İnsanlara hürriyət, millətlərə istiqlal!

Neftin iqtisadi artıma mənfi təsirini necə kompensasiya edək - təhlil

719 22.06.2023 09:15 İqtisadiyyat A A

Neft hasilatında azalmanın iqtisadi artıma mənfi təsirlərini qeyri-neft-qaz sektorundakı sürətli inkişaf neytrallaşdıra bilər

Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən bu ilin yanvar-may aylarında ölkədə 49 milyard 580,8 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz artım deməkdir.

Komitənin hesablamalarına görə, 5 ayda Azərbaycanda iqtisadiyyatın neft-qaz sektorunda məhsul istehsalı 2,5 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4 faiz artıb. ÜDM istehsalının 45,5 faizi sənaye, 9,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,5 faizi tikinti, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 17,9 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,5 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 4890,6 manata bərabər olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə Azərbaycanın qeyri-neft sektorunda 9,6 faizlik iqtisadi artım qeydə alınmışdı. Bu, son illərdə qeydə alınan ən yüksək artım səviyyəsi idi. Belə yüksək artımın əsas səbəbi müqayisə bazası olan 2021-ci ildə iqtisadiyyatın COVİD məhdudiyyətlərinə görə zəif artım nümayiş etdirməsi idi. Cari ildə qeyri-neft sektorunda məhsul istehsalının daha aşağı sürətlə artımının bir səbəbi isə müqayisə bazasının ötənilki yüksək göstərici olmasıdır.

2023-cü ildə, ümumiyyətlə, ölkədə milli məhsul istehsalının artım sürəti aşağıdır. 2022-ci ilin may ayında 11 milyard 312,7 milyon manatlıq ÜDM istehsalı olubsa, bu ilin mayında cəmi -9 milyard 594,3 milyard manatlıq istehsal qeydə alınıb. Nəzərə alsaq ki, 2022-ci ilin iyun-dekabr aylarında aylıq ÜDM istehsalı daha yüksək olub, onda növbəti aylarda ÜDM-in artımını deyil, azalmasını müşahidə edəcəyimizi söyləyə bilərik. Belə ki, 2022-ci ilin iyun ayı ərzində Azərbaycanda 12 milyard 496,9 milyon manatlıq, iyulda 10 milyard 790,8 milyon manatlıq, avqustda 10 milyard 725,2 milyon manatlıq, sentyabrda 13 milyard 197,4 milyon manatlıq, oktyabrda 12 milyard 950, 4 milyon manatlıq, noyabrda 10 milyard 417,6 milyon manatlıq, dekabrda 12 milyard 380 milyon manatlıq ÜDM istehsalı qeydə alınıb.

Qeyd edək ki, 2022-ci ilin payızında Azərbaycan hökuməti cari il üçün 2,8 faizlik ÜDM artımı proqnozlaşdırmışdı. Lakin cari ilin dövlət büdcəsinə dəyişikliklər layihəsi açıqlananda məlum oldu ki, hökumət öz proqnozlarına yenidən baxıb. Layihədə qeyd olunur ki, İqtisadiyyat Nazirliyi dünyada gedən qlobal iqtisadi və geosiyasi proseslər, enerjidaşıyıcılarının qiyməti, 2022-ci ilin faktiki nəticələri və cari il üzrə müşahidə olunan tendensiyaları nəzərə alaraq, 2023-cü il üzrə makroiqtisadi proqnozlarında dəyişiklik edib. Belə ki, bu il ölkədə iqtisadi artımın 2,7 faiz deyil, 1,8 faiz olacağı gözlənilir. 

Standard & Poors подтвердило рейтинги Азербайджана на уровне BB+/B

Xatırladaq ki, "Standard & Poors" Beynəlxalq Kredit Reytinq Agentliyi 2023-cü il üzrə Azərbaycanın real ümumi daxili məhsulunda (ÜDM) artım olmayacağını, 2024-2026-cı illərdə isə artımın 1,4 faiz səviyyəsində olacağını proqnozlaşdırıb: “Biz Azərbaycanın real ÜDM-nin 2023-cü ildə durğunlaşacağını proqnozlaşdırırıq ki, bu da əvvəlki dekabr 2022-ci il proqnozumuza uyğundur. 2023-cü ildə qeyri-neft sektoru böyüməyə davam etsə və qaz hasilatında müəyyən artım olsa da, neft hasilatının aşağı salınması bir maneə olacaq. Neft hasilatının azalması ortamüddətli perspektivdə artıma təsir göstərməyə davam edəcək və biz 2024-2026-cı illər ərzində orta real artımın 1,4 faiz olacağını proqnozlaşdırırıq”.

Agentliyə görə, bu il Azərbaycanın nominal ÜDM-i 77 milyard dollar(2022-ci ildə 79 milyard dollar olub), 2024-cü ildə 81 milyard dollar, 2025-ci ildə 84 milyard dollar, 2026-cı ildə 87 milyard dollar təşkil edəcək.

Dünya Bankı (DB) da 2023-cü ildə Azərbaycanın real ümumdaxili məhsulunun (ÜDM) artımı ilə bağlı proqnozunu yeniləyib. Dünya Bankının qlobal iqtisadiyyata dair hesabatında qeyd olunur ki, bu il Azərbaycanda iqtisadiyyatın artımı 2,2 faiz təşkil edəcək. Bu isə Dünya Bankının 2023-cü ilin yanvar proqnozu ilə müqayisədə 0,6 faiz azdır. Dünya Bankı həmçinin 2024-cü ildə Azərbaycan iqtisadiyyatının ötən proqnoza nisbətən 0,1 faiz az, yəni 2,1 faiz artacağını gözləyir. Hesabata görə, 2025-ci ildə Azərbaycanda real ÜDM-in artımı 2,6 faizə yüksələcək: “Ortamüddətli perspektivdə Azərbaycanda iqtisadi artım ehtimal ki, böyük həcmli investisiyalar (o cümlədən Avropa İttifaqının vasitəçiliyi ilə bağlanmış bir neçə enerji sövdələşməsi fonunda), eləcə də Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının həyata keçirilməsi üçün dövlət xərclərinin artması ilə dəstəklənəcək. 2023-cü ildə iqtisadi artımın 2,2 faiz təşkil edəcəyi gözlənilir. Ortamüddətli perspektivdə artımın struktur islahatları olmadan orta hesabla 2,5 faiz səviyyəsində olacağı proqnozlaşdırılır”.

Dünya Bankına görə, Azərbaycanın qeyri neft-qaz sektorunda artım iki illik sürətli artımdan sonra “COVİD-19" pandemiyasından əvvəlki dinamikaya yaxınlaşıb və onun sürətinin 5,2 faizə qədər azalacağı gözlənilir. Qurum ekspertləri qeyd edirlər ki, qeyri-neft sektorunda artım əsasən yenidənqurma işləri ilə bağlı xidmətlər və tikinti ilə bağlı olacaq. Bu da güclü dövlət sərmayəsinin xidmət və tikinti sektoruna yönəldilməsi ilə bağlıdır. Bank həmçinin kənd təsərrüfatı üzrə artımın real ÜDM-də payının 2023-cü il üzrə 3,2 faiz, 2024 və 2025-ci illər üzrə 3 faiz proqnozlaşdırdığını açıqlayıb. Qeyd edək ki, ötən il üzrə bu rəqəm 3,4 faiz təşkil edib.

Bank hesabatında Azərbaycanda sənaye artımı bu il 0,5 faiz, 2024-cü ildə 1 faiz, 2025-ci il üzrə 1,2 faiz müəyyən edilib. Xidmət sektorunda isə bank 2023-cü ildə 4,7 faiz, 2024-cü ildə 4,5 faiz, 2025-ci ildə 4,6 faiz artım gözləyir.

Azərbaycan hökuməti qeyri-neft sektorunun artım sürəti ilə bağlı Dünya Bankından daha pessimist yanaşma nümayiş etdirir. İqtisadiyyat nazirinin müşaviri Xəqani Abdullayevin verdiyi məlumata görə, optimisit ssenari ilə Azərbaycanın qeyri-neft sektoru üzrə iqtisadi artımı 5 faiz civarında proqnozlaşdırılıb: “Qlobal iqtisadi vəziyyət və bununla bağlı imkanlardan, o cümlədən regionun nəqliyyat tranzit imkanlarından, Orta Dəhlizlə bağlı fürsətlərdən daha sürətlə istifadə edilsə, Azərbaycanın iqtisadi artım templəri daha yüksək ola bilər”.

nazir-mushaviri-bu-il-qeyri-neft-sektoru-uzre-iqtisadi-artimi-5-civarinda-proqnozlashdirmishiq

Xəqani Abdullayev həmçinin “Standard & Poor’s” Beynəlxalq Kredit Reytinq Agentliyinin Azərbaycanda bu il üzrə 0% iqtisadi artım proqnozlaşdırmasına da münasibət bildirib. O deyib ki, İqtisadiyyat Nazirliyinin daha optimist yanaşması var. Bu yanaşma da real qiymətləndirmələrə əsaslanır: “Bizim əlimizdə real qiymətləndirmələr var. Sahəvi qurumların hamısı ilə əməkdaşlıq edirik. İllik iqtisadi artım proqnozlarını demək olar ki, aylıq rejimdə dəqiqləşdiririk. Strategiya ilə bağlı da tədbirlər müəyyən edilib. Proqnozların arxasında fəaliyyətlər və məsuliyyət dayanır.”

Ümumi iqtisadi artımla bağlı proqnozlara gəlincə, nazir müşaviri deyib ki, bunun üçün neft-qaz hasilatı ilə bağlı müəyyən dəqiqləşmələrə ehtiyac var.

Rəsmi statistikaya əsasən, bu ilin yanvar-may ayları ərzində Azərbaycanda əmtəəlik neft hasilatı 12,7 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 15,3 milyard kub metr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 2,9 faiz artıb. Göründüyü kimi, Azərbaycan ÜDM-də əsas paya malik olan neft hasilatında ciddi azalma var, ilin sonunadək onun daha da sürətlənəcəyi gözlənilir. Hasilatla yanaşı, dünya bazarında neft qiymətləri də keçənilki ilə müqayisədə kəskin azalıb. Belə ki, 2022-ci ildə Azərbaycanın dünya bazarına çıxardığı “Azeri Light” markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. SOCAR-ın açıqladığı məlumata əsasən, bu ilin birinci rübündə orta qiymət 84,8 dollara bərabər olub. Nəzərə alsaq ki, neft qiymətləri ikinci rüb ərzində çox qısa müddətdə 80 dollardan yuxarı olub, onda ikinci rübdə orta qiymətin 80 dollardan aşağı olacağını deyə bilərik. Beynəlxalq analitik mərkəzlərin proqnozlarından aydın olur ki, cari ilin sonunadək qlobal neft qiymətlərində ciddi artım ehtimalı demək olar ki, mövcud deyil. Bu isə azalan hasilat və qiymət şəraitində neft sektorunun Azərbaycanın ümumi iqtisadi artımına mənfi təsirinin daha da artacağı deməkdir. Qaz hasilatındakı 2-3 faizlik artım bu təsiri kompensasiya edə bilməyəcək.

Qeyri-neft sektoruna gəlincə, burada mövcud baza ilə ilin sonunadək 5 faizdən yuxarı artıma nail olunması real görünmür. Bu sektorda artımı sürətləndirə biləcək əsas amil quru sərhədlərin açılması və ölkəyə gələn turist sayının kəskin artımı ola bilər. Hələlik hökumətdən bununla bağlı hər hansı rəsmi mövqe ortaya qoyulmayıb.

Orta və uzunmüddətli dövrdə Azərbaycanda neft hasilatında azalmanın iqtisadi artıma mənfi təsirlərini qeyri-neft-qaz sektorundakı sürətli inkişaf neytrallaşdıra bilər. Lakin belə sürətli inkişaf  üçün zəruri bünövrə indi deyil, ən azı 2-3 il əvvəldən qoyulmalı idi, lakin qoyulmayıb...

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR