İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft ucuzlaşmasa, nə baş verəcək? - Qlobal iqtisadi resessiya təhlükəsi böyüyür

577 02.07.2022 09:50 İqtisadiyyat A A

Dünya neft bazarında ciddi volatillik davam edir. Ötən həftə kəskin qiymət bahalaşması müşahidə olunan bazar bu həftəni ciddi enişlə başa vurdu. Cümə gününün son hərraclarında Brent markalı neft 110 dollar civarında ticarət olundu. Bu kəskin ucuzlaşmanın əsas səbəbi dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-da resessiyanın baş verməsi ehtimalının artmasıdır.

Belə ki, bir neçə gün əvvəl açıqlanan statistik məlumatlardan ABŞ-da iqtisadiyyatın ən əsas inkişaf göstəricisi olan əhalinin istehlak xərcləmələrinin may ayında 0,2 faizə düşdüyü aydın oldu. Nəzərə alsaq ki, ABŞ-da ümumi daxili məhsulun 70 faizə qədərini məhz istehlak xərcləri təşkil edir, onda açıqlanan rəqəmlərin mümkün iqtisadi tənəzzülün əlaməti kimi qəbul olunmasının təbii olduğunu görərik. ABŞ iqtisadiyyatında resessiyanın olması isə qlobal səviyyədə enerjidaşıyıcılarına tələbin azalması deməkdir. Məhz buna görə də neft bazarı ABŞ iqtisadiyyatındakı proseslərə həssaslıq nümayiş etdirir.

Onu da qeyd edək ki, neft hasilatının azaldılmasına dair OPEK+ ölkələrinin iki il əvvəl qəbul etdiyi razılaşma çərçivəsində azaldılan həcmlər avqustun sonlarından bərpa olunacaq. Bununla bağlı qərar OPEK+ nazirlərinin 3 gün əvvəl keçirilən iclasında qəbul edilib. Qərara əsasən razılaşma tərəfləri avqust ayında gündəlik neft hasilatı kvotasını 648 min barel artırmalıdılar. Bu isə 2020-ci ildə azaldılan həcmlərin tam bərpa olunması deməkdir. Lakin ötən ilin payızından bəri OPEK+ ölkələri hasilatın artırılması kvotalarına doğru-düzgün əməl edə bilmirlər. Hazırda da razılaşma tərəflərinin xeyli hissəsi icazə verilən həcmdə hasilatı bərpa edə bilməyiblər. Bu isə neft bazarında qiymət volatilliyinin ən azı cari ilin sonunadək davam edəcəyinə dair proqnozları çoxaldır. Dünyanın ən böyük neft-qaz şirkətlərindən biri olan “Shell”in baş direktoru Ben van Berdenin fikrincə, dünya neft və qaz bazarlarında qeyri-müəyyənlik bir müddət davam edə bilər, çünki tələbin bərpa olunmasına baxmayaraq, sərbəst hasilat gücləri çox azdır: “Düşünürəm ki, hələ bir müddət bazarlarda müəyyən qeyri-müəyyənliklə üzləşəcəyik”.

Azərbaycan oktyabrda gündəlik neft hasilatını azaldıb

O əlavə edib ki, iqtisadiyyat və COVID-19 ilə bağlı problemlərə baxmayaraq, neft və qaza olan qlobal tələb bərpa olunmaqda davam edir.

Ən böyük investisiya banklarından biri olan “Goldman Sachs” ekspertləri də hesab edirlər ki, dünya bu yay neft rallisi görəcək. İnvestorların fikrincə, əmtəə qiymətlərinin aşağı düşməsi heç bir fundamental faktorla bağlı olmayıb və biz neftin bir barelinin 140 dollar səviyyəsində olacağını bir daha görəcəyik. Qeyd olunur ki, son həftələrdə fyuçers ticarəti sürətli rallidən korreksiya zonasına yönəlib. “Goldman Sachs”ın əmtəələr üzrə qlobal tədqiqat departamentinin rəhbəri Ceff Karrinin sözlərinə görə, investisiyaların məhz enerji sektorunda görünməli olduğu vaxtda onlar bu sektoru tərk etməyə davam edir. Ceff Karri onu da əlavə edib ki, qlobal iqtisadiyyat bərpa olunduqca, 2022-ci ilin yayında “Brent” markalı neftin bir barelinin dəyəri yenidən tarixi səviyyələrə yaxınlaşacaq və 140 dollar səviyyəsində yer alacaq (APA).

Yuxarıda da qeyd etdik ki, OPEK+ ölkələrinin bir çoxu neft hasilatını razılaşmanın imkan verdiyi həddə çatdırmaqda çətinlik çəkirlər. Burada Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri istisna təşkil edir, bu iki ölkənin qısa müddətdə bazara gündəik 3 milyon barelə yaxın neft çıxarmaq imkanı var. Eyni zamanda razılaşmadan kənarda olan hasilatçılar sürətlə hasilatı artırmaqdadırlar. Xüsusilə ABŞ və Argentina, Meksikanın hasilat həcmləri rekord həddə yaxınlaşıblar. Lakin bazarda qiymətləri təhlükəsiz həddə salmaq üçün bu, yetərli deyil. Buna görə də daha çox həcmdə neftin bazara daxil olması üçün Qərb İranla münasibətləri normallaşdırmaq, bu ölkəni neft bazarına qaytarmaq istiqamətində də addımlar atır.

ABŞ prezidenti Co Baydenin yaxın həftələrdə Yaxın Şərq ölkələrinə səfəri zamanı da əsas müzakirə mövzularından birinin məhz neft hasilatının artırılması olacağı  gözlənilir. Hasilatın artırılması həm dünyada yüksələn inflyasiyanın, eyni zamanda mümkün qlobal iqtisadi resessiyanın qarşısını almaq, həm də Rusiya neftinin bazardan böyük ölçüdə çıxması variantına hazırlıq üçün zəruridir. Avropa Birliyi payız aylarından etibarən Rusiyadan neft alışını 90 faizdən yuxarı dayandırır. Yalnız kiçik həcmdə neftin boru kəməri ilə Macarıstan, Slovakiya və Çexiyaya nəqlinə icazə veriləcək. Bu zaman həmin ölkələr Rusiya neftindən tam imtina üçün konkret müddət müəyyənləşdirməlidilər. Əks halda, onların Rusiyadan boru xəttilə ucuz qiymətə aldıqları neftə yüksək rüsumlar tətbiq olunacaq ki, digər ölkələrin aldığı neftlə eyni qiymətə başa gəlsin.

Azərbaycanın neft-qaz sənayesi: Hasilat, emal, ixrac - İCMAL

Bu arada Rusiya iyunda neft hasilatını artırıb. Ölkənin baş nazir müavini Aleksandr Novakın açıqladığı məlumata əsasən, iyunda Rusiyada gündəlik neft hasilatı fevraldakı səviyyəyə yaxın - 9,9 milyon barel olub: “Fevralda biz gündə 10,2 milyon barel hasil edirdik. Mart-apreldə hasilat təxminən 9 milyon barelə düşdü. İyuna artıq biz hasilatı 9,9 milyon barelə çatdırmışıq. Ümid edirik ki, yayda hasilatı OPEK+ çərçivəsində Rusiya üçün müəyyən olunan səviyyəyə çatdıra biləcəyik”.

Novakın belə optimist danışmasına rəğmən, Avropa Birliyinin sanksiyası qüvvəyə mindikdən sonra Rusiyanın öz neftini satmaqda ciddi çətinlik çəkəcəyi şübhə doğurmur. Belə ki, bu sanksiyalardan sonra Rusiya nefti ilə ticarətə məhdudiyyət tələbləri də qüvvəyə minəcək. Eyni zamanda artıq ABŞ administrasiyası Rusiyanın neft satışına ikincili sanksiyaların tətbiq olunacağını açıqlayıb - bu isə Çin və Hindistan kimi iri alıcıların da əl-qolunu xeyli dərəcədə bağlamış olacaq. Digər tərəfdən, bu ölkələrin payıza qədər ucuz Rusiya neftindən maksimum çox alaraq öz ehtiyatlarını yaratdıqdan sonra sanksiya tələblərinə rahatlıqla əməl edəcəkləri gözlənilir. Bu isə o deməkdir ki, Rusiyanın öz neftini Avropadan kənarda rahatlıqla reallaşdırmaq gözləntilərinin baş tutması ehtimalı elə də böyük deyil.

ABŞ və müttəfiqləri Rusiyanı əsas gəlir mənbəyindən - neft pullarından məhrum etmək, eyni zamanda enerjidaşıyıcıların qiymətlərini qlobal iqtisadi ressesiyaya təkan verəcək həddən aşağı salmaq kimi çətin bir prosesi irəlilətməyə çalışırlar. Birinci amil - Rusiyanın neft ixracını minimumlaşdırmaq dünya bazarında bu məhsulun qiymətini qısa müddətdə 140-150 dollara qədər artıracaq dərəcədə güclüdür. Buna görə də Qərb digər hasilatçıların bazara mümkün qədər daha çox neft çıxarmalarını təmin etməyə çalışır. Çünki yüksək neft qiymətləri bütün dünyada digər məhsulların da qiymətini artırmaqla qlobal iqtisadiyyat üçün ciddi böhrana səbəb ola bilər. ABŞ Prezidenti Co Bayden iyunun 23-də xalqa müraciətində Qərbin Rusiyaya münasibətdə seçim etməli olduğunu bildirib. Onun sözlərinə görə, Qərb ya Ukraynanın işğalına göz yummaqla enerjidaşıyıcılarının orta qiymətini, ya da Rusiyanın işğalçı siyasətinə qarşı Kiyevi dəstəkləməklə indiki qiymətləri seçməli olub. Bayden qeyd edib ki, onlar ikinci variantı seçərkən enerji qiymətlərinin kəskin bahalaşacağını əvvəlcədən hesablayıblar.

İqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, yüksək enerji və qida qiymətləri qlobal iqtisadiyyatı uzun müddət çıxa bilməyəcəyi dalana aparır: “Dünya iqtisadiyyatının hazırkı yüksək enerji qiymətlərinə dözüm limiti çox azdır. Bazarda qiymətləri düşürəcək alternativ təklif yoxdursa, hazırkı yüksək inflyasiyanın yaradacağı tələb böhranı qiymətləri aşağı çəkəcək. Bu arada Beynəlxalq Energetika Agentliyinin rəhbəri Fateh Birol qlobal enerji təchizatı ilə bağlı maraqlı açıqlamalarla çıxış edib. O, Avropa üçün əsas təhdid kimi Rusiyanın qaz ixracını qəfil dayandıra biləcəyini deyib. Başqa bir təhdid kimi iqlim dəyişikliyi hədəfindən kənarlaşmaq baxımından kömürə tələbatın kəskin artmasını göstərib. Birol alternativ enerji sərmayələrin də görünməmiş həddə yüksəldiyini deyib. O, 2022-ci ildə təmiz enerjiyə sərmayələrin 12 faiz təşkil edəcəyini və bu artımın əvvəllər heç olmadığını qeyd edib.

Azərbaycanda günəş və külək enerjisi üzrə enerji potensialının həcmi  açıqlanıb

Günəş və külək enerjisi ilə yanaşı enerji səmərəliliyi layihələrinə sərmayələr böyük templə artır. Təkcə ABŞ-da batareya və akkumulyatorlara qoyulan investisiyalar 2 dəfə yüksəlib. Birol elektrik avtomobillərin sürətlə artdığını da qeyd edib. Onun məlumatına görə, 2019-cu ildə dünyada satılan hər 100 avtomobildən 2-si elektriklə işləyən avtomobillər olub. Bu il gözləntimiz 100 avtomobildən 15-nin elektrikli avtomobil olacağı artıq realdır.

Yeri gəlmişkən, FED rəhbəri Pouel də təkcə ABŞ üçün deyil, bütün dünya üçün qlobal inflyasiyanın ciddi və uzunmüddətli problemə çevriləcəyindən narahatlığını dilə gətirib. O, yüksək inflyasiyanın yaratdığı problemlərin əmək bazarına sıçramaqla işsizliyi yüksəldə biləcəyindən narahatlığını gizlətməyib. Bütün hallarda uzun və dərin qlobal iqtisadi böhrana hazır olmaq lazımdır - həm psixoloji, həm də resurslardan daha səmərli istifadəyə hazırlıq baxımından".

Baş verənlər göstərir ki, yüksək neft-qaz qiymətlərinin uzun müddət davam etməsi hər bir halda mümkün olmayacaq: ya bazara əlavə həcmlərin daxil edilməsi nəticəsində qiymətlər 70-80 dollar səviyyəsinə endiriləcək, ya da yüksək qiymətlər qlobal iqtisadi tənəzzülə gətirməklə neftə tələbatı kəskin azaldaraq qiymətlərin hətta 50-60 dollara qədər düşməsini şərtləndirəcək...

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR