İnsanlara hürriyət, millətlərə istiqlal!

Nefti kim ucuzlaşdırır? – Ekspertdən İLGİNC İDDİA

692 13.11.2023 12:57 İqtisadiyyat A A

“Davam edən Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə münaqişənin yenidən alovlanması və bölgənin neftlə zəngin ölkələrinə münaqişənin yayılması təhlükəsi, Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının ritorik olsa da, İsrailə qarşı sərt reaksiyası, əslində, nefti 100 dolların üzərinə çəkməli idi. Amma bu gün neft Yaxın Şərq hadisələrindən əvvəlkindən ucuzdur – sual olunur, nə baş verir?”

Musavat.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib.

NATİQ CEFERLİ.jpg (27 KB)

Onun fikrincə, neft bazarındakı ucuzlaşmanın bir neçə fundamental səbəbləri var:

“Birincisi, FED və digər ölkə Mərkəzi Banklarının uçot dərəcəsini artırmaqla iqtisadi aktivliyi azaltmaq yolunu tutmasıdır – bu yolla inflyasiyanı azaltmaq istəyirlər. İkinci səbəb Çinin gözləntilərdən daha aşağı sürətlə böyüməsi, Avropa İttifaqı ölkələrində ressesiya təhlükəsidir. Nəhayət, üçüncü səbəb Rusiyaya qarşı tətbiq edilən sanksiyaların fiaskoya uğramasıdır – Kreml hələ də öz neftini müxtəlif üsullarla bazara çıxara bilir.

Amma əsas səbəblər və məqsədlər siyasidir: 1) ABŞ-da seçkilər yaxınlaşır, orta statistik amerikalı üçün beynəlxalq vəziyyət, xarici siyasət sonuncu yerdədir, səsvermədən öncə ən çox baxdığı məsələ benzin qiymətləridir – yanacaq ucuzdursa, iqtidarda olan partiyanın şansı artır, bahadırsa azalır, bu korrelyasiya onillərdir ki, var və bu gün Demokratlar və Bayden administrasiyası müxtəlif üsullarla neftin bahalaşmasının qarşısını almağa çalışırlar ki, seçkilərdə şansları olsun. Amma çox ucuzlaşmasını da istəmirlər, çünki “yaşıl enerji” məsələsinə ən böyük maneə ucuz neft-qazdır – neft 40 dollar olsa, heç kim bərpa olunan enerjiyə yatırım qoymaq istəmir; 2) Ucuz neft həm də Rusiyaya zərbədir, daha az qazanmasına səbəb olur – amma Çinə xeyirdir, deməli, Rusiyaya ziyan vurmaq istəsələr, bu yolla Çinə dəstək vermiş olurlar”.

Ekspert neft bazarındakı enişin başqa bir maraqlı səbəbini də qeyd edib:

“Məncə, başqa bir səbəb də var: dünyada liderlik böhranı yaşanır, dünya bölünür-bölünəcək, İsrailin son etdikləri, ağına-bozuna baxmadan sivil insanları bombalaması, uşaqların, qocaların, qadınların qətli vicdanları zədələyib. İslam Əməkdaşlıq Təşkilatına və Ərəb Liqasına daxil olan ölkələr artıq kənarda qala bilmirlər, çünki altdan, xalqdan ciddi təzyiq var. Əgər bu cəbhələşmə kəskinləşsə, nefti kəskin ucuzlaşdırmaq yolu ilə neftlə zəngin müsəlman ölkələrində ciddi növbəti “ərəb baharları” törədə bilərlər – onsuz da xalq qəzəblidir, bunun üzərinə iqtisadi böhran da gəlsə, müsəlman ölkələri daxili çəkişmələrlə boğuşacaqlar, bu zaman indi formalaşan anti-Qərb koalisiyası zəifləyəcək, çünki istənilən daxili xosdan çıxmaq üçün həmin ölkələrin elitaları Qərblə yaxınlaşma yolu tutacaqlar – hansı elitar qruplaşma tez tərpənsə, o da hakimiyyətə yiyələnəcək. Pisdir-yaxşıdır, bu, ikinci məsələdir, amma təəssüf ki, müsəlman ölkələrində hakimiyyətləri legitimləşdirən siyasi “natarius” rolu hələ də Qərbdədir.

Sözün qısası: Yaxın aylarda neftin kəskin ucuzlaşması baş verə bilər, iqtisadiyyatları neft-qazdan çox asılı olan ölkələr bunu nəzərə almalıdır, hələ Tramp, Respublikaçılar qalib gəlsələr, bu məsələ daha da sürətlənəcək, onlar neft-qaz hasilatını təşviq edən siyasətə geri dönəcəklər. Hətta Rusiya-Ukrayna müharibəsinin dayandırılması yollarından biri də neftin 30-40 dollara düşməsi ola bilər”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR