İnsanlara hürriyət, millətlərə istiqlal!

Nadir əlyazma ətrafında qalmaqal: Vatikanlı qonaqlar İsa Həbibbəylini niyə dayandırdı?

2037 26.06.2026 23:35 Ölkə A A

XIV əsrə aid nadir Nizami Gəncəvi əlyazmasının nümayişi zamanı baş verən hadisə sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Musavat.com bildirir ki, müzakirələrin mərkəzində isə AMEA prezidenti İsa Həbibbəylinin Vatikan nümayəndə heyətinə qədim əlyazmanı təqdim edərkən onu sürətli və sərt şəkildə vərəqləməsi dayanır.

Yayılan görüntülərdə İsa Həbibbəylinin qonaqlara əlyazmanı nümayiş etdirərkən səhifələri sürətlə çevirdiyi görünür. Diqqət çəkən məqamlardan biri isə Vatikan nümayəndə heyətinin üzvlərindən birinin əlyazmaya yaxınlaşaraq vərəqlərin daha ehtiyatla çevrilməsinə işarə etməsi olub. Bundan sonra təqdimatın daha diqqətli şəkildə davam etdiyi müşahidə edilir.

Məsələ xüsusilə ona görə həssas qarşılanır ki, söhbət adi kitabdan deyil, XIV əsrdən günümüzə qədər qorunub saxlanılmış nadir Nizami Gəncəvi əlyazmasından gedir. Belə nümunələr təkcə Azərbaycanın deyil, dünya mədəni irsinin ən qiymətli xəzinələri sırasında yer alır.

Bəs əsrlərin sınağından çıxmış nadir əlyazmalara necə toxunmaq lazımdır?

Kitab konservasiyası və arxiv işi üzrə beynəlxalq standartlara əsasən, yüzilliklər yaşı olan əlyazmalar yalnız xüsusi şəraitdə nümayiş etdirilməli və maksimum ehtiyatla vərəqlənməlidir. Mütəxəssislər bildirirlər ki, belə sənədlərin səhifələri sürətlə çevrilməməli, vərəqlər yalnız kənar hissələrindən yüngül hərəkətlə tutulmalı, heç bir halda dartılmamalı və ya qatlanmamalıdır. Əlyazmanın cildinə təzyiq göstərilməsi, onun tam açılması və ya sərt hərəkətlərlə vərəqlənməsi materialın zədələnmə riskini artırır.

Ekspertlərin fikrincə, nadir əlyazmalarla işləyən şəxslərin əllərinin təmiz olması vacib şərtlərdən biridir. Çünki insan dərisindəki təbii yağlar, rütubət və çirklər əsrlərlə qorunmuş kağız və mürəkkəb qatlarına mənfi təsir göstərə bilər. Kobud hərəkətlər isə kağızın qırılmasına, mürəkkəbin tökülməsinə və ya bərpası son dərəcə çətin olan zədələrin yaranmasına səbəb ola bilər.

Məhz buna görə də sosial şəbəkələrdə yayılan görüntülər sərt reaksiyalar doğurub.

Xalidə,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR