İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifət və Qərb zəlzələ “silahı”nı Ərdoğana qarşı çevirir – TƏHLÜKƏ

1753 13.02.2023 21:18 Siyasət A A

Deputat: “Qardaş Türkiyə xalqı feyk təbliğata yox, 20 il ərzində dəyişən reallığa əsaslanacaq”

“Ərdoğanın siyasi taleyi onun zəlzələyə verəcəyi reaksiyasından asılı ola bilər”. Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın CNN telekanalının şərhində deyilir.

Türkiyənin cənubunda baş verən dağıdıcı zəlzələnin prezident Rəcəb Tayyib Ərdoğan üçün seçki balansını dəyişə biləcəyini bildirən CNN Ərdoğanın zəlzələdən zərər çəkmiş bölgələrə səfər etdiyini qeyd edib: “Ərdoğan təbii fəlakətdən çəkmiş bölgələrə səfər edir, zəlzələdən ziyan görmüş insanları təsəlli verir və minlərlə dağılmış evi bərpa edəcəyinə söz verir. Bununla belə, insanlar çoxlu cəsədin hələ də dağıntılar arasından çıxarılmamasından, meyit qoxusunun yayılmasından şikayətlənirlər”.

Qeyd edək ki, 10 fevralda Türkiyə Prezidenti Aydıyamanda çıxışı zamanı özü də axtarış-xilasetmə əməliyyatlarının lazımi sürətlə aparılmadığını söyləyib: “İndiyədək 94 müxtəlif ölkədən dəstək təklifi gəlib. Əcnəbi və yerli mütəxəssislər axtarış-xilasetmə tədbirlərini davam etdirirlər. Təəssüf ki, axtarış-xilasetmə tədbirləri lazımi qədər sürətlə davam etmir”.

Aydındır ki, hökumət bunca dağıdıcı zəlzələnin nəticələri ilə nə qədər effektli mübarizə aparsa da, yenə narazılar olacaq. Bu arada kəmfürsət qərbyönlü müxalifət də zəlzələdən siyasi məqsəd naminə istifadə eləməyə başlayıb. Bu da növbəti fakt. Türkiyənin Hatay əyalətinin Erzin rayonunda zəlzələ nəticəsində bir binanın belə uçmaması qardaş ölkə mediasında baş xəbərə çevrilib. Rayon bələdiyyəsinin sədri Ökkeş Almasoğlu deyib ki, yeraltı təkanlar nəticəsində heç yaralanan da olmayıb: “Erzindən kənarda - İsgəndərun, Hatay, Osmaniyədə yaşayan 50-60 sakinimiz hadisə nəticəsində öldü. Ancaq Erzində zəlzələ zamanı ölən və yaralanan olmadı”. Bələdiyyə sədrinin iddiasına görə, onun dönəmində rayon ərazisində qanunsuz tikintiyə icazə verməyib və ona görə də uçqun yoxdur. Almasoğlu CHP-dən seçilib və bu faktı əsas götürənlər AKP-yə qarşı kampaniya aparırlar. İqtisadçı-ekspert Natiq Cəfərli isə bu yöndə araşdırmasını qeyd edib. O bildirib ki, həmin qəsəbədə CHP yalnız son, 2019-cu il seçimlərini udub, bundan öncə isə 2014-də və 2009-da həmin qəsəbədə bələdiyyə seçkilərini AKP qazanıb. “Cəmi 2,5 ildir qəsəbə CHP-dədir, bu zaman kəsimində 3-4 bina ya tikilib, ya tikilməyib. Halbuki əsas tikinti bumu 2009-2019 arası, AKP dönəmində olub”, - ekspert bildirib. Beləliklə, Erzində tikintilərin zərər görməməsinin səbəbi zəlzələ dağlarla əhatə olunması yox, məhz tikintinin keyfiyyətidirsə, onda bu, AKP-nin xidmətidir. İctimai rəyə hesablanmış bu kimi təbliğati gedişlər nə dərəcədə Ərdoğanın və hakim partiyanın reytinqi əleyhinə işləyə bilər? Doğrudanmı Türkiyə prezidentinin siyasi taleyi zəlzələ amilinə bağlı olacaq?

Deputat Bəhruz Məhərrəmov Ərdoğan iqtidarını ittiham etməyin yersiz olduğunu dedi:

1606135258_1606135174579.png (441 KB)

“Nəzərə almalıyıq ki, Türkiyədə zəlzələ siyasi proseslərin ən qızğın çağında baş verdi. Amma təəssüf ki, təbii fəlakətin həcmi və yaşanan faciə siyasi mübarizədə nəinki sükuta, fasiləyə səbəb olmadı, əksinə prosesləri daha da iyrənc formaya saldı. Bu gün qardaş ölkədə Azərbaycanın böyük dostu Rəcəb Tayyib Ərdoğan əleyhinə ciddi kampaniya aparılmaqdadır. Bu prosesdə xüsusən Qərb informasiya maşını və Qərbin Türkiyədəki siyasiləşmiş “5-ci kolon”u xüsusi aktivlik göstərməkdədir. 20 ildir ki, demokratik yolla Ərdoğan hakimiyyətini iqtidardan sala bilməyən Türkiyə müxalifəti hazırda zəlzələyə ciddi fürsət kimi baxır. Maraqlıdır ki, bu prosesdə Qərb mediası Türkiyə müxalifətinə ciddi informasiya dəstəyi verməkdədir. Amma inanırıq ki, qardaş Türkiyə xalqı feyk təbliğata yox, 20 il ərzində dəyişən reallığa əsaslanacaq.

Eyni zamanda, təəssüf ki, sosial media üzərindən bəzi Azərbaycan vətəndaşlarının da özünü axına qapdırdığının, özünün Türkiyədə seçki və səs hüququ varmış kimi davrandığının şahidi olmaqdayıq. Bəli, Türkiyə bizim qardaşımızdır, orada baş verənləri həssaslıqla izləyirik, amma Azərbaycan vətəndaşı üçün istənilən Türkiyə iqtidarı yalnız Azərbaycana münasibəti ilə dəyərləndirilməlidir. Ərdoğan ən çətin dönəmlərdə bizimlə olub, Vətən müharibəsində siyasi-diplomatik mübarizədə cənab İlham Əliyevlə çiyin-çiyinə savaşıb. Bir dönəmlər əhalinin təxliyyəsi üçün prezident Əbülfəz Əliyevə 2 helikopter verməyən Türkiyə iqtidarlarından fərqli olaraq, Ərdoğan hakimiyyəti varlığı ilə yanımızdadır. Məsələn, terror dövləti İranın Arazboyu təlimlərinə cavab olaraq Türkiyə çəkinmədən bizimlə həmin ərazilərdə böyük bir təlim keçirdi. Yəni Azərbaycan vətəndaşı danışanda hansısa uydurma dəyərlər, Qərb informasiya maşınının ifrazına yox, milli maraqlarımıza istinad etməlidir”.

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli bu cür ucuz təbliğatla Türkiyə müxalifətinin ancaq özünə zərbə vurduğunu qeyd etdi:

1638978079363766503_1200x630 (1).jpg (273 KB)

“Təbii fəlakətlər, xüsusilə də onların miqyası böyük olduqda, bir qayda olaraq, fəlakətin baş verdiyi ərazidəki insanların bütün neqativ və pozitiv tərəflərini, idarəçilik sistemində, hüquqi və ictimai nəzarət mexanizmlərində mövcud olan problemləri ortaya çıxarır. Türkiyədə baş verən zəlzələdən sonra eyni reallıqların qardaş ölkədə və ətrafında cərəyan edən proseslərdə də nəzərə çarpdığının şahidi oluruq. Bir yanda son tikəsini də zəlzələdən zərər çəkənlərlə bölüşməyə hazır olan insanlar, görünməmiş bir həmrəylik, birlik nümayişi, digər yanda isə fəlakət dəllalarının, onminlərlə insanın faciəsindən öz mənafeyi üçün yararlanmaq istəyən klassik şərəfsizlərin, maraq ovçularının, falçıların yürüşü... Məsələ burasındadır ki, öz ailə büdcələrini doğru-dürüst formalaşdıra bilməyən, öz həyatlarından baş açmayan, ətraflarındakı 3-5 nəfərlə ünsiyyət qura bilməyən, bir addım sonranı proqnozlaşdıra bilməyən insanlar, indi Türkiyənin qarşılaşdığı bu böyük fəlakətin səbəbləri və doğuracağı nəticələr haqqında “səhih” bilgi və “proqnozlar” verirlər. Nəhəng bir ərazini əhatə edən zəlzələ nəticəsində, hələlik 7 minə yaxın binanın tamamilə yıxıldığı, yerlə bir olduğu bildirilir. Bu hələlik dəqiq rəqəmlər deyil, yəqin ki, daha çox olacaq. Bununla yanaşı, istifadəyə yararsız hala düşən çoxsaylı binalar var və həm tamamilə uçulan, həm də istifadəyə yararsız hala düşmüş binalarla bağlı ciddi araşdırmalar olmadan, günahkar axtarışına çıxmaq doğru deyil. Türkiyədəki siyasi qüvvələr bir yana qalsın, Azərbaycandakı bəzi şəxslər də, evlərində oturub minlərlə kilometr uzaqlıqdakı ərazilərdə “ekspertiza” aparır, ayrı-ayrı siyasi qüvvələrin, sırf öz siyasi maraqları müstəvisindən dilə gətirdikləri əks təbliğat xarakterli arqumentlərə istinad edərək, proqnozlar verirlər. Bu qədər nəhəng bir faciənin, ən azı ilkin təzahürlərini aradan qaldırmadan, həlak olanları dağıntlar altından çıxarıb dəfn etmədən, evsiz-eşiksiz insanları müvəqqəti sığınacaqlara yerləşdirmədən, yəni böhranın kritik mərhələsindən çıxmadan irəli sürülən bütün ittihamlar yersizdir və yalnız subyektiv fərziyyələrə söykənir. Nə bilim “filan şəhərdəki, yaxud qəsəbədəki binalar inşa ediləndə filan partiya hakimiyyətdə olmayıb, bələdiyyə sədrləri filan partiyanı təmsil etməyib” və s. bu kimi mülahizələr acı təəssüf doğurur. Bəlkə, ümumiyyətlə zəlzələnin baş verdiyi nəhəng bir ərazidə AKP hakimiyyətə gələnədək, ümumiyyətlə məskunlaşma olmayıb? AKP hakimiyyətə gələn kimi işi-gücü, yalnız həmin ərazilərdə bina tikməkdən ibarət olub? Görəsən, bu adamlar nəhəng əraziləri ikiyə bölən, dərin yarğanlar yaradan, torpağın altını üstünə çevirən bu təbii fəlakətin miqyasını dərk edə bilirlər? Azərbaycanın ən müxtəlif ərazilərində zəlzələlər baş verib. Yaddaş problemləri olmayanlar, 2000-ci ildə Bakıda baş verən zəlzələ zamanı bir toxunuşa bənd olan uçuq-sökük üçmərtəbəli binaların heç bir ziyan görmədiyi halda, möhkəm təməl üzərində olan tikililərin çat verdiyini xatırlaya bilərlər. Təbii fəlakətlər zamanı, ərazinin relyefindən, alt qatlardakı suxurların tərkibindən təkanların az qala hər kvadrat kilometrə görə təsir gücü fərqli olur. Bunu anlamaq üçün mütəxəssis olmaq lazım deyil. Bir az qərəzsiz olmaq, bir də daha öncə baş verən zəlzələlərlə bağlı hesabatları, mütəxəssis rəylərini oxumaq yetərlidir. Məsələn, Hatay əyalətinin Erzin rayonunun CHP-dən olan bələdiyyə sədrinin iddialarının cəfəngiyyat olması ilə bağlı, artıq bir sıra məqamalara aydınlıq gətirilib. Sözügedən şəxs, cəmi 3 ildir bələdiyyə sədridir. Ondan öncə Erzinin iki dönəm bələdiyyə sədri AKP-çi Kasım Şimşek olub. Erzinin ən çox inkişaf etdiyi, yeni iş yerlərinin açıldığı, inşaat işlərinin aparıdığı zaman kəsiyi də 2009-2019-cu illərə, Kasım Şimşeyin bələdiyyə sədri olduğu zamana təsadüf edir. Əgər Erzində hər hansı bina uçulmayıbsa, zərərçəkən olmayıbsa və bütün bunlar inşaat işləri ilə, binaların möhkəmliyi ilə bağlıdırsa, deməli bu, 3 il ərzində barmaqla sayıla biləcək qədər iş görən CHP-çi Ökkeş Almasoğlunun yox, AKP-çi Kasım Şimşeyin xidmətləridir. Amma mənə görə Erzində binaların uçulmamasının səbəbi, həmin ərazinin relyefi, torpağın alt qatlarında baş verən proseslərlə, ayrı-ayrı layların bir-birinə təsiri və s. ilə bağldır. Hesab edirəm ki, zəlzələnin yaratdığı böhranlı vəziyyət aradan qaldırıldıqdan sonra, bütün həqiqətlər ortaya çıxacaq və mövcud durumda Türkiyə dövlətinə və xalqına qarşı xəyanət yolunu seçənlərin də maskaları yırtılacaq. Müəyyən bir zaman kəsiyindən sonra, biz Türkiyə hökumətinin antiböhran tədbirlərini gücləndirəcəyinin şahidi olacağıq. Boşboğazların, falçıların məqsədləri də getdikcə daha aydın görünəcək və bütün bunlar da şübhəsiz ki, Rəcəb Tayyib Ərdoğana qarşı aparılan təbliğat kampaniyasına ciddi təsir göstərəcək. Türkiyə müxalifətinin nümayəndələri seçkildə uğur qazanmaq üçün yenə də çox yanlış yol seçiblər. Türk xalqı təbii fəlakətlərdən, insan faciələrindən sui-istifadə edənləri sevmir və bağışlamır. Belə davam edəcəklərsə, onları içdən parçalanmalar və daha ağır məğlubiyyət gözləyir”.

AĞ Partiya sədrinin I müavini, siyasi şərhçi Əhəd Məmmədli türk müxlaifətinin xain mövqeyini xüsusi diqqət ayırdı:

1826581.jpg (70 KB)

“Əvvəla onu deyim ki, Hatay bələdiyyəsi CHP-nin nəzarətindədir. Ümumiyyətlə, zəlzələ olan regionun əhalisinin böyük əksəriyyəti kürdlər, ermənilər və ələvilərdir. Bu qisimdə adətən səsi CHP və HDP-yə verir. Ona görə durub siyasi baxımdan AK Partini suçlamaq ya xainlik, ya da abdallıqdır. Bu sözüm həm Türkiyə, həm də Azərbaycandakı xain və abdallara aiddir. Yuxarıda qeyd etdiyim kimi ən çox zəlzələdən zərər çəkən bölgə Hatayda bələdiyyə iqtidarı CHP-dədir. Binaların tikintisinə bu yöndə digər məsələlərə də məhz CHP bələdiyyəsi icazə verib. Gözlənildiyi kimi, xainlər bundan istifadə edib Ərdoğanın üstünə gedəcəklər lakin istədiklərini əldə edə bilməyəcəklər. Çünki Türkiyə böyük dövlət, Türk böyük xalqdır!

İn şa ALLAH bunu da atladacaq və daha da güclü çıxacaq. Bir neçə günə Türkiyə dövləti zəlzələ ilə bağlı bütün problemləri in şa ALLAH aradan qaldıracaq. Ondan sonra bu faciədən siyasi divident qazanmaq istəyən şərəfsizlər dövlət qarşısında cavab verəcəklər. Özüdə bu təkcə Türkiyədəki deyil, Azərbaycandakı xainlərə də aiddir. Yapon zəlzələ mütəxəssisi professor Şinji Toda deyir ki, Kahramanmaraş zəlzələsi Yaponiyadakı zəlzələdən 10 dəfə güclü olub. İngilis mütəxəssisləri bu cür zərzələnin Britaniyada olsaydı Mançester, Birmingem kimi şəhərlər yer üzündən silinərdi kimi fikirlər səsləndirirlər. ABŞ prezidenti Co Bayden son 100 ildən çox müddətdə regionda baş verən ən güclü zəlzələlərdən biri olduğunu bildirib. Bu sözü Ərdoğanı devirməliyik deyən Bayden söyləyir. Kılıçdaroğlu xalqının bu faciəsində Bayden kimi belə olmadı. Ünlü "New York Times” qəzeti Türkiyədə baş verən 7.8 bal gücündə zəlzələnin yaratdığı dağıtma gücü Xirosima şəhərinə atılan atom bombasının yaratdığı dağıtma gücündən 32 dəfə güclü olduğunu qeyd edir. Türkiyə və Azərbaycandakı milli-satqınlar isə tam başqa söz deyir. Bütün cəhdlərinə rəğmən yenə uğursuzluğa düçar olacaqlar. Türkiyə özünə gələndən sonra Ərdoğan yenə xainlərə qalib gələcək. Satqınların təbii fəlakətlər və bunun hesabına spekulyasiyalar belə köməklərinə çatmayacaq.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR