İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft kimi qazanarıq dedik, 830 dollar ucuzlaşdı - fındıq məsələsi...

3172 26.04.2023 08:37 İqtisadiyyat A A

Qiyməti “öldürən” Rusiyadır; assosiasiya rəhbəri nikbindir

2023-cü ilin yanvar-mart ayında Azərbaycandan 38 milyon 348 min dollar dəyərində  7 823 ton fındıq ixrac edilib. Dövlət Gömrük Komitəsinin statistikası üzrə müqayisə apardıqda, fındıq ixracının ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4.9 faiz, miqdar ifadəsində isə 11.1 faiz azaldığı məlum olur.

2023-cü ildə Azərbaycanın xaricə ixrac etdiyi meşə fındığı həm də kəskin ucuzlaşıb: 1 ton fındığın ixrac qiyməti 4901 dollar təşkil edib. Bu,  ötən ilki qiymətdən 830 dollar ucuzdur. Belə ki, 2022-ci ilin eyni dövründə Azərbaycandan xaricə ümumi dəyəri 40 milyon 330 min dollar olan 7 037 ton meşə fındığı ixrac edilmişdi. Beləliklə, ötən il fındığın 1 tonunun ixrac qiyməti 5731 dollara bərabər olmuşdu.

Qeyd edək ki, fındığın ixrac qiymətinin azalması Türkiyədə də müşahidə olunur. Bu ölkə 2022-ci ildə 127 ölkəyə 312 min 564 ton fındıq ləpəsi ixrac edərək bundan 1 milyard 748 milyon 835 min dollar qazanıb. Bu isə ixracın çəki ifadəsində 9,24 faiz, dəyər ifadəsində isə 22,62 faiz azalması deməkdir. Ötən il Türkiyə fındığının orta ixrac qiyməti 1 ton üçün 5595 dollar təşkil edib.

2023-cü ilin yanvarından Türkiyə fındığının dünya bazar qiymətində artım müşahidə olunur. Belə ki, ölkə yanvar ayında 22 min 870 ton fındığın 1 tonunu 6238 dollardan, fevralda 24 min 355 ton fındığın 1 tonunu 6406 dollardan, martda isə 24  min 173 ton fındığın 1 tonunu 6470 dollardan ixrac edib.

Azərbaycan isə yanvar ayında 2 465.04 ton fındığın 1 tonunu 4891 dollara, fevralda 2 494.65 ton fındığın 1 tonunu 4829 dollara, martda 2 863.50 ton fındığın 1 tonunu 4975 dollara ixrac edib.

Ekspertlərə görə, Azərbaycan dünya fındıq bazarında tam rəqabət apara bilmir, çünki bizə rəqib olan ixracatçı ölkələr üçün Avropa Birliyi tərəfindən xüsusi gömrük güzəştləri tətbiq olunur. Belə ki, Azərbaycan Avropa Birliyinə fındıq ixrac edəndə məhsullarımıza 3.2-11.8 faiz gömrük vergisi tətbiq olunur, amma bizim rəqib ölkələr, xüsusilə Türkiyə və Gürcüstan üçün bu rüsumun səviyyəsi sıfırdır. Rəqiblərimiz məhsullarını sıfır dərəcə gömrük rüsumu ilə satdığı üçün biz xarici bazarda rəqabət qabiliyyətimizi itiririk.

Lakin bu vergi yeni deyil, həmişə ödənilir. Yəni vergi 2021-ci ildə də vardı. Rəsmi statistikadan aydın olur ki, 2021-ci ildə Azərbaycan fındığın 1 tonunu Qazaxıstana 2,2 min dollara, Rusiyaya 5970 dollara, Almaniyaya 6651 dollara, İtaliyaya 6308 dollara satıb. 2022-ci ildə Qazaxıstana ixrac 1 ton üçün 2550 dollara (artım 350 dollar), Rusiyaya 4877 dollara (azalma 1093 dollar), Almaniyaya 5048 dollara (azalma 703 dollar), İtaliyaya 6158 dollara (azalma 150 dollar) başa gəlib. Nəzərə alsaq ki, 2022-ci ildə fındıq ixracatının 52,7 faizi (20200,12 ton ümumi ixracın 10651,18 tonu) Rusiyaya reallaşıb, onda qiymət ucuzlaşmasının Avropa deyil, məhz şimal qonşumuza ixracdan qaynaqlandığını görə bilərik. Bunu 2023-cü ilin ilk iki ayının ixrac statistikasından da görmək olur. Belə ki, bu ilin yanvar-fevralında ixrac olunan 4629,41 ton fındıq ləpəsinin 2217,25 tonu Rusiyaya 4575 dollardan, 967 tonu Almaniyaya 5420 dollardan, 574,5 tonu İtaliyaya 5461 dollardan, 300 tonu İsveçrəyə 5877 dollardan satılıb.

Beynəlxalq Fındıq və Quru Meyvələr Şurasının(ING) məlumatına əsasən, hər il dünyada 743-745 ton arası meşə fındığı istehsal olunur. Son ildə fındıq istehsalında cəmi 16 faiz artım qeydə alınıb. Bunun əsas səbəbi ondan əsasən yalnız qida sektorunun məhdud seqmentində - şokolad və şokoladlı konfetlər, yağlar istehsalında istifadə olunmasıdır. Fındıq istehsalı bu sahədə tələbatın artım səviyyəsinə uyğun artır.

Əvvəllər dünyada fındıq istehsalı və ixracında birincilik uzun illər İtaliyaya məxsus olub. Lakin 2010-cu illərdən başlayaraq Türkiyə birinciliyi ələ alaraq, istehsalı sürətlə artırmaqla yerini tam möhkəmləndirə bilib. Hazırda Türkiyə dünya qabıqsız fındıq ixracatının 68 faizini, qabıqlı fındıq ixaracatının isə 75 faizini təmin edir. İkinci yerdə gələn İtaliyanın payı müvafiq olaraq 11 və 7 faizdir. Üçüncü yerdə gələn Azərbaycan hər iki bazarda 5 faizlik paya sahibdir. 

Ölkə ərazisi demək olar ki, bütünlüklə fındıq yetişdirilməsi üçün yararlı iqlim şərtlərinə malikdir. Son illərdə hətta Abşeron yarımadasında da fındıq bağlarının salınmasına başlanıb. Hazırda ölkədə fındığın 8 növü yetişdirilir. Lakin 90 faiz pay yerli Atababa növünündür.

Fındıqçılıq sahəsində məhsuldarlığın artırılması müzaki...

Azərbaycanda fındıqçılıq gəlirli bir sahə kimi dünya bazarında neftin kəskin ucuzlaşdığı 2014-2015-ci illərdən diqqəti cəlb edib. Məhz həmin illərdə hökumət neft gəlirlərindən asılılığı azaltmaq zərurətini görərək bu istiqamətdə bir neçə real addımlar atmışdı. Onlardan biri də fındıqçılığın inkişaf etdirilməsi üçün dövlət dəstəyi mexanizminin tətbiqi idi. Dövlət hesabına çox sayda fındıq tingləri alınaraq fermerlərə paylandı. Bundan əlavə, fındıq bağlarının hər hektarına görə 4400 manat subsidiya tətbiq olundu. Nəticədə fındıq bağlarının sahəsi 2016-cı ildən sürətlə artmağa başladı. 2015-ci ildə 32 723,8 hektar olan bağlar 2016-cı ildə 55 310,2 hektara, 2021-ci ildə isə 80 426 hektara çatıb. Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatına əsasən hər il fındıq bağlarının sahəsi 4-5 faiz artır. Bağ sahələrinin artımı ilə istehsalda da artım müşahidə olunur. Belə ki, rəsmi statistikaya əsasən ölkədə fındıq istehsalı 2017-ci ildə 45 530,4 ton olubsa, 2021-ci ildə bu rəqəm 67 630,2 tona çatıb. Fındığın məhsuldarlığı isə 2021-ci ildə 13,7 sentnerə yüksəlib.

Azərbaycanın Avropa Birliyi ölkələrinə fındıq ixracı da 2016-cı ildən artmağa başlayıb. Lakin 2019-2020-ci illərdə əsas ixrac ölkələri olan İtaliya və Almaniyadan yüz tonlarla fındıq ləpəsi geri qaytarılıb. Bunun əsas səbəbi fındığın tərkibində bəzi maddələrin Avropa Birliyinin tələblərindən yüksək həddə olmasıdır. Belə ki, dünya fındıq istehlakının 80 faizdən çoxunu həyata keçirən Avropa Birliyi bu məhsulla bağlı tələblərini ildən-ilə sərtləşdirir. Xüsusilə Avropa Komissiyası fındığın tərkibindəki aflotoksin adlı maddənin miqdarına dair tələbləri artırır. Aflatoksin dünyada xərçəng xəstəliyinin əsas “yaradıcı”larından biri hesab olunur. Bu xüsusiyyətinə görə Avropa Birliyi onun ayrı-ayrı məhsullarda yol verilən həddini getdikcə azaldır. Azərbaycandan ixrac olunan məhsulun tərkibində aflotoksinin yol verilən həddən yüksək olması səbəbindən Avropa Komissiyası ölkəmizdən gedən hər partiya malın yoxlanmasına qərar vermişdi.

2020-ci ildə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi fındıq ləpəsinin tərkibini daha dərindən yoxlayan laboratoriya quraşdıraraq, ixrac məhsullarına nəzarəti gücləndirib. 2021-ci ilin dekabrında Avropa Birliyi strukturları ilə əldə olunan razılaşmaya əsasən Birlik ölkələrinə fındıq ləpəsi ixracına AQTA tərəfindən zəmanət verilməsinə başlanıb. AQTA-nın müvafiq sertifikatı ilə ixrac olunan fındıq Avropa Birliyi ərazisində hər hansı laboratoriya analizinə cəlb olunmur.  AQTA-nın məlumatına görə, görülən tədbirlər nəticəsində ölkəmizdən Avropa İttifaqına (Aİ) ixrac zamanı fındıq partiyalarında aflatoksin aşkarlanma halları əvvəlki illərlə müqayisədə kəskin azalıb. Bu isə Aİ-nin AQTA-nın həyata keçirdiyi nəzarət sisteminə etimadını daha da artırıb və fındıq məhsullarının idxalı ilə bağlı tətbiq edilən bir sıra qaydaların sadələşdirilməsinə zəmin yaradıb. Aİ-nin 2019-cu ildə müvafiq qərarına uyğun olaraq, Azərbaycandan Aİ ölkələrinə ixrac edilən fındıq məhsullarının hər yük partiyası laborator müayinəyə cəlb olunmalı və sağlamlıq sertifikatı ilə müşayiət edilməli idi: “Görülən işlərin və həyata keçirilmiş tədbirlərin məntiqi nəticəsi olaraq, Avropa İttifaqı Agentlik tərəfindən həyata keçirilən nəzarət sistemini yüksək qiymətləndirib. Aİ-nin müvafiq qurumu ölkəmizdən ixrac edilən fındıq partiyalarına 20 faiz yoxlama tezliyi saxlanmaqla, toksikoloji laborator müayinəyə cəlb etmədən və müvafiq sənədlə müşayiət olunmadan hər yük partiyasının ixracına icazə verilməsinə dair qərar qəbul edib. Bununla da, fındıq məhsulları Avropa İttifaqı ölkələrinə AQTA-nın nəzarəti altında risk əsaslı yanaşma tətbiq etməklə, qurumun zəmanəti əsasında ixrac olunur”.

İsmayıl Orucov: Cari ilin 8 ayında fındıq ixracı ötən ilin eyni dövrü ilə  müqayisədə 89,9 faiz artıb - AZƏRTAC

İsmayıl Orucov

Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri İsmayıl Orucovun “Yeni Müsavat”a dediyinə görə, fındığın ixrac qiymətlərinin ucuzlaşmasında əsas rolu bazar qiymətlərini müəyyənləşdirən ixracatçı ölkənin - Türkiyənin milli valyutasının dəyərsizləşməsi oynayıb: “Əsas ucuzlaşma ötən ilin sentyabr-oktyabr aylarında qeydə alındı. Türk lirəsinin dəyərsizləşməsindən əlavə, Ukrayna müharibəsinin təsiri ilə logistik zəncirdə baş verən yenilənmələr, ixrac coğrafiyasındakı dəyişikliklər də rol oynadı. Bu ilin əvvəlindən başlayaraq qiymətlər tədricən düzəlir. Martın sonunadək ötən ilki mövsümdə istehsal olunan 24-25 min ton fındıq ləpəsinin 18 min tondan çoxunu ixrac etmişik, 2-2,5 min ton məhsul qalıb. Növbəti mövsümə qədər onu da ixrac edəcəyik”.

Assosiasiya rəhbəri bildirir ki, bu il fındığın çiçəkləmə dövründə hava şərtləri əlverişli olub: “Yaz aylarında dağlıq ərazilərdə kiçik sahələrdə dolunun mənfi təsirləri olub, amma bu, ümumi istehsala ciddi təsir göstərməyəcək. Hava şərtləri belə əlverişli davam edərsə, bu mövsümdə də ən azı keçən mövsümdəki qədər məhsul əldə etməyi düşünürük”.

Dünya SAKİT,

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR