İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsavatda yeni dönəm - İsa Qəmbəri kimlər təbrik etdi...

616 07.05.2024 12:11 Siyasət A A

 

İsa Qəmbər 10 illik fasilədən sonra yenidən Müsavat başqanlığına qayıtdı. Partiyanın son qurultayında o, demək olar, yekdilliklə bu posta seçildi. Belə ki, seçkidə 278 nəfər iştirak edib, onlardan 3 nəfər əleyhinə, 275 nəfər isə lehinə səs verib.

“Yeni Müsavat” bildirir ki, İsa Qəmbər yenidən başqanlığa gəlməsini bu cür izah edib: “10 il əvvəl, 2014-cü ildə Müsavat Partiyasının nizamnaməsinə əsasən, namizədliyimi yenidən vermədim, başqanlıqdan geri çəkildim. Və mən 10 il rahat yaşadım. Çünki Müsavat Partiyasının rəhbəri olmaq çox ağır, məsuliyyətli işdir. 

Beləliklə, 10 il yaşadım və bu il ərzində başqan missiyasını Arif Hacılı həyata keçirdi. Müsavatçıların mövqeyini nəzərə alaraq mən başqanlığa namizədliyimi irəli sürdüm. Sözün doğrusu, 10 il əvvəl başqanlıqdan geri çəkiləndə yenidən bu vəzifəyə geri dönmək fikrim, niyyətim olmayıb. Həmişə hesab etmişəm ki, daim yenilənmə olmalı, yeni gənclər, xanımlar artıq seçilməlidir. Hər kəsə şans vermək lazımdır ki, öz mövqeyini ortaya qoya bilsin, şansını yoxlasın. Ona görə də dönmək fikrim yox idi. Lakin Müsavat Partiyasının, müsavatçıların maraqlarına görə yenidən başqan kimi qarşınızdayam".

Daha sonra İsa Qəmbər qeyd edib: “Bizim üçün ən şərəfli hadisə Qarabağ müharibəsi və birgünlük antiterror hadisə oldu. Biz vətənpərvərik. Torpaqlarımızın işğaldan azad olunmasına görə sevinirik, qürur duyuruq. Biz hakimiyyəti tənqid etmişik, edəcəyik, lakin bu o demək deyil ki, biz müxalifətik deyə yaxşı işləri görməməliyik, vaxtında atılan addımları dəyərləndirməməliyik”.

İsa Qəmbər həmçinin çıxışında hakimiyyətlə müxalifət arasında saziş təklifindən də söz açıb: “Dəyişikliklər təkamül və dinc yolla getməlidir. Mən şəxsən bunun tərəfdarıyam. Hakimiyyətlə cəmiyyət, hakimiyyətlə müxalifət arasında ictimai saziş olmalıdır. Media, vətəndaş cəmiyyəti, ziyalılar, siyasi qüvvələr birgə iradə ortaya qoymağı bacarmalıdırlar. Hesab edirəm ki, bu barədə düşünməyə dəyər”.

Bəs partiya sədrləri və keçmiş tanınmış silahdaşlarından kimlər onu təbrik etdi? İsa Qəmbərin qurultaydakı çıxışı necə qiymətləndirilir, Müsavatda başqan dəyişikliyindən əsas gözlənti nədir?

Tural Abbaslı: “İsa Qəmbər Müsavatın güclü vaxtında bir şey edə bilmədi,  indi nə dəyişəcək?!” - GlobalInfo.az

Vaxtilə Müsavat Gənclər Təşkilatının sədri, Divan üzvü olmuş,  hazırda yaratdığı AĞ Partiyanın lideri Tural Abbaslı məsələ ilə bağlı “Yeni Müsavar”a açıqlamasında bildirib: “Mən düşünürəm ki, Müsavat Partiyası öz nüfuzunu 2014-cü ildə keçirdiyi qurultayda itirib. Həmin ildən başlayaraq Müsavat getdikcə zəifləyib. 

Bu gün İsa Qəmbərin yenidən qayıdışı özünün vaxtilə bəyan etdiyi prinsiplərə ziddir. Ona sual vermək lazım idi ki, niyə getmişdiz? Getmişdiz ki, partiya bu günə düşsün, geri qayıdasız? Belə çıxır ki, partiya  üzvlərini ələ salmısız? Halbuki hər zaman iqtidarı bu cür Rusiya modeli ilə işləməkdə ittiham edir, guya yeni ideoloji addımlar atdıqlarını deyirdilər, amma bu gün görürük ki, dediklərinə zidd hərəkət edirlər. Beləliklə də Müsavat siyasi fiqur yetişdirə bilməyən partiya görüntüsünü nümayiş etdirdi. 

Daha bir məsələ, guya İsa Qəmbər 10 il harada idi ki? Yenə də qərargahda, Arif Hacılının kabinetindən də böyük kabinetdə oturmuşdu. Beləliklə, onun yenidən gəlişi anlaşılan deyil. Yəqin ki, ətraf da onu inandırıb ki, geri qayıdıb xilaskar olacaq, o da buna inanıb. 

Onu da qeyd edim ki, Müsavat Partiyasından ayrılan xeyli insanlar var ki, onlar yeni partiyalar yaradıblar və həmin partiyalar Müsavatdan xeyli güclüdür".

Adil Qeybulla: İnsanlar doğrudan da pandemiyadan beziblər - VİDEO | No  Comment

Müsavat Partiyasının sabiq Divan üzvü Adil Qeybulla qeyd edib: “Müsavat Partiyasının son qurultayında İsa Qəmbər yekdilliklə yenidən başqan seçildi. Təbrik edirəm və uğurlar diləyirəm. Nizamnamə çərçivəsində olan bütün proseslərə, partiya üzvlərinin seçiminə hörmət və sayğı ilə yanaşmalıyıq. 

İsa Qəmbər xarizmatik siyasətçidir. Onun yenidən başqanlığa gəlişi son illərdəki bəzi miflərlə qidalanan siyasi vəhyləri və buna yönəlik aqonik çabaları söndürəcək, əzadarlıq perfomansı ilə xaricdəki ağalara olan ümidləri dəfn edəcək. İsa Qəmbərin qurultaydakı çıxışı, dövlət və xalqa verdiyi sublimativ mesajlar da xeyli pozitivdir. 

Qurultayda ən təsirli çıxış sayın Cəmil Ünalın müraciəti hesab edilməlidir. Cəmil bəyi 30 ildən çoxdur tanıyıram. 1993-cü ildə Azərbaycan Kültür Dərnəyində onunla xeyli söhbətlərimiz olub. Çox müdrik və təmkinli adamdır. Cəmil Ünalın çıxışı dövlətçilik zehniyyəti və siyasi mədəniyyət ritorikası ilə zəngin olan bir örnəkdir. Mən bizim siyasi müxalifətdə təmsil olunan hər kəsə bu çıxışı diqqətlə dinləmək və bundan örnək götürməyi tövsiyə edirəm. 

Yaxın illərdə regionda çox mühüm hadisələr gözlənilir. İranın İsrailə hücumundan sonra formalaşan və hüquqi təməl yaradan proses, şimali Afrikada yeni siyasi konfiqurasiyaya doğru gedən yol, açılması planlaşdırılan dəhlizlərin yaratdığı  yeni situasiya ölkəmizdə dövlət nəfinin hər şeydən yuxarıda tutulması və buna dəstəkverici münasibətlər sisteminin qurulmasını diktə edir. Azərbaycanın bu siyasi burulğandan uduşlarla, ən pis ssenaridə az itkilərlə çıxmasına nail olmalıyıq. Ölkəmizin daxilində siyasi, iqtisadi və sosial həyatın bütün sahələrində vətəndaş mənafeyinə xidmət edən islahatların da zamanıdır. Biz gələcəyə baxmalıyıq".

Kitab oxumaq lazımdır, Hellas!” – Elbəyi Həsənli yazır – Medianews

Müsavat Partiyasının sabiq üzvü, hazırda İsveçrədə mühacirətdə yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib: “Yenidən başqan seçilməsi münasibətilə İsa Qəmbəri təbrik edirəm, ona uğurlar arzulayıram. Nədən İsa Qəmbər yenidən Müsavat başqanı seçildi? Çünki partiyada lider adına kimsə yoxdur. Könül istərdi ki, 28-35 yaşı arasında Qərbdə təhsil almış gənc bir müsavatçı bu partiyanın lideri seçiləydi. Təbii ki, söhbət liderlik keyfiyyəti olan gəncdən gedir. Ancaq beləsi yoxdur. İsa Qəmbər başqanlıqdan gedəndən sonra hörmətli Arif Hacılı and-aman edirdi ki, Müsavat Partiyasına axın var. Halbuki bu partiyanı az qala kollektiv şəkildə tərk edirdilər.

Müsavat Patiyasını yenidən gücləndirmək üçün, yəni hazırda mövcud olan balaca təpəni əzəmətli dağa çevirmək üçün İsa Qəmbərə ciddi maliyyə qaynaqları lazımdır. İsa Qəmbər böyük kapitala yol tapa bilərmi? Çətin məsələdir.

Bir daha İsa bəyi və bütün müsavatçıları təbrik edirəm. Arzu edirəm ki, Müsavat Partiyası Məhəmməd Əmin Rəsulzadənin adına-sanına layiq işlərlə yenidən xalqın sevimli təşkilatına çevirilsin".

Sərdar Cəlaloğlu: “Mən çıxış edəndə yazırlar ki, boş-boş danışma” - MÜSAHİBƏ

Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu isə İsa Qəmbərin yenidən qayıdışına bu cür mövqe bildirib: “Zamanında İsa Qəmbərin Müsavat Partiyasının mövcudluğu ilə bağlı rolunu həddindən artıq kiçildənlər, onun gedişinin partiyaya elə də ziyan vurmayacağını deyənlər oldu. 2014-cü ildə İsa Qəmbər partiya başqanlığından geri çəkilməsi haqda qərar qəbul edəndə bu məsələ ilə bağlı şəxsən onunla görüşdüm, öz fikirlərimi bildirdim, bu qərarından  imtina etməsini istədim. Çünki İsa Qəmbərin başqanlıqdan gedişi ilə Müsavatın dağılacağı, zəifləyəcəyini proqnozlaşdırırdım. Amma  İsa Qəmbər mənim bu fikirlərimə o qədər də məhəl qoymadı, hətta  bir qədər də ironik şəkildə "Niyə bu qədər  Müsavatın dərdini çəkirsən?" dedi. Amma çox təəssüf ki, hadisələr mənim proqnozlaşdırdığım kimi oldu. Yəni faktiki olaraq İsa Qəmbərin gedişindən sonra  milli ziyalıların böyük əksəriyyəti partiyanı tərk etdi. 

Müsavat Partiyasının mövcudluğu ilə İsa Qəmbərin liderliyi arasında bir bərabərlik işarəsi qoymaq olar. Yəni İsa Qəmbərin başqan olması Müsavat Partiyasının  mövcud olması deməkdir. 

Hesab edirəm ki,  yeni dövr olduqca çətin olacaq. Əvvəla, 10 illik dövrdə  Müsavat Partiyasından  kütləvi gedən qüvvələr yenidən partiyaya qaytarılmalıdır. Həmçinin, məlum olduğu kimi, hazırda Azərbaycanda ictimai vəziyyət əvvəlki illərdən xeyli fərqlənir. Qurultaydakı çıxışından da məlum olur ki, İsa Qəmbər də bunun fərqindədir. İsa Qəmbər çıxışında qeyd etdi ki, hakimiyyətlə cəmiyyət, hakimiyyətlə müxalifət arasında ictimai saziş olmalıdır. Biz bu gün görürük ki, Türkiyə bu istiqamətdə Azərbaycan nümunəsində addımlar atır. Belə ki, ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəllə 8 ildən sonra ilk dəfə görüşüb. Görüşdə yeni konstitusiya ilə bağlı müzakirələr aparılıb. Bu, Türkiyənin tarixində ilk hadisədir. Azərbaycanda isə 44 günlük müharibədən əvvəl iqtidar-müxalifət görüşü keçirilmişdi. Həmin vaxt bəzi qüvvələr bizi tənqid etdi. Amma eyni addımı artıq Türkiyədə görürük. 

Beləliklə, İsa Qəmbər yeni dönəmdə özünün əvvəlki siyasi portretinə müəyyən əl gəzdirməli, dəyişikliklər etməlidir. Bunu İsa Qəmbərin tərəfdarları, müəyyən radikal mövqedə olanlar necə qəbul edəcək, bu artıq başqa sualdır. Hər halda, ümid edirəm ki, İsa Qəmbərin yenidən başqanlığa qayıtması müəyyən dəyişikliklərə gətirib çıxaracaq.

Etiraf etmək lazımdır ki, Arif  Hacılının dövründə Müsavat Partiyası qapalı oldu, heç bir siyasi partiya ilə əlaqə qurulmadı, elə bir ciddi uğurlar əldə edilmədi. Düşünürəm ki, İsa Qəmbərin yenidən lider olması həm müxalifətin, həm də Müsavatın gücləndirilməsinə təsir edəcək.

O ki qaldı təbrik etməyə, İsa Qəmbər başqanlığa namizədliyini irəli sürəndə ona təşəkkürümü bildirdim, başqan seçildikdən sonra isə bu münasibətlə onu təbrik etdim".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR