ərəbistanının əksər müştərilər üçün neftin qiymətini gözləniləndən daha çox artırmasıdır. Belə ki, Səudiyyənin milli neft şirkəti olan “Saudiy Aramco” iyunun 5-də Asiya, Şimal-Qərbi Avropa və Aralıq dənizindəki müştərilərinə iyuldan etibarən Arab Light neftinin bir barelində 2,1 dollar artım edildiyinə dair xəbərdarlıq göndərib. ABŞ-a satılan neftin qiymətində isə dəyişiklik olmayacaq. Bundan əvvəl analitiklər Arab Light neftinin 1,5 dollar bahalaşacağını proqnozlaşdırmışdılar. Səudiyyənin qərarından sonra Arab Light nefti Oman və Dubay neft səbətindən 6,5 dollar baha satılacaq.

Səudiyyə Ərəbistanının bu qərarını bazar iştirakçıları yaxınmüddətli dövrdə neft qiymətlərində artım baş verəcəyinin əlaməti kimi qiymətləndiriblər. Belə ki, yay mövsümü həmişə turist səfərlərinə görə yanacağa tələbatın kəskin artdığı, həmçinin kondisionerlərdən istifadənin pik həddə çatdığı dövr olduğuna görə neft qiymətlərinə artırıcı təsir göstərir. Bundan əlavə, artıq Çində koronavirus pandemiyasına görə tətbiq olunan məhdudiyyətlərin çoxu aradan qaldırılıb ki, bu da neftə tələbatı artırır. Avropa İttifaqının embarqo və Rusiya nefti ilə ticarəti məhdudlaşdıracaq qərarlar bazarda təklifin azalmasına gətirib çıxarmaqdadır. Artıq Avropa ölkələri Rusiya neftinə əvəz tapmaq üçün fəaliyyətlərini genişləndiriblər. Fransa artıq Birləşmiş Ərəb Əmirlikləri ilə danışıqlara başlayıb. Ölkənin iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer bildirib ki, Rusiya neftini əvəzləmək üçün BƏƏ ilə müzakirələr aparırlar. Onun sözlərinə görə, Fransa həmçinin Rusiya qazının əvəz edilməsi üzərində işləyir. Xatırladaq ki, Avropa İttifaqı ölkələrinin Rusiya neftinin alışını dayandırmaq üçün 6 ay, neft məhsullarının alışını dayandırmaq üçünsə 8 ay vaxtları var.

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Azərbaycana təşəkkür edib

Beynəlxalq Enerji Agentliyinin(BEA) rəhbəri Fateh Birol bəyan edib ki, yay aylarında Avropa neft çatışmazlığl ilə üzləşə bilər. Bunun qarşısını almaq üçün BEA 10 bənddən ibarət plan hazırlayıb. Bu plan qısa müddətdə neft istehlakını azaltmağa imkan verəcək. Planda iri şəhərlərdə bazar günləri avtomobillərin hərəkətinin məhdudlaşdırılması, ictimai nəqliyyatda gediş haqlarının minimuma salınması, magistral yollarda sürət həddinin aşağı salınması kimi təkliflər əksini tapır.

F.Birol əlavə edib ki, zəruri halda BEA üzvü olan ölkələr öz strateji ehtiyatlarından daha böyük həcmdə nefti bazara çıxarmağa hazırdırlar. BEA rəhbəri həmçinin bazarda qiymətləri salmaq imkanında olan 3 faktoru göstərib: Çində neftə tələbatın azalması, İranla atom silahı danışıqlarının uğurlu gedişi və Səudiyyə Ərəbistanının hasilatı artırması.

ABŞ və Avropa İttifaqı neft təklifinin artırılması yolları üzərində işləyirlər. Artıq ABŞ-ın iki şirkətə Venesueladan neft ixracı icazəsi verdiyinə dair məlumatlar yayılıb. Bundan əlavə, Co Bayden administrasiyasının ölkə daxilində yanacaq qiymətlərini aşağı salmaq üçün İrandan gizli neft ixracının artması faktına müvəqqəti də olsa göz yumacağı proqnozlaşdırılır. Hesab edilir ki, ölkədə baş tutacaq ara seçkilərdə seçicilərin səsini qazanmağa çalışan Bayden hökuməti yanacaq qiymətlərinin aşağı salınmasında xüsusilə maraqlıdır. Lakin analitik mərkəzlər ən azı 2022-ci ilin sonunadək neft qiymətlərində ciddi ucuzlaşmanın baş verəcəyini gözləmirlər. Hətta OPEK+ ölkələrinin iyul-avqustda hasilatı daha çox artırmaq qərarı da təklifin ciddi artımına gətirməyəcək, çünki sanksiyalar üzündən Rusiyanın getdikcə daha çox nefti bazardan çıxacaq.

Dünya bazarında neft qiymətlərinin yüksək olması bu məhsulun satıcısı olan Azərbaycanın maraqlarına cavab verir. Belə ki, ölkəni 2022-ci il üzrə dövlət büdcəsi neftin 50 dollarlıq qiymət həddi ilə hesablanıb. Hazırda qiymətlər bundan 2,3 dəfə yüksəkdir. Qiymətlərin belə yüksək olması nəticəsində bu ilin yanvar-may ayları ərzində Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, ötən ilin yanvar-ma ayları ilə müqayisədə 1 milyard 997,8 milyon dollar və yaxud 2,07 dəfə çox -  3 milyard 828 milyon dollar məbləğində gəlir əldə edib. 2021-ci ilin yanvar-may aylarında ARDNF-in AÇG-dən əldə etdiyi gəlir 1 milyard 850,2 milyon dollar olmuşdu.

Dövlət Neft Fondunun aktivləri artıb

Dövlət Neft Fondu 2022-ci il yanvar-may aylarında (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından 526,537 milyon dollar həcmində gəlir əldə edib. Bu, 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə 464,361 milyon dollar və ya 8,5 dəfə çoxdur. 2021-ci ilin 5 ayında ARDNF-in “Şahdəniz” yatağı üzrə əldə etdiyi gəlirin həcmi 62,176 milyon dollar təşkil edib. Bu ilin 5 ayı ərzində Dövlət Neft Fonduna daxil olan vəsaitlərin 144,522 milyon dolları kondensatın payına düşüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 87,391 milyon dollar və ya 2,53 dəfə çoxdur.

Artıq Azərbaycan hökuməti əlavə gəlirlərin çoxalmasını nəzərə alaraq 2022-ci il üzrə dövlət büdcəsinə yenidən baxmaq qərarına gəlib. Aydın məsələdir ki, gəlirlərin artımı şəraitində büdcədə bir sıra istiqamətlərə ayrılan vəsaitlərin həcminin çoxaldılması baş verəcək. Bəzi mənbələr işğaldan azad olunmuş ərazilərin bərpasına ayrılan vəsaitlərin artırılacağını bildirirlər.

Azərbaycan əhalisi isə Ukraynadakı müharibə səbəbilə sürətlənən inflyasiya şəraitində sosial müdafiəsinin gücləndirilməsini daha çox gözləyir. Belə ki, ötən ildən başlayan qiymət bahalaşması Rusiyanın Ukraynaya hücumundan sonra daha da sürətlənib. Bir sıra ölkələrdə, o cümlədən yaxın qonşularımız və əsas ticarət tərəfdaşlarımızdan olan İran, Türkiyə və Rusiyada yüksək inflyasiya qeydə alınmaqdadır. Məsələn, Türkiyədə may ayında illik inflyasiya 73,50 faizə qədər yüksəlib. İranda artıq inflyasiyanın səviyyəsinə dair hesablamaların nəticələrinin açıqlanması dayandırılıb. Rusiyada illik inflyasiya 20 faizə yaxınlaşır.

Bütün dünyada ən çox bahalaşma enerjidaşıyıcılarından sonra ərzaq məhsullarında qeydə alınır. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının hesablamalarına əsasən 2022-ci ilin may ayında qlobal ərzaq qiymətlərində 0,6 faiz azalma qeydə alınıb. Mayda qlobal ərzaq qiymətləri indeksi 157,4 bənd təşkil etməklə apreldəki göstəricidən 0,9 bənd aşağı olub. Lakin iki aydır azalma müşahidə olunsa da, qlobal ərzaq qiymətləri indeksi 2021-ci ilin eyni dövründəki səviyyədən 29,2 bənd (22,8 faiz) yüksək olaraq qalır. May ayında ərzaq qiymətindəki azalmaya gətirən əsas faktorlar bitki yağları, süd məhsulları və qismən də şəkərin ucuzlaşmasıdır.

Bakı Xəbər - İctimai Siyasi Qəzet

Ay ərzində bahalaşma taxıl məhsulları və ət qiymətlərində müşahidə olunub. Belə ki, mayda taxıl qiymət indeksi 173,4 bənd təşkil etməklə aprel göstəricisindən 3,7 bənd və ya 2,2 faiz, ötən ilin eyni dövründəkindən isə 30,7 bənd və ya 29,7 faiz yüksək olub. Bu zaman buğdanın qiymətindəki artım dördüncü aydır ki, davam edir. 56,2 bənd təşkil edən bu qiymətlər 2008-ci ildəki rekord səviyyədən cəmi 11 faiz aşağıdır. Bu artıma səbəb Hindistandan ixracın dayandırılması, həmçinin bir sıra istehsalçı ölkələrdə az məhsul gözləntiləri və Ukraynadan ixracdakı problemlərdir.

Qlobal ət qiyməti indeksi keçən ay 122 bənd təşkil etməklə aprellə müqayisədə 0,6 bənd (0,5 faiz) artıb. Bu artıma səbəb quş ətinin qiymətindəki kəskin bahalaşmadır. Bahalaşmanın səbəbi isə Ukraynadan yem və quş əti ixracının kəskin azalması, həmçinin Avropa və Yaxın Şərqdə quş qripi hallarının artmasıdır.

FAO-nun qlobal şəkər qiymətləri indeksi may ayında apreldəkindən 1,3 bənd və ya 1,1 faiz aşağı olmaqla 120,3 bənd təşkil edib. İki aylıq kəskin bahalaşmadan sonra şəkər qiymətlərindəki enməyə xüsusilə Hindistandakı rekord məhsul səbəbi ilə qlobal təklifin artımı səbəb olub. Süd məhsulları isə mayda 3,5 faiz ucuzlaşıb. Səkkiz aylıq davamlı artımdan sonra bu, ilk azalmadır.

Azərbaycanda şəkərin qiyməti ən çox bahalaşan ərzaqların siyahısına keçib

Ukraynadan taxıl məhsullarının ixracının qaydasına düşmədiyi müddətdə qlobal ərzaq qiymətlərindəki bahalaşmanın davam edəcəyi gözlənilir. Belə şəraitdə Azərbaycanda əhalinin mənafeyinin qorunması məqsədilə yeni sosial paketin icrası təklif edilir.

İqtisadçı-ekspert Pərviz Heydərovun “Yeni Müsavat”a dediyinə görə, indiki qlobal börhan vəziyyətindən Azərbaycan təbii sərvətləri hesabına demək olar ki, itkisiz çıxacaq: “Neftimiz olmasaydı, bizim bu yüksək inflyasiya şəraitində halımız heç də yaxşı olmazdı. Çünki neft qiymətləri birbaşa və dolayı yollarla bütün məhsulların qiymətində təyinedici indikator rolunu oynayır. Bizim neft ixracatçısı olmağımız böyük həcmdə əlavə gəlir əldə etməyimizə səbəb olub. Azərbaycan hökuməti bu gəlirlərin bölüşdürülməsi üçün haqlı olaraq dövlət büdcəsinə yenidən baxmaq qərarına gəlib”.

Pərviz Heydərov: “İranla yeni iqtisadi əlaqələr qurulacaq” -

Pərviz Heydərov

Ekspert hesab edir ki, dövlət büdcəsinə dəyişiklik olunarkən ölkədəki yüksək inflyasiyanın əhalinin sosial-iqtisadi durumuna təsirləri nəzərə alınmalıdır: “Mən hələ yanvar ayında qeyd etmişdim ki, ilin ortalarında yenidən ölkədə növbəti sosial paketin icrasına ehtiyac yaranacaq. Onda hələ inflyasiyanın bu qədər sürətlənəcəyi gözlənilmirdi. Ukraynadakı müharibə bunu şərtləndirdi. Buna görə də düşünürəm ki, işğaldan azad olunan ərazilərin bərpası ilə yanaşı, əhalinin inflyasiyanın yediyi gəlirlərinin kompensasiya edilməsi də gündəmdə olmalıdır. Bu zaman minimum əmək haqqı səviyyəsi 350 manata qaldırıla bilər. O cümlədən minimum pensiya məbləğinin də indiki 240 manatdan ən azı 260 manata qədər artırılması mümkündür. Dövlət büdcəsinin əldə etdiyi əlavə gəlirlər buna imkan verir”.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR