İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft bazarı yenidən enişdə: səbəb

824 06.05.2023 11:51 İqtisadiyyat A A

Rusiya sürətlə ərəb ölkələrini Asiyadakı bazarlardan sıxışdırır

Dünya neft bazarı arxada qoyduğumuz həftəni kəskin qiymət enişi ilə başa vurdu. Brent markalı neftin bir bareli 82-83 dollardan 73-74 dollara qədər ucuzlaşdı. “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti də 85-86 dollardan 75 dollara düşüb.

Ümumiyyətlə, cari ilin 4 ayı ərzində neft qiymətlərində kəskin volatillik davam edib. Ötən ilin dekabrında Rusiya neftinə tavan və embarqo tətbiq olunduqdan sonra gözləntilərin əksinə olaraq, neft bazarında kəskin qiymət artımı müşahidə olunmadı. Yanvar-fevral aylarında qiymətlər 80 dollar ətrafında dəyişdi, mart ayında ABŞ-ın bank sistemindəki problemlər üzündən 70 dollara qədər ucuzlaşdı. Fevralda Rusiya martdan etibarən gündəlik hasilatı 500 min barel azaldacağını elan etdi. Qiymətlərin sürətli enişi fonunda aprelin əvvəlində OPEK+ razılaşmasının üzvü olan bir sıra ölkələr maydan etibarən gündəlik hasilatı ümumilikdə 1,66 milyon barel azaldacaqlarını bildirdilər. Bu, növbəti 2 həftə ərzində bazarda qiymətlərin yenidən 85 dollar civarına yüksəlməsini şərtləndirdi. Lakin aprelin sonuncu həftəsi, mayın əvvəlindən yenidən eniş müzahidə olunmaqdadır.

Maraqlıdır ki, ABŞ-da neft ehtiyatlarının iki həftədir ardıcıl azalması da bazara əvvəlki pozitivliyi gətirməyib. Məlumat üçün bildirək ki, ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya neft ehtiyatları 1 280 min barel azalaraq, 459 634 min barel təşkil edib. ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 100 min barel azalacağını proqnozlaşdırırdı.

Neft bazarında hazırkı pessimizmin əsas səbəbi ABŞ iqtisadiyyatında gözlənilən resessiyadır. ABŞ Federal Ehtiyatlar Sistemi mayın 3-də uçot dərəcəsini növbəti dəfə artırmaqla 5-5,25 faizə çatdırıb. Ölkə iqtisadiyyatı üçün fundamental əhəmiyyətə malik göstəricilərdə zəifləmə qeydə alınır. Artıq əksər analitik mərkəzlər sərt monetar siyasət nəticəsində resessiyanın qaçılmaz olduğu qənaətinə gəliblər.

Əsas neft istehlakçılarından olan Avropada da Mərkəzi Bank mayın 4-də faiz dərəcələrini artırıb. Avropa İttifaqında iqtisadi artım proqnozları getdikcə azaldılır. Aprel ayında Birliyin aparıcı iqtisadiyyatına malik Almaniyada sənaye müəssisələrinin sifarişlərində kəskin azalma qeydə alınıb, inflyasiya yenidən sürətlənib. Bütün bunlar neftə olan tələbatın azalması ehtimallarını getdikcə artırır. Bu isə bazar iştirakçılarında pessimizmə səbəb olur.

Real neft bazarı ilə fyuçers bazarı arasında ciddi uçurum: Qəribə vəziyyət  (TƏHLİL)

Qeyd edək ki, hazırda OPEK+ ölkələrinin hasilatın əlavə azaldılması vədlərinə əməl edib-etməmələri ciddi şəkildə müzakirələrə səbəb olmaqdadır. Xüsusilə Rusiyanın hasilatı azaltmadığına dair çoxsaylı məlumatlar yayılmaqdadır.

Rusiya fevral ayında martdan etibarən gündəlik neft hasilatını 500 min barel azaldacağını elan etsə də, qeydə alınan ixrac həcmləri bunun həyata keçirilmədiyini göstərir. Bloomberg Agentliyinin yaydığı məlumata əsasən, Rusiyanın dəniz yolu ilə neft ixracı nəinki azalmayıb, hətta artır. Aprelin son həftəsində bu ixracın gündəlik həcmi 4 milyon barelə çatıb. Bu həcmin 3,6 milyon bareli Çin və Hindistana(müvafiq olara 2 milyon və 1,6 milyon barel), qalanının böyük hissəsi Türkiyəyə gedir.

Bundan əvvəl isə Bloomberg Hindistanın yaxın vaxtlarda Avropanın əsas neft məhsulları təchizatçısına çevriləcəyini yazmışdı. Belə ki, Rusiyadan ucuz nefti alan Hindistan şirkətləri onu emal edərək hazır məhsulları baha qiymətə Avropaya satmaqla külli miqdarda qazanc əldə edirlər. Bloombergin məlumatına əsasən, tezliklə Hindistan neft məhsulları təchizatında Səudiyyə Ərəbistanını arxada qoyaraq Avropanın əsas tədarükçüsünə çevriləcək.

Hazırda Rusiya Hindistanın neft tələbatının 35 faizini təmin edir: bu ölkəyə gündəlik ixrac 1,6 milyon barelə çatıb. Halbuki 2022-ci ilin bu vaxtı Rusiya Hindistanın neft tələbatının cəmi 1 faizini qarşılayırdı.

Yanvar-fevralda isə Çinə ixracı gündəlik 2 milyon barelə çatdırmaqla, Rusiya bu ölkəyə ən çox neft satıcısı olub. İki ayda Çinə 15,7 milyon ton neft satılıb ki, bu da ötən ilin eyni dövründəkindən 23,8 faiz çoxdur. Nəticədə, Səudiyyə Ərəbistanı Çinin əsas neft tədarükçüsü mövqeyini itirib - iki ayda cəmi 13,92 milyon ton neft satıb.

Neft bazarı “qızışır”, qiymətlər daha nə qədər yüksələ bilər? - Sonxeber.net

The Wall Street Journalın yazdığına görə, Rusiyanın neft ixracı həcmcə azalmasa da, ondan gəlirləri bir ildə 2 dəfə azalıb. Bunu müstəqil mənbələrin hesablamalarına əsasən Bloomberg də yazır. Rusiya Maliyyə Nazirliyinin açıqladığı rəqəmlər də göstərir ki, xarici mətbuatın yazdığı reallığı əks etdirir: 2023-cü ilin yanvar-aprelində Urals markalı neftin orta qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 1,65 dəfə azalaraq 51,05 dollar (ötən il 84,68 dollar) təşkil edib. Aprel ayında orta qiymət 58,63 dollar olub ki, bu də ötən ilin aprelindəkindən 1,2 dəfə aşağıdır. Rusiyanın ixrac etdiyi digər marka neft - North Sea Dated apreldə 84,89 dollara satılıb. Bu neftin əsas alıcıları Hindistan və Çindəki kiçik neft emalı şirkətləridir. Onların qlobal ticarət əməliyyatları olmadığına görə sanksiyaları nəzərə almaya bilirlər.

Qeyd edək ki, Uralsın orta qiymətinin 50 dolları keçməsinə bilavasitə aprel ayında OPEK+ ölkələri gündəlik hasilatı əlavə olaraq 1,66 milyon barel azaldacaqlarını elan etdikdən sonra qiymətlərin yüksəlməsi səbəb olub.

Nazirlik həmçinin elan edib ki, apreldə Uralsın əsas etalon marka olan Brentə nəzərən diskontu - endirimi 4 dollar azalaraq 25 dollar təşkil edib.

Onu da bildirək ki, 2023-cü ildən etibarən ABŞ Hindistanın Rusiya neftini təyin olunan qiymət tavanından yuksək qiymətə alıb-almadığına nəzarəti gücləndirib. Nəticədə Rusiya məcbur olub Hindistan şirkətləri ilə bağlanan müqavilələrə satılan neftin 60 dollarlıq tavandan yüksək qiymətə satılmadığına dair qeydin yazılmasına icazə verib.

Aprelin 28-də isə Putin qiymət tavanına əməl edən ölkələrə neft satışının qadağan olunmasına dair fərmanına dəyişiklik edərək, qadağadan Çin və Hindistan üçün istisna yaradıb.

Ölkə büdcəsinin kəsiri isə 4 trilyon rublu keçib. Neft-qaz ixracından büdcəyə çatası gəlirlərin həcmində kəskin azalma var. Lakin büdcə xərcləmələri sürətlə artır. Aprel ayında gündəlik büdcə xərcləmələrinin həcmi 122 milyard rublu keçib. Müqayisə üçün qeyd edək ki, yanvarda bu göstərici 97 milyard rubl, fevralda 98 milyard rubl, martda 75 milyard rubl təşkil edirdi. Aprelin 18-də büdcə kəsiri 4,3 trilyon rubl təşkil edib. Halbuki bütöv illik kəsirin 2,93 trilyon rubl olması proqnozlaşdırılırdı.

Aprel ayında vergi gəlirlərinin artması, həmçinin iri biznesin birdəfəlik ödənişləri nəticəsində büdcə kəsirinin azalacağı gözlənilirdi. Lakin məlum olub ki, büdcədən 1 trilyon rublluq artıq ödəmələrin geri qaytarılması baş verib ki, nəticədə ay büdcənin vergi gəlirlərində 731 milyard rublluq kəsirlə yekunlaşıb. Büdcənin 4 aylıq yığılmış kəsiri isə 5,25 trilyon rubla çatıb. Hətta aprelin 28-də icra olunan 2-2,5 trilyon  rublluq daxilolmalar da büdcə kəsirini aradan qaldırmağa yetməyib.

Dünya bazarında neft qiymətləri

Nüfuzlu nəşrlər Rusiyanın hasilatı azaltmaq vədi reallığa çevrilməyib. Nəticədə, Moskva OPEK+ çərçivəsində ona dəstək olan ərəb ölkələrinin Asiyadakı bazar paylarını əllərindən alıb.

Rusiya baş nazirinin müavini Aleksandr Novak bu məlumatlara münasibət bildirərək, ölkəsinin hasilatı elan olunan qədər azaltdığını, öz vədinə əməl etdiyini deyib. Onun sözlərinə görə, Rusiya neftinin dəniz yolu ilə daşımalarının artması təbiidir: boru ilə Avropaya axmalı olan neft də indi dənizlə daşınır.

Novakın bu açıqlaması OPEK+ tərəfdaşlarını qane etməyib. Belə ki, Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudy Aramco” iyundan etibarən Avropaya satdığı neftin qiymətində artıma, Asiyadakı müştərilər üçünsə endirimə gediləcəyini açıqlayıb.

Ərəb ölkələri Rusiyanın təklifinə dəstək verdiklərinə həm də ona görə peşmandırlar ki, onların bazardan çəkdikləri həcmlərin yerini ABŞ nefti tutur. Belə ki, aprel ayında ABŞ-ın xam neft ixracı rekord həcmə - gündəlik 4,5 milyon barelə çatıb. Bu ixracın mühüm hissəsi - gündəlik 850 min bareli Çinə satılıb. Maraqlıdır ki, Çin qiymət şərtləri əlverişli olan Rusiya neftinin deyil, ABŞ neftinin alışını kəskin artırmaqla 2020-ci ildən bəri ən yüksək həddə çatdırıb.

Ümumiyyətlə, ABŞ-ın xam neft ixracı 2022-ci ildə 22 faiz artıb. Hazırda gündəlik ixrac 4,819 milyon barel təşkil edir ki, bu də 2022-ci ilin eyni dövründəkindən 12,86 faiz çoxdur. Bu isə OPEK və OPEK+ ölkələri üçün ciddi bazar itkisinin yaranacağı deməkdir.

OPEK+ çərçivəsində hasilatın azaldılması təşəbbüsünə qoşulan Azərbaycanda neft hasilatının təbii azalması getdikcə sürətlənir. Belə ki, Energetika Nazirliyinin operativ məlumatına əsasən, 2023-cü ilin birinci rübündə Azərbaycanda 7,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz azalma deməkdir. Ümumi hasilatın 4,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin (azalma 11,3 faiz), 1,1 milyon tonu (kondensat) “Şahdəniz”in (dəyişməyib) payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 milyon ton (dəyişməyib) təşkil edib.

Hesabat dövründə 6,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub (azalma 4,5 faiz). Bunun 5,8 milyon tonu konsorsiumun, 576 min tonu isə SOCAR-ın payına düşür.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR