İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nə qədər ki, ordenlərini almayıblar, bu söhbətə son qoy...” – Jukovdan generala dostyana məsləhət

1726 25.05.2024 14:45 Yaxın tarix A A

 

Köməkçisi tərəfindən təqdim olunan siyahını oxumağa Stalinin səbri çatmayıb. Siyahıda əks olunan 8 avtomobil, 4 vaqon mühərrik və ehtiyat hissələri, 2 vaqon mebel və ev avadanlıqları, 16 kiloqram gümüş, 28 qutu farfor və büllur qablar, 2 vaqon musiqi mərkəzləri və musiqi alətləri, rəsm əsərləri, xalçalar, antikvar əşyalar və s. Stalini təəccübləndirməklə yanaşı, həm də onda maraq doğurub və o, köməkçisi Poskrebışevdən soruşub:

-General Telegin bütün bunları Almaniyadan Moskvaya necə daşıyıb?

-Yoldaş Stalin, Berlindən Moskvaya 10 platformada çətinliklə yerləşdirilən yük qatarı eşelonu daxil olub. Bütün qatarlar Moskvaya general-leytenant Konstantin Teleqinin adına gəlib.

Stalin başını bulayaraq köməkçidən Viktor Abakumovu (dövlət təhlükəsizliyi naziri) yanına çağırmasını göstəriş verib.

Stalinlə Abakumovun söhbəti uzun çəkməyib. Nazir general-leytenant Konstantin Teleginin vəzifəsindən sui-istifadə edərək qeyri-qanuni yolla nəzərdə tutulduğundan artıq qənimətləri sərhəddən keçirməsini əsas götürərək haqqında cinayət işinin açılmasını və Hərbi Prokurorluğa təqdim edilməsini məqsədəuyğyn sayıb. Təklif Stalin tərəfindən qəbul olunub: “Həbs edin...”

22874-1.jpg (155 KB)

Beləliklə, 24 yanvar 1948-ci ildə general həbs edilib, “qənimət işi” adı altında başlanan istintaqa cəlb olunub. İstintaq zamanı general Telegin “qənimət işi” ilə yanaşı həm də antisovet fəaliyyətdə ittiham olunub. Teleginə istintaq təcridxanasında o qədər ağır işgəncələr verilib ki, o, nəzarətçilərdən onu öldürməyi xahiş edib. “Lazımi” sənədlərə, istintaq sorğularına imza atdıqdan sonra onu rahat buraxıblar. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə general-leytenant Konstantin Telegin 25 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Əslində Teleginin həbs olunmasında başqa bir məqsəd də güdülüb. Belə ki, generalla marşal Jukov arasında yaxın dostluq münasibətləri hökm sürüb. Telegindən Jukovun əleyhinə ifadələr vermək tələb edilib və bu ifadələri verəcəyi təqdirdə onun azadlığa buraxılması vəd edilib. Telegin isə verilən işgəncələrə baxmayaraq Jukovun əleyhinə heç bir cümlə də olsun belə ifadə verməyib. İstintaq zamanı general yalnız Jukov haqqında hazırlanmış sənədə imza atmayıb. Sonralar Jukov Teleginin bu sədaqətini dəfələrlə dilə gətirib.

v6d8klzacuzqhak1_1024-1.jpg (105 KB)

General Telegin 25 il azadlıqdan məhrum edilsə də o, dəmir barmaqlıqlar arasında cəmi 5 il qalıb. 1953-cü ildə Stalinin vəfatından sonra Jukov SSRİ müdafiə nazirinin birinci müavini təyin ediləndə marşal Teleginin həbsdən buraxılması üçün Nikita Xruşşova müraciət edib və məsələ müsbət həllini tapıb. Telegin tam bəraət alaraq ordu sıralarına bərpa edilib. Hərbi təhsil ocaqlarında siyasi rəhbər kimi xidmətini davam etdirib. Amma general müsadirə olunmuş əşya və əmlakını geri ala bilməyib.

Teleqin müharibə dövrünün hərbi vəzifəliləri arasında Almaniyadan ən çox qənimət gətirən hərbçi kimi yadda qalıb. O, bu işdə Jukovu da üstələyib. Generalın buna necə nail olduğunu araşdıranda, bu suala ilk olaraq general özü cavab verib:

“Mənə məxsus olan əşyalardan kiçik bir qismi qənimət olub. Qalanlarını mən öz şəxsi pulumla almışam. Bu məsələdə qaranlıq məqamlar axtaranlar yəqin bilmirlər ki, müharibədən sonra almanlar öz əşyalarını 4-5 qat ucuzuna satıblar. Biz də bu fürsətdən səmərəli istifadə etmişik və burada şübhəli heç bir şey yoxdur...”

Dövrün maliyyə ekspertləri üçün də generalın qənimətləri maraqlı mövzuya çevrilib. Onların qənaətinə və hesablamalarına görə çoxsaylı yük qatarlarındakı əşyaları almaq üçün generalın qazancı heç də yetərli olmayıb. Belə ki, Telegin general-mayor rütbəsi və tutduğu vəzifəyə görə 12-15 min marka alıb. Bu aylıq qazancla isə nəinki 8 avtomobil, heç onların ehtiyat hissələrini almaq da mümkün deyilmiş.

Telegin ömrünün son illərinə qədər müsadirə olunan əşya və  əmlaklarının geri qaytarılması üçün çalışıb, müvafiq qurumlara çoxsaylı müraciətlər ünvanlayıb, hətta tədbirlərin birində artıq baş katib kürsüsündə olan Leonid Brejnevlə də görüşərək problemini ona bildirib. Ancaq bu cəhdlərin heç biri nəticə verməyib.

Telegin_Konstantin_Fedorovich-1.jpg (32 KB)

Ən ağıllı məsləhəti isə ona Jukov verib. Hərbi tədbirlərin birindən sonra ziyafət zamanı Telegin marşala “qənimət”lərin qaytarılmamasından şikayət edib. Jukov generalın hərbi mundirindəki orden və medallarını göstərərək dostyana və bir az da zarafatla Teleginin şikayətlərinə bir cümlə ilə cavab verib:

-Kostya, nə qədər ki, sinəndəki orden və medalları almayıblar, “qənimət” söhbətinə son qoy...

Qeyd edək ki, general Telegin 1981-ci ildə, 82 yaşında vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR