İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə 2 il tez başlaya bilərmiş... – Ermənistanı kapitulyasiya sənədindən də ağır sənəd gözləyir  

3092 21.04.2023 19:10 Siyasət A A

Ermənistanda mifik “artsax”la bağlı “Bəlkə də qaytardılar” nostaljisi qalır. Xüsusən də öz xalqına faktiki qənim kəsilmiş radikal-revanşist kəsim hələ də öz zavallı soydaşlarının saqqızını oğurlayaraq, onları israrla növbəti fəlakətə doğru sürükləməkdədir.

Əfsus ki, “konstruktiv” Paşinyan hökuməti ilə də radikallar arasında böyük ideoloji fərq qalmayıb və zaman ötdükcə aradakı fərq daha da kiçilir. Əks halda, 2-ci Qarabağ müharibəsindən keçən 2 il yarımda İrəvan Bakı ilə məlum 5 baza prinsipi əsasında sülh sazişi imzalayar, bununla da yeni müharibə riskini böyük ölçüdə gündəmdən çıxarardı.

Bu baş vermədi. Əvəzində biz kapitulyant ölkədə Azərbaycanla sülh mövzusu ətrafında ictimai rəyi çaşdırmağa yönəlik mənasız çəkişmələri, absurd iddiaları və cəfəng tələbləri eşidirik. Təəssüfedici odur ki, belə bir destruktiv, “barıt qoxulu” prosesə İrəvan rəsmiləri də son vaxtlar fəal şəkildə qoşulurlar – real və konstruktiv işlə məşğul olmaq əvəzinə. Zaman isə gedir...

“Madrid prinsipləri ilə Ermənistan faktiki olaraq Qarabağın öz müqəddəratını təyinetmə hüququnun Azərbaycanın istəyi ilə məhdudlaşdığını bəyan etdi”.

Musavat.com-un erməni mediasına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bu gün parlamentin növbədənkənar iclasında Ermənistan hökumətinin 2022-ci ildəki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı müxalifətçi deputatların çıxışlarını şərh edərkən bildirib.

Vitse-spiker siyasi opponentlərə üzünü tutaraq, “Mən anlamaq istərdim, siz hakimiyyətdə olduğunuz zaman niyə Artsax Respublikasını tanımadınız” soruşub. Ardınca “Ermənistan” müxalifət blokunun deputatı Artur Xaçatryanın öz müqəddəratını təyinetmə hüququnun “Madrid sənədi” ilə məhdudlaşdırıla bilinməyəcəyi ilə bağlı açıqlamasına toxunan Rubinyan tarixə və onun xronoloji ardıcıllığına qayıtmağı təklif edib.

“1991-ci ildə Dağlıq Qarabağda (qondarma –red.) referendum keçirildi. Referendum nəticəsində Artsax xalqı Dağlıq Qarabağın müstəqil respublika elan edilməsinə səs verdi. Bunu öz müqəddəratını təyinetmə aktı hesab edə bilərikmi? Bəli. İndi isə sual olunur: Ermənistan Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə aktını niyə tanımırdı? İndiyə qədər heç bir hökumət dövründə Ermənistan Dağlıq Qarabağı müstəqil respublika kimi tanımayıb. Problem ondadır ki, biz öz terminologiyamızda çaşmışıq”, – deyə R.Rubinyan əlavə edib.

“Lakin vitse-spiker indiki hakimiyyətin də öz sələfləri kimi niyə “artsaxı” tanımaması ilə bağlı suala aydınlıq gətirməyib” , - erməni mediası yazıb.

Guya ki, Paşinyan inqilabla iqtidara gələn kimi qondarma qurumu tanısaydı, nə dəyişəcəkdi ki? Sadəcə, 44 günlük müharibə daha tez, məsələn, 2018-də başlayacaqdı. Ona görə yox ki, “artsax”ı tanıyan ilk və son ölkə elə Ermənistan olacaqdı, o səbəbə ki, sülh danışıqlarını davam etdirməyin heç bir mənası qalmayacaqdı.

Ermənilər nə tez unutdu, 2-ci Qarabağ savaşı üçün əsas katalizator rolunu məhz Nikol Paşinyanın Xankəndində olarkən “Qarabağ Ermənistandır və nöqtə” təxribatçı bəyanatı oynayıb. Oyuncaq rejimi tanımaq isə bundan da güclü katalizator ola bilərdi...

Heç şübhəsiz, Azərbaycan Ordusu 2018-də də kifayət qədər güclü idi. Ondan iki il qabaq – 2016-cı ilin aprelində isə silahlı qüvvələrimiz 5 günlük aprel savaşı ilə artıq uğurlu “baş məşqini” eləmişdi. Bu haylara sülhə gəlmək üçün apaydın bir xəbərdarlıq siqnal olmalı idi. Olmadı.

Əfsus ki, Paşinyan komandası da “miastum” mərəzinin Ermənistanın başına gətirdiyi faciələrdən düzgün nəticə çıxara bilmir. Odu söndürüb küllə oynayır. Azərbaycanla dərhal sülh müqaviləsi imzalayıb düşmənçilik səhifəsini qapatmaq, ölkəsini real inkişaf və rifah yoluna çıxarmaq yerinə, 3 ildir siyasi boşboğazlıq və hoqqabazlıqla məşğuldur, yenə təhlükəli oyunlar oynayır.

Demək ki, ermənilər indi “Madrid sənədini”nin xiffətini çəkdikləri kimi, sabah da 10 noyabr (2020) kapitulyasiya sənədi üçün heyfslənəcəklər. Yəni vəziyyət Ermənistan və erməni toplumu üçün daha betər ola, İrəvana 10 noyabr sənədindın də ağır sənəd imzaladıla bilər.

Hələ vaxta var. Amma çox da deyil...

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR