İnsanlara hürriyət, millətlərə istiqlal!

Müstəqilliyi tezləşdirən qəhrəmanlıq salnaməsi

354 20.01.2024 09:37 Gündəm A A

20 Yanvar hadisələrindən 34 il ötür; Elxan Süleymanov: “Onların qanı yerdə qalmadı, bu gün ruhları şaddır”

Bu gün Azərbaycan xalqının qəhrəmanlıq tarixində məxsusi yeri olan 20 Yanvar hadisələrinin növbəti ildönümüdür. Faciəvi Yanvar olayları sözsüz ki, hər şeydən öncə sovet imperiya rejiminin guya özününkü bildiyi, lakin müstəqillik istəyən bir xalqa qarşı hərbi cinayət aktı idi. 

Bu, Moskva tərəfindən keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxdığına görə Azərbaycanı cəzalandırmaq üçün öncədən, xaincəsinə planlaşdırılmış bir əməliyyat idi. Təsadüfi deyil ki, Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 

Beləliklə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə öldürülüb. Onların arasında uşaqlar da var idi.

Maraqlıdır ki, fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumat kütləvi insan qırğını törədildikdən sonra-20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak tərəfindən efirə verilib. Halbuki yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. 

20 Yanvar -

Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də gündüz və sonrakı günlərdə Bakıda daha 21 nəfər öldürülüb. 

Qanlı yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçalada, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilib. Ümumilikdə respublika üzrə 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulub.

Lakin buna rəğmən, Moskva Azərbaycan xalqının iradəsini sındıra bilmədi. Əksinə, həmin hadisələr müstəqillik gününü daha da yaxınalışdırdı. 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Həmin hadisələr əsl hüquqi qiymətini isə Ulu öndər Heydər  Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra alıb.

O dövrü yaşayanlar, hadisələrin iştirakçıları bildirirlər ki, 20 Yanvar hadisələrinin baş verməməsi mümkün deyildi. Daha faciəli şəkildə və ya az itki ilə də ötüşə bilərdi. 20 Yanvar hadisələrinin əsas baş vermə səbəbi Sovet hökumətinin anti-Azərbaycan siyasəti idi. Moskvanın göstərişi ilə 1988-ci ildən başlayaraq Qarabağda Xüsusi İdarəetmə Komitəsinin yaradılması, Xüsusi İdarəetmə Komitəsinin vasitəçiliyi ilə o zamankı Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün atılan addımlar 20 Yanvara gedən yolu bir az da sürətləndirdi. Çünki Azərbaycan xalqında yaddaşlarda qalan Sovet hökumətinin neqativ siyasətindən əlavə 1988-1990-cı illər arasında Sovet hökumətinin yeritdiyi siyasətin tamamilə anti-Azərbaycan və ermənipərəst olması, hakimiyyətin yuxarı dairələrində tək-tək insanların da Azərbaycanın mövqeyini müdafiə edərkən vəzifədən uzaqlaşdırılması kimi hallar 1990-cı ildə xalqın etiraz dalğasının artmasına gətirib çıxardı. 1990-cı il yanvar ayında Azərbaycanda ictimai-siyasi vəziyyətin gərginləşməsi və bu vaxta qədər Ermənistana verilən siyasi dəstək, Ermənistanda bir nəfər də azərbaycanlının qalmadığı halda Bakı şəhərində ermənilərin qalması və hakimiyyətin müxtəlif qollarının onlarla da işləməsi, anti-Azərbaycan fəaliyyətinə dəstək vermələri 1990-cı il yanvar 13-dən etibarən ictimai-siyasi vəziyyəti gərginləşdirdi. Bununla da Azərbaycana qoşun yeritmək üçün bəhanə tapıldı. Bununla da SSRİ rəhbərliyi milli oyanışı məhv etmək istəyirdi. Ancaq xalqın sonrakı addımlarını, ziyalıların birləşməsini, 20 Yanvar faciəsinin səhəri günü milyonlarla insanın öz şəhidinə sahib çıxacağını bu cür təsəvvür etmirdilər. Ona görə bu faciənin baş verməməsi mümkün deyildi. 

20 Yanvar faciəsi » 24media.az

Azərbaycan xalqı 1990-cı ilin Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı çox ağır imtahan verdi. Xalqımız bu sınaqdan qalib çıxdı.

Bu gün həmin qanlı, eyni zamanda, şərəfli tarixi hadisədən 34 il keçməsinə baxmayaraq, vətənimizin azadlıq mübarizəsində şəhid olanların hər biri xalqın yaddaşında əbədi yaşayır. Hər il faciənin ildönümündə milyonlarla insan Şəhidlər xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anır.

Panah Huseyn - Wikipedia

 Pənah Hüseyn

Azərbaycan xalq hərəkatının liderlərindən olan AXP sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirib ki, yanvar hadisələri Azərbaycan xalqı üçün faciə xarakteri daşımaqla yanaşı, xalqın öz ləyaqətini qorumaq üçün hər cür fədakarlığa, ölümə belə, hazır olmasının şərəfli səhifəsidir. 20 Yanvar hadisəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Bu hadisə müstəqillik arzusunu məhv edə bilmədi, onu daha da alovlandırdı.

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. 

Elxan Süleymanov niyə Milli Məclisə gəlmir?

Elxan Süleymanov

AVCİYA-nın prezidenti Elxan Süleymanov Musavat.com-a açıqlamasında deyib ki, 20 Yanvar Azərbaycan xalqı üçün hüzn günü olmaqla bərabər, həm də qürur günüdür: “Ümummilli lider Heydər Əliyev bu faciəni xarakterizə edərkən bildirirdi ki, ”Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi". 

Artıq Azərbaycan xalqının totalitar rejimin hərbi, siyasi, mənəvi təcavüzü ilə üzbəüz qaldığı, Ermənistanın silahlı hücumu və ərazilərimizin 20 faizinin işğal edildiyi 1990-cı illər arxada qalıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Cənubi Qafqaz regionunun ən güclü dövlətinə çevrilib, müstəqil iqtisadiyyata və güclü orduya malik ölkədir, beynəlxalq səviyyədə etibarlı tərəfdaş imici qazanıb.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 2020-ci ildə cəmi 44 gün ərzində ərazilərimizi işğaldan azad etdi, 2023-cü ilin sentyabrında cəmi 24 saata yaxın vaxt ərzində dövlət suverenliyini tam bərpa etdi. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı yenidən milli maraqlar ətrafında vahid mövqedən çıxış edərək birlik nümayiş etdirdi. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, ərazi bütövlüyünün bərpası, dövlət suverenliyinin tam təmin edilməsi göstərdi ki, ölkəmizin beynəlxalq cinayətlərin hədəfində olduğu ağır dövrlərdə, o cümlədən 20 Yanvar faciəsi zamanı verdiyi şəhidlərin qanı yerdə qalmayıb, bu gün onların ruhu şaddır".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR