İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkomanlar və məktəbli forması

1793 02.09.2022 08:40 Yazarlar A A

Adam iki universitet qurtarıb, mənə təşviş içində yolladığı linkə baxanda ağzım əyildi: guya Biləcəridə hamı narkoman olubdur. Belə təhsilə, qiymətləndirməyə nə ad vermək olar? Heç zad.

“Xəbər”in linki isə tərtəmiz lətifə idi. Demək, bir yutuber yoldaş var, gəlib Biləcəriyə, bir zənən xeylağını yolun qırağında danışdıra-danışdıra gəzişirlər. Zənən deyir uşağımı narkotikə öyrədənlər var, Allah onların bəlasını versin, hökumət hara baxır və sairə. Vəssalam. “Biləcərinin Kolumbiyanın paytaxtı olması, Eskobarın da şəxsən Yeni Yaşayışa köçməsi” haqda rəvayətin mənbəyi yalnız bu zənənin qara-qışqırığından ibarətdir. Başqa hər hansı fakt, dəlil, sübut yoxdur. Belə jurnalistika olmur axı.

Əlbəttə, belə məqamlarda yutuber yoldaşların daşdan keçən “arqumenti” də var, deyirlər biz jurnalist deyilik, kütləvi informasiya vasitəsi sayılmırıq, nə bilim, nə sayılırıq. Aha. Necə olur, məsuliyyət daşımaq lazım gələndə jurnalist olmursunuz, lakin camaatın beynini yalan-palan, söyüş-möyüş, böhtanla dolduranda və buna görə cavabdehlik tələb ediləndə hadisəni “söz azadlığı pozulur, qoymayın, ay aman” deyə hayqırırsınız? Yarımçıq hamiləlik olmur axı.

Həmin başabəla süjet isə KİV qaydalarına, lap elə hər cür xəbər yaymaq üsullarına görə (nə olsun Yutubdur, bu da bir KİV-dir əslində) hazırlanmalı idi. Birincisi, yalnız 1-2 nəfərin, üstəlik, zərərçəkənin - əgər qadının oğlunun həqiqətən narkoman olduğunu qəbul etsək - sözlərinə əsaslanaraq hansısa yaşayış məntəqəsində narkomaniyanın tüğyan elədiyini söyləmək olmaz. Çoxlu rəylər, mövqelər olmalıdır. Başqa yaşayış məntəqələri ilə müqayisə aparılmalıdır. Müstəqil ekspertlər, məhəllə sakinləri, polis, bələdiyyə, icra nümayəndəsi, nə bilim, bu işlə məşğul olan QHT-ləri tapıb danışdırmalısan. Bunları danışdırmadan hökm çıxarırlar. Yaxşı, eyni üsulla Azərbaycanın hər bir yaşayış məntəqəsini narkomaniya yuvası elan etmək mümkün deyilmi? Yağ kimi mümkündür. Hətta mən o yutuberin özünü də şəxsi rəyimlə narkobaron elan edərəm. Kimin iradı var?

Mən 20 ildir Biləcəridə yaşayıram, lakin 1 nəfər də narkoman tanışım yoxdur. İndi bunun əsasında “Biləcəridə ümumiyyətlə narkomaniyanın kökü kəsilib” deyə bilmərəm. Narkomanları tanımasam da, səhər parkda qaçarkən tanıdığım bəzi adamlar var. Bunun əsasında Biləcərini dünya marafon mərkəzi elan edimmi? Bunlar stereotiplər, yanlış ümumiləşdirmələrdir, KİV-ə yaraşmır.

Savadsızlıq artdıqca, ənənəvi, qanun qarşısında, cəmiyyət qarşısında sözünə məsuliyyət daşıyan media orqanları sıradan çıxarıldıqca onların yerinə belə qaragüruhun, boşboğazların, xürafatçıların və mövhumatçıların gəlməsi təbiidir. Xalqa xəbər lazımdır. Lakin xalq onu da nəzərə almalıdır ki, pulunu özü ödəmədiyi xəbəri ona hər cür tiplər və rejimlər kefləri istəyən şəkildə bəzəyib-düzəyib sırıyacaqlar. Pulunu sən verməzsən, başqaları verər. Ortaya da yalanlar çıxar. Müftə pendir ancaq siçan tələsində olduğu kimi, müftə xəbər də bu dəqiqə sosial şəbəkələrdədir.

Söz azadlığını monopoliyaya almaq sözü bahalaşdırmır. Burada mexanizm tərsinədir. Biz sözün inflyasiyasını yox, devalvasiyasını müşahidə edirik.

Mövzu inhisara gəlmişkən... Bir karikatur durum yaranıb: məktəblərin açılmasına az qalır, lakin hələ də heç kim bilmir uşaqlar hansı formada məktəbə getməlidir. O qədər versiya dolaşır, bunu robotlar da çözə bilməz. Məsələn, nazirlik deyir 4-cü sinfə qədər uşaqlar yeni formada gəlsin. Qalan siniflər isə 2023-ün yanvarına qədər köhnə formanı geyə bilər. Hansı köhnə formanı? Bu satışda varmı? Niyə valideyn ildə iki dəfə forma alsın?

Eyni zamanda məktəblərin forma seçimində sərbəst olduğu söylənir. Bu çoxvariantı tənliyi həll etmək üçün müsabiqə lazımdır.

Ancaq heç kim demir ki, qardaşım, axı niyə bu boyda ölkədə məktəbli formasını yalnız 1 fabrik - Bakı Tikiş Evi tikir? Axı doğrudan da 1 fabrikin 1 milyon 530 min şagirdə qısa zamanda geyim tikməsi çox çətindir. Nədən burada da biz monopoliya ilə üzləşmişik? Başqa tikiş fabrikimiz yoxdur, ya yağlı tikə yalnız bir ağız üçündür?

Cavab gözləyirəm. Hələliksə gedim Biləcəridə vağzalda hallanım.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR