İnsanlara hürriyət, millətlərə istiqlal!

Müstəqilliyin bərpası günü qürur mənbəyimizdir

1056 18.10.2022 15:22 Yazarlar A A

Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”.

                                                                                                                                                                     H.Əliyev

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi, bununla da xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirməyə başladı. Qısa müddətdə Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, ölkənin sərhədləri müəyyənləşdirildi, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi. Beynəlxalq münasibətlər sistemində diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. Parlament tərəfindən milli müstəqilliyin möhkəmləndirilməsi, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunması və demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynayan mühüm qanunlar qəbul olundu. Ancaq təəssüflər olsun ki, müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərən Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmisi 23 ay oldu – 1920-ci ilin aprel ayında baş vermiş ictimai-siyasi dəyişikliklər nəticəsində Azərbaycan xalqı milli azadlığından, dövlət müstəqilliyindən, milli-mənəvi ənənələrindən məhrum oldu.

XX əsrin sonlarında – doxasınıncı illərin əvvəlində ölkəmizdə və ittifaqın digər respublikalarında vüsət almış milli-azadlıq hərəkatı SSRİ-nin dağılması ilə nəticələndi və yaranmış tarixi şəraitdə Azərbaycan dövləti özünün müstəqilliyini bərpa etdi – 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi və  həmin il dekabrın 30-da ümumxalq səsverməsi – referendum vasitəsilə bəyənildi. 6 fəsil və 32 maddədən ibarət olan həmin Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.

Bu aktla Azərbaycan Respublikasının dövlət müstəqilliyinin təmin olunması üçün hüquqi əsaslar yarandı, ölkəmiz öz dövlət müstəqilliyini bütün dünyaya bəyan etdi. Müstəqillik bərpa olunandan sonra isə dövlətin digər atributları – bayraq, himn və gerb haqqında da qanunlar qəbul edildi.

Bunlar isə heç də asanlıqla başa gəlmədi – Azərbaycanın müstəqilliyi  xalqın azadlıq arzusu və bu yolda dönməz mübarizəsi nəticəsində ölkəmiz üçün ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi.  

Müstəqilliyin yenicə bərpa edilməsindən qısa müddət sonra xalqımız onu yenidən itirmək təhlükəsi ilə üz-üzə qaldı. Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə ilə yanaşı, o zamankı dövlət rəhbərliyinin səriştəsizliyi, daxildə gedən siyasi çəkişmələr və vətəndaş qarşıdurması müstəqilliyin itirilməsi təhlükəsini yaradırdı. Məhz belə bir şəraitdə ölkənin müdrik bir xilaskara ehtiyacı vardı  və xalqın təkidli tələbi ilə 1993-cü ildə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra müstəqilliyi qoruyub inkişaf etdirmək mümkün oldu.  Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu elan etdi.

191559_h61xcch2xi.jpg (48 KB)

Müstəqillik yolunun çətin bir yol olduğunu deyən Ümummilli Lider Heydər Əliyev eyni zamanda deyirdi ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.

Bu gün ölkəmiz dinamik inkişaf yolundadır – Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Prezident İlham Əliyev Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi istiqamətində uğurlu islahatlar həyata keçirir. Hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil Azərbaycan bir dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır. Ölkə başçısının siyasi iradəsi nəticəsində daha da güclənən və sosial dövlətə çevrilən Azərbaycanda insanlar rifah içində yaşayır və onların rahat yaşaması üçün hər cür şərait və imkanlar mövcuddur.

147d3e76-5ef9-3c73-b708-2c1dcce483a3_850.jpg (58 KB)

Bu gün Azərbaycanda uğurlu iqtisadi islahatlar aparılır, bazar iqtisadiyyatı inkişaf etdirilir, dünya iqtisadi məkanında ölkəmizin öz yerini möhkəmləndirməsi üçün lazımi tədbirlər görülür. Dünyanın böyük şirkətlərinin, xüsusən, böyük neft şirkətlərinin Azərbaycana investisiyalar yatırması, ölkəmizin gələcəyi üçün mühüm əhəmiyyəti olan müqavilələrin imzalanması, dünyanın inkişaf etmiş ölkələri ilə iqtisadi əməkdaşlığın gündən-günə inkişaf etdirilməsi dediklərimizin əyani sübutudur. İqtisadi islahatlar və bu istiqamətdə həyata keçirilən digər tədbirlər Azərbaycan iqtisadiyyatının yüksələn xətlə inkişafına şərait yaradıb ki, bu da öz növbəsində xalqımızın rifah halının yaxşılaşması üçün münbit zəmin yaradır.

Əgər müstəqilliyimizin ilk illərində, daha doğrusu, 30 ilə yaxın bir müddətdə xalqımızı ən çox narahat edən və dövlətimizin qarşısında duran ən vacib məsələ ərazi bütövlüyümüzün təmin olunması idisə, bu gün artıq böyük qürur və inamla deyə bilirik ki, torpaqlarımız erməni işğalından azad olunub. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin yeritdiyi qətiyyətli və uğurlu xarici və daxili siyasət, ordu quruculuğu sahəsində aparılan məqsədyönlü tədbirlər nəhayət öz bəhrəsini verdi – müzəffər Azərbaycan Ordusu 2020-ci il sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsində tarixi bir qələbəyə imza atdı, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Artıq işğaldan azad olunmuş torpaqlarda bərpa-quruculuq işləri həyata keçirilir, müsair dövrün tələblərinə ən yüksək səviyyədə cavab verəcək ağıllı kənd və qəsəbələr, şəhərlər salınır. Artıq məcburi köçkünlərin öz əzəli yurd-yuvalarına köçürülməsinə start verilib. 

9d3c91f4-edfa-3da1-b552-0a7fc0faad9b_850.jpg (150 KB)

Vətən müharibəsindən sonra ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoydu, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi günlərin mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunmasına da ehtiyac yarandı.

2021-ci il oktyabrın 15-də –  Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 illiyi ərəfəsində qəbul olunmuş “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən 28 May – Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr –  Dövlət Müstəqilliyi Gününün adı isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir. Bununla da dövlətçilik tariximizdə müstəsna əhəmiyyəti olan mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin öz mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadəsi qanunla təsbit olundu.   28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır və özünün ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.

Bu gün Azərbaycan dünya ölkələri arasında həm də ölkə daxilindəki ictimai-siyasi sabitliyə görə seçilir. İnsanlarımızın rahat yaşamaları üçün hər cür şərait yaradılıb.

Böyük iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan müstəqil dövlət kimi dünya birliyinədə öz layiqli yerini tutub və öz mövqeyini gündən-günə daha da möhkəmləndirir. Biz artıq öz ölkəmizin sahibiyik, öz taleyimizi özümüz həll edə bilirik və bu imkanları bizə bəxş edən Azərbaycanın dövlətinin müstəqilliyi əbədidir, daimidir.

Qarşımızda isə Azərbaycanın dövlətinin müstəqilliyini, milli azadlığını qoruyub saxlamaq və onu gələcək nəsillərə çatdırmaq kimi şərəfli bir vəzifə durur və mən inanıram ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız bu yolla inamla addımlayaraq yeni uğurlara imza atacaq.

Vüqar SƏRDAROV

df111991-2f16-4ecc-ba22-0db866a03852.jpg (91 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR