İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft hasilatının azalma sürətini necə yavaşladaq - təhlil

1042 23.02.2023 08:50 İqtisadiyyat A A

İlham Şaban: “Yeni quyuların sayı artsa da, AŞG-də hasilatı artırmaq mümkün olmur”

2023-cü ildə Azərbaycanda neft hasilatı 30,4 milyon ton, təbii qaz hasilatı 47,2 milyard kubmetr, ixracı isə 24,5 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır. Bu barədə açıqlama verən energetika naziri Pərviz Şahbazov deyib ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun hələ işlənməmiş 400 milyon ton ehtiyatları 2050-ci ilədək Azərbaycanın davamlı inkişafını təmin edəcək. Nazirin sözlərinə görə, gələn il “Azəri Mərkəzi-Şərqi” dəniz platformasından ilk hasilata başlanması gözlənilir.

Qeyd edək ki, Azərbaycanda son illərdə neft hasilatı sürətlə azalır. Rəsmi statistikadan aydın olur ki, 2022-ci ildə ölkədə 34 milyon ton proqnoza qarşı 32,6 milyon ton neft, 35 milyard kubmetr qaz hasil olunub. Beləliklə, əmtəəlik neft hasilatı əvvəlki illə müqayisədə 5,6 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 7,3 faiz artıb.

Bu ilin ilk ayında da neft hasilatında azalma davam edib. Ay ərzində əmtəəlik neft hasilatı 2,7 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 3,1 milyard kub metr təşkil edib. Beləliklə, əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 6,9 faiz, əmtəəlik qaz hasilatı isə 1,3 faiz azalıb.

Hasilatın azalması ixracda da azalmaya səbəb olub. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, yanvar ayında Azərbaycanın qaz ixracı 255 milyon 612.69 min kubmetr təşkil edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 84,2 faiz azalma deməkdir - 2022-ci ilin yanvarında qaz ixracımız 1 milyard 613 milyon 199 min kubmetr olmuşdu. Qaz ixracından gəlirlərimiz isə 82,7 faiz azalmaqla 140 milyon 36.77 min dollara düşüb. Ötən ilin yanvarında bu göstərici 803 milyon 301.51 min dollar təşkil etmişdi.

Ay ərzində neft ixracımız 2 milyon 246 min 118.56 ton təşkil edib. Bu, keçən ilin yanvarında qeydə alınan 3 milyon 505 min 551.96 tonluq ixracdan 36 faiz azdır. Neft ixracından əldə olunan gəlir isə 2 milyard 31 milyon 435.60 dollardan 1 milyard 397 milyon 747.32 min dollar düşüb - yəni 31,2 faiz azalıb.

Neft-qaz sektorundakı azalma ölkənin ümumi iqtisadi artımında də geriləməni şərtləndirib. Belə ki, yanvar ayında Azərbaycanda iqtisadi artım azalma ilə əvəz olunub. 2022-ci ildə ölkənin ümumi daxili məhsulu 4,6 faiz artım nümayiş etdirsə də, yanvar ayında tamam əks proses qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2023-cü ilin ilk ayında Azərbaycanda 9 milyard 690,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz az ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,6 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 1,7 faiz artıb.

Azərbaycan iqtisadiyyatında nə qədər artım qeydə alınıb?

Xatırladaq ki, 2022-ci ilin yanvar ayında ölkədə 9 milyard 257,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdu. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 8,8 faiz artmışdı.

Statistikadan aydın olur ki, ÜDM-in azalmasında əsas paya sənaye sahəsindəki azalma sahibdir. Belə ki, yanvarda 6,5 milyard manatlıq və ya 2022-ci ilin yanvar ayı ilə müqayisədə 4,3 faiz az sənaye məhsulu istehsal edilib. Bu zaman sənayenin neft-qaz sektorunda məhsul istehsalı 4,9 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 2 faiz artıb.

Neft-qaz ixracındakı azalma ölkənin xarici ticarət balansına təsirsiz ötüşməyib. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, 2023-cü ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 19 faiz azalaraq 3 milyard 289.53 milyon dollar təşkil edib. Azərbaycanın ixracı yanvar ayında 39,2 faiz azalaraq 1 milyard 876.84 milyon dollar, idxalı isə 45,4 faiz artaraq 1 milyard 412.69 milyon dollara çatıb. Nəticədə xarici ticarətdə müsbət saldo 4,5 dəfə azalaraq 464.15 milyon dollara bərabər olub.

Azərbaycanda qaz hasilatının və ixracının azalması nə ilə bağlıdır? Energetika sahəsi üzrə ekspert İlham Şabanın sözlərinə görə, əslində yanvarda əmtəəlik qaz hasilatı cəmi 42,9 milyon kubmetr azalıb: “Amma bunun özü də sensasiya doğuracaq bir xəbərdi. Çünki 2017-ci ilin ortasından Azərbaycanda əmtəəlik qaz hasilatı aylıq olaraq daim artım nümayiş etdirmişdi. İndi birdən-birə, dekabrla müqayisədə təqribən 100 milyon kubmerə qədər, 2022-ci ilin yanvarı ilə müqayisədə 42.9 milyon kubmetr azalma baş verib. Bununla bağlı ölkənin neft-qaz sektoruna məsul şəxslər heç bir açıqlama verməyib indiyə qədər. Hökumət də nəsə hansısa reaksiya göstərməyə ehtiyac duymayıb. Amma Energetika Nazirliyinin statistik açıqlamalarına diqqət yetirdikdə məlum olur ki, qaz hasilatında azalma SOCAR-ın yataqları ilə bağlı deyil, yəni onların məhsuldarlığı yanvarda hətta bir qədər də artıb. Azalma "Şahdəniz" yatağında və AÇG blokunda aylıq qaz hasilatının 2022-ci ilin yanvarı ilə müqayisədə hər birində təqribən 100 milyon kubmetr azalması ilə bağlıdır. AÇG-də aydındır, səmt qazı ona görə azalır ki, neft hasilatı da azalır. Neftdəki azalma onunla birgə hasil edilən “neft qazına” da təsir edir.

Şahdəniz” yatağından hasilata başlanmasından 13 il keçir | Kaspi.az

Mənim üçün gözlənilməz “Şahdəniz” yatağından hasil edilən qazın kiçik həcmdə olsa da, azalması oldu. Aldığım məlumata görə, “Şahdəniz-2" layihəsi üzrə bir neçə gün davam edən hansısa texniki məsələnin həlli hasilatın bir qədər səngiməsinə səbəb olub. Bu məsələlər uğurla həllini tapdıqdan sonra hasilat yenidən artım nümayiş etdirib. Ona görə də Azərbaycanın cari ildə istər qaz hasilatının artımı, istərsə də ixrac həcmlərinin 1 milyard kubmetrədək artırılması, inanıram ki, praktikada gerçəkləşdiriləcək”.

İxracda gömrüyün qeydə aldığı azalmaya gəlincə, ekspert qeyd edir ki, bu, real azalma deyil: “Bu, maliyyə-uçot məsələsidir. Bunu Energetika Nazirliyinin yanvar ayı üçün açıqladığı statistika da sübut edir. Orada göstərilib ki, Azərbaycanın 2023-cü ilin yanvarında xaricə qaz ixracı 2,2 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çoxdur. Dövlət Gömrük Komitəsinin məlumatlatına baxdıqda isə aydın olur ki, yanvarda faktiki ixrac edilən qaz həcmlərinin cəmi 10 faizi rəsmiləşdirilib. Mən neft həcmlərinə baxıram - Gömrük Komitəsi ixrac edilən faktiki həcmlərin 95 faizini rəsmiləşdirə bilib.

interview.az - Neft-Qaz sahəsi üzrə ekspert İlham Şaban: "Azərbaycan  müddəti 2050-ci ilədək nəzərdə tutulan yeni neft müqavilələri imzalamağa  hazırlaşır"

Qazla bağlı rəsmiləşdirmələr ötən ilin noyabrından bu cür xarakter almağa başlayıb - ötən il bu səbəbdən Gömrük Komitəsi xaricə çıxarılmış təqribən 3 milyard kubmetr qazı rəsmiləşdirə bilməyib. Bu isə o deməkdir ki, Azərbaycanın real xarici ticarət dövriyyəsi açıqlanan göstəricilərdən əslində daha çoxdur. Amma nədənsə, ötən ilin sonlarında qazla bağlı rəsmiləşdirilməyən rəqəmləri bu ilin yanvarında biz müşahidə etmədik. Niyə belədir, bunu yəqin ancaq Gömrük Komitəsi izah edə bilər. Və sizə bir faktı da deyim ki, 2014-cü ilə qədər Dövlət Gömrük Komitəsi Azərbaycandan ixrac edilən neft, neft məhsulları və təbii qazın həm sayğac göstəricilərini, həm də bəyan edilmiş ixrac göstəricilərini açıqlayırdı. Bu, kənar müşahidəçilər üçün ölkənin real ixracı haqda təsəvvürləri daha əhatəli edirdi".

Energetika nazirinin Azərbaycanda neft hasilatına dair nikbin proqnozu reallaşa bilərmi? Hasilatın azalma sürəti yavaşlayacaqmı? İ.Şabanın sözlərinə görə, son 3 ildir ki, Azərbaycanda hasilatın aşağı düşmə tempi çox yüksəkdir: “Hətta qazılan quyuların sayındakı artım belə neft hasilatının azalmasının qarşısını planlaşdırıldığı səviyyədə ala bilmir. Energetika Nazirliyinin rəsmi açıqlamasına görə, 2023-cü ilin əvvəlinədək AÇG blokundan 567 milyon ton neft çıxaılıb. Müqavilə 2049-cu il 31 dekabr tarixində bitir. Bu müddətdə - yəni 27 ilə nazirin proqnozuna görə, 400 milyon ton neft çıxarılmalıdır. Yəni orta hesabla ildə - 14,8 milyon ton. Bəs orta hesabla hasilat başlayandan son 25 ildə nə qədər neft çıxarılıb AÇG müqavilə sahəsindən? - orta illik hasilat 22,7 milyon ton təşkil edib. Təbii ki, AÇG-nin ilk dövründə neftin çıxarılması daha asan və daha az enerji sərf etməklə başa gəlirdi, hazırda isə biz o dövrə qədəm qoymuşuq ki, layların neftverimliyi nisbətən aşağı düşüb və bundan sonrakı onillikdə daha da azalacaq. Bu da təbiidir, çünki böyük ”neft çalasının" dibinə doğru çıxarıla biləcək ehtiyatları əldə etməyə fokuslanacağıq. Hesab edirəm ki, 400 milyon ton olmasa belə, amma minimum 350 milyon ton nefti AÇG-dən indiki texnoloji imkanlar müqabilində çıxartmağa nail olacağıq. Ola da bilər ki, hətta daha yüksək nəticələrə nail olaq, amma bu, 20-25 il sonra dünya bazarında neftə olan tələbat və neftin qlobal enerji balansındakı mövqeyindən və o dövrün real qiymətlərindən asılı olacaq".

Dünya SAKİT,
“Yeni Müsavat”

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR