İnsanlara hürriyət, millətlərə istiqlal!

Mustafa Kamalın ƏMANƏT QAPISInı görməzdən gəlmək və ya Ərdoğana vəfa borcumuz var, Kamal Kılıçdaroğlu!

4532 08.05.2023 14:55 Yazarlar A A

Bir neçə il əvvəl Qarabağ turu çərçivəsində səfər etdiyimiz Türkiyədə CHP sədri Kamal Kılıçdaroğlu ilə də görüşmüşdük, ofisində. Fürsət düşmüşkən, qəzetimiz üçün müsahibə almışdım. Son olaraq “Yaxın zamanlarda sizi Azərbaycanda görə biləcəyikmi?” - soruşanda gülərək “Əgər dəvət gələrsə, əlbəttə...” cavabını vermişdi.

pasa.jpeg (15 KB)

2016-cı ilin fevralındakı söhbətimizdən çox keçib, bu illərdə Azərbaycanda çox hadisələr baş verib, Aprel döyüşləri, Tovuz döyüşləri, 44 günlük müharibə... Şəhidlər, qazilər... Zəfər qazanan Azərbaycan qardaş Türkiyə ilə kürək-kürəyə dayanıb şərə qarşı birgə savaşdı, indi uğurlarımızı alnıaçıq, üzüağ qeyd edirik, düşmənin bağrı yarılır, dostlar, qardaşlar sevinir. Yəni bu müddətdə Azərbaycana səfər etmək üçün çoxsaylı səbəblər var idi. Parlament xəttindən tutmuş, digər məsələlərədək. Qardaş ölkəyə getmək üçün dəvət gözləmək nə dərəcədə doğru idi? Məsələn, qardaş ölkədə baş verən dəhşətli yanğınlar və zəlzələlərdən sonra Azərbaycanın birinci şəxsi başda olmaqla, xeyli sayda rəsmi və qeyri-rəsmi şəxsləri Türkiyəyə səfər etdilər, bunu bir vəfa borcu hesab etdilər. Bu mənada cənab Kamal Kılıçdaroğlu da bir gün yolunu Azərbaycandan sala bilərdi, Vətən şəhidlərini ziyarət üçün...

Baxıram ki, media Kamal Kılıçdaroğlunun həyat yoldaşı ilə birgə İYİ Partiyanın sədri Meral Akşenerin evinə qonaq getdiyi barədə xəbər yayıb. Qeyri-adi bir şey yoxdur təbii ki... “Millət İttifaqı”nın prezidentliyə vahid namizədinin ittifaqa daxil olan digər siyasi partiyanın rəhbərinin evinə qonaq getməsi təəccüblü deyil.

Şəxsən mənimçün çox maraqlıdır, görəsən Meral xanım Akşener Kamal Kılıçdaroğludan sərgilədiyi xəritə barədə soruşubmu? Kimsə deyə bilər ki, heç yeridir, adam qonaq gəlib, nə xəritə, nə filan?

kamal.jpeg (88 KB)

Yox, əvvəla, bu qonaqlığın qayəsində elə seçki hədəfləri dayanır. Cənab Kılıçdaroğlunun sosial şəbəkələrdə təqdim etdiyi “Yeni İpək Yolu” xəritəsi də məhz seçkinin nəticələrinə hesablanıb. Yoxsa nə ehtiyac var idi ilin-günün bu vədəsində, seçkilərə bircə həftə qalmış Azərbaycanın yer almadığı (!!!) “böyük layihə”ni tirajlamağa?

Bir daha xatırladaq: “Altılı masa”nın namizədinin masa arxasından nümayiş etdirdiyi xəritədə 5,5 min kilometrlik quru yoldan bəhs edilir. Bu yol Türkiyədən İrana (Təbriz və Tehrana), oradan Türkmənistana (Aşqabad), daha sonra Özbəkistan (Daşkənd) və Qazaxıstana (Almatı) gedir, sonda Çinə birləşir.

Ariflər üçün marşrutun ünvanları çox şeyi deyir. Dünyanın aparıcı mərkəzləri, böyük dövlətləri illərdir Avropa və Asiya arasındakı Böyük İpək Yolundan,  “Bir kəmər, bir yol”dan bəhs edirlər, bunun reallaşması üçün imkanı və marağı olanlar əlini “daşın altı”na qoyur, biriləri də işi pozmaq üçün digər cəhətlərdə marşrutlar arayışına çıxıblar, təbii ki, burada Azərbaycan mərkəzdə dayanır, həm də ideya müəllifi olaraq. Amma qardaş ölkənin müxalifət lideri, sabahın iqtidarı olmaq iddiasında olan şəxs “xəritə çəkərkən” Azərbaycanı “unudur”. Təsadüfmü? Təbii ki, yox!

Zəruri xatırlatma: Mayın 3-də Şuşada, Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyev Zəngəzur dəhlizi və Çinin vasitəçiliyi mövzusunda sualı cavablandırdı. Sitat: “Hesab edirəm ki, bu dəhlizin böyük potensialı var... Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolu əlaqəsi yaradılır və Zəngəzur dəhlizi həmin marşrutun davamı, “Bir kəmər, bir yol” layihəsinin və ya Şimal-Cənub dəhlizinin tərkib hissəsi ola bilər. Çünki Naxçıvan ərazisindən İranın dəmir yolu ilə bağlantısı var və bu marşrutla Fars körfəzi istiqamətində yüklər daşına bilər. Zəngəzur dəhlizi, sadəcə, Azərbaycan və Ermənistan üçün deyil, hesab edirəm ki, bu layihənin qlobal səviyyədə əhəmiyyəti var. Çünki biz daha böyük həcmdə yüklərin olmasını gözləyirik və marşrutlar nə qədər çox olsa, bir o qədər yaxşıdır. Bizə gəldikdə, biz işğal dövründə ermənilər tərəfindən sökülüb daha sonra satılan, Füzulidən Zəngilana və demək olar ki, Ermənistanla sərhədə qədər uzanan dəmir yolunun inşasını gələn il bitirəcəyik. Ermənistan ərazisindən keçən 40 kilometrdən bir az artıq olan dəmir yolu xətti inşa edilsə, bu, beynəlxalq layihə olacaq. Ermənistan bu layihə qarşısında süni maneələr yaradacaqsa, onlar bundan yalnız uduzacaqlar. Çünki bu gün bizim Gürcüstan, Türkiyə və Rusiya vasitəsilə Qara dəniz limanlarına çıxışımız var, digər tərəfdən İran ərazisindən də istifadə edilir. Ermənistanın isə belə fiziki bağlantıları yoxdur”.

susam.jpg (43 KB)

Dövlət başçımız hətta Səudiyyə Ərəbistanı və İran arasında münasibətlərin normallaşdırılması məsələsində Çinin rolu ilə əlaqədar da danışıb və “biz Çinin rolunu çox yüksək qiymətləndiririk” - deyib. Həmçinin Azərbaycan və Çin arasında münasibətləri “ƏLA” qiymətləndirib. “Mən Çinin Prezidenti Si Cinpinlə dəfələrlə görüşmüşəm və görüşlərin birində o, məni Çinin yaxşı dostu adlandırıb. Bunun özü bizim əməkdaşlığımızın səviyyəsini nümayiş etdirməyə kifayətdir”. Üstəlik, “Əlbəttə, biz Səudiyyə Ərəbistanı və İran arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirik” - söyləməklə nə qədər böyük coğrafiyada normal əlaqə və hüzurun bökm sürməsində maraqlı olan lider olduğunu bir daha təsbit edir. Eyni zamanda Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanda baş tutmuş Zirvə toplantısında iştirak etdiyini, bu qurumun bir çox üzvü ilə Azərbaycanın çox yaxşı münasibətlərinin olduğunu deyir...

Bu fikirlər Azərbaycanın sözün bütün mənalarında birləşdirici, barışdırıcı ölkə olduğunu bir daha ortaya qoyur. Səslənən fikirlərdən bir neçə gün sonra Kamal Kılıçdaroğlu xəritəsini masaya çıxarır, Azərbaycanın olmadığı (?!) xəritəni! Biz Kılıçdaroğludan tarixi Azərbaycanın xəritəsini təqdim etməsini gözləyərdik. Təəssüf...

Bu gün Türkiyə və Azərbaycan Zəngəzur dəhlizinin açılması zərurətindən danışırlar və gərəkən addımlar atılır. Lakin Zəngəzurun “Z”sinı belə səsləndirməyən Kamal Kılıçdaroğlu “Yeni İpək Yolu” çəkir, Zəngəzur dəhlizindən yan keçməklə! Təbii ki, bu, etiraz doğurmalıydı.

Biriləri iddia edirlər ki, bu kimi yanaşmalarla Türkiyədəki seçkilərə müdaxilə edirik. Əvvəla, böyük Türk xalqı öz taleyini həll etməyin yollarını yaxşı bilir və kimlərinsə müdaxiləsi onu yolundan sapındıra bilməyəcək, buna əminəm. Bir müddət öncə qardaş ölkədə olarkən İstanbul və Bursada hər fürsətdə seçkilərlə bağlı suallar verdim, cavablar aldım. Kimlərsə deyir xəritədə Təbriz var, Böyük Azərbaycan-filan. Kılıçdaroğlu harda deyir ki, Təbriz Azərbaycandır? Təbrizi İran olaraq təqdim edirsə, əlavə imitasiyalara ehtiyac yoxdur!

Necə ola bilər ki, “Türkün yolu” adlandırdığın xəritə cızasan və orada... Azərbaycan olmaya, TURANIN QAPISI olmaya! O qapı ki, 1920-ci ildə məhz Türk dünyasını ayırmaq, Turanı parçalamaq üçün o qapını – Zəngəzuru Azərbaycandan qoparıblar... Bu gün hətta bəzi anti-Azərbaycan mərkəzlər və paytaxtlar da 44 günlük savaşdan sonrakı reallığı nəzərə alıb, Zəngəzur dəhlizinin açılmasının, dəmiryolu və quru əlaqənin bərpa olunmasının əhəmiyyətindən danışmağa başlayıblar. Amma və lakin qardaş ölkənin müxalifət lideri, ölkənin başına gəlmək istəyən şəxs biz tərəfə baxmır... Əcaba niyə?

dehliz.jpg (131 KB)

Kimlərsə deyə bilər ki, bu, bir seçki texnologiyasıdır, hansısa mərkəzlərdən dəstək almaqdan ötrü manevr edir, sabah hakimiyyətə gəlsə belə, Azərbaycana Ankaranın ənənəvi siyasətini dəyişə bilməz və sair. Seçki oyunlarında başqa üsullar məqbul sayıla bilər, lakin qardaş ölkənin heysiyyatına toxunulması yolverilməzdir! Kamal Kılıçdaroğlunun xəritəsi bilirsiniz mənə nəyi xatırlatdı: elə son səfərimizdən geri dönərkən hava limanına bizi gətirən taksi sürücüsü “ben kürd partisinə oy vereceyim” - deyə, bütün iç üzünü sonrakı dedikləri ilə ortaya qoydu. Və Ərdoğan hakimiyyətini suçlayarkən “Azərbaycan və Ermənistan kəndi problemlərini kəndiləri həll etsinlər, sənin orda nə işin” - deyə, bütün xislətini nümayiş etdirdi. Cavabını verdik, jurnalist dostum Rəsul Mirhəşimli ilə bərabər. Amma bu, bir taksi sürücüsünün mövqeyidirsə, çox da təhlükəli deyil. Vay o gündən ki, belə qafa sahibi iqtidar ola!

Qayıdaq xanım Akşenergildəki qonaqlığa... Meral Akşener özü Azərbaycan sevdalısıdır, həm də vaxtaşırı mərhum Əbülfəz Elçibəylə fotosunu paylaşır, “Türk dünyasının birləşməsi və qardaşlığı üçün ömrü boyu mübarizə aparan, mərhum ağsaqqalım” - deyə, xitab edir. Meral xanımın əsl Türk xanımı olduğuna və Azərbaycana sevgisinin səmimilyinə əsla şübhəmiz yoxdur. Görəsən, bu sevgi və sayğı sahibi qonaq qəbul etdiyi şəxsə “Azəraycana qarşı niyə belə yapdın” - sordumu?

meral.jpg (68 KB)

Azərbaycan iqtidarının, yaxud ictimaiyyətinin böyük hissəsinin Rəcəb Tayyib Ərdoğana diqqəti kimlərisə şaşırtmamalıdır, həmçinin Kılıçdaroğlunun məhz bu münasibətlərin qarşılığında “xəritə” çəkdiyi ciddi əsas olaraq qəbul oluna bilməz! Azərbaycanın ZƏFƏR qazanmasında Ərdoğan Türkiyəsinin tarixi və misilsiz rolu var, bunu kimsə dana bilməz! Və bu gün 8 mayın üzərindən Şuşanın işğal günü adlı qara yarlığı götürməyə nail olan Azərbaycan alnıaçıq, üzüağ dünyaya, eləcə də Türk dünyasına çıxdığına görə həm də Türkiyəyə borcludur. Bizim sayın Rəcəb Tayyib bəyə, Ərdoğan hakimiyyətinə VƏFA BORCUMUZ var! Bu, Türk kişisinə, həm də Türk dövlətinə yaraşan, üstəlik, xas olan mövqedir! Gərək Kamal Kılıçdaroğlu da Azərbaycanın bu mövqeyini anlayışla qarşılasın, digərləri də! Hətta Ərdoğan uduzacaq olsaydı belə, ona toplum olaraq təşəkkür etməyimiz gərəkirdi... Türk Dövlətləri Təşkilatı hardan-haraya gəlib, bütün bu div projelər düşmənin gözlərini çıxarır...

Meral Akşenerin böyük sayğı ilə andığı, “Azərbaycanın müstəqillik mücadiləsinin öndəri, örnək dava adamı, Türklük üçün apardığı mücadilə daima gələcək nəsillərə ilham verəcək dəyəri böyüyüm” adlandırdığı Əbülfəz Elçibəy düz 30 il əvvəl, 1993-cü ilin aprelində Türkiyənin TRT kanalına “Mən Türkiyəyə, İrana, Rusiyaya müraciət etdim ki, hərəsi 5-10 helikopter versinlər. Kəlbəcərdə qalan körpələri, qadınları, mülki əhalini atəşin altından çıxarmaq üçün. Heç kim vermədi. Heç bir dövlət vermədi. Nə Rusiya verdi, nə İran, nə də Türkiyə… Bunu humanitar bir addım kimi etmək olardı…” - sözlərini məncə, CHP lideri də yaxşı xatırlayır. Bunu “Sakarya şarkısı”nı söyləyərkən belə, Türkün böyüklüyündən qürrələnən Elçibəy ürək ağrısı ilə danışırdı.

2020-ci ilin iyulunda Rəcəb Tayyib Ərdoğan Tovuz rayonuna xain hücum olarkən “bu, Ermənistanın boyunu aşan hücumdur. Hər zaman Azərbaycanın yanında olacağıq” - deməklə tamam başqa bir Türkiyəni təqdim etdi bütün dünyaya! NATO-nun izni olmadan Kəlbəcərdə girov qalan qız-gəlinləri, uşaqları xilas üçün 3-4 helikopter göndərə bilməyən Türkiyə günün birində F-16-ları, “Bayraktar”ları ilə Azərbaycanın yanında oldu, bunu Ərdoğan iqtidarı etdi! Biz utancdan xilas olduq, anlayırsınızmı?! Minlərlə azərbaycanlı öz yurdunda dəfn olunmaq arzusu ilə dünyadan köçdü 30 ildə, təsəvvür edirsinizmi?! Ərdoğan Türkiyəsi 1993-cü ildəki kimi davransaydı, taleyimiz necə olardı, anlayırsınızmı?

prezident.jpg (77 KB) 

Kamal Kılıçdaroğlu 44 günlük savaşın ilk günündə “Hər zaman olduğu kimi, haqlı davasında can Azərbaycanımızın yanındayıq”, savaşın 16-cı günündə isə Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda “Qəlbimiz Azərbaycanla döyünür. Ulu öndər Mustafa Kamal Atatürkün də vurğuladığı kimi, “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” - yazmışdı.

Bu gün Zəfər qazanmış, Zəngəzura doğru yollar çəkən, Avropa və Çin arasında nəhəng layihələrin keçdiyi Azərbaycan var. Nədən unudulduq? Bir kürsüyə görə qardaşdan imtina edərlərmi?! 100 yaşlı Türkiyə Cümhuriyyətinin qurucusu Böyük Mustafa Kamalın qızıl pullar hesabına İrandan aldığı və Türk Dünyasına əmanət etdiyi o müqəddəs yolu unutmaqmı olar? Türkiyənin İğdır rayonu ilə Naxçıvan arsındakı o qapı - yol təxminən 11 km-dir, həm də Türkiyənin Orta Asiyaya açılan qapısıdır. Bu qapı həm də Türkə vəsiyyət olunub! 21-ci əsrdə Ulu Yaradan açıb qapıları üzümüzə, zəfərlər ardıcıl gəlir, inşallah Zəngəzur qapısı da açılacaq, bu reallığı görməzdən gələnləri isə tarix bağışlamayacaq...

P.S. Bu “xəritə” söhbətindən sonra Azərbaycan sevdalı Meral xanım Akşenerin sonadək CHP sədrinə dəstək verəcəyini təsəvvür belə edə bilmirəm...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR