İnsanlara hürriyət, millətlərə istiqlal!

Neftin azalması Azərbaycana möhtəşəm fürsətlər yaradır: hələ vaxt var...

3401 13.07.2024 09:00 İqtisadiyyat A A

Ölkə iqtisadiyyatında şaxələnməyə nail olunması baxımından mühüm fürsət

Dünya bazarında neft qiymətlərinin bir neçə həftə ardıcıl 85 dolların üzərində qalması analitik mərkəzlərin qara qızıla tələbatla bağlı proqnozlarının dəyişməsi ilə müşayiət olunur. Neft  bazarı ABŞ-dan inflyasiya və işsizliklə bağlı gələn pozitiv siqnalların təsiri ilə müsbət əhvala köklənir. Hesab olunur ki, inflyasiyanın və işsizliyin azalması Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini azaltmağa başlamasına, bu isə öz növbəsində ABŞ iqtisadiyyatında aktivliyin artmasına, neftə tələbatı yüksəltməsinə səbəb olacaq.

Bu günlərdə Beynəlxalq Enerji Agentliyi (IEA) 2024-2025-ci illər üçün gündəlik qlobal neft tələbi üzrə proqnozunu açıqlayıb. Agentliyin aylıq hesabatına əsasən 2024-cü ildə orta gündəlik qlobal neft tələbatı 974 min barel (öncəki proqnoz - 962) artaraq, 103,06 milyon barel (öncəki proqnoz - 103,2 milyon barel) təşkil edəcək.

Hesabatda qeyd olunur ki, gələn il gündəlik qlobal neft tələbatı 979 min barel (öncəki proqnoz - 1,03 milyon barel) artaraq, 104,04 milyon barel (öncəki proqnoz - 104,23 milyon barel) təşkil edəcək.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) da 2024-2025-ci il üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu yeniləyib.Təşkilatın aylıq hesabatında yer alan proqnoza əsasən, gələn il qeyd olunan göstəricinin 106,31 milyon barel olacağı proqnozaşdırılır (proqnoz dəyişməyib), bu da 2024-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 1,85 milyon barel çoxdur.

OPEC bu il üçün qlobal neft tələbatının 104,46 milyon barel (proqnoz dəyişməyib) səviyyəsində olacağını proqnozlaşdırır, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 2,25 milyon barel artım deməkdir.

OPEC-ə görə, cari il OPEC+ razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 52,98 milyon barel olacaq. Bu, öncəki proqnoz göstəricidən 0,01 milyon barel,  2023-cü ilin göstəricisi ilə müqayisədə 1,23 milyon barel çoxdur.

Proqnoza əsasən, 2025-ci ildə “OPEC+”a daxil olmayan ölkələrdə gündəlik neft hasilatı 54,08 milyon barel olacaq (öncəki proqnoz göstəricisindən 0,02 milyon barel çoxdur), bu da illik müqayisədə 1,1 milyon barel artım deməkdir.

Ölkəmiz “OPEC+” əməkdaşlıq modelinin nüfuzlu tərəfdaşıdır

Britaniyanın neft və qaz şirkəti BP qlobal neft tələbinin bu onilliyin sonuna qədər eyni səviyyədə qalacağını, sonra isə azalmağa başlayacağını gözləyir. Musavat.com xəbər verir ki, bu proqnoz BP-nin dərc etdiyi enerji bazarlarının illik icmalında əksini tapıb.

Şirkətin gözləntilərinə əsasən 2050-ci ilə qədər qlobal neft tələbatı sutkada 75 milyon barelə qədər azalacaq. 2030-cu ilə qədər qlobal neft tələbatı sutkada 100 milyon bareldən bir qədər çox olacaq, sonra tədricən azalmağa başlayacaq. BP qeyd edir ki, neftə tələbatın azalması nəqliyyat sektorunda istehlakın azalması ilə bağlı olacaq. Şirkət analitiklərinin fikrincə, yerüstü nəqliyyatda alternativ yanacaqlardan istifadə, xüsusilə də elektrik mühərriklərindən istifadə artacaq.

Eyni zamanda neft istehlakı, BP-nin gözlədiyi kimi, 2035-ci ilə qədər neft-kimya sənayesində artacaq. BP qeyd edir ki, artan rifah səviyyəsi fonunda istehsalında neftdən istifadə edən məhsulların, o cümlədən plastik və tekstil məmulatlarının istehlakı da artacaq: “Bununla belə, bütün nəqliyyat növləri üzrə neft istehlakında geniş əsaslı azalmalar 2040-cı illərdə təqribən gündə 25 milyon barel səviyyəsinə çatacaq”.

Neftə tələbat proqnozlarındakə artım qiymət gözləntilərini də dəyişdirir. Belə ki, ABŞ Energetika Nazirliyi 2024-cü ildə Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu 2,4 faiz artıraraq, bir barel üçün 84,15 dollardan 86,37 dollara yüksəldib. Bu barədə nazirliyin aylıq hesabatında məlumat yer alıb. Hesabata görə, 2025-ci ildə Brent markalı neftin bir barelinin qiymətinin 88,38 dollara çatacağı gözlənilir ki, bu da əvvəlki proqnozdan 3,5 faiz çoxdur.

Bundan əlavə, ABŞ Energetika Nazirliyi 2024-cü il üçün ölkədə neft hasilatı proqnozunu bir qədər artırıb - sutkada 10 min barel, 13,25 milyon barelə çatdırıb. 2025-ci ildə ölkədə gözlənilən neft hasilatı həcmi sutkada 60 min barel artırılaraq 13,77 milyon barelə yüksəldilib.

Neft qiymətləri iqtisadiyyatı bu məhsuldan böyük ölçüdə asılı olan Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir. Qiymətlərin düşməsi neft hasilatı sürətlə azalan ölkəmiz üçün arzuolunmaz prosesdir.

Azərbaycan oktyabrda “OPEC+” kvotasından 195 min barel geri qalıb

Energetika Nazirliyinin məlumatına əsasən bu ilin iyun ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 585 ton olub. Bunun 65 597 tonunu xam neft, 14 988 tonunu kondensat təşkil edib. “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 259 ton) təşkil edir. Bu isə o deməkdir ki, Azərbaycan iyun ayında “OPEC+” çərçivəsində kvotasından 8 662 ton geridə qalıb.

Nazirliyin məlumatına görə, bu ilin yanvar-iyun aylarında Azərbaycanda təxminən 14,4 milyon ton neft (kondensatla birlikdə) hasil edilib, bu da illik müqayisədə 5,3 faiz azalma deməkdir. Respublika üzrə neft hasilatının 8,2 milyon tonu “Azəri-Çıraq-Günəşli” blokunun, 2,1 milyon tonu (kondensat) “Şahdəniz” yatağının, 0,3 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,8 milyon ton təşkil edib.

Məlumata görə, hesabat dövründə təxminən 11,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 10,3 milyon tonu konsorsiumun, 1,6 milyon tonu isə SOCAR-ın payına düşür.

Rəsmi statistikaya əsasən, 2023-cü ilin birinci yarısında Azərbaycanda 15,2 milyon ton neft hasil olunub ki, bu da əvvəlki illə müqayisədə 7,7 faiz azalma demək idi. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilat 3,9 milyon ton təşkil edib ki, bu da əvvəlki ilin göstəricisinə bərabərdir.

Respublika üzrə neft hasilatının 9,1 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,2 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. Hesabat dövründə təxminən 12,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 11,3 milyon tonu konsorsiumun, 1,4 milyon tonu isə SOCAR-ın payına düşüb.

Göründüyü kimi, neft hasilatındakı azalma əsasən AÇG-nin hesabına baş verib. Yataqdan hasilatın illik azalması 900 min ton, SOCAR üzrə azalma isə 100 min ton təşkil edib.

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı | OPEC-in  yaradılmasından 60 il ötür

Azərbaycan hökuməti və AÇG-nin səhmdarlarının razılaşması əsasında yataqdan hasilatın artırılması üçün xüsusi layihənin icrasına başlanıb. Bu ilin aprel ayında AÇG yataqlar blokunda yeni platformadan neft hasilatına başlanıb. Yatağın işlənməsi üzrə layihənin operatoru bp şirkətinin verdiyi məlumata görə, ACE platforması və qurğuları gündəlik 100 000 barelədək neft hasilatı gücündə layihələndirilib. ACE-dən hasilatın tədricən artaraq bu ilin sonuna gündə təxminən 24 000 barelə çatacağı gözlənilir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil ediləcəyi proqnozlaşdırılır.

Yeni platformadan hasilatın başlanması yataqda hasilatın azalması tempini xeyli dərəcədə zəiflədəcək. Belə ki, indiyədək yataqda gündəlik hasilat ildə 35-40 min barel azalırdı. ACE-dən hasilat bu tempin 50 faizdən çox azalmasına səbəb olacaq. Platformadan gündəlik hasilat layihə gücündə 100 min barel nəzərdə tutulub. Yeni quyular qazıldıqca hasilat artacaq və 2026-cı ildə layihə gücünə -  gündəlik 100 min barelə çatacaq. Bu, ildə 5 milyon ton deməkdir. ACE platformasından hasilatın başlanması ən azı 2030-cu ilədək hasilatın sabit qalmasını təmin edəcək. AÇG-də ildə 18 milyon ton civarında neft hasil olunurdu. Bu həcm ildə 1 milyon ton azalırdı, indi bu azalmanın sürətində ciddi yavaşlama baş verəcək. Bu şəraitdə yüksək qiymətlər Azərbaycanın neft ixracından əldə edilən gəlirlərində azalmanın minimuma düşməsinə səbəb olacaq.

Neft hasilatı və ixracının azalması ölkənin əldə etdiyi gəlirlərin də azalmasına gətirib çıxarır. Dövlət Neft Fondundan “Yeni Müsavat”a verilən məlumata görə, bu ilin birinci yarısında AÇG yatağından - Fonda 3 milyard 5,3 milyon ABŞ dolları gəlir daxil olub. Bu göstərici ötən ilin eyni dövründə 3 milyard 348 milyon dollara bərabər olmuşdu. Beləliklə, Neft Fonduna AÇG-dən daxilolmalar 10,2 faiz azalıb.

İlin birinci yarısında Şahdəniz yatağından qaz və kondensatdan Fonda gədir 244,069 milyon ABŞ dolları təşkil edib. Bunun 60,784 milyon ABŞ dolları Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunub. Ötən ilin eyni dövründə Şahdənizdən Fonda 1 002 milyon ABŞ dolları daxil olduğunu nəzərə alsaq, bu göstəricinin cari ildə 75 faizə yaxın azaldığını görərik.

Onu da qeyd edək ki, neft hasilatı və ixracındakı azalmaya baxmayaraq, Azərbaycanın yaxın 10 ildə bu mənbədən gəlirlərinin büdcəni dəstəkləyəcək həddə qalacağı gözlənilir. Bu isə ölkə iqtisadiyyatında şaxələnməyə nail olunması baxımından mühüm fürsətdir, əgər istifadə olunsa...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR