İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Baş katibini Bakıya gətirən səbəblər - təhlil

1166 19.03.2024 10:18 Siyasət A A

Alyansın rəhbəri Stoltenberq Rusiya ilə geopolitik qarşıdurmanın ən kritik dövründə region turnesinə çıxdı və səfərə Azərbaycandan başlamaqla önəmli işarə vurdu, Kiyevə dəstək göstərdiyinə görə də Əliyevə təşəkkür etdi; analitiklər şimal blokunun bölgə ilə bağlı hədəflərini açıqladı...

Şimali Atlantika Alyansının norveçli baş katibi Yens Stoltenberq geopolitik qarşıdurmanın ən qızğın dövründə maraqlı bir gediş edərək Cənubi Qafqaz turnesinə çıxdı. “Yeni Müsavat” bildirir ki, NATO baş katibi səfərə Azərbaycandan başladı və Prezident İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bəyanatlar səsləndirdi. 

Sitat: “Bu mənim NATO baş katibi kimi Bakıya ilk səfərimdir, amma bundan əvvəl mən 1990-cı illərdə Norveçin energetika naziri kimi bir neçə dəfə buraya gəlmək şərəfinə nail olmuşam. Həmin səfərlərlə bağlı xoş xatirələrim var, ən azı ona görə ki, bu ölkədə canlı və güclü enerji sektorunun inkişaf etdiyini gördüm. Buna görə də geri qayıtmaq, həmçinin enerji təhlükəsizliyini müzakirə etmək fürsəti əldə etmək çox gözəldir, çünki enerji bizim təhlükəsizliyimiz üçün vacibdir”. Alyans katibi buradan Rusiyaya da mesajlar ötürüb və Ukraynaya qarşı təcavüzkar müharibəni davam etdirdiyini bildirib: “NATO müttəfiqləri hazırda gedən müharibənin fəsadlarından çox narahatdır və NATO müttəfiqləri Ukraynaya dəstək göstərirlər. Mən Azərbaycanın Ukraynaya göstərdiyi çox zəruri dəstəyi alqışlayıram. Söhbət çox zəruri olan humanitar yardımdan gedir, lakin daha çox dəstəyə ehtiyac var, çünki Ukraynadakı vəziyyət olduqca ağırdır”.

Prezident: Azərbaycan-NATO tərəfdaşlığının uzun tarixi var

Öz növbəsində Azərbaycan Prezidenti bildirib ki, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Azərbaycanın Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etdiyini xatırladan dövləti başçısı vurğulayıb: “Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci ilin axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız oldu. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir”. 

Əliyev Stoltenberqi noyabrda ölkəmizə səfərə də dəvət edib və COP29 tədbirlərində iştirakını arzulayıb. Qeyd edək ki, NATO-ya üzv olan ölkələr qaz təchizatı baxımından Azərbaycanın tərəfdaşlarıdır. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir. Qarşıdan gələn illərdə tərəfdaşlarımızın sayı artacaq. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu isə həm böyük üstünlük, həm də böyük məsuliyyətdir. 

NATO Baş katibi: Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail  olunacağına ümid edirik

Ümumiyyətlə, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olub. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, ölkəmiz üçün böyük təcrübə olub. 2021-ci il avqustun sonlarında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olub. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir. Silahlı Qüvvələrimizdə aparılan islahatlar yaxşı nəticələr vermişdir. Biz müdafiə imkanlarımızı müasirləşdiririk və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdiririk.

Onu da deyək ki, Stoltenberq səfərinə Gürcüstanla davam edib, martın 19-da isə Ermənistanla yekun vuracaq. İrəvanda da NATO Baş katibi ilə baş nazir Paşinyanın birgə mətbuat konfransı nəzərdə tutulub. Sözsüz ki, Ermənistanın Rusiyadan strateji olaraq uzaqlaşmaq cəhdləri və təhlükəsizlik sahəsində müttəfiqliyə son qoymaq səyləri fonunda Stoltenberqin regiona səfəri çox maraqlıdır. Hər halda, İrəvanda Moskvanın ünvanına daha fərqli bəyanatlar veriləcək. Ümumiyyətlə, ABŞ-NATO cəbhəsi Ukraynada baş verənlərlə əlaqədar Rusiyanın strateji olaraq məğlub edilməsini fürsət bilir. Ona görə Kremlin təsir zonalarında fəallaşıblar. Belə desək, Rusiyanın Ukrayna cəbhəsində hərbi potensialının tükəndirilməsi, iqtisadi basqılar və neft emalı zavodlarında yanğınlarla daxili sabitliyin pozulması, eləcə də nüfuz dairələri olan Cənubi Qafqaz və Orta Asiyada mövqelərinin zəiflədilməsi prosesi getməkdədir. NATO Baş katibi həm də bu məqsədlə bölgədədir. Amma Gürcüstan və Ermənistandan fərqli olaraq, Azərbaycan hərbi bloklara üzv olmaq istəmir, Qoşulmama Hərəkatında təmsil olunur. 

Azərbaycan-NATO tərəfdaşlığının uzun tarixi var

Rusiya Hökuməti yanında Maliyyə Universitetinin dosenti Vladimir Blinov deyib ki, “Qafqaz əbədi qeyri-sabitlik zonasıdır və ola bilsin ki, burada Rusiya ilə qarşıdurmanın yeni cəbhəsi açılacaq”. Onun sözlərinə görə, amma region ölkələrinin NATO-ya qoşulması gündəmdə deyil. Səfərlə bağlı başqa versiya da var: “Postsovet respublikalarına xəbərdarlıq edəcəklər ki, İranla qarşıdurmaya getməsinlər. Çünki Azərbaycan-Ermənistan müharibəsinin nəticəsində Türkiyə Zəngəzur dəhlizi ilə Xəzər dənizinə çıxış əldə edə bilər ki, bu da NATO-nun Xəzər dənizində varlığı deməkdir. Onlardan Rusiya və İrana qarşı istifadə oluna bilər. Bəlkə başqa versiya da var, lakin indilikdə heç birinə birmənalı cavab vermək mümkün deyil”. Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitik layihələr üzrə direktoru Mixail Neyjmakov isə hesab edir ki, Cənubi Qafqazda Gürcüstan NATO ilə ən sıx əlaqələri olan ölkədir. Ermənistana gəlincə, alyansın bu dövlətə marağında əlavə faktor İrəvanla KTMT arasında soyuqluqdur. 

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğluna görə, Kreml NATO baş katibinin Gürcüstan, Azərbaycan və Ermənistana səfərlərinin məqsədini özü üçün aydınlaşdırmağa çalışır: “Yens Stoltenberqin bölgəyə səfəri yekun hesabat üçündür. Stoltenberqin baş katiblik müddəti bu ilin oktyabrında bitir və vətəni Norveçə qayıdacaq. Ona görə də Stoltenberq müxtəlif ölkələrə səfərlər edib, işini uğurla yekunlaşdırmağa çalışır. Əlbəttə, NATO baş katibinin gündəlik fəaliyyətinin böyük hissəsini Ukraynadakı müharibə əhatə edir. Ancaq Stoltenberq NATO tərəfdaşları ilə təmasları da arxa plana keçirmir. Bunun da haradasa Ukraynadakı müharibə ilə əlaqəsi var”. Politoloq hesab edir ki, Cənubi Qafqaz ölkələrindən yalnız Gürcüstan Şimali Atlantika Blokuna üzv olmaq istəyir, digər iki dövlətin - Azərbaycanın və Ermənistanın oxşar məqsədi yoxdur: “Əlbəttə, NATO baş katibi İrəvanda Ermənistanın Rusiyadan nə qədər uzaqlaşmağa hazır olması ilə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməsi prosesi ilə maraqlanacaq. Ancaq NATO-nun Ermənistana təhlükəsizlik təminatına yönəlik alternativ proqramı yoxdur. Azərbaycana gəldikdə, ölkəmizlə NATO arasında konstruktiv əməkdaşlıq mövcuddur. Azərbaycan Şimali Atlantika Blokunun müxtəlif proqramlarında iştirak edir. Azərbaycan NATO-nun ikinci böyük dövləti - Türkiyə ilə strateji müttəfiqdir. Azərbaycan Ordusu Türkiyə ordusu modelinə keçib. Bu elə Azərbaycan Ordusunda NATO standartlarının tətbiqidir. Bu, Şimali Atlantika Bloku üçün yetərlidir”.

Natiq Cəfərli: “İnflyasiyanın və qiymət artımının səbəbi...” » Reyting.az

Natiq Cəfərli

REAL Partiyasının üzvü Natiq Cəfərlinin fikrincə, indiki qarışıq dünyada NATO baş katibinin regiona, Azərbaycana səfəri ciddi hadisədir: “Səfərə ölkəmizdən başlaması, ən sıx görüş qrafikinin Azərbaycanda olması məmləkətimizin bölgənin "açarı" olduğunu sübut edir. Cənubi Qafqazın hər 3 respublikası nə vaxtsa üzv olacaqsa, yalnız bir yerdə Avropa Birliyi və ya NATO-ya üzv olacaqlar, ayrı-ayrılıqda hansısa ölkənin bu qurumlar üçün həyati əhəmiyyəti yoxdur. Ona görə də hər 3 ölkə Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi üçün birgə çalışmalıdır". N.Cəfərlinin qənaətinə görə, məhz Azərbaycanın son 4 ildə atdığı addımlar bölgədə Rusiyanın ciddi zəifləməsinə səbəb olub: “Ki, bunu da bizdəki bəzi marginallardan fərqli olaraq, Qərb institutları çox yaxşı anlayırlar. Hər 3 ölkə üçün ilk hədəf Kremlin təsirlərini minimuma endirməkdir, sonra daha asan olacaq. Bölgəmizdə Moskvadan ən çox asılı olan ölkə Ermənistandır, əvvəl onları dartıb-çıxartmağa çalışırlar - Qərbin bəzi dairələrinin ermənipərəstliyinə emosional deyil, sırf praqmatik baxmaq, bu kontekstdə dəyərləndirmək lazımdır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR